Əhməd bəy Ağaoğlu: Milli azadlıq mücahidi (3)

 

“Difai”çilərin  növbəti hədəfi Naxçıvan qəzasının keçmiş rəisi podpolkovnik Engel oldu.  

 Engel 1906-cı ildə Naxçıvanda erməni-azərbaycanlı münaqişələri zamanı qoşunların köməyi ilə Azərbaycan kəndlərinin talan olunmasında xüsusi fəallıq göstərmiş, əhalinin doğma dədə-baba yurdlarından qovulmasında və onların yerində ermənilərin yerləşdirilməsində şəxsən iştirak etmişdi. Engelin müsəlmanlara qarşı həyata keçirdiyi bu vəhşiliklər nəticəsində Naxçıvanda bir ailənin bütün üzvləri öldürülmüşdü

“Difai” partiyasının xalqa ünvanlanan müraciətlərindən birində deyilirdi: “Erməni bombalarından qorxuya düşmüş hökumət məmurlarının törətdiyi qanunsuzluqları aradan qaldırmaq üçün “Difai” partiyası onlara qarşı bombalardan və xəncərlərdən istifadə edəcəkdir”(Eldar Əzizov, “Difai”, Bakı 2009). Partiyanın möhüründə partiyanın simvolu kimi iki çarpaz qılınc, aypara və onların üstündə ulduz şəklinin təsvir edilməsi bu fikri bir növ təsdiq edirdi. Əhməd bəyin rəhbərlik etdiyi Mərkəzi Komitəyə Qarabəy Qarabəyov, Məmmədhəsən Hacınski, İsa bəy Aşurbəyov, Behbud xan Cavanşir və digərləri daxil idilər. “Ən nüfuzlu Yelizavetpol komitəsinə Yelizavetpol kişi gimnaziyasının hüquq müəllimi axund Məhəmməd Pişnamazzadə sədrlik edirdi. Möhüründə tiyəsi yuxarı yönələn iki çarpaz qılınc və ay olan “Difai”nin Şuşa komitəsinə doktor Kərim bəy Mehmandarov, Ağdam komitəsinə Zülfüqar bəy Haqverdiyev, Bərdə komitəsinə Məşədi Mehdi Hacı Şərif rəhbərlik edirdilər” (Mənbə, “Kulis.az”/news/2145).

O dövrdə Azərbaycanın hər yerində, o cümlədən Dağıstanda və Şimali Qafqazda “Difai”nin  yerli qurumları yaradımış və onların qarşısına konkret vəzifələr qoyulmuşdu. Yerli qurumların yaradılmasında Əhməd bəy Ağaoğlu şəxsən özü iştirak edirdi. O bu məqsədlə də Azərbaycanın hər bölgəsini qarış-qarış gəzmişdi. O, yerlərdə keçirdiyi görüşlərində sinəsində millət, vətən eşqi olan bütün namuslu müsəlmanları partiyanın ətrafında sıx birləşməyə çağırırdı. Yeri gəlmişkən, onu da deyək ki, “Difai”nin əsas mərkəzi Bakıda olsa da, qurum daha çox  bölgələrdə fəal idi. Buna səbəb də Şuşa, Zəngəzur, Qaryagin, Cavanşir qəzalarında və Gəncə şəhərində yerli çar məmurlarının ermənilərlə birləşərək əhaliyə qarşı amansız cəza tədbirlərinə əl atması idi. Yenə də yerlərdə baş verənlərə münasibətdə hansı addımların atılmasını Əhməd bəy Ağaoğlu şəxsən özü müəyyən edirdi. Ona görə də qurumun mərkəzi orqanında təmsil olunan digər üzvlərin bu işdə fəaliyyəti formal xarakter daşıyırdı.

 

Ermənipərəst çar məmurlarına və satqınlara qarşı

 

Sözdən işə keçən “Difai” üzvləri 1906-1908-ci illərdə müsəlmanların daha çox nifrətini qazanan çar məmurlarına qarşı bir çox terror aktları həyata keçirdilər. Onlardan daha çox yadda qalanı general-qubernator Qoloşşapov və Şuşa dəftərxanasının müdiri Kleşşinskinin öldürülməsi oldu. General-qubernator Qoloşşapovun “Difai”çilər tərəfindən öldürülməsinə səbəb 1905-1906-cı illərdə baş verən erməni-azərbaycanlı münaqişələri dövründə onun erməniləri dəstəkləməsi və həyata keçirilən müsəlman qırğınlarında dolayısilə iştirak etməsi idi. Qoloşşapovun öldürülməsi ilə bağlı Tiflis Quberniya Jandarm İdarəsinin rəisi Başinskinin 1909-cu il oktyabr ayının 21-də hazırladığı məruzədə general-qubernatorun öldürülməsi müsəlmanlara qarşı açıq-aşkar düşmən mövqeyində dayanması ilə izah edilib.

Başinskinın hazırladığı məruzədə deyilirdi ki, 1906-cı il avqust ayında Bakıdan Şuşaya gələn Əhməd bəy Ağaoğlunun orada keçirdiyi yığıncağın iştirakçıları siyasi xarakterli, odlu-alovlu nitqlər söyləmiş, müsəlmanları hökumətə və hakimiyyət orqanlarına qarşı çıxmağa çağırmışdılar: “Ağayev, doktor Kərim bəy Mehmandarov və başqaları deyirdilər ki, müsəlmanlar rus hökumətinə hələ də sadiqdirlər, hökumətin həmin sədaqətə cavabı isə bu olmuşdur ki, general Qoloşşapov erməni hampaları ilə əlbir olaraq tatarlara qarşı çıxmış, onların evlərini dağıtmış, minlərlə müsəlman ac-yalavac qalmışdır. Yığıncaqda general Qoloşşapovun hərəkətlərindən narazılıq və tam anlaşılmazlıq ifadə edilməsi və canişindən onun geri çağırılması barədə xahiş olunması məsələsi qoyulmuşdur” (Mənbə: Eldar Əzizov, “Difai”, Bakı, 2009-cu il).

Hökumətin əvvəlki kimi öz çirkin əməllərini davam etdirməsini görən “Difai”çilər vəziyyətdən çıxış yolunu onu öldürməkdə görmüşdülər.

V. N Qoloşşapovun sabiq dəftərxana müdiri Kleşşinskiyə də müsəlmanlar arasında nifrət böyük idi. O da açıq-aşkar müsəlmanlara qarşı həyata keçirilən qətliamlarda erməni terrorçuları ilə birgə hərəkət edir, onları hər vasitə ilə dəstəkləyirdi. Ona görə də “Difai”nin Şuşa komitəsi Kleşşinskini ölümə məhkum etmişdi. O vaxt Kleşşinski həm də kəndlilərin işləri üzrə Yelizavetpol Quberniya İdarəsinin üzvü vəzifəsində çalışırdı. Bu terror aktının icrası isə A. M. Pişnamazzadənin başçılıq etdiyi Yelizavetpol komitəsinə tapşırılmışdı. O vaxt Kleşşinski kəndlilərin işləri üzrə Yelizavetpol quberniya idarəsinin üzvü idi. Kleşşinski 1907-ci il aprelin 25-də Seyid Miri adlı bir şəxs tərəfindən öldürüldü.

“Difai”çilərin  növbəti hədəfi Naxçıvan qəzasının keçmiş rəisi podpolkovnik Engel oldu. Engel 1906-cı ildə Naxçıvanda erməni-azərbaycanlı münaqişələri zamanı qoşunların köməyi ilə Azərbaycan kəndlərinin talan olunmasında xüsusi fəallıq göstərmiş, əhalinin doğma dədə-baba yurdlarından qovulmasında və onların yerində ermənilərin yerləşdirilməsində şəxsən iştirak etmişdi. Engelin müsəlmanlara qarşı həyata keçirdiyi bu vəhşiliklər nəticəsində Naxçıvanda bir ailənin bütün üzvləri öldürülmüşdü.

Engel həmçinin Cəhri kəndinin erməni daşnakları və kazaklar tərəfindən yandırılmasına əmr vermiş və həmin əmrin yerinə yetirilməsinə şəxsən nəzarət etmişdi. Ona görə də Engel 1906-cı ilin dekabr ayında “Difai” üzvü tərəfindən qətlə yetirildi.

“Difai” tərəfindən növbəti terror aktı 1907-ci ildə Yevlaxda həyata keçirildi. Bu dəfə hədəf isə Yevlax jandarmı Jukov oldu. O, həmin dövrdə sanballı mükafat müqabilində ermənilər tərəfindən silah daşınmasına və silah alverinə şərait yaradırdı. Bundan əlavə, o, yerli müsəlmanlara qarşı zülmləri ilə də ad çıxarmışdı. Ona görə də  1907-ci il iyul ayının 11-də Yevlax stansiyasında jandarm Jukov “Difai” üzvü tərəfindən yaxından atılan iki güllə ilə öldürüldü. Yalnız bundan sonra çar məmurları sui-qəsdlərlə bağlı məsələni araşdırmağa başladılar. Hökumət orqanları məsələni araşdıranda Ə. Ağaoğlu tərəfindən yaradılan “Difai” partiyası bir ildən çox idi fəaliyyət göstərirdi. Amma hökumət orqanlarının axtarışı uzun müddət bir nəticə vermədi. Bəlkə də hələ uzun müddət Difai” nin izinə düşə bilməyəcəkdilər. Ancaq bir təsadüf hökumətə “Difai”nin izinə düşməyə imkan verdi. Belə ki, yerli satqınlardan biri polis idarəsinə anonim məktub yazaraq, “Difai” adlanan təşkilatın onlardan zorla pul yığdığını və bunu müsəlmanlara qarşı zorakılıqlara əl atan çar məmurlarını öldürmək üçün etdiklərini bildirdi. Məktubda deyilirdi ki, “Difai” üzvləri bu məqsədlə müxtəlif vaxtlarda xüsusi toplantılar keçirir və oraya varlı adamları da dəvət edirlər. Sonra da onlardan millətin xilası naminə pul yığılır. Bu barədə məlumat alan Cavanşir qəzasının 2-ci sahəsinin pristavı İsmayıl bəy Qəhrəmanbəyov dərhal məsələ ilə əlaqədar Tiflis Quberniyası Jandarm İdarəsi rəisinin Yelizavetpoldakı köməkçisi rotmistr Kornilova məlumat verdi. O da, öz növbəsində, məsələ barədə Yelizavetpol qubernatoru Q. Kovalyova məlumat verdi. Kovalyov dərhal məsələni nəzarəti altına alaraq, yerli polis rəislərinə “Difai”nin fəaliyyəti və rəhbərləri barədə məlumat toplamağı tapşırdı. Partiya daxilində satqın olması və onun üzvlərinin polis tərəfindən izlənməsi tezliklə Əhməd bəy Ağaoğluna məlum oldu.

Araşdırmalar zamanı məlum oldu ki, belə satqınlardan biri Molla Hadidir. Onun satqınlığı barədə məlumat polisdə katib və tərcüməçi kimi işləyən Sədrəddin adlı birisindən alınmışdı. Molla Hadinin izlənməsi zamanı onun polisə işlədiyi üzə çıxarıldı. Molla Hadi haqqında ölüm hökmü çıxarıldı və bu, qısa müddətdə yerinə yetirildi.

Amma yerli əhali arasında yalnız polisin deyil, ermənilərin xeyrinə casusluq edənlər də olurdu. Onlardan biri də Şuşa şəhər sakinləri Muxtar Kərbəlayı Cabbar və onun oğlu Rəhim idi. Bunu aşkar edən “Difai”nin Şuşa komitəsinin qərarı ilə Muxtar Kərbəlayı Cabbar və onun oğlu Rəhim 1907-ci il mayın 1-dən 2-nə keçən gecə  öldürüldülər.

Bu arada isə “Difai” öz fəaliyyətini daha da genişləndirməkdə idi. Xüsusilə, 1908-ci ildə “Difai” çar məmurlarına və yerli satqınlara qarşı daha bir neçə terror aktını həyata keçirdi. Bundan təşvişə düşən hökumət orqanları “Difai”nin fəaliyyətinə son qoymağı qərara aldılar. Çünki çar hökumət orqanları hər yerdə özlərinə qarşı sui-qəsd ediləcəyindən qorxmağa başlamışdılar.

 

 

 Əziz Mustafa

 

Zaman.-2013.-14 fevral.-S.12.