“Təhsilimizin “Çağ” halallığına ehtiyacı var”

 

Kimi onu pedaqoq, kimi nasir, kimi jurnalist kimi tanıyır. Təhsil naziri Misir Mərdanovun sözləri ilə desək, ziyalılardan isə onu tanımayan yoxdur. Beləliklə, həmsöhbətimiz ölkəmizdə kifayət qədər tanınmış şəxs - Azərbaycan Təhsil Şurasının sədri, əməkdar müəllim, pedaqoji elmlər doktoru, professor Əjdər Ağayevdir.

- Əjdər müəllim, artıq neçə ildir ki, ümumi təhsilimizdə kurikulum islahatı aparılır... Bəlkə, elə söhbətimizə bundan başlayaq?

- “Kurikulum”un lüğəti mənası “kurs”, “yol” deməkdir. Bu söz lüğətlərdə “təlim kursu”, “tədris planı”, “proqram” anlamında işlənir. Hazırda kurikulum dünyanın mütərəqqi təhsil modellərindən biri kimi geniş tətbiq edilir. Avropa ölkələrində kurikuluma təhsilin əsasını təşkil edən sənəd kimi yanaşırlar. Konseptual sənəd kimi onun məzmununu standartlar, təhsil alanların hazırlığına qoyulan tələblər, texnologiya və qiymətləndirmə məsələləri təşkil edir. Bir sözlə, kurikulum yeni təhsil proqramı deməkdir. Bizim də onu seçməyimiz labüd idi. Bir də, unutmayın ki, bu gün biz sosialist sistemində yaşamırıq. Yəni tədris planı elə nəzərdə tutulmalıdır ki, o, ictimai quruluşa layiq vətəndaş hazırlamağa da xidmət etsin.

- Amma kurikulumla bağlı sizin narazılıqlarınız eşidilir.

- 1999-cu ildən başlayan təhsil islahatları ölkəmizdə pedaqoji, psixoloji elmlərin inkişafına əlverişli şərait yaratdı. Mən də o zaman təhsil proqramı hazırlayan işçi qrupunun üzvü idim. Çalışırdım ki, yeni hazırlanan dərsliklər yeni dövrün tələblərinə cavab versin. Mən orada belə bir prinsip irəli sürdüm: dərsliklərdə tarixilik, varislik və müasirlik nəzərə alınmalıdır. Amma hiss etdim ki, bəzi qüvvələr öz maraqlarında olan dərslikləri keçirmək üçün müəyyən təsirlərdən belə istifadə edirlər.

- Belə çıxır ki, sizin əsas iradlarınız dərsliklərlə bağlıdır...

- Bəli. Yeni dərsliklər ənənəvi dərsliklərdən zəifdir. Belə ki, yeni dərsliklərdə didaktik qaydalar gözlənilmir. Bu qaydalara görə, öyrədilən asandan çətinə, sadədən mürəkkəbə getməlidir. Bir də görürsən, birinci sinif kitabında elə şəkil verilib ki, nəinki uşaq, hətta valideyn, müəllim belə onun nə olduğunu dərk edə bilmir. İkinci narazılığım dərsliklərin müəllifləri ilə bağlıdır. Axı dərslik müəllifi üçün pedaqoji tələblər var. Yəni müəllifin məktəb təcrübəsi olmalı, o, təhsil elminin nəzəriyyəsini, metodikasını bilməlidir. Üstəlik, bu günün texnoloji yeniliklərindən başı çıxmalıdır. Bizdə isə buna məhəl qoyan yoxdur. Birinci sinif riyaziyyat dərsliyinin üç müəllifindən birincisi kim olsa yaxşıdır? İbtidai sinifdə bir saat belə dərs deməmiş, ixtisasca mühəndis olan bir naşir, daha doğrusu, nəşriyyat direktoru... Başqa bir misal: son nəşrdən əvvəlki nəşrdə belə bir cümlə var idi. İki xətt bir-biri ilə görüşür. Xətlər görüşməz, kəsişər də... Bununla əlaqədar müəllifə sual verəndə nə desə yaxşıdır? Bəs ingilis dilindən tərcümədə belə alınır. Bu isə o deməkdir ki, dərsliklər başqa millətlərin dərsliklərindən necə gəldi istifadə etməklə tərtib olunur. Bu isə özünü son anda doğrultmur. Axı hər xalqın öz sosial mühiti var. Yəni Cona verilən tapşırıq Əliyə verilməməlidir. Çünki Əlinin təfəkkürü başqadır. Bu kimi iradları bildirəndə də narazı qalırlar. Çünki onların pedaqoji təfəkkürü çox zəifdir. Qəribədir ki, ibtidai siniflərin riyaziyyat və Azərbaycan dili dərsliklərində Azərbaycan xalqının başına gətirilmiş faciələr haqqında, yəni 20 Yanvar, Xocalı faciələri, şəhidlər haqqında heç bir material yoxdur. Mən anlaya bilmirəm, bu, naşılıqdandırmı, ya nədəndir?

 

“Mən o səviyyəyə enə bilmərəm”

 

- Bəs siz özünüz niyə dərsliklər yazmırsınız? Kifayət qədər pedaqoji təcrübəniz də var...

- Mənə desələr ki, birinci sinif üçün “Ana dili” dərsliyi yaz, əsla yazmaram. Bilirsinizmi niyə? Axı mən birinci sinfə dərs deməmişəm, o sinfin havasını udmamışam. Unutmayın ki, o uşaqların öz aləmi var. Mən o səviyyəyə enə bilmərəm, demirəm a... onların səviyyələrinə qalxa bilmərəm. Bəziləri isə buna əhəmiyyət vermədən dərsliklər yazırlar. Mən çalışıram ki, pedaqoji proses pedaqogikadan uzaq adamların müdaxiləsi ilə getməsin.

- Əjdər müəllim, etiraf edək ki, son illər ibtidai siniflərdə dərsliklərin sayı artmaqdadır.

- Doğrudur. Bunu sadələşdirmək üçün psixoloji tədqiqatlar aparılmalıdır. Bizdə isə belə tədqiqatlar aparılmır. Keçənilki hesabat ortada yoxdur ki, baxaq görək nəticə nə göstərdi. Bir məsələni də vurğulayım. Belə kortəbiilik, yəni kurikulum əsasında yazılmış dərsliklərin çətinliyi şagirdləri, valideynləri kiməsə, yəni repetitora müraciətə sövq edir. Yeri gəlmişkən, hər hansı dərslik, iş dəftəri və sairə məktəbə gətirilərsə, o, eksperimentdən keçirilməlidir, bu yarayır, ya yox. Bu cür kurikulum adı altında tətbiq olunan dərsliklərin əksəriyyətinin eksperimenti yoxdur.

- Repetitor məsələsinə toxundunuz...

- Artıq repetitorluq instituta çevrilib. Ali məktəblərə qəbul olunanların 90 faizi repetitor yanına gedənlərdir. Əgər belə isə bu qədər ümumtəhsil məktəbi nəyə lazımdır, onda məktəb hansı funksiyanı yerinə yetirir?

- Əjdər müəllim, artıq 20 ildir ki, ölkəmizdə qəbul prosesində tətbiq olunan test barədə də söhbətlər dolaşır....

- Gəlin etiraf edək ki, test olmasa idi, kasıb balalarının əksəriyyəti təhsildən kənarda qalardı. Buna rəğmən, mənim fikrimcə, hazırda testin də təkmilləşdirilməsinə ehtiyac var. Fikrimi də əsaslandırıram: abituriyent ali məktəbə qəbul olunandan sonra məlum olur ki, onun nitq, yaxud yazı qabiliyyəti yoxdur. Bizdə tətbiq olunan testlə, təbii ki, bunları müəyyənləşdirmək olmur. Amma Estoniyada, ABŞ-da bu kimi amillər ciddi nəzərə alınır. Hətta məndə olan məlumata görə, ABŞ-da abituriyentin yazılı nitqinə bələd olmaq üçün ona esse yazdırırlar.

 

 “Kamil insan üçün estetika vacibdir”

 

- Elə fənlər var ki, onlara barmaqarası baxılır... Məsələn, nəğmə, rəsm... dərsləri.

- Məktəbin vəzifəsi insan beynini yalnız biliklərlə doldurmaq deyil. Onun vəzifəsi kamil vətəndaş hazırlamaqdır. Kamil insan üçün isə estetika, həm də fiziki tərbiyə olduqca vacibdir. Bu kimi fənlər yetərincə tədris olunmursa, kamil insandan danışmağa dəyməz. Zənnimcə, elə bu kimi səbəblərdən son illər bir-biri ilə kobud rəftar edənlərin sayı artır.

- Biz müharibə şəraitində yaşayırıq. Bu isə gənclərin hərbi-vətənpərvərlik ruhunda formalaşdırılmasını labüd edir. Bu baxımdan orta məktəblərdə tədris olunan hərbi-hazırlıq fənlərinin böyük əhəmiyyəti var. Hərbi hazırlıqla da bağlı sizin fikirlərinizi bilmək maraqlı olardı...

- Bu fənn vasitəsilə yeniyetmələr hərbi hazırlıq keçirlər və adi hərbi silahlarla tanış olurlar. Nə yazıq ki, bu kimi məlumatlar onlara yalnız şəkillərlə çatdırılır. Yəni onların əllərində hər hansı bir silah olmur (Bir-iki dəfə məktəblərdəki silahlar xətalı nəticələr verdi, ondan sonra silahlar yığışdırıldı). Yəni onların müəyyən təsəvvürləri olsa da, praktik hazırlıqları olmur. Bu mənada vətənpərvərlik hisslərini artırmaq üçün daha çox əyanilikdən istifadə olunmalıdır. Müharibə şəraitində olan ölkə üçün bu çox vacibdir..

 

 “Bu əsla belə deyil”

 

- Əjdər müəllim, “Azərbaycan 2012: Gələcəyə baxış” İnkişaf Konsepsiyası da artıq təsdiq olunub. Burada da 2020-ci ilədək 12 illik ümumi təhsil sisteminə keçid təsdiqlənib.

- Bəri başdan deyim ki, biz qabaqcıl ölkələrin təhsil sistemlərinə inteqrasiya etmək istəyiriksə, bu yolu seçməliyik. Digər tərəfdən, dünyanın bir çox ölkələrində artıq təhsil müddəti on iki ildir.

- Bəziləri elə düşünürlər ki, 12 illiyə keçilərsə, 10 illik təhsil icbari olacaq. Qalan iki ildə şagirdlər əsasən ali məktəblərə gedərkən verəcəkləri qəbul imtahanına hazırlaşacaqlar. Bununla guya repetitorluğun qarşısına müəyyən sədd çəkiləcək. Bu barədə nə deyə bilərsiniz?

- Bəli, hətta deyirlər ki, guya bununla da repetitorluq məktəblərə gələcək. Bu, əsla belə deyil. Bu mənada söylədiyiniz tamamilə yanlış fikirdir. Elə götürək Türkiyəni... Bu ölkənin ümumtəhsil məktəblərində on ikinci il şagirdlərə müxtəlif peşələr öyrədilir. Sonradan onlardan kimi təhsilini ali məktəblərdə davam etdirir, kimi də müəssisələrdə müxtəlif peşələr üzrə çalışırlar. Bu, belə də olmalıdır. Çünki orta məktəbi bitirənlərin hamısı ali məktəblərə girə bilməz ki... Mən bunu dəstəkləyirəm. Amma istərdim ki, bu keçidin dəqiq elmi-metodiki əsaslarla sistemi hazırlansın. Gərək birdən on birinci sinfə qədər məzmun təzələnsin. Ancaq bu kimi işlər naşı adamlar tərəfindən deyil, mütəxəssislər tərəfindən həyata keçirilsin. Mənim fikrimcə, mütəxəssis hər hansı qurumun başçısı demək deyil, o, metodikanı biləndir.

 

 “Müəllim ora-bura qaçmaq məcburiyyətindədir”

 

- Əjdər müəllim, son illər ölkəmizdə təhsilə qayğı artıb... Yeni məktəb binaları tikilir, təmir olunur, həmin tədris ocaqları daha müasir avadanlıqlarla təmin edilir...

- Bəli, son illər həm ölkə başçısı İlham Əliyev, həm də Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva bu sahəyə diqqəti artırıblar. Bir sözlə, bu gün təhsilimizdə yeni nə varsa, bütün bunlar onların xidmətidir. Amma məktəblərə verilmiş müasir texnologiyalardan istifadə ürəkaçan deyil. Çünki əksər müəllimlərimiz onlardan istifadə etməyi bacarmır. Hətta məktəb direktorları belə, onların dilini bilmir.

- Müəllimdən söz düşmüşkən, bu gün müəllimin o qədər dərd-səri var ki... Son illər müəllimlərin nüfuzunun aşağı düşməsi də bir reallıqdır.

- Bəli, bu gün müəllimin əməkhaqqı olduqca aşağıdır. Odur ki, o da müxtəlif yollarla ailəsini dolandırmaq üçün ora-bura qaçmaq məcburiyyətindədir. Yəni o bu gün necə dərs deməkdən çox, necə dolanmaq barədə baş sındırır. Halbuki Orta Asiyada müəllim, ailəsinin sərf etdiyi işığın, mavi yanacağın pulunu ödəmir. Müəllim avtobusda gediş haqqı ödəmir.

- Son vaxtlar müəllimlərə dövlət qulluqçusu statusu verilməsi ilə bağlı məlumatlar da dolaşır. Bu nə dərəcədə doğrudur?

- Bu barədə dəqiq bir söz deyə bilmərəm. Amma düşünürəm ki, bu status daha yüksək əməkhaqqı və dövlət qulluğunda olan bir sıra təminatlara gətirib çıxara bilər.

- Əjdər müəllim, təhsil qurumlarına rəhbərlik edənlər tez-tez kəllə-kəlləyə gəlirlər...

- Həm təhsil naziri Misir Mərdanova, həm də Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə xanım Abbaszadəyə hörmətim var. Onların arasında elə bir ziddiyyət yoxdur. Amma təəssüflə qeyd edim ki, onları baş-başa gətirən qüvvələr, maraqlar var.

 

 “Çağ”ımız....

 

- Əjdər müəllim neçə ildir ki, “Çağ”ın nəzdində fəaliyyət göstərən Qafqaz Universitetində də çalışırsınız. “Çağ”ın təhsilimizdəki yerini necə dəyərləndirərdiniz?

- Həqiqət naminə demək lazımdır ki, ölkəmizdə təhsil sahəsində nailiyyətlərin qazanılmasında “Çağ” Öyrətim İşlətmələri Şirkətinin xüsusi rolu var. Yeri gəlmişkən, qeyd edim ki, ulu öndər Heydər Əliyev də bu qurumun fəaliyyətini yüksək dəyərləndirib. O, deyib ki, “Çağ”ın Azərbaycanda gördüyü işlər respublikamızın təhsil sistemində müəyyən müsbət dəyişikliklər meydana gətirir: “Ona görə də mən bu liseylərə həmişə dəstək vermişəm, bundan sonra da verəcəyəm”. Ölkə başçısı İlham Əliyev isə bildirib ki, həmin liseylər Azərbaycanın gələcəyi üçün gözəl kadrlar yetişdirirlər: “Əlbəttə ki, bir prezident kimi mən bu liseylərin fəaliyyətlərini davam etdirmələrini və daha da genişləndirmələrini istərdim”. Mən də bu fikirlərə qeyd-şərtsiz qatılıram. İstərdim ki, bütün təhsil müəssisələrimiz “Çağ”ın fəaliyyətini öyrənsin və tətbiq etsin.

- “Çağ”ın uğurlarının əsasını nə təşkil edir?

- Ən əsası halallıq. Bu qurumun bütün təhsil ocaqlarında halallıq hakimdir (Elə təhsil nazirimiz Misir Mərdanov da bu fikirdədir). Bu məktəblərdə heç kəs heç kəsdən heç nə ummur. İkincisi, bu məktəblərdə təsadüfi müəllimlər çalışmırlar. Onlar yüksək biliyə, həm də mənəviyyata malik insanlardır. Həmin müəllimlər, sözün həqiqi mənasında, şagirdlərə xidmət edirlər (Bizim bəzi məktəblərdə isə elə bilirlər ki, uşaqlar onların xidmətçiləridir). Elə bu kimi səbəblərdən müəllim-şagird münasibətlərində əsl əməkdaşlıq hökm sürür.

- Hərdən deyirlər ki, onların uğurlarının əsasında qabiliyyətli uşaqları seçmələri dayanır...

- Mən bu fikirlə əsla razı deyiləm. Bilirsinizmi niyə? Həmin uşaqlar “Çağ”a cəlb olunmasalar, öz məktəblərində o nailiyyətləri əldə edə bilməzlər. Deməli, bu məktəblərdə o qabiliyyəti inkişaf etdirmək üçün hər cür şərait, vasitələr, amillər var... Ona görə də onlar bir-birinin ardınca uğurlarını sıralayırlar.

- Əjdər müəllim, sizin sözlərinizdən belə başa düşdüm ki, təhsil ocaqlarımızın “Çağ” modelinə ehtiyacı var...

- Mən “Çağ” modeli deməzdim, çünki “Çağ”ın tətbiq etdiyi model bir Avropa modelidir. Mən deyərdim ki, təhsilimizə, sadəcə, “Çağ” halallığı lazımdır.  

 

 “Qafqaz”ın pedaqoji fəaliyyətimdə özəl yeri var”

 

- Son sualım sizin elmi, bədii yaradıcılığınızla bağlıdır. Hazırda hansı əsərlərin üzərində çalışırsınız?

- Bir neçə istiqamətdə çalışıram. Hazırda 1989-cu ildə Moskvada 3 cilddə nəşr olunmuş “Azərbaycan pedaqoji fikrinin antologiyası”nın birinci cildini Azərbaycan dilində çapa hazırlayıram. Bundan başqa, elmi əsərlərimi nəşrə hazırlayıram. Artıq seçilmiş pedaqoji əsərlərimi nəşr etdirmişəm. O ki qaldı bədii yaradıcılığa... İndiyədək 10-a yaxın kitabım işıq üzü görüb. Onları bir cilddə toplamaq fikrindəyəm. “Nəğmələr, nəğmələr” adlı kitabımda isə yüzdən artıq mahnım toplanacaq. Yeri gəlmişkən, bəstəkar Mehriban Əhmədova ilə son işimiz “Fövqəladə əsgərik” mahnısı olmuşdur. Mahnı müğənni Aygün Bəylərin ifasında çox gözəl səslənir. Hə, təhsildə innovasiya ilə bağlı araşdırmalar da aparıram.

- Bu qədər işin öhdəsindən gəlmək çətin deyil...

- 75 yaşım var... Məni saxlayan, işə həvəsləndirən elə bu fəaliyyətimdir. Bir də, hazırda çalışdığım “Qafqaz” mühiti... Yeri gəlmişkən, “Qafqaz”ın mənim pedaqoji fəaliyyətimdə özəl yeri var. Bir də, Əjdər müəllimin bu gün fəaliyyətini davam etdirməsinə vəsilə elə “Qafqaz”dır. Məhz “Qafqaz”ın sayəsində mən Türkiyədə ürəyimdən əməliyyat olundum. Bu mənada mənim “Qafqaz”a vəfa borcum da var.

- Maşallah, fəaliyyət sahəniz olduqca genişdir... Hansı sizə daha çox əzizdir?

- Təbii ki, müəllimlik....

 

 

QVAMI MƏHƏBBƏTOĞLU

 

Zaman.-2013.-5 fevral.-S.7.