Xudadat Rəfibəyli: Müstəqillik tariximizdə şərəfli iz qoyan siyasi xadim (1)

 

O, peşəkar cərrah, həm də olduqca savadlı can həkimi - terapevt idi.

 

 Onu həmin dövrdə digər həkimlərdən fərqləndirən önəmli bir insani xüsusiyyəti də vardı. Bu da Xudadat bəyin heç vaxt əhalinin kasıb təbəqəsindən olan xəstələrindən pul almaması idi. Bəzən elə olurdu ki, yanına müalicəyə gələn xəstənin dərman alması üçün pulu olmurdu. Belə hallarda Xudadat bəy xəstənin cibinə pul qoyur, ona müalicəsini davam etdirə bilməsi üçün maddı yardım göstərməkdə davam edirdi.

O, Azərbaycanın milli istiqlal mübarizəsi tarixində şanlı iz qoyub, müdrikliyi, insanpərvərliyi ilə tanınıb, həyatının sonuna kimi mənsub olduğu millətinin səadəti uğrunda çalışıb. Bu yolda üzləşdiyi təqiblər, həbslər, sürgünlər onu qorxuda və yolundan döndərə bilməyib. Onu yaxından tanıyanlardan birinin də dediyi kimi, o, həyatı boyu haqqı nahaqqa qurban vermədi, ən çətin məqamlarda belə, təmkinini itirmədi və müdrik bir insan kimi hamının sevimlisinə çevrildi. O, həkim idi və xəstələri necə müalicə etməyi yaxşı bildiyi kimi,  çürüməkdə olan imperiyanın da dağılmasına və məhv olmasına gətirib çıxaran səbəbləri və bunun Azərbaycanın müstəqilliyini əldə etməsinə gətirib çıxaracağını öncədən müəyyən etmişdi. O, XX əsrin əvvəllərində yetişən inqilabi, milli azadlıq məfkurəsi üzərində köklənən vətənpərvər ziyalılar nəslinə mənsub idi. Onun üçün bir müqəddəs amal vardı: Azərbaycanın boğazına dolanan imperiya zəncirinin qırılıb atılması və mənsub olduğu millətinin azadlığına qovuşması, müstəqilliyini əldə etməsi.

 Onun Turan bayrağını yenidən tarixi türk torpaqları üzərində dalğalandıracağına sonsuz inamı var idi... O bu müqəddəs amal yolunda da canından keçərək, əbədiyyətə qovuşdu. Bu böyük insan Azərbaycanın milli azadlıq mücadiləsi fədailərindən biri olan alovlu mübariz və vətənpərvər Xudadat Ələkbər oğlu Rəfibəyli idi.

 

 Uşaqlıq və gənclik illəri

 

 Xudadat bəy 1873-cü ildə Gəncədə, Azərbaycanın ən tanınmış ailələrindən olan görkəmli ziyalı, milli azadlıq tariximizdə özünəməxsus  iz buraxan “Difai” təşkilatının yaradıcılarından olan Ələkbər bəyin ailəsində anadan olub. Onu da deyək ki, XIX əsrin ortalarından başlayaraq, Azərbaycanda dövrünün nəbzini tutan və milli azadlıq ruhunda köklənərək  müstəqilliyə gedən yolun əsasını qoyacaq və onda fəal iştirak edəcək ilk ziyalı nəsli formalaşmaqda idi. Ələkbər bəy Rəfibəyli də həmin ziyalılardan idi. Ailədə addımbaşı özünü göstərən milli mənəvi ruh, mənəvi təmizlik çarizmin müstəmləkəçilik siyasətinə qarşı özünəməxsus bir etiraz balaca Xudadatda dərin izlər buraxmışdı. Bütün bunlar isə hələ uşaq ikən onun milli vətənpərvərlik ruhunda tərbiyə olunmasında və yetkin bir şəxsiyyət kimi formalaşmasında mühüm rol oynadı.

Ələkbər bəy oğlunun ziyalı kimi yetişməsini istəyirdi və bunun üçün əlindən gələni etdi. Xudadat bəy əvvəlcə Gəncə Gimnaziyasında təhsil aldı. O, gimnaziyada oxuduğu illərdə açıqfikirliliyi ilə seçilir, dərslərini asanlıqla qavrayır, eyni zamanda tarixi keçmişimizə aid kitablarla yaxından maraqlanırdı. Həmin dövrdə Azərbaycanda tibbi kadrlar çatışmırdı və bu sahədə böyük bir boşluq vardı. Nəticədə hər il minlərlə adam, xüsusən də uşaqlar müxtəlif yoluxucu xəstəliklərdən vəfat edirdilər. Belə bir vəziyyətdə gənc Xudadat bəy atasının tövsiyəsi, həmçinin öz istəyi ilə Xarkov Universitetinin tibb fakültəsinə daxil oldu.  Xudadat bəyin Xarkovda oxuduğu illər Rusiya daxilində gedən inqilabi proseslər dövrünə təsadüf edir. Həmin dövrdə Xarkovda da çarizm əleyhinə bir narazılıq baş qaldırmışdı, xüsusilə gənclər arasında inqilabi  fikirlər geniş yayılmaqda idi. Bu baxımdan Xarkovda təhsil aldığı illər Xudadat bəyin siyasi baxımdan yetkinləşməsində mühüm rol oynadı və o, hiss elədi ki, zahirən möhtəşəm bir imperiya təsiri bağışlyan rus imperiyası daxilən çürüməkdə və məhv olmağa sürüklənməkdədir. Xarkovda tibbi təhsilini tamamladıqdan sonra bir müddət universitetin qospital cərrahlığı klinikasında ştatdankənar ordinator işlədi. Bu ona əlavə təcrübə qazanmağa imkan verdi və tezliklə adı ən perspektivli gənc həkim kimi çəkilməyə başladı. O dövrdə iş yoldaşları bu gülərüz və şirindil azərbaycanlı balası haqqında hörmət və rəğbətlə danışır, onu hamıya nümunə göstərirdilər.

 

 Millətə xidmət

 

Xudadat bəy doğma vətən üçün darıxırdı və ona görə də Xarkovu tərk edərək, Azərbaycana qayıtdı. Sonra Xudadat bəy doğma Gəncədə həkimliklə məşğul olmağa başladı. Onu 6 saylı  Gəncə (Yelizavetpol) şəhər xəstəxanasına baş həkim təyin etdilər. Həmin dövrdə Gəncə Azərbaycanın Qərb bölgəsinin qeyri-rəsmi paytaxtı hesab edilirdi. Belə ki, Bakı uzaq olduğundan xəstələrin çox hissəsi Gəncəyə üz tuturdu. Azərbaycanın hər yerində olduğu kimi, Gəncədə həkim çatışmırdı. Belə bir vəziyyətdə Xudadat bəyin üzərinə böyük və ağır bir iş düşmüşdü. Xəstələrin çox olması ucbatından o, gecə-gündüz xəstəxanada olur, bəzən evə getməyə belə vaxt tapa bilmirdi. Amma o heç vaxt yoruldum demir, xəstəxanaya müalicəyə gələnlərin heç birini naümid yola salmırdı. O, peşəkar cərrah, həm də olduqca savadlı can həkimi - terapevt idi. İşini həddindən çox sevirdi. Onu həmin dövrdə digər həkimlərdən fərqləndirən önəmli bir insani xüsusiyyəti də vardı. Bu da Xudadat bəyin heç vaxt əhalinin kasıb təbəqəsindən olan xəstələrindən pul almaması idi. Bəzən elə olurdu ki, yanına müalicəyə gələn xəstənin dərman alması üçün pulu olmurdu. Belə hallarda Xudadat bəy xəstənin cibinə pul qoyur, ona müalicəsini davam etdirə bilməsi üçün maddı yardım göstərirdi. Ona görə də qısa müddətdə Xudadat bəy nəinki Gəncəbasarda, həm də Azərbaycanın hər yerində məşhurlaşdı. İnsanlar onun yanına axın edərək, dərdlərinə əlac istəyirdilər. Hətta iş o yerə gəlib çatmışdı ki, nəinki xəstə adamlar, həm də hökumətdən narazı olanlar Xudadat bəyin yanına gələrək ona şikayət edir və problemlərinin həllində ondan yardım istəyirdilər. Belə bir vəziyyətdə Xudadat bəy həkimlikdən əlavə, ictimai işlərlə də məşğul olur, məmur özbaşınalığından əziyyət çəkən insanların şikayətlərini yuxarı orqanlara çatdırırdı. Əksər hallarda da özünün xalq arasında olan nüfuzundan istifadə edərək, şikayətlərin həllinə nail olurdu. Bir sözlə, Xudadat bəy Gəncəyə gəldikdən bir neçə il sonra həm həkim, həm də ictimai xadim kimi xalq arasında böyük hörmət və nüfuz qazana bilmişdi. Gecə-gündüz yorulmaq bilmədən çalışmasına baxmayaraq, Xudadat bəy o dövrdə çıxan müxtəlif qəzet və jurnallarda milli, mənəvi problemlərimizə həsr olunan məqalələrlə də çıxış edirdi. Bu məqalələrdə vətən sevgisi, vətənpərvərlik yanğısı olduqca güclü şəkildə özünü göstərməkdə idi.

Onun həmin dövrdə yazdığı elmi-publisist məqalələrinin bir qismi tariximizə, bir qismi səhiyyəmizə, digər qismi isə incəsənət və milli problemlərimizə həsr edilmişdi. Bu elmi-publisist yazılar daha çox əhalimizin maarifləndirilməsinə, onlarda milli vətənpərvərlik ruhunun möhkəmləndirilməsinə, şanlı tarximizdən ibrət götürməyə xidmət edirdi.

 

 Gəncə Tibb Cəmiyyəti və Anadoluya yardım

 

I Dünya müharibəsi ərəfəsində, 1914-cü ildə Xudadat bəy tanınmış ictimai xadim Həsənbəy Ağayevlə birlikdə Gəncə Tibb Cəmiyyətini təsis etdi və onun ilk sədri də özü oldu. Bu cəmiyyətin əsas vəzifəsi kasıb adamlara pulsuz tibbi yardım göstərmək, aclıq və xəstəlikdən əziyyət çəkən yüzlərlə insanın həyatını xilas etmək idi. Gəncə Tibb Cəmiyyəti, xüsusilə xəstə kasıb uşaqlarının müalicəsini diqqət mərkəzində saxlayır, hər il onların müalicəsinə xeyli vəsait xərcləyirdi. Cəmiyyət bununla kifayətlənməyərək xüsusi istedadı olan kasıb uşaqlarının təhsil almasına da maddi yardım göstərir və onları təqaüdlə təmin edirdi.

Yeri gəlmişkən, Gəncə Tibb Cəmiyyətinin fəaliyyəti ilə bağlı bu günədək az araşdırılmış və nə üçünsə diqqət mərkəzindən kənarda qalan bir mühüm faktı da qeyd etmək istəyirik. Bu da I Dünya müharibəsi dövründə Rusiyanın işğalçılıq siyasəti və ermənilərin Anadoluda həyata keçirdikləri kütləvi qırğınlar nəticəsində yurd-yuvalarından didərgin düşən minlərlə insana Gəncə Tibb Cəmiyyəti tərəfindən göstərilən humanitar yardım idi. Əsasən tibbi ləvazimatdan, o cümlədən dərman preparatlarından ibarət olan bu tibbi yardım Anadoluda erməni və rus vəhşiliyi nəticəsində ölümə məhkum  minlərlə insanın  xilas edilməsində mühüm rol oynayıb.

 

 

Zaman.-2013.-30 yanvar.-S.12.