Əhməd bəy Ağaoğlu
Milli azadlıq mücahidi(4)
Ağaoğlunun
türk-islam dünyasının azadlığı uğrunda
mübarizə aparması və bu sahədəki geniş fəaliyyəti
Qərbin bəzi aparıcı dövlətlərini, o
cümlədən Böyük Britaniyanı narahat etməyə
başlamışdı.
Ağaoğlunun
ünvanına Qərbin müxtəlif aparıcı qəzetlərində
böhtan və iftira dolu çirkablar
yağdırılırdı.
1908-ci
ilin mart ayının 4-də Qafqaz canişini “Difai”nin fəaliyyətinə
son qoyulması barədə göstəriş verdi. Bundan sonra
yerli satqınlardan birinin köməyi ilə çar məmurlarına
qarşı sui-qəsdlərdə iştirak edən bir
neçə nəfər həbs edildi. Bunun ardınca polis “Həyat”
qəzetini bağlatdı. Əhməd bəy Ağaoğlu da
addımbaşı təqib edildyini hiss eləmişdi. Bundan
xilas olmaq üçün o, Moskvaya getdi. Lakin polis onun izinə
düşərək həbs etdi. Həbsdən azad ediləndən
sonra isə Əhməd bəy Ağaoğlu Türkiyəyə
getdi və burada öz mübarizəsini davam etdirdi. O,
Türkiyəyə gedəndən sonra “Difai” fəaliyyətini
dayandırmağa məcbur oldu.
Əhməd
bəy Ağaoğlunun “Difai”nin fəaliyyətini konkret olaraq
nə vaxt dayandırmasına sərəncam verdiyi barədə
dəqiq məlumat yoxdur və bu məsələdə
tarixçilər arasında fikir ayrılıqları var. “...M.B
Məmmədzadə və H.Baykara qeyd edirlər ki, “Difai”
partiyası öz
mövcudluğuna
1908-ci ildə xitam vermişdir. X.Məmmədov isə belə
hesab edir ki, partiya öz fəaliyyətini 1909-cu ildə
dayandırmışdır” ( Mənbə: Eldar Əziizov,
“Difai”, səh 144)
Qeyd edək ki, “Difai” fəaliyyətini
dayandırandan sonra onun üzvlərinin əksəriyyəti
1911-ci ildə yeni yaradılan
Müsavat Partiyasına üzv olaraq, orada Azərbaycanın
azadlığı uğrunda mücadilələrini davam
etdirdilər.
Əhməd
bəy Ağaoğlu Türkiyəyə getdikdən sonra
qardaş ölkənin ictimai-siyasi həyatında daha
yaxından iştirak etməyə və Azərbaycanın
milli-azadlıq mücadiləsini orada davam etdirməyə
başladı. O, 1909-cu ildə İstanbul Universitetində
müəllimliyə başladı və buna paralel olaraq,
öz fəaliyyətini “Türk Ocağı”nda davam etdirdi.
Qısa müddətdə “Türk Ocağı” qurumunun rəhbərlərindən
birinə çevrilən Ağaoğlu həmin dövrdə
türk millətini xilas etməyin yeganə yolunu türkçülük
və islamın sintezində gördüyünü
yazırdı. O, Qərbin Osmanlını parçalamaq və
məhv etmək üçün xain planlar qurduğunu və
bu müstəvidə də ərəb millətçiliyini
körüklədiyinə diqqəti cəlb edərək
uzaqgörənlıklə yazırdı ki, Osmanlının məhvi
ərəblərin ingilis əsarəti altına düşməsinə
gətirib çıxaracaq. Bu isə onlara yaxşı
heç nə vəd etmir. Ona görə də Ağaoğlu
Qərbə qarşı ərəb-islam və türk-islam
sintezini çıxarmağın və bu əsasda da islami həmrəylik
nümayiş etdirilməsinin vacibliyini vurğulayırdı.
Əhməd
bəyin Türkiyədəki fəaliyyətini
araşdıran professor Vilayət Quliyev yazır: “O,1908-ci ildə
İstanbula gedərək burada gənc türklərin “Birlik və
Tərəqqi” partiyasına daxil olmuşdur. Süleymaniyyədə
kitabxana direktoru, “Türk yurdu” jurnalının redaktoru olmaqla,
İstanbul Universitetində rus dilindən dərs demişdir.
Qardaş Türkiyədə gedən sosial-ictimai proseslərə
biganə qalmayan Əhməd bəy tezliklə bu proseslərə
aktiv şəkildə qatılır. “Türk Ocağı”
türk milli hərəkatının aparıcı siması
olan Ağaoğlu bu hərəkatın prezidenti seçilir.
Bu dövrdə Əhməd bəyin türkçülük
ideyaları onun fəaliyyətinin əsas istiqamətinə
çevrilir” ( Mənbə: Vilayət Quliyev, “Şair,
hökmdarın hüzurundasan...”, “Atatürk və Əhməd
Ağaoğlu, “525-ci qəzet” 02. 12. 2012).
I
Dünya müharibəsi illərində Ağaoğlu Osmanlı-Almaniya dostluğunun tərəfdarı
idi. Lakin o, Osmanlının Almaniya tərəfində I
Dünya müharibəsində iştirak etməsinin əleyhinə
çıxır və bunu Qərb ölkələri
arasında gedən savaşın gətirə biləcəyi
ağır təhlükələrlə izah edirdi. Amma
almanların Rusiyaya qarşı fitnəkar hərəkətləri
Osmanlının müharibəyə cəlb edilməsi ilə
nəticələndi. Ağaoğlu bununla əlaqədar təəssüf
hissi ilə yazmışdı ki, Osmanlının almanlar tərəfindən
müharibəyə cəlb edilməsi qosqoca dövlətə
yaxşı heç nə vəd etmir və biz bunun
ağır nəticələrini tezliklə öz üzərimizdə
hiss edəcəyik.
Tarix
Ağaoğlunun uzaqgörənliyini təsdiq etdi. Belə ki,
Osmanlının almanlar tərəfindən məcburən və
fitnəkarlıq yolu ilə I Dünya müharibəsinə cəlb
edilməsi onun tarixin siyasi səhnəsindən silinib getməsinə
yol açdı. Böyük vətənpərvərin
Osmanlıdakı siyasi fəaliyyəti onun daha da
tanınmasına və məşhurlaşmasına gətirib
çıxarmışdı. Bu məşhurluq da onun 1915-ci
ildə Afyondan Osmanlı Məclisi Məbusanına (Millət
Məclisi) üzv seçilməsinə gətirib
çıxardı. Həmin dövrdə Əhməd bəy
həmçinin İttihad və Tərəqqi Təşkilatının
Mərkəzi İdarəetmə orqanının üzvü
kimi siyasi fəaliyyətini davam etdirirdi.
Çar
hökumətinin xüsusi xidmət orqanları isə
Ağaoğlunu Türkiyədə də izləməkdə
davam edirdi. Rus çarı onun Rusiyada yaşayan müsəlmanları
öz əleyhinə qaldıracağından ehtiyat edirdi. Ona
görə də Rusiyada Ağaoğlu ilə həmfikir
adamlar dərhal həbs edilərək sürgünlərə
göndərilirdi. I Dünya müharibəsi illərində
Ağaoğlu çar Rusiyasının əsarəti
altında yaşayan müsəlmanların azad edilməsinə
çalışırdı. Bu məqsədlə də o, əsarət
altında yaşayan müsəlmanların azadlığa
çıxmasına köməklik göstərilməsi
üçün 1916-cı il mayın 18-də ABŞ Prezidenti
Vudro Vilsona ünvanlanan müraciəti imzalamışdı.
Eyni zamanda o, çar Rusiyasının əsarəti altında
yaşayan xalqların azadlığı məsələsini
daim beynəlxalq aləmin diqqət mərkəzində
saxlamağa çalışırdı. Bu məqsədlə
də o, 1916-cı il iyun
ayının 27-29-da Lozannada keçirilən III Millətlər
Birliyinin işində
türk-tatar heyətinin tərkibində iştirak
etmiş və orada dünya xalqlarını əsarət
altında inləyən Rusiya müsəlmanlarına
yardıma çağırmışdı.
Ağaoğlu
1918-ci ilin may ayında Azərbaycanda ilk müstəqil,
demokratik cümhuriyyətin qurulması xəbərini sonsuz
sevinclə qarşıladı. 1918-ci ildə Qafqaz İslam
Ordusu ilə birlikdə ordu komandanının siyasi
müşaviri kimi Azərbaycana gələn Ağaoğlu Bakının erməni-rus
işğalından azad edilməsində müəyyən rol
oynadı. Azərbaycanda siyasi fəaliyyətini daha da
genişləndirən Ağaoğlu Milli Məclisə üzv
seçildi və dərhal ölkəmizin beynəlxalq aləmdə
tanınması üçün geniş işə
başladı. Bu da qısa müddətdə ölkəmizin
müstəqilliyinin bir çox dövlətlər tərəfindən
tanınmasına yol açdı. 1919-cu ildə Ağaoğlu
Paris sülh konfransında iştirak etdi.
Ağaoğlunun türk-islam
dünyasının azadlığı uğrunda mübarizə
aparması və bu sahədəki geniş fəaliyyəti Qərbin
bəzi aparıcı dövlətlərini, o cümlədən
Böyük Britaniyanı narahat etməyə
başlamışdı. Ağaoğlunun ünvanına Qərbin
müxtəlif aparıcı qəzetlərində böhtan və
iftira dolu çirkablar yağdırılırdı. Məsələn,
1919-cu ilin mart ayında İngiltərədə çıxan
“Tayms” qəzeti yazırdı ki, Ağaoğlu guya milli
münaqişələri körükləyir və
insanlığa qarşı çevrilən hansısa cinayətlərdə
iştirak edir. Guya Ağaoğlu Almaniyanın xeyrinə
casusluq etmiş və bu məqsədlə də I Dünya müharibəsi illərində
dəfələrlə Almaniyaya səfərlər etmişdi.
Halbuki bu, açıq böhtan idi. Çünki
Ağaoğlu öz vicdanını, milli mənliyini hər
şeydən üstün tutan, başdan-ayağa milli ruhda tərbiyə
olunan bir azadlıq mücahidi idi. Belə bir görkəmli
şəxsi almanlara casusluqda günahlandırmaq, həqiqətən
də, gülünc görünürdü. Əslində bu
sifarişli yazının arxasında Ağaoğlunun həbs
edilməsinə zəmin hazırlanması
dayanmışdı. Belə də oldu və İngiltərə
hökuməti 1919-cu ildə əsassız bəhanələrlə
Ağaoğlunu həbs etdirdi. Onu Maltaya sürgün etdilər.
Amma bir müddət sonra İngiltərə hökuməti
Ağaoğlunu həbsdən azad etməyə məcbur oldu.
Çünki onun günahını təsdiqləyə biləcək
hər hansı bir fakt yox idi.
Bolşeviklər tərəfindən
Azərbaycanın işğalından sonra Əhməd bəy
Ağaoğlu Türkiyəyə qayıtmağa məcbur
oldu. Türkiyəyə qayıdan kimi yenidən siyasi fəaliyyətini
qardaş ölkədə bərpa edən Əhməd bəy
yaşayış yeri kimi özünə Ankaranı
seçdi. O, Türkiyədə jurnalistlik və siyasi fəaliyyətini
davam etdirərək, Türkiyə Respublikasının
qurulmasına öz töhfəsini verdi. Onun siyasi fəaliyyəti
və böyük təcrübəsi ilə yaxından
maraqlanan Atatürk Ağaoğlunu özünə köməkçi
götürdü. Həmin dövrdə Ağaoğlu Ankara Mətbuat
Bürosunun direktoru və “Hakimiyyəti-milliyə” qəzetinin
baş redaktoru vəzifələrində işlədi.
O,
Türkiyə parlamentinin iki dəfə deputatı seçildi
və fəaliyyətini
Türkiyə cümhuriyyətinin daha da möhkəmlənməsinə
həsr etdi. Türkiyə parlamentinin üzvü kimi dəfələrlə
əsarətdə olan türklərin problemlərini
müzakirəyə çıxardı və beynəlxalq aləmin
diqqətini bu məsələyə cəlb etdi. Atatürk əsarətdə
olan türklərlə bağlı müntəzəm olaraq
Ağaoğlu ilə məsləhətləşər və
onun bu məsələyə münasibətdə rəyini
hökmən nəzərə alardı. Onlar həm də ailəvi
dost idilər.
Atatürkün qəzəblənməsi
Atatürk
ölkədə təkpartiyalı sistem qurmuşdu, ancaq buna
görə ara-sıra Türkiyəni Qərbdə tənqid
edirdlər. Bunu görən Atatürk ölkədə öz
adamlarından ibarət ikinci bir partiya qurmaq qərarına gəldi.
Atatürkün şəxsi dəvəti ilə Ağaoğlu
Sərbəst (Liberal) Cümhuriyyət Firqəsinin
qurulmasında iştirak etdi. Bununla əlaqədar filologiya elmləri
doktoru Vilayət Quliyev yazır: “Əhməd Ağaoğlunun
partiya rəhbərliyində yer almasında şəxsi sədaqət
amili ilə yanaşı, onun iki imperiya dövrünü əhatə
edən zəngin siyasi təcrübəsinin və həmin
dövrdə Türkiyənin tanınmış
hüquqşünaslarından biri olmasının da mühüm
rolu vardı. Bioqrafiyasından da bildiyimiz kimi, o, Sorbonnada
mükəmməl hüquq təhsili almışdı, yeni
qurulan Ankara Universitetində siyasi və konstitusiya hüququ
professoru idi. Digər tərəfdən, cəsarətli
publisist, mahir polemika ustası kimi həm parlament dairələrində,
həm də mətbuatda kifayət qədər yaxşı
tanınırdı”.
Amma Əhməd
bəy Ağaoğlu yeni partiyanın süni olduğunu və
bunun heç bir xeyir gətirməyəcəyini yaxşı
bilirdi. Ona görə də yeni partiyanın yaradılması
ilə bağlı keçirilən müzakirələrin
birində Atatürkün yeni partiya ilə bağlı
sualına cavabında o bu partiyadan yaxşı heç nə
gözləmədiyini bildirmişdi. Onun bu cavabı isə
Atatürkü bərk qəzəbləndirmişdi. Buna
baxmayaraq, Ağaoğlu yeni partiyanın Atatürkə
yaxın adamlar tərəfindən deyil, cəmiyyətdəki
alternativ siyasi güclər tərəfindən
qurulmasının daha düzgün olacağını
bildirmişdi.
Hadisələrin
sonrakı gedişi Ağaoğlunun uzaqgörənliyini
sübut etdi və yeni hökumət tərəfindən ikinci
siyasi təşkilat yaradılması uğursuzluğa
dükar oldu.
Əhməd
bəy Ağaoğlu 1939-cu ildə Türkiyədə vəfat
etdi. Onun övladları da atalarının yolunu davam etdirdilər.
Oğlu Səməd üç dəfə TBMM-ə millət
vəkili seçilmiş, Baş Nazirin müavini və
dövlət naziri vəzifələrində
çalışmışdı. Səməd
Ağaoğlunun (1909-1982)
adı hazırda da Türkiyədə yazıçı,
publisist, dövlət və siyasi xadim kimi çəkilir. Əhməd
bəyin digər övladları Sürəyya, Tezer (Təzəxanım),
Əbdürrəhman və Gültəkin mükəmməl təhsil
alaraq, Türkiyədə tanınan simalardan olublar.
Əhməd
bəy Ağaoğlu Azərbaycan və Türkiyə, həmçinin
türk xalqları arasında mənəvi, siyasi bir
körpünün sarsılmaz təməllərini qoydu və
bununla da adını türk xalqlarının əbədiyyət
tarixinə yazdırdı.
Əziz Mustafa
Zaman.-2013.-20 fevral.-S.12.