“Peşman
deyiləm”
QVAMI MƏHƏBBƏTOĞLU,
“Kimlərə qaldı dünya” mahnısını sevə-sevə zümzümə edirik. Lakin hələ də
çoxumuz bilmirik ki, həmin
mahnının sözləri
tanınmış şairə
Zivər xanım
Ağayevaya məxsusdur.
O Zivər
xanıma ki, şeirlərində poeziyasevərlərin ruhunu yerindən oynadır, ürəkləri fəth
edir. O Zivər
xanıma ki, lirikasının özəyini
Vətənə, insanlara sonsuz sevgi təşkil edir. O
Zivər
xanıma ki...
- Zivər xanım,
yazıçı və şairlər, demək olar ki, ömürlərinin bütün
çağlarında belə, yazı-pozu ilə məşğul olurlar. Bəs 80 yaşlı Zivər xanım hazırda
nə üzərində işləyir?
-
Sözün düzü, artıq üç ildir, demək olar ki, bədii yaradıcılıqla məşğul olmuram. Hərdən qələmə
aldıqlarımı da üzə
çıxarmıram.
- Niyə?
-
Görünür, bu mənim içimdəki küskünlükdən irəli gəlir. Bu
küskünlük yaranmasaydı, son illər daha çox işləyə bilərdim.
Bəlkə, bu barədə ətraflı
söz açmayaq?
- Niyə ki? Yəqin, indiyədək bir rəsmi ada layiq görülməməyiniz...
- Rəsmi ad bir yana...
Dəfələrlə
müraciət etməyimə baxmayaraq, mən heç Prezident təqaüdü də almamışam.
(Halbuki mənim
də mədəni həyatımızda
müəyyən xidmətlərim olub). Görünür,
müraciətlərim sənətə
yüksək qiymət verən Prezidentimizə, eləcə də
ölkəmizin
birinci xanımı Mehriban xanıma
çatdırılmır. Çünki
çatsa idi, çoxdan bu məsələyə
əncam çəkilərdi. Axı mənim
indi övladlarımın əlinə baxan vaxtım deyil.
Bir də sizə bir söz deyim: bu və ya digər məsələ ilə indi də qapı döyməyi sevmirəm. Ümumiyyətlə, belə
şeylər mənim təbiətimə
yaddır. Bütün bunlara rəğmən,
qazandığım xalq sevgisi ilə
nəfəs alıram. Bu mənada
ən böyük
qazancım xalq sevgisi olub. Amma onu da etiraf
edim ki, orta nəsillə müqayisədə gənc
nəsil məni o qədər də
yaxşı tanımır. Bunun da bəlli səbəbi var. Bu, hazırda istər efirdə, istərsə də
ekranda ifa edilən
mahnıların sözlərinin
müəllifləri barədə məlumat
verilməməsi ilə bağlıdır.
Adi bir misal: “Necə unudum səni”, “Kimlərə qaldı dünya”, “Aldatmayaq bir-birimizi” və yaxud “Mən baharın qızıyam”,
“Yaşa, Azərbaycan” mahnıları indi də dillər əzbəridir. Amma həmin mahnıların sözlərinin mənə məxsus olduğunu çox az adam bilir.
- Bəlkə, qeyd etdiyiniz sonuncu məsələdə Zivər xanımın da müəyyən mənada, əgər belə demək mümkünsə, günahı var. Belə ki, “Yaşa, mənim xalqım”, “Ana torpaq”, “Axtarır gözüm səni”, “Darıxıram”,
“Dünya”, “Sən olmasan”, “Xoşum gəlir”, “Unuda bilmirəm”, “Bülbülüm”, “Göyçək qızım” və sairə populyar mahnıların
sözləri də sizin qələminizin məhsuludur. Zivər
xanım müxtəlif
müğənnilərin ifa etdikləri həmin mahnıların
hamısını bir diskdə
toplayıbmı? Səhv
etmirəmsə, tanınmış
bəstəkarlar sizin yüzə yaxın şeirinizə mahnı bəstələyiblər.
- Əvvəla onu deyim ki, mənim sözlərimə yazılmış mahnıların sayı yüzə yox, təxmini hesablamalarıma görə iki yüzə yaxındır. O ki qaldı, onları bir
yerə
toplamağa... Nə
gizlədim,
sözün düzü, öz yaradıcılığıma
qarşı bir qədər səhlənkar olmuşam.
- Bu
gün də çox mahnılar bəstələnir. Bəzən
həmin
mahnılarda yadda qalan bir söz belə
olmur. Həmin
mahnılara qulaq asanda Zivər
xanım nə
düşünür?
- Əgər şeir zəifdirsə, bəstəkarlar belə sözlərə müraciət etməməlidirlər. Bilirsinizmi, mahnının sözləri insanı ovsunlamasa, o, ürəyə yol tapa bilməz.
Ürəyə yol tapmayan mahnı
isə çox
yaşaya bilməz.
“Kaş
dınə daha çox bağli olaydim...”
- Zivər xanım, hələlik yazı-pozu məsələlərini qoyaq bir kənara... Bəs mütaliə ilə aranız necədir?
-
Sözün düzü, son zamanlar bədii kitablara o qədər də maraq göstərmirəm. Mən artıq neçə ildir ki, “Qurani-Kərim”i oxuyuram. Hər dəfə o kitabı açanda sanki daha da
saflaşıram. Bu müqəddəs kitabı həmişə oxuyanda deyirəm: kaş bunu gənclik illərimdən oxuya biləydim, dinə daha çox bağlı
olaydım. (Yəqin
bilirsiniz, sovet dönəmində dinimiz haqqında ətraflı məlumatlar, demək olar ki, yox dərəcəsində idi). Onu da deyim ki, mən
ərəb əlifbasını təkbaşına öyrənmişəm. Bu işdə
mənə istiqamət verən isə Hacı Xavər xanım olub.
- Sizinlə bağlı məlumat toplayarkən hacı olduğunuzu da
öyrəndim...
- Bəli, 1998-ci ildə Həcc ziyarətində olmuşam. Bundan
başqa Məşhədi, Kərbəlanı da ziyarət etmişəm.
“Yoxluğunu
bılə-bılə”
- Zivər xanım, həyatınız nə dərəcədə rəvan, yaxud çətin olub?
- Həyat yoldaşım
anasının yas məclisinə gedərkən yol qəzasına düşərək dünyasını dəyişib. O zaman mənim 36 yaşım var idi. 3
uşaq (iki oğul, bir qız) qaldı mənim öhdəmdə... Böyüyü
15 yaşında idi. Odur ki, hər gün işdən çıxan kimi
evə
yollanardım. Heç iclaslara da
qatılmazdım. Bir sözlə, onlara həm ata, həm də ana olmuşam.
Onlara atalarının yoxluğunu hiss etdirməməyə
çalışmışam. Odur ki,
qızım indi də
deyir ki, anam bizə
elə baxıb ki,
heç atasız böyüdümü hiss etməmişəm. Bir sözlə,
mən ailəcanlı olmuşam.
Hətta
deyərdim ki, öz
yaradıcılığımdan çox ailəmə
vaxt sərf etmişəm. Daha çox övladlarımın tərbiyəsi, gələcəyi
barədə
düşünmüşəm.
Bəzən elə olub ki, günlərlə lirik duyğularımı
içimdə
boğmuşam. Bəlkə də, elə
olmasaydım, bu günədək mənim 9 yox, iyirmiyə yaxın kitabım
çıxardı. Buna görə, əsla peşman da deyiləm. Çünki mənim
aləmimdə ailə daha önəmlidir. Onu da deyim ki, hazırda 6 nəvəm 2 nəticəm var.
- Xalq
artisti Flora xanım Kərimovanın ifasında eşitdiyim “Yoxluğunu bilə-bilə” manhnısının
sözləri də sizə məxsusdur. Həmin
şeiri həyat
yoldaşınıza həsr
etmisiniz?
- Yox, həmin şeirin yaranma
tarixçəsi belədir: Flora Kərimovanın həyat yoldaşı Faiq rəhmətə gedəndə mən də yas yerinə getdim. Həmin məclisdə Flora xanımın
bu itki ilə
bağlı dedikləri,
daha doğrusu, keçirdiyi sarsıntılar əsasında sonradan
“Yoxluğunu bilə-bilə” şeirini
yazdım. Şeir Floranın çox
xoşuna gəldi.
Tanınmış bəstəkar, bir çox
mahnıları ilə
ürəkləri fəth etmiş Elza
xanım İbrahimova ona mahnı bəstələdi. Elza
xanımın digər
mahnıları kimi bu mahnı da çox uğurlu
alındı. Amma mənim üçün indiyədək Elza xanımın belə mahnı duyumu sirr olaraq
qalır: rusdilli olmasına, azərbaycan dilini bilməməsinə rəğmən o, dilimizin incəliklərini necə duyurdu? Həyat yoldaşıma həsr etdiyim isə “Necə unudum səni”dir.
- Ən çox
hansı bəstəkarla işləmisiniz?
- Hacı
Xanməmmədov, Şəfiqə Axundova, Rauf Hacıyev, Ələkbər Tağıyev, Emin
Sabitoğlu, Oqtay Rəcəbov, Eldar Mansurov, Hikmət və Nailə Mirməmmədlilər, Rauf Məmmədov.
Zeynəb Xanlarova, Məmmədbağır Bağırzadə də sözlərimə musiqi bəstələyib, elə özləri də oxuyublar. Şövkət Ələkbərova, Zaur Rzayev, Nəzakət Məmmədova, Nisə Qasımova, Baloğlan Əşrəfov, Brilliant Dadaşova... kimi
sənətkarların, eləcə də gənc müğənnilərin repertuarlarında mənim mahnılarım var.
- Səhv etmirəmsə, Məmmədbağır Bağırzadənin repertuarında sizin
sözlərinizə yazılmış mahnılar daha çox idi...
- Elədir. Onu da deyim
ki, o, sözə
qarşı çox tələbkar, həm də gözəl sənətkar idi. O, öz pərəstişkarları
qarşısına həmişə yeni mahnı ilə çıxmaq istəyirdi. Elə
bu səbəbdən məni
yeni şeirlər
yazmağa ruhlandırardı. Təəssüf ki, indi
belə sənətkarlar yoxdur.
“Rəssam olmaq ıstəyırdım”
- Zivər xanım, sizi poeziyaya
çəkən nə olub?
- Uşaq vaxtı rəssamlığa marağım çox idi. Rəssam olmaq istəyirdim. Lakin altıncı sinifdə oxuyarkən Şövkət adlı bir rəfiqəm rəhmətə getdi. Onun qəfil ölümü məni çox təsirləndirdi. Və başladım onunla bağlı bayatılar yazmağa. Bir də baxdım gördüm ki, bir qalın dəftər həcmində şeiriyyatım var. Lakin bu istedadımın fərqinə varmadım. Beləcə, Bakı Tibb Texnikumunda təhsil aldım. Ailə qurandan sonra isə poeziyaya olan maraq mənə güc gəldi və mən Azərbaycan Pedaqoji İnstitutunun - indiki N. Tusi adına Pedaqoji Universitetinin filologiya fakültəsinə daxil oldum. Elə bu ali məktəbdə oxuyarkən şeirlərim müxtəlif mətbuat orqanlarında dərc olunardı, radioda səsləndirilərdi. Ali təhsili başa vuranda hörmətli yazıçımız Xalidə Hasilova məni rəhbərlik etdiyi “Azərbaycan qadını” jurnalında işləməyə dəvət etdi. Elə həmin vaxtdan təqaüdə çıxanadək “Azərbaycan qadını”nın poeziya, məktublar şöbəsinin müdiri kimi fəaliyyət göstərdim.
- Bugünkü “Azərbaycan
qadını” barədə nə deyə
bilərsiniz?
- Sözün düzü, xeyli vaxtdır ki, həmin jurnalla əlaqəm yoxdur...
- Hərdən “Kaş rəssam olaydım” deyə
düşünürsünüzmü?
- Nə
gizlədim, mənə elə
gəlir ki, hisslərimi,
duyğularımı şeirlə
tamamlaya bilmirəm.
Odur ki, hərdən fikirləşirəm ki, rəssam olsaydım,
duyğularımı rənglərin dili ilə daha təsirli verə bilərdim. Amma seçimimə görə peşman deyiləm.
- Bəs yaradıcılığınıza hansı yazarların təsiri olub?
- Aşıq Ələsgərin, Səməd Vurğunun... Mənim poeziya dünyamda isə Hüseyn Arifin
xüsusi yeri var.
- Bəs
müasir yazarlardan kimlərə maraq göstərirsiniz?
- Sözün düzü, mən yeni yazarları başa
düşməkdə çətinlik çəkirəm. Bir söz deyəndə də
deyirlər ki, guya fəlsəfi şeirlərdir.
Bir sözlə,
onların bəzilərinin
yazdıqları mənim
aləmimdə sağ əllə sol qulağı qaşımaq kimi
bir şeydir.
“Mən heç bır dəvətdən qaçmiram”
- Zivər
xanım son illər
həm də ekranlarda az
görünən
şəxslərdəndir... Sizə
elə gəlmirmi ki, bu
günün gənclərinin sizin məsləhətlərinizə daha çox
ehtiyacı var?
- Mən
heç bir dəvətdən qaçmıram...
- Sizin fikrinizcə,
bizim cəmiyyətin mənəvi əxlaqının
qorunmasında ən
çox hansı amillər
nəzərə alınmalıdır?
- Bəri
başdan deyim ki, bu gün mənəviyyatdan elə adamlar
danışırlar ki, adam mat-məəttəl qalır. O ki
qaldı, konkret sualınıza... Mənəvi əxlaqın qorunması
ailədən
başlanmalıdır. Unutmayaq ki, ailə
cəmiyyətin ən önəmli bir qurumudur. Bu
qurumun möhkəm
təməllər üzərində qurulmasında
qadın daha çox cəfakeş
olmalıdır. Yəni
demək istədiyim budur ki, bu və ya digər problem yarananda belə qadın güzəştə getməyi
bacarmalıdır.
- Son illər
kimlərlə əlaqə
saxlayırsınız? Fikirlərinizi
kimlərlə
bölüşürsünüz?
- Mənim ən yaxın sirdaşlarım professor Maarifə Hacıyeva və dosent Rima Fətizadədir. Onlarla danışanda daha çox yaşamaq istəyirəm. Bir zamanlar isə Əzizə xanım Cəfərzadə, eləcə də Şəfiqə xanım Axundova ilə, əgər belə demək mümkünsə, dərdləşirdim.
- Zivər
xanım, sizin Milli Qəhrəman Salatın Əsgərovaya həsr olunmuş
“Salatın” adlı bir pyesiniz də
var. Nə əcəb onu səhnələşdirməyə cəhd etməmisiniz?
- İşlədiyimiz
redaksiyalar eyni - “Azərbaycan”
nəşriyyatında
yerləşirdi. Onu
orada iki-üç dəfə
görmüşdüm. O, millətinə böyük məhəbbəti
olan bir insan idi. Salatının faciəli
ölümü məni
sarsıtdı. Bu əsərdə təkcə Salatını yox,
müharibə
dövründə qəhrəmanlıq göstərən
bir çox qızlarımızın simasını ümumiləşdirmişəm. Sözün
düzü, həmin
pyesi televiziya üçün hazırlamışdım. Lakin
sponsor tapılmadığına görə o, ekranlaşdırılmadı.
“Axar sular gerı dönməz”
- Maşallah, bu yaşda gümrah
görünürsünüz. Belə
gümrah qalmağınızda ailənizə, yoxsa bədii
yaradıcılığınıza minnətdarsınız?
- İlk növbədə ailəmə, sonra da yaradıcılığıma...
- Zivər
xanım, nə
vaxtsa öz həyat
yolunuzla bağlı bir kitab ərsəyə gətirmək niyyətiniz varmı?
- Sözün düzü, yox...
- Belə
çıxır ki, bir neçə
ilə əvvəl nəşr
olunmuş “Axar sular geri dönməz”
kitabı sizin oxucularınızla son
görüşünüz idi.
- Belə demək olar...
-
Boya-başa çatdığınız Hacıqabulla əlaqəniz varmı?
- Təbii
ki, boya-başa çatdığım Qarasu, Muğan kəndləri mənə əzizdir.
(Onu da deyim ki, mən
əslən Ağsudanam). Hərdən o yerlərlə bağlı xatirələrim gözlərim
önümdə
canlanır. Lakin nədənsə Hacıqabulda tədbirlər
keçiriləndə məni yada salan olmur.
- Gələn ilin mayında 80
yaşınız tamam olacaq. Rəsmi
bir ada layiq görüləcəyinizə ümidiniz
varmı?
- Ümid həmişə var...
- Zivər
xanım, ömrünüzün hansı illərini yenidən
yaşamaq istərdiniz?
- Unutmayın ki, ömür axar
su kimidir, axar sular isə
geri dönməz.
Çalışıb bu ömrü elə yaşamaq lazımdır ki,
dönüb geri baxanda xəcalət çəkməyəsən. İnsanı
yaşadan onun saf əməlləri, xeyirxahlığı və onu da deyim ki, nəfsinə sahib
çıxmasıdır. Hər
kəs bilməlidir ki, o, bu
dünyada gəldi-gedərdi.
...Söhbətimizin bu məqamında televiziyada Məmmədbağır Bağırzadənin ifasında səslənən bir mahnı bizi susmağa məcbur etdi:
Kimlərə qaldı dünya,
Dolub-boşaldı dünya.
Olmadı
sirrin açan,
Sehirli
qaldı dünya...
Zaman.-2013.-21 dekabr.-S.7.