Xudadat Rəfibəyli: Müstəqillik tariximizdə şərəfli iz qoyan siyasi xadim (2)

 

1918-ci ilin dekabrında Xoyskinin hökuməti istefa verdi və Xudadat bəy bundan sonra ölkənin səhiyyə və sosial təminat naziri vəzifəsini tərk edərək, yenidən Gəncəyə qayıtdı.

Onun Gəncəyə qayıtması isə xalq arasında böyük sevinclə qarşılandı.  Gəncə və Gəncəbasar camaatı  yaxından tanıdıqları və böyük hörmət bəslədikləri Xudadat bəyi daha yuxarı vəzifələrdə görmək istəyir, ona yerli əhalinin problemlərini xilas edəcək, bölgədə özbaşınalığa son qoyacaq bir dövlət xadimi kimi baxırdılar.

I Dünya müharibəsi illərində Gəncə Tibb Cəmiyyəti Anadoluya tibbi-humanitar yardım göstərməkdə davam etdi. Bəzi məlumatlara görə, cəmiyyətin üzvləri arasında həkim kimi könüllü şəkildə Anadoluya, Osmanlı ordusunda yaralananlara tibbi xidmət göstərməyə gedən insanlar olub. Yenə də təəssüflər olsun ki, bu məsələ indiyə qədər lazımi səviyyədə araşdırılaraq həmin dövrdə Gəncə Tibb Cəmiyyətindən Anadoluya yardıma gedənlərin kimliyi  müəyyənləşdirilməyib.

Həmin dövrdə Xudadat bəy I Dünya müharibəsində çarizmin ağır məğlubiyyətə uğramasından və ölkənin hər yerində gərgin vəziyyət yaranmasından xəbərdar idi. Ona görə də o öz nüfuzundan istifadə edərək, Gəncə və Gəncəbasar zonasında əhali arasında milli azadlıq mücadiləsi ideyasını təbliğ edir, Azərbaycanın gələcəyinin öz müstəqilliyini əldə etməsindən asılı olacağını dönə-dönə vurğulayırdı. Əhalini milli azadlıq mücadiləsinə hazırlamaq məqsədi ilə Xudadat bəy ətrafına bir qrup vətənpərvəri yığmış və onlar vasitəsilə xalqı milli azadlıq mücadiləsinə hazırlayırdı. 1917-ci ilin noyabr ayında Bakıda daşnak Şaumyanın başçılıq etdiyi bolşeviklər hakimiyyəti ələ aldılar. Bundan sonra daşnaklar Azərbaycanın hər yerində müsəlmanların qətlinə hazırlıq görməyə başladılar. Xudadat bəy Rəfibəyli hadisələrin təhlükəli istiqamətdə inkişaf etdiyini və bolşevik-daşnak quldur dəstələrinin kütləvi şəkildə müsəlman-türk qətliamına hazırlaşdığını dərhal anlamış və buna yol verməmək üçün Gəncə və Gəncəbasar zonasında əhalinin silahlandırılması üçün müəyyən işlər görmüşdü. O, kəndlərə öz adamlarını göndərərək, onlara gözlənilən bolşevik- daşnak hücumuna hazır olmaları və bu məqsədlə silahlı dəstələr yaradılması barədə tövsiyələr vermişdi. 1918-ci ilin mart ayının sonlarında bolşevik cildinə girmiş daşnaklar tərəfindən Bakıda, Şamaxıda, Qubada, Salyanda  və digər yerlərdə həyata keçirilən qanlı qətliamlar Gəncədə də özünəməxsus şəkildə əks-səda vermişdi. Amma məhz Xudadat bəy və digərlərinin səyləri nəticəsində daşnaklar Bakıda törətdikləri qətliamları Gəncədə təkrar edə bilmədilər.

 

 Azadlıq əsgəri

 

Həmin dövrdə digər uzaqgörən siyasi xadimlər kimi, Xudadat bəy Rəfibəyli də Azərbaycanın xilas yolunun qardaş Türkiyə ilə müttəfiqlikdən keçdiyini bilirdi və ona görə də erməni daşnaklarına  və onlarla birgə hərəkət edən bolşevik quldur dəstələrinə qarşı qardaş ölkənin yardımına böyük imid bəsləyirdi. 1918-ci il, may ayının 28-də Tiflisdə Azərbaycanın müstəqilliyinin elan edilməsi Xudadat bəy tərəfindən də böyük sevinclə qarşılanmışdı. O, dərhal göstəriş gözləmədən müstəqilliyimizin möhkəmləndirilməsi və hərbi tibbi kadrlarının təşkili ilə bağlı bəzi işləri həyata keçirməyə başladı. Xudadat bəyin ən böyük xidmətlərindən biri də qardaş Azərbaycanın yardımına gələn Qafqaz İslam Ordusunun əsgərlərinə və döyüşlərdə yaralananlara xidmət göstərilməsi üçün tanıdığı tibbi kadrlardan ibarət xüsusi qruplar təşkil edərək, orduya səfərbər etməsi oldu. Həmin dövrdə o özü də dəfələrlə Qafqaz İslam Ordusundakı tibbi xidmət qrupunun tərkibində olmuş, döyüşlərdə yaralanan qəhrəman əsgərlərin həyatlarının xilas edilməsində əvəzsiz xidmətlər göstərmişdi.  Azərbaycanda Şərqdə ilk demokratik cümhuriyyət qurulduqdan sonra Xudadat bəy Rəfibəylinin uzun illər millət və xalq qarşısında göstərdiyi xidmətlər nəzərə alındı. Onu Azərbaycan Xalq Cümhuriyyətinin səhiyyə və sosial təminat naziri vəzifəsinə təyin etdilər. Bu vəzifədə o, ölkəmizdə yeni səhiyyə ocaqlarının yaradılmasında, həmin dövrdə tüğyan edən yoluxucu xəstəliklərin aradan qaldırılmasında böyük əmək sərf etdi.

Bundan əlavə, Xudadat bəy səhiyyə naziri vəzifəsində işlədiyi dövrlərdə bir çox yerlərdə, xüsusilə yoluxucu xəstəliklərin daha çox yayıldığı rayonlarda pulsuz müalicə xəstəxanaları və feldşer məntəqələri açdı və onların dərmanlarla, həkim kadrları ilə təchiz edilməsini xüsusi diqqət mərkəzində saxladı. O vaxt taun xəstəliyinin bölgələrdə daha çox yayıldığını nəzərə alan Xudadat bəy Gəncə yaxınlığındakı Zurnabad kəndində taun əleyhinə stansiyanın yaradılmasına nail oldu. Bununla da qorxulu bir bəlaya çevrilən taun xəstəliyinin qarşısının alınması istiqamətində olduqca mühüm işlər həyata keçirildi. Yenə də həmin dövrdə Azərbaycanda yeni yaranan müstəqil ordunun tibbi kadrlarla təmin edilməsi üçün Xudadat bəyin göstərişi ilə çoxsaylı tədbirlər həyata keçirildi, yeni hospitallar, səyyar hərbi tibb məntəqələri təşkil edildi və onların tibbi preparatlarla təmin edilməsi üçün xaricdən tibb ləvazimatları alındı.

Xudadat bəy Azərbaycan Xalq Cümhuriyyətinin birinci və ikinci kabinetlərində səhiyyə və sosial təminat naziri vəzifəsini uğurla həyata keçirdi. Amma hökumətdə tez-tez baş verən siyasi istefalar onun da vəzifəsindən getməsinə gətirib çıxardı.

 

 Gəncə general-qubernatoru

 

1918-ci ilin dekabrında Xoyskinin hökuməti istefa verdi və Xudadat bəy bundan sonra ölkənin səhiyyə və sosial təminat naziri vəzifəsini tərk edərək, yenidən Gəncəyə qayıtdı. Onun Gəncəyə qayıtması isə xalq arasında böyük sevinclə qarşılandı.  Gəncə və Gəncəbasar camaatı  yaxından tanıdıqları və böyük hörmət bəslədikləri Xudadat bəyi daha yuxarı vəzifələrdə görmək istəyir, ona yerli əhalinin problemlərini xilas edəcək, bölgədə özbaşınalığa son qoyacaq bir dövlət xadimi kimi baxırdılar. Yeri gəlmişkən, qeyd edək ki, 1918-1919-cu illərdə Gəncə və Gəncəbasar zonasında özbaşınalıq hökm sürürdü. Yeni qurulan müstəqil dövlətimizin hələ kifayət qədər möhkəmlənməməsindən istifadə edən bəzi qüvvələr silahlı dəstələr yaradaraq yerlərdə ağalıq edirdilər. Bunun qarşısını almaq üçünsə güclü bir ələ, qətiyyətli siyasi  rəhbərə ehtiyac vardı. Belə bir iradəli, xalqın problemlərini həll edə, quldur dəstələrinin özbaşınalığına son qoya biləcək xadim isə Xudadat bəy Rəfibəyli ola bilərdi. Ona görə də xalqın tələbi ilə Xudadat bəy Gəncə general-qubernatoru təyin edildi. Bu, Xudadat bəy üçün böyük məsuliyyət, eyni zamanda həm də şərəf demək idi. Xudadat bəy yeni məsul vəzifəyə təyin edilməsinə və işinin çoxluğuna baxmayaraq,  həkimlik fəaliyyətini də davam etdirirdi. O, hər gün günortaya kimi xəstələri müalicə edir, günortadan sonra isə quberniyanın problemlərinin həlli ilə məşğul olurdu.

O, bununla əlaqədar demişdi ki, mən həkiməm və vəzifəm xəstələri müalicə etməkdir. Amma indi qarşımda daha böyük bir vəzifə durur. Bu da bölgədə əmin-amanlığı, haqqı və ədaləti bərpa etmək, insanların dinc və sakit yaşayışına nail olmaq, onlarda dövlətimizə qarşı inam yaratmaqdır.  O, buna nail olacağına əmin idi və tezliklə bölgədə sabitliyin təmin edilməsinə yönələn bir sıra tədbirlər həyata keçirdi. Nəticədə qısa müddətdə Gəncə və Gəncəbasar zonası əhaliyə qarşı zorakılıqlara əl atan silahlı quldur dəstələrindən təmizləndi və bölgədə əmin-amanlıq bərpa edildi. Eyni zamanda Xudadat bəy vəzifəsindən sui-istifadə edən məmurları və hüquq-mühafizə orqanları əməkdaşlarını da cəzalandırdı. Nəticədə əhalidə hüquq-mühafizə orqanlarına və müstəqil dövlətimizə inam artdı. O, vətəni, mənsub olduğu milləti üçün çox işlər görmək, Gəncədə  və onun ətraf rayonlarında yeni fabrik-zavodlar, məktəblər, xəstəxanalar açmaq, Gəncədə böyük yenidənqurma işləri aparmaq, onu abadlaşdırmaq istəyirdi. Bu məqsədlə də xüsusi plan hazırlamışdı. Bu plana əsasən, Gəncə yenidən Azərbaycanın ən böyük və inkişaf etmiş şəhərlərindən birinə çevrilməli idi. Amma ona bu planını həyata keçirməyə imkan vermədilər. Belə ki, 1920-ci ilin əvvəllərindən başlayaraq, bolşevik Rusiyası Azərbaycanı işğal etmək üçün hərəkətə keçdi. Bu məqsədlə də bolşeviklər Azərbaycanın paytaxtı Bakıda, həmçinin Gəncədə və digər yerlərdə Rusiyanın nökərləri kimi çıxış edən pozucu qüvvələrdən istifadə etməyə başladılar. Həmin pozucu qüvvələr əhali arasında milli hökumətə qarşı təbliğat aparır, guya bolşeviklərin əhalini bəy-xan zülmündən xilas edərək, onlara torpaq verəcəyini, “azadlığa” çıxaracağını təbliğ edirdilər. Eyni zamanda  bolşeviklərin yerli nökərləri Azərbaycanda yaşayan ermənilərlə birgə milli hökumətə qarşı müxtəlif təxribatlara əl atır, bəzi yerlərdə mühüm obyektləri partladır və hər vasitə ilə ölkədə anarxiya yaratmaq cəhdlərinə baş vururdular.

 

 

Zaman.-2013.-31 yanvar.-S.12.