Xudadat Rəfibəyli: Müstəqillik
tariximizdə şərəfli iz qoyan siyasi xadim
(3)
Azərbaycan
xalqının düşmənlərinin Rəfibəylilər
nəslini yer üzündən silmək cəhdlərinə
baxmayaraq, bu şərəfli
nəslin nümayəndələri öz
mübarizələrindən dönmədilər.
Bir vaxt atası gedər-gəlməzə
göndəriləndə 7 yaşı olan Nigar xanım və
digərləri ata-babalarının haqq yolunu davam etdirdilər,
bu nəslin görkəmli davamçıları olaraq tarixdə
iz buraxdılar. Onların yolunu isə
Xalq yazıçısı Anar davam etdirir.
1Xudadat
bəy Rəfibəyli Azərbaycan milli istiqlalının
beşiyi olmuş Gəncədə əmin-amanlığı
bərpa etmək, bolşevik nökəri olan və erməni
daşnakları ilə birlikdə ilk cumhuriyyətimizə
arxadan zərbə vurmaq istəyən yerli satqınların
iç üzünə yaxşı bələd idi. Ona
görə də bu satqınlarla mübarizəni
özünün əsaz vəzifələrindən birinə
çevirmişdi. Bu məqsədlə də o yerli əhali
arasında təbliğatı gücləndirən tədbirlər
həyata keçirir, bütün təxribatların
qarşısını bacarıqla alırdı. Ona görə
də Gəncədə milli hökumətimizə inam,
azadlıq, müstəqillik ruhu olduqca güclü idi.
Amma Xudadat bəyin milli cümhuriyyəti
qoruyub saxlamaq üçün göstərdiyi bütün cəhdlərə
baxmayaraq, Azərbaycanın başı üzərindən qara
yellər əsməkdə idi. Həmişəki kimi Azərbaycana
təhlükə yenə də şimaldan gəlməkdə
idi. Bolşeviklər Azərbaycana, Bakı neftinə can
atırdılar. Bu işdə onlara bələdçilik edən
isə bolşeviklərin yağlı vədlərinə
inanan yerli satqınlarımız idi. Qırmızı ordu
Türkiyəyə getmək adı ilə Azərbaycana gəlirdi
və bu, çoxlarının əlini-qolunu
bağlamışdı. Qardaş Türkiyəyə
yardıma getmək istəyən qırmızı orduya əhali
arasında süni bir rəğbət də
formalaşdırılmışdı. Xudadat bəy həmin
dövrdə qırmızı ordunun əsl məqsədini
anlamışdı. Ancaq qüvvələr qeyri-bərabər
idi. Ona görə də o, Gəncədəki
milli Azərbaycan ordusunın zabitləri ilə
bir araya gələrək
vəziyyəti onlarla müzakirə etmiş, indiki məqamda
hadisələrin gedişini gözləməyi,
eyni zamanda
sayıqlığı əldən verməməyi
tapşırmışdı.
İşğal,
istefa və həbs
1920-ci ilin aprel ayının 27-dən
28-nə keçən gecə bolşeviklər Azərbaycanı
işğal etdilər. Bunun ardınca, aprelin 29-da
Qırmızı ordu hissələri ərazilərimizi
işğal edə-edə Gəncəyə doğru irəliləməyə
başladı. Belə bir vəziyyətdə artıq hiss
olunurdu ki, Gəncənin taleyi həll olunub. Dinc insanların
qanının tökülməməsi və
Qırmızı ordu əsgərlərinin əllərinə
şəhərdə kütləvi qətliamlar törətməyə
bəhanə verməmək üçün Xudadat bəy
uzaqgörən bir addım atdı. O, aprel ayının 30-da
tutduğu vəzifəsindən istefa verdi. Xudadat bəyin
qubernator kimi imzalamış olduğu axırıncı sənəd
onunla birlikdə işləmiş adamların hamısına
etdiyi müraciəti idi. Xudadat bəy bu müraciətində
yazırdı: “Bir ilə yaxın müddətdə Gəncə
qubernatoru vəzifəsini icra edərkən əmin oldum ki, həm
quberniya idarəsinin və qubernator dəftərxanasının
qulluqçuları, həm də mənə tabe olan polis idarəsinin
qulluqçuları onlara həvalə olunmuş vəzifələri
vicdanla yerinə yetirmiş və quberniyada asayiş, sülh və
əmin-amanlıq yaratmaq işində mənə kömək
etmək üçün var qüvvələrini əsirgəməmişlər.
Ona görə də qubernator vəzifəsini tərk edərkən
adlarını saydığım idarələrin
qulluqçularına çəkdikləri zəhmətlərə
və qeyrətlə işlədiklərinə görə səmimi
minnətdarlıq etməyi özümə mənəvi borc
bilirəm və ümidvaram ki, onlar Azərbaycan
Respublikasının tərəqqisi və çiçəklənməsi
naminə öz vəzifələrini bundan sonra da vicdanla və
səylə yerinə yetirəcəklər. Qubernator Rəfibəyov”.
Lakin
Xudadat bəy şəhəri tərk etmək fikrində
deyildi və o, əvvəlki kimi həkimlik fəaliyyətini
davam etdirmək niyyətində idi. Qırmızı ordu hissələri
Gəncəyə daxil olandan bir neçə gün sonra şəhərdəki
ermənilər azərbaycanlılara qarşı fəallaşmağa
başladılar. Onlar guya şəhərdəki azərbaycanlıların
və milli ordu hissələrinin Qırmızı orduya
qarşı təxribata hazırlaşdığı barədə
Bakıya məlumat verir, eyni zamanda XI Ordu
komandanlığında bu işin başında Xudadat bəyin
dayandığı barədə rəy
formalaşdırırdılar. Guya Xudadat bəy
general-qubernator olduğu vaxt bolşevik tərəfdarı olan
insanlara qarşı sərt tədbirlər həyata
keçirmiş, erməni qırğınında iştirak
etmişdi. Nəticədə Gəncədəki
Qırmızı ordu komandanlığı Xudadat bəyin həbs
edilməsi üçün bəhanə axtarmağa
başladı. Nəhayət, ermənilərin
Qırmızı ordu komandanlığına Xudadat bəyin
bolşeviklərə qarşı üsyan hazırlaması
barədə verdiyi məlumat şəhərdəki
bolşevik rejiminin səbrini daşdırdı. 1920-ci il may
ayının 12-də bolşeviklər
Xudadat bəyi həbs etdilər. Onu silahlı əsgərlərin
nəzarəti altında birbaşa Gəncədən
Bakıya aparmaq qərarına gəldilər. Bu hadisə
bütün Gəncəni ayağa qaldırmış və əhali
küçələrə axışmışdı. Dəmiryol
stansiyasında minlərlə gəncəli vardı. Xudadat bəy üç nəfər silahlı əsgərin
müşayiəti ilə qatara
minmək üçün dəmiryol vağzalına gəlirdi;
həmişəki kimi belini dik tutmuş və qürurlu
görkəmini saxlamışdı. Şahidlərin sözlərinə
görə, kimsə ona pul uzatmış, o isə əlləri
ilə rədd etmişdi. Həmin vaxt Xudadat bəyi azad etmək
üçün Şəmkirdən 500 nəfər silahlı
dəstə Gəncəyə doğru gəlməkdə idi.
Ancaq Xudadat bəy buna ehtiyac olmadığını
bildirmişdi. O, günahsız olduğunu bilirdi və
haqqını müdafiə edəcəyinə əmin idi...
Lakin bolşevik rejimi ona haqqını müdafiə etməyə
imkan vermədi. Bolşeviklər Xudadat bəyi erməni kəndlərinin
yandırılması və yerli əhaliyə divan tutması
iddiası ilə mühakimə etdilər. Xudadat bəy bu
iftiranı rədd etdi və bu işdə özünün
günahkar olmadığını bildirdi. Amma ona nə
özünü müdafiə etməyə, nə də son sözünü
deməyə imkan vermədilər. Çünki bu işi
düzüb-qoşan, əvvəlcə, daşnaklara xidmət
edən, sonra isə bolşeviklərin tərəfinə
keçən müstəntiq Sofikyanın məqsədi Azərbaycan
xalqının görkəmli şəxsiyyətlərindən
birini aradan götürtmək idi. Elə də oldu və saxta
ittihamla Xudadat bəyi günahkar bildilər. İyunun 1-də
onu gizlicə Xəzər dənizindəki adalardan birinə
apararaq güllələdilər
Gəncə üsyanı Xudadat bəyə
görə başladı Xudadat
bəy Rəfibəylinin həbsi Gəncədə üsyan
üçün siqnal oldu.
Bununla
əlaqədar tarixçi alim N.Yaqublu “Azərbaycan legionerləri”
adlı kitabında yazır: “1920-ci ilin mayın ortalarından
başlayaraq, Gəncədə vəziyyət kəskinləşmişdi
və Qızıl ordu hissələri ilə əhali
arasında toqquşma baş verəcəyi gözlənilirdi.
Vəziyyəti gərginləşdirən və Gəncə
üsyanının başlamasına səbəb olan amillərdən
biri də Xudadat bəyin bolşeviklər tərəfindən
həbs edilməsi idi. X. Rəfibəylinin istintaq işini
burada ermənilər aparmışdı. Bu hadisədən bir
neçə gün sonra, mayın 25-dən 26-na keçən
gecə üsyan başlamışdı. Gəncə
üsyanına başçılıq edən, Azərbaycan milli ordusunun keçmiş 3-cü piyada
Gəncə polkunun komandiri,
sonradan Polşa ordusunda xidmət etmiş,
1955-ci ilin yanvarında isə sovet KQB-sinin göndərdiyi
bir xanım tərəfindən Almaniyada zəhər verilərək
öldürülən məşhur albay Cahangir Kazımoğlu da
xatirələrində üsyanın başlanmasına X. Rəfibəylinin
həbsinin səbəb olduğunu göstərirdi”.
Azərbaycan
tarixinin bu görkəmli siması əbədiyyətə
qovuşandan sonra arxasında gözləri yaşlı həyat
yoldaşı Cəvahir ananı, 11 yaşlı oğlu Kamili,
9 yağlı oğlu Rəşidi və bir də gələcəkdə
Azərbaycan xalqının böyük şairəsi olacaq 7
yaşlı Nigarı buraxdı.
Xudadat bəydən sonra ailəsi didərgin
düşdü, başqa adlar altında yaşamağa məcbur
oldu.
Həmin
ağır günlər haqqında Rəfibəylilər nəslinin
tədqiqatçısı, tanınmış alim Rafael
Hüseynov belə yazır: “... Sovet dövləti Rəfibəyliləri
doqquz dəfə ən sərt repressiyalara məruz qoydu. Həbs
etdi, sürgünlərə yolladı, güllələdi.
Gözlədi ki, yeni Rəfibəylilər yetişsin, sonra
eyni bəlaları onların başına gətirdi. Rəfibəylilərin
iri dəstəsi isə İrana, Türkiyəyə
mühacirət etdi.
Amma
şər imperiyasının caynağından qurtulmuş
mühacir Rəfibəylilər xaricdə də rahat yaşaya
bilmədilər. Təqiblər orda da davam etdi. Rəfibəylilər
izi itirmək üçün Türkiyədə 3 müxtəlif
soyadla ömür sürdülər - Arran, Sayqın, Əsgəran.
Sovet İttifaqında qalanlar da bəyliklərini, Rəfibəyliliklərini
gizlətmək üçün Rəfiyev oldular, Rəfizadə
oldular, Babayev oldular, Kərimov oldular”...
Amma
70 ildən sonra Xudadat bəy Rəfibəyliyə
günahı olmadığı barədə bəraət
verildi.
Son
söz əvəzi
Azərbaycan
xalqının düşmənlərinin Rəfibəylilər
nəslini yer üzündən silmək cəhdlərinə
baxmayaraq, bu şərəfli nəslin nümayəndələri
öz mübarizələrindən dönmədilər. Bir
vaxt atası gedər-gəlməzə göndəriləndə
7 yaşı olan Nigar xanım və digərləri ata-babalarının
haqq yolunu davam etdirdilər, bu nəslin görkəmli
davamçıları olaraq tarixdə iz buraxdılar. Onların
yolunu isə Xalq
yazıçısı Anar davam etdirir.
Yazını ulu öndər Heydər
Əliyeyin bu məşhur nəsil haqqında dedikləri ilə
bitirmək istəyirəm:
“İyirminci illərin repressiyalarında, otuzuncu illərin
repressiyalarında çox dəyərli gəncəlilər-
ziyalılar məhv edilmişdir. Onlardan biri də Nigar
xanımın atası Xudadat bəy Rəfibəyli - Azərbaycanın
ilk müstəqil hökumətində, Xalq Cümhuriyyətində
nazir vəzifəsini tutmuş bir insan, sonra repressiya qurbanı
olmuşdur. Ancaq tarix hər şeyi öz yerinə qoyur.
Repressiya qurbanı olmuş Xudadat bəy Rəfibəylinin
qızı Nigar xanım Rəfibəyli böyük bir yol
keçmiş, Azərbaycan mədəniyyətinin inkişaf
etməsi uğrunda çalışmışdır. O,
öz həyat yoldaşı - Azərbaycanın böyük
şairi Rəsul Rza ilə birlikdə Azərbaycan ədəbiyyatının
yüksəlməsində xüsusi rol oynamışdır və
məmnunam ki, onların övladı, Azərbaycanın
böyük yazıçısı, Yazıçılar
Birliyinin sədri, hörmətli Anar da əcdadlarının,
anasının, atasının işini davam etdirir və Azərbaycan
ədəbiyyatının, mədəniyyətinin
inkişafına öz xidmətlərini göstərir.
Görürsünüz, Gəncə nə qədər
böyük insanlar yetişdirir. Bir ailədə üç
Xalq yazıçısı- Rəsul Rza, Nigar Rəfibəyli,
Anar”.
Zaman.-2013.-6 fevral.-S.12.