“Sumqayıt hadisələri”nin arxasında gizlənən həqiqət

 

Sumqayıt hadisələri ilə bağlı məhkəmə prosesində iştirak edən dövlət ittihamçısı Aslan İsmayılov digər təqsirləndirilən şəxslərin Qriqoryandan necə qorxduqlarının şahidi olduğunu xatırlayır: “Dəfələrlə şahidi olurdum ki, Qriqoryanın bir baxışı təqsirləndirilən şəxsin ifadəsini dəyişməsinə, hətta ayağa durmasına da səbəb olurdu. Adətən, Qriqoryan dəmir barmaqlıqlar arxasında oturduğu yerin yanını boş saxlayırdı. Proses zamanı  gözünün ucu ilə  təqsirləndirilən  şəxslərdən hər hansı birinə baxırdısa, həmin təqsirləndirilən  şəxs dərhal yerindən qalxıb, Qriqoryanın yanındakı  yerdə otururdu və ondan sanki əmr gözləyirdi. 

Bu gün “Sumqayıt hadisələri”ndən 25 il ötür. Hər il olduğu kimi, bu il də ermənilər sözügedən hadisələri azərbaycanlıların vəhşiliyinin, qəddarlığının nəticəsi kimi göstərməyə çalışır. Sovet İttifaqının süqutundan sonra ortaya çıxan faktlar isə 1988-ci ildə Sumqayıtda törədilmiş cinayətlərin əsas təşkilatçılarının elə ermənilərin olduğunu gün üzünə çıxartdı. Təəssüf ki, ermənilər o vaxt bu iğtişaşdan məkrli niyyətləri üçün məharətlə istifadə etməyi bacardılar.

O tarixdə baş verən hadisələri şahidlərin və mütəxəssislərin dilindən bir daha xatırlayaq.

 1988-ci il...

1987-ci ilin sonlarından etibarən ermənilər Ermənistanda yaşayan azərbaycanlıları açıq şəkildə sıxışdırır, doğma ata-baba yurdlarını tərk etməyə məcbur edirdilər. Məcburi köç prosesində yerli erməni icra və milis orqanları, silahlı dəstələri iştirak edirdi. 1988-ci ilin əvvəlində Ermənistanın Quqark rayonundan dörd min nəfərlik ilk böyük köç Azərbaycana gəldi. Ermənilər “etnik təmizləmə” prosesi ilə yanaşı, Dağlıq Qarabağın Azərbaycandan ayrılması üçün Xankəndi və İrəvanda mitinq və toplantılar təşkil etməyə başladılar. Mitinq iştirakçıları “Ermənistanı  türklərdən təmizləməli!”, “Ermənistan yalnız ermənilər üçündür!” kimi şüarlar irəli sürməklə öz nifrətlərini dilə gətirirdilər. Mitinqlərin üçüncü günü İrəvanda salamat qalmış yeganə məscid binası (XX əsrin əvvəllərində  şəhərdə 8 məscid olmuşdur) və azərbaycanlı orta məktəbi, C. Cabbarlı  adına İrəvan Azərbaycan Dram Teatrının bütün avadanlığı yandırılmışdı. Artıq etirazlar, çıxışlar silahlı basqın və qarşıdurmalarla əvəzlənirdi. Erməni quldurları onlara qarşı etiraz edənləri silah gücü ilə susdururdular. Fevralın  22-də erməni silahlıları Dağlıq Qarabağın Əsgəran şəhərində dinc aksiya keçirən azərbaycanlılara atəş açmaqla iki gənci öldürüb, 19 nəfəri yaralamışdılar. Bütün bunlar Sumqayıt hadisələrinə hazırlıq prosesi idi. Qabaqcadan hazırlanmış plan üzrə hərəkət edən Ermənistan Dağlıq Qarabağın işğalını daha da asanlaşdıracaq siyasi zəminlər hazırlayırdı.

 27-28 fevral hadisələri

Ermənistan ərazisindən məcburi çıxarılan 40 mindən çox azərbaycanlının əksəriyyəti Sumqayıt şəhərində məskunlaşmışdı. Sumqayıt sovet dövrünün ən yoxsul şəhərlərindən biri idi. Şəhər əhalisi yoxsul və səfalət içərisində yaşayırdı. Həm Ermənistandan köçürülən azərbaycanlılar, həm də ağır yaşayışdan əziyyət çəkən şəhər sakinlərinin ayaqlanması üçün kiçik bir qığılcım kifayət idi. “Sumqayıt hadisələri” bir gün davam etdi. İğtişaşlar nəticəsində 32 nəfər adam öldürüldü, yüzlərlə insan yaralandı. Öldürülənlərin 26-sı erməni, 6-sı azərbaycanlı idi. Sumqayıtda baş verən hadisələrlə bağlı 18/55461-88 N-li cinayət işində qeyd olunur: “İstintaqın gedişində müəyyən edilmişdir ki, 1988-ci il fevralın 27-29-da Sumqayıt şəhərində xuliqanlıq edən şəxslər tərəfindən kütləvi iğtişaşlar törədilmiş, bu hadisələrin gedişində 32 nəfər həlak olmuş, dörd yüzdən çox insan müxtəlif dərəcəli bədən xəsarətləri almış, iki yüzə yaxın mənzil, əllidən artıq mədəni-məişət təyinatlı obyekt və qırxdan çox avtomotonəqliyyat vasitəsi hücumatalana məruz qalmış, avtonəqliyyat vasitələrinin bir qismi yandırılmışdır. Dövlətə təqribən 7 milyon rubl məbləğində maddi ziyan vurulmuşdur. Bu hadisələrlə əlaqədar şəhərə qoşun yeridilmiş, komendant saatı tətbiq edilmişdir”. İstintaq zamanı qırğınların təşkilatçısı olaraq, soydaşımız Əhməd Əhmədov və erməni Eduard Qriqoryan göstərilmişlər. Amma nədənsə Əhməd Əhmədov güllələnsə də, E.Qriqoryan 12 il həbsə məhkum edilmişSSRİ-nin süqutundan sonra azad edilmişdir.

İstintaq zamanı zərərçəkmişlərin verdikləri ifadələr bu iğtişaşlara əslində Eduard Qriqoryanın başçılıq etdiyini göstərsə də, ona yalnız bir zorlama hadisəsinə görə cinayət işi açılmışdı. Məhkəmədə zərərçəkmiş Sumqayıt sakini L. Meclumyan: “Kütləvi iğtişaşlar zamanı bu kişi başqaları ilə birlikdə bizim mənzilə soxulmuşdu. Mən bu kişini əvvəl də tanımışdım, fotoşəklinə əsasən... Mənimlə üzbəüz əyləşən Qriqoryan... başqaları ilə birlikdə bizim mənzilin qapısını sındıraraq içəriyə girmişdi. O məni stulun ayağı ilə döyürdü. Kütlə məni sıxışdırıb otağa salanda gördüm ki, o həmin otaqda mənim qızım Karinanı zorlayır”, - deyib.  Bundan əlavə, hadisələrdə iştirak etmiş Nəcəfov soyadlı  bir  gənc  isə  istintaqa  bildirib: “Qriqoryan tərəfindən təşkil olunmuş dəstə Emma adlı erməni qadının 512 saylı evinə soxuldu, dərhal  onu  lüt  soyundurdular    E. Qriqoryan onu  bu  vəziyyətdə  küçəyə çıxartmağı təklif etdi, sonra onun iştirakı ilə Emma vəhşicəsinə öldürüldü”. İstintaq materiallarının başqa bir yerində göstərilir ki, “E. Qriqoryan öz dəstəsi ilə birinci mikrorayonda M. Petrosyanın mənzilinə daxil olmuş, müqavimət göstərmək istəyən mənzil sahibinə başından zərbə endirərək halsız vəziyyətə salmışdır”.

 “Digər məhkumlar Qriqoryandan qorxurdular

Sumqayıt hadisələri ilə bağlı məhkəmə prosesində iştirak edən dövlət ittihamçısı Aslan İsmayılov digər təqsirləndirilən şəxslərin Qriqoryandan necə qorxduqlarının şahidi olduğunu xatırlayır: “Dəfələrlə şahidi olurdum ki, Qriqoryanın bir baxışı təqsirləndirilən şəxsin ifadəsini dəyişməsinə, hətta ayağa durmasına da səbəb olurdu. Adətən, Qriqoryan dəmir barmaqlıqlar arxasında oturduğu yerin yanını boş saxlayırdı. Proses zamanı  gözünün ucu ilə  təqsirləndirilən  şəxslərdən hər hansı birinə baxırdısa, həmin təqsirləndirilən  şəxs dərhal yerindən qalxıb, Qriqoryanın yanındakı  yerdə otururdu və ondan sanki əmr gözləyirdi. Bir gün fasilədə məhkəmə zalında çox acınacaqlı  bir halın  şahidi oldum. İsti yay günlərindən biri idi. Təqsirləndirilən şəxslər üçün bir  şüşə  mineral su gətirdilər və ən sondakına verdilər. O, şüşəni götürüb özündən sonrakına ötürdü, o da özündən sonrakına ötürdü və  beləliklə, heç biri şüşəni açmadan Qriqoryana verdilər. Yalnız Qriqoryan şüşənin ağzını açıb içdikdən sonra digərləri də onun “artığını “ içməyə  başladılar. Bu hal məni tamamilə  dəhşətə gətirdi, hətta əsəblərimin o cür gərgin anında təqsirləndirilən şəxslərdən Qriqoryandan niyə qorxduqlarını bir daha soruşdum. Onlarsa “biz heç kimdən qorxmuruq!” - deyə  “cəsarətlə” cavab verdilər”.

Sumqayıt iğtişaşı -Dağlıq Qarabağın işğalı üçün zəmin

 Araşdırıcılar Vaqif Arzumanlı və Nazim Mustafa “Tarixin qara səhifələri” adlı kitablarında ermənilərin bu hadisələri qabaqcadan planlaşdırdıqlarını göstərən faktları açıqlayırlar: “... Hadisədən on gün əvvəl Sumqayıtın bütün əmanət kassalarından ermənilərin öz əmanətlərini kütləvi şəkildə götürmələri, qırğınların videolentə alınması üçün erməni operatorlarının əvvəlcədən hadisələrin planlı şəkildə törədiləcəyi yerlərdə özlərinə xəlvəti çəkiliş mövqeyi seçmələri, iki gündən sonra həmin lentlərin montaj edilib, bütün dünyanı dolaşdırılması, “Sumqayıt qurbanları”nın xatirəsini “əbədiləşdirmək” üçün əvvəlcədən hazırlanmış abidənin dərhal Xankəndidə qoyulması və bu kimi faktlar sübut edir ki, bütün bunlar erməniləri, eləcə də dünya ictimaiyyətini Azərbaycan xalqına qarşı ayağa qaldırmaq, onun “vəhşi” obrazını yaratmaq məqsədini güdmüşdür. Sonralar L.Ter-Petrosyan öz müsahibələrinin birində demişdi ki, Sumqayıt hadisələrindən sonra Azərbaycan xalqı şok vəziyyətinə düşmüşdü. Əgər ölkə rəhbərliyi bu məqamdan istifadə edib, DQMV-nin Ermənistana birləşdirilməsi haqqında qərar çıxarsaydı Azərbaycan xalqı buna etiraz edə bilməyəcəkdi. Bu sözlər aydın sübut edir ki, Sumqayıt faciəsi ermənilərə öz separatçılıq aksiyalarını həyata keçirməkdən ötrü lazım olmuşdur”.

Yuxarıda qeyd etdiyimiz bütün fakt və ifadələri nəzərə alaraq, baş verən hadisələrdə erməni terrorunun izlərini açıq-aşkar görmək mümkündür. Bu gün “Sumqayıt hadisələri”ni əllərində bayraq edən ermənilər Dağlıq Qarabağda və işğal etdikləri digər Azərbaycan torpaqlarında törətdikləri cinayətləri ört-basdır etməyə çalışırlar. Ancaq son dövrlər istər Sumqayıtda baş verən hadisələrlə bağlı, istərsə də qondarma erməni soyqırımı məsələsində dünya ölkələri əvvəlki tək birtərəfli yanaşma göstərmir. Artıq ermənilərin Xocalıda, Dağlıq Qarabağda törətdikləri qətliamlara görə cavab vermələrinin vaxtı çatıb.

 Yazının hazırlanmasında Akif Nağının “Qarabağ müharibəsi”, Vaqif Arzumanlı və Nazim Mustafanın “Tarixin qara səhifələri” və Aslan İsmayılovun “Sumqayıt - SSRİ-nin süqutunun başlanğıcı” adlı kitablarından istifadə olunmuşdur.

 

 

BƏYLƏR MƏCIDOV

 

Zaman.-2013.-27 fevral.-S.7.