Əhməd bəy Ağaoğlu Milli azadlıq mücahidi(1)

 

Əhməd bəy milli özünüdərkin cəmiyyətin mədəni inkişafından, gənclərin müasir elmlərə yiyələnməsindən asılı olduğunu uzaqgörənliklə müəyyən etdi.

 

 Ona görə də onun ilk işi cəmiyyətin maariflənməsi uğrunda mübarizəyə başlaması oldu. Həmin dövrdəƏhməd bəy Ağaoğlu qadınların yeni nəslin yetişməsində müstəsna rolu olduğunu xüsusi vurğulayır və onlara kişilərlə bərabər hüquqlar verilməsini qızğın şəkildə müdafiə edirdi. Bununla əlaqədar o, qadın azadlığına həsr edilən “İslam dünyasında qadın” adlı kitabını yazdı. 1901-ci ildə çapdan çıxan bu kitabda Əhməd bəy Ağaoğlu yazırdı: “Qadını azad olmayan millətin milli inkişafından söz gedə bilməz”.

Əhməd bəy Ağaoğlu hələ gənc yaşlarından Azərbaycan xalqının milli mənəvi oyanışı uğrunda mübarizəyə qoşulub və bu yolda yorulmaq  bilmədən çalışıb. Çünki o, yaxşı başa düşürdü ki, millətinin gələcəyinə yol onu əsarətə, köləliyə qarşı yeni mübarizələrə hazırlamaqdan keçir və əks halda, milli məhvə gedən yolun qabağını almaq mümkün olmayacaq. Ona görə də tez-tez mətbuatda oyanışı təbliğ edən yazılarla çıxış edir, xalqımızın qarşılaşdığı problemlərdən xilas yollarını göstərməyə çalışırdı. Həmin dövrdə Azərbaycanda milli mətbuat sahəsində bir canlanma hiss olunurdu və nəinki Bakıda, həm də  regionlarda qəzetlərə böyük maraq vardı. O, bundan istifadə edərək, xalqının milli oyanışı uğrunda mübarizədə mətbuatı əsas silahına çevirmişdi. Amma onun vətənpərvərliyi, milli təəssübkeşliyi bütün çılpaqlığı ilə ermənilər tərəfindən Azərbaycanın hər yerində terror aktlarına baş vuranda çıxdı. Daşnakların terrora əl atması və onlara qarşı analoji bir mübarizənin başladılmasını tələb edirdi. O, uzun müddət düşünəndən sonra daşnakların terror aktlarının və bu müstəvidə onlar tərəfindən müsəlmanlara qarşı həyata keçirilən qətliamların çarizm tərəfindən pərdə arxasından dəstəkləndiyini anladı. Bunun qarşısını almağa yol isə ciddi nizam-intizama və düşmənə qətiyyətli cavab verməyə qadir gizli təşkilatın yaradılmasından keçirdi. Bu çərçivədə də ətrafına həmfikirlərini toplayaraq, yeni bir təşkilatın - “Difai”nin yaradıldığını elan etdi.  O, bununla da Azərbaycanın istiqlal tarixinə”Difai”nin rəhbərlərindən biri kimi düşdü.

 

Uşaqlıq illəri

 

 Əhməd Ağaoğlu 1869-cu ildə Azərbaycanın ən gözəl guşələrindən olan Şuşada, Mirzə Həsən və Tazə xanımın ailəsində  dünyaya göz açıb. Onun atası pambıqçı fermer, anası isə Şuşadakı məşhur Sarıçı Əli nəslindən idi. İlk təhsilini Şuşa gimnaziyasında alan Əhməd hələ o dövrdə xüsusi fəallığı ilə seçilir, hər şeylə maraqlanır, tez-tez müəllimləri ilə müxtəlif mövzular üzrə mübahisəyə girirdi. Humanitar elmlərə daha çox maraq göstərən və yaddaşı olduqca güclü olan Əhməd dərsləri asanlıqla qavrayır və bununla da müəllimlərini heyrətə salırdı. Gimnaziyanı bitirdikdən sonra o, təhsilini xaricdə davam etdirmək, biliyini daha da zənginləşdirmək istəyirdi. Amma atası sevimli oğlunu  Şuşadan kənara buraxmaq niyyətində deyildi. Buna baxmayaraq, Əhməd bəy çətinliklə də olsa təhsilini xaricdə davam etdirmək üçün atasını razı sala bildi.

 

Parisdə demokratiya dərsi

 

19 yaşında ikən, 1888-ci ildə Əhməd təhsilini davam etdirmək üçün Sankt-Peterburqa, oradan da Parisə getdi. O, burada məşhur fransız şərqşünasları Ernest Renan və professor Ceyms Darmestete ilə tanış oldu və bu, onun gələcək həyat yolunu müəyyən etməsində mühüm rol oynadı. Belə ki, hər iki professor Şərqi yaxşı tanıyır və bölgədəki problemlərə dərindən bələd idilər. Açıqfikirli və olduqca azadlıqsevər olar Ernest Renan və professor Ceyms Darmestete gənc Əhməd bəydə milli özünüdərkin formalaşmasına istiqamət verdilər, ona milli azadlıq ruhu aşıladılar. Bütün bunlar da Əhməd bəyin qısa müddətdə fransız dilini mükəmməl öyrənərək Sorbonna Universitetinin ən qabaqcıl tələbələrindən birinə çevrilməsinə və müəllimlərinin xüsusi rəğbətini qazanmasına gətirib çıxardı. Sorbonna Universitetində təhsil aldığı illərdə Əhməd bəy Fransada çıxan müxtəlif mətbu orqanlarda məqalələrlə çıxış etməyə başladı. Bu məqalələrdə onu yaxından tanıyan fransız tələbə dostlarının da dediyi kimi, qafqazlılara xas olan üsyankarlıq ruhu, emosionallıq vardı. Qeyd etdiyimiz kimi, Əhməd bəy həmin dövrdə Sankt-Peterburq Universitetində də oxumuşdu. Bu da ona rus xalqını daha yaxından tanımağa imkan verdi. Parisdə Sankt-Peterburqda mükəmməl təhsil alan Əhməd bəy 5 xarici dilə dərindən yiyələndi bu, ona həmin dildə danışan xalqların ədəbiyyatı, mədəniyyəti, tarixi mənəviyyatı ilə daha yaxından tanış olmağa, imkan verdi. Həmin dövrdə Əhməd bəyi daha çox Azərbaycanın, mənsub olduğu millətinin taleyi, onun inkişafdan geri qalması səbəbləri düşündürməyə başladı. O, hiss elədi ki, Azərbaycan xalqının inkişafdan geri qalmasının əsl səbəbi əsarət altında yaşaması, çarizmin hər vasitə ilə milli azlıqları cəhalətdə saxlaması, onların maariflənməsinə mane olması, onlara münasibətdəparçala-hökm sürsiyasətini həyata keçirməsidir. Bir sözlə, Parisdə təhsil aldığı illərdə Avropa demokratiyasından təsirlənən Əhməd bəy 1894-cü ildə Azərbaycana qayıtdı. O, artıq özünün gələcək həyat yolunu müəyyən etmişdi: bu yol Azərbaycan xalqının milli oyanışından, milli özünüdərkinin təbliğindən keçirdi. O artıq mənən bu şərəfli mübarizəyə tam hazır idi.

 

İlk mübarizə illəri

 

Parisdə təhsini başa vurandan sonra Əhməd bəy vətənə qayıtmağı həyatını millətinin azadlığı uğrunda mübarizəyə həsr etməyi qərara aldı. 1894-cü ildə doğma Şuşaya qayıdan Əhməd bəy, əvvəlcə, burada fransız dilindən dərs demək, ətrafına gəncləri yığmaq, onlara azad Avropa ruhu aşılamaq, onları köləliyə qarşı mübarizəyə hazırlamaq istəyirdi. Lakin Şuşada olduğu qısa müddətdə hiss etdi ki, uzaq əyalət şəhərində bunu etmək heç asan olmayacaq. Çünki bunun üçün Şuşada onun arzuladığı zəmin yox idi. Bundan əlavə, həmin dövrdə sürətlə inkişaf edən Bakı Azərbaycan ziyalılarının öz arzu istəklərini həyata keçirməsi yolunda siyasi, elmi mədəni mərkəz rolunu oynamağa başlamışdı. Bunu nəzərə alan Əhməd bəy mənsub olduğu millətini milli azadlıq uğrunda mübarizəyə hazırlamaq üçün Bakıya gəldi. Bakıda bir müddət müxtəlif işlərdə çalışan Əhməd bəy milli özünüdərkin cəmiyyətin mədəni inkişafından, gənclərin müasir elmlərə yiyələnməsindən asılı olduğunu uzaqgörənliklə müəyyən etdi. Ona görə onun ilk işi cəmiyyətin maariflənməsi uğrunda mübarizəyə başlamaq oldu. Həmin dövrdə Əhməd bəy Ağaoğlu qadınların yeni nəslin yetişməsində müstəsna rolu olduğunu xüsusi vurğulayır onlara kişilərlə bərabər hüquqlar verilməsini qızğın şəkildə müdafiə edirdi. Bununla əlaqədar o, qadın azadlığına həsr edilənİslam dünyasında qadınadlı kitabını yazdı. 1901-ci ildə çapdan çıxan bu kitabda Əhməd bəy Ağaoğlu yazırdı: “Qadını azad olmayan millətin milli inkişafından söz gedə bilməz”.

 Həmin dövrdə onun mətbuat orqanlarında çap etdirdiyi məqalələrində türkçülük ideyası önə çıxarılmışdı. O, bununla əlaqədar məqalələrinin birində yazırdı: “Millətini sevməyən, onun şərəfini uca tutmayan hər hansı bir insan digər millətləri sevə bilməz. Zira anasını sevməyən bir kimsənin digərinin anasını sevməsi mümkün deyil. Millətini sevmək hamımızın əsas qayəsi olmalıdır. Çünki köləliyə və əsarətə qarşı mübarizə, hürr olmağın yolu insanların milli oyanışından, mənsub olduğu millətini sevməsindən keçir”.

 

 

Zaman.-2013.-7 fevral.-S.12.