Əhməd bəy Ağaoğlu:Milli
azadlıq mücahidi(2)
Polis Əhməd bəy Ağaoğlunun İslamı və milli oyanışı təbliğ etməsini
Osmanlının xeyrinə təbliğat aparması kimi dəyərləndirir və onun hər addımını təqib edirdi.
Bunu Əhməd
bəy Ağaoğlu da hiss etməyə
başlamışdı, buna baxmayaraq, o, xalqının milli
oyanışı uğrundakı mübarizəsini davam
etdirirdi. Bu yolda öz fəaliyyətini daha da genişləndirmək
məqsədi ilə alovlu vətənpərvər yeni qəzet
açmaq fikrinə düşür və çətinliklə
də olsa müvafiq qurumlardan icazə alaraq, 1905-ci ilin iyun
ayında “Həyat” qəzetinin nəşrinə
başlayır.
Əhməd
bəy Ağaoğlu (Ağayev) hələ XIX əsrin
90-cı illərinin əvvəllərində Tiflisdə nəşr
edilən “Qafqaz” və Bakıda işıq üzü görən
“Kaspi” qəzetlərindən başlayan fəaliyyətini XX əsrin
ilk illərində daha da geniş şəkildə davam
etdirirdi. Bakıya gəldikdən sonra “Kaspi”nin
redaktorlarından birinin funksiyasını həyata keçirən
Ə. Ağaoğlu qısa müddətdə ən çox
tanınan şəxslərdən birinə çevrildi. Həmin
dövrdə o, Bakı Ali Ticarət
Məktəbində fransız dilindən dərs deyir,
özünün də dediyi kimi, əlındəki ən
cüzi imkandan belə istifadə edərək, mənsub
olduğu millətə xidmət göstərirdi.
İşinin çoxluğuna baxmayaraq, siyasi fəaliyyətlə
də məşğul olmağa vaxt tapırdı. Əhməd
bəy Ağaoğlu həmin dövrdə xalqının
düşdüyü ağır vəziyyətin Rusiyanın
ali orqanlarına çatdırılmasının vacibliyini
yazır və bunun son nəticədə millətimizə
münasibətin dəyişməsinə gətirib
çıxaracağına ümid edirdi. Bu məqsədlə
də o, Qafqaz Seyminə keçirilən seçkilərdə
iştirak edir və xalqın etimadını qazanaraq müsəlman
fraksiyasından bu qurumun mərkəzi orqanlarına üzv
seçilir. Seymdəki çıxışlarında o,
ölkədə yaranan ağır vəziyyəti, xüsusilə,
müsəlmanların ayrı-seçkiliyə məruz
qalmasını yerli məmurların
özbaşınalığı ilə əlaqələndirirdi. Ona görə də hökumət
orqanları onun fəaliyyətindən şübhələnməyə
başlayır. Polis Əhməd bəy Ağaoğlunun
İslamı və milli oyanışı təbliğ etməsini
Osmanlının xeyrinə təbliğat aparması kimi dəyərləndirir
və onun hər addımını təqib edirdi. Bunu Əhməd
bəy Ağaoğlu da hiss etməyə
başlamışdı, buna baxmayaraq, o, xalqının milli
oyanışı uğrundakı mübarizəsini davam
etdirirdi. Bu yolda öz fəaliyyətini daha da genişləndirmək
məqsədi ilə alovlu vətənpərvər yeni qəzet
açmaq fikrinə düşür və çətinliklə
də olsa müvafiq qurumlardan icazə alaraq, 1905-ci ilin iyun
ayında “Həyat” qəzetinin nəşrinə
başlayır. Yeni qəzetin ilk sayında o, islamla
türkçülüyün sintezini irəli sürür. O
yazırdı ki, çoxlarının dediyi kimi, müsəlman
və türkçü olmaqdan qorxmaq lazım deyil.
Çünki Allah müsəlmançılıqla qövmləri
yanaşı yaradıb ki, insanlar bir-birilərini daha
yaxından tanısınlar. Əhməd bəy
Ağaoğlı daha sonra yazırdı ki, bizim irəliyə
doğru hərəkətimiz, həyat şəraitimizi
yaxşılatmaq səylərimiz islam qanunları ilə birləşdikdə
uğurlu ola bilər.
Onun
“Həyat” qəzetində dini və milli ideyaları təbliğ
edən yazıları hökumət orqanlarını daha ciddi şəkildə təşvişə
salmışdı. Onlara elə gəlirdi ki, Ağaoğlunun
təbliğ etdiyi ideyalar carizmə qarşı yönəlib
və bu, Qafqazda panislamizmin genişlənməsinə yol
açacaq. Bununla əlaqədar polis tərəfindən
hazırlanan gizli raportda deyilirdi ki, islamın
saflığı və toxunulmazlığı
ideyalarını təbliğ edən Əhməd
Ağaoğlu çarizmə və ruslara qarşı
barışmaz mövqe tutur. Amma bununla bağlı hökumət
orqanlarının əlində ciddi sübut və dəlil də
yox idi. Ona görə də hökumət orqanları “Həyat”
qəzetini bağlatmaq, onun baş redaktoru və təsisçisini
həbs etmək üçün bəhanə
axtarırdılar.
“Difai”yə
aparan yol
1903-cü
ildən başlayaraq, Rusiya daxilində baş verən bir
çox proseslər Qafqazda da əks-səda verməkdə
idi. Bu baxımdan Rusiyada inqilabi hərəkatın yeni mərhələyə
qədəm qoyması ilə imperiya silkələnməyə
başlamışdı. 1904-1905-ci illərdə baş verən
Rus-Yapon müharibəsində birincilərin məğlub
olması çar imperiyası daxilində hərc-mərclik
üçün zəmin hazırladı. Bundan istifadə edən
ermənilər rus çarizminin yerli nümayəndələrinin
pərdə arxasından onları dəstəkləməsindən
ruhlanaraq, Azərbaycanda milli qırğınlar törətməyə
başladılar. 1905-1907-ci illərdə ermənilər Azərbaycanın
hər yerində minlərlə günahsız insanları qətlə
yetirdilər. Ermənilər o dövrdə həm də Azərbaycanın
görkəmli simalarına qarşı terror aktlarına əl
atırdılar. Belə bir vəziyyətdə ermənilərin və onları dəstəkləyən
çar məmurlarının terror aktlarının
qarşısını almaq üçün müvafiq
addımların atılması qarşısıalınmaz zərurət
kimi ortaya çıxmışdı. Müsəlmanlar
üçün olduqca ağır günlərdə Əhməd
bəy Ağaoğlu erməni terroruna qarşı onun öz
silahından istifadə etmək və bununla bağlı
müdafiə təşkilatının yaradılması barədə
qərar qəbul etdi. O, öz fikrini yaxından
tanıdığı bir çox adamlara dedi və bununla
bağlı onların razılığını aldı.
1906-cı ilin payızında Əhməd
bəy Ağaoğlunun təşəbbüsü ilə
“Difai” (müdafiə) təşkilatı yaradıldı. Yeni
təşkilatın mərkəzi Bakıda yerləşirdi.
Onu da qeyd edək ki, bəzi mənbələr “Difai”nin 1905-ci
ildə yaradıldığını yazırlar. Onlardan biri də
məşhur türk maarifçisi Yusif Akçuradır.
Akçura Əhməd bəy Ağaoğluna həsr etdiyi məqaləsində
yazır ki, 1905-ci ildə onun tərəfindən Bakıda “Fədai”
cəmiyyəti yaradılıb. Yusif Akçura “Fədai”
dedikdə, şübhəsiz ki, “ Difai”ni nəzərdə
tutub (Mənbə, Eldar Əzizov, “Difai”, Bakı, 2009).
“Difai”nin
yaradılması ilə bağlı N. Şeyxzamanlı isə
yazır ki, Əhməd bəy Ağayev Gəncəyə gələrək,
Cümə məscidində camaatla görüşdü: “O,
yerli ziyalılarla, Ələkbər bəy Rəfibəyovla, Ələkbər
və Ələsgər Xasməmmədovlarla, Nəsib bəy
Yusifbəyovla görüşmüş, onlarla söhbət
zamanı çar hökumətinə müqavimət göstərə
biləcək bir təşkilat yaradılması qərara
alınmışdır. Həmin təşkilatı “Difai”
adlandırmaq qərara alındı. Sonradan “Difai”nin
möhürü hazırlandı” (Mənbə, Eldar Əzizov,
“Difai”, Bakı, 2009).
Amma
arxivlərdə “Difai”nin 1906-cı ilin payızında
Bakıda Ə. Ağayev tərəfindən
yaradıldığı barədə bəzi məlumatlar da
var. “Difai”ni yaradarkən Əhməd bəy Ağaoğlunun
bir devizi vardı: “Terrora terrorla cavab verilməlidir!”. O
yazırdı: “…Bir dövlətdə ki, danışmağa,
yazmağa izn vermirlər, insanlar zülm və əsarət
altındadır, haqq və ədalət unudulub - orda terrordan
başqa yol qalmır. Mən cəlladlara və xalqa
Allahsızcasına qan udduranlara qarşı terroru qəbul
edirəm!” (Sitat Sabir Rüstəmxanlının “Difai fədailəri”
kitabındandır, Bakı, 2010).
Göründüyü
kimi, həmin dövrdə Əhməd bəy
Ağaoğlunu daşnak
terroruna terrorla cavab verməyə məcbur edən səbəblər
vardı. O, yana-yana deyirdi ki, indiki dövlət məmurlarının,
bəlkə də, hamısı alçaqcasına erməni
terror dəstələrinə ram olub, onların sifarişlərini
yerinə yetirir və məzlum müsəlmanlara amansız cəza
verirlər. Ona görə də özünü qabağa verərək,
millətini çar məmurları ilə erməni
daşnaklarının qırğınından qorumaq və özünün də dediyi kimi,
xalqa atılan gülləni sinəsinə çəkmək
məqsədi ilə işə başladı. Əhməd bəy
erməni terrorunun arxasında kilsənin
dayandığını və müsəlmanlara qarşı
həyata keçirilən bütün
qırğınların məhz onların vasitəsi ilə
istiqamətləndirildiyini də
yaxşı bilirdi. O bununla bağlı
çıxışlarının birində belə
demişdi ki, erməni-rus müttəfiqliyinin arxasında kilsə
dayanır.
Əhməd
bəy məsələ ilə bağlı həmfikirləri
ilə söhbətində bildirmişdi ki, bizim silahsız da
görməli işlərimiz çoxdur. Əgər o işləri
vaxtında görə bilsəydik, üstümüzə
silahla gəlməyə cəsarət eləməzdilər.
Sözə sözlə, gülləyə güllə ilə
cavab verəcəyik. Biz savaşın, qonşular arasında
münasibətlərin pozulmasının, qan tökülməsinin
tərəfdarı deyilik; məqsədimiz düşmən
hücumlarını dəf etməkdir. Ona görə də
ağlıma “Difai” adı gəlib. (Mənbə, Sabir Rüstəmxanlı,
“Difai fədailəri”, Bakı, 2010).
Bununla bağlı əhaliyə edilən
müraciətlərdə “Difai”nin yaradılması səbəbləri
aydın şəkildə izah edilmişdi. “Difai”nin müraciətlərində
bu qurum tərəfindən müsəlman əhali
üçün zərərli hesab ediləcək və ermənipərəstlikdə
şübhə doğuracaq vəzifəli şəxslər də
terrorla hədələnirdi. Əhməd bəy Ağaoğlu
tərəfindən “Difai”nin proqramı da
hazırlanmışdı. Bu proqramın layihəsi 1906-cı
ildə Ə.Ağayev tərəfindən dərc edilən
“İrşad” qəzetində dərc edilmişdi. Bununla əlaqədar
Difai”nin proqramında deyilirdi: “Hökumət dairələri,
xüsusən, cənab Vorontsov-Daşkovun canişin olduğu
kədərli günlərdə erməni “Daşnaksutyun” təşkilatının
bombaları və güllələri qarşısında
qorxaqcasına baş əydilər, bu təşkilatın
Qafqazda itaətkar alətlərinə çevrildilər. Yerli
hakimiyyət orqanları “Daşnaksutyun”un əlində miskin
bir vasitə oldular” (Mənbə, Eldar Əzizov, “Difai”,
Bakı, 2009).
Zaman.-2013.-14 fevral.-S.12