Dünya elminin inkişafına
təkan verən dahi (2)
ƏZIZ MUSTAFA,
Məktəbdə təhsil aldığı
illərdə o həm
də Kolumbiya Universitetində çalışır
və ixtisası üzrə aparılan elmi tədqiqat işlərində fəal
iştirak edirdi. 1947-ci ildə o valideynlərini də yanına- Amerikaya apardı.
Lütfi Zadə 1948-ci ildə Massaçusets Texnologiya İnstitutunu elektron mühəndisliyi üzrə
magistr kimi təhsilini başa vurdu. Elmi tədqiqatlarını daha geniş şəkildə davam etdirən Lütfi Zadə 1957-ci ildə
professor elmi dərəcəsi
aldı. Lütfi
Zadənin elmi tədqiqatlara olan böyük həvəsi
o dövrdə iş yoldaşlarının çoxunu və rəhbərliyi heyrətə
salmışdı. O, işə
hamıdan tez gəlir və ən sonda oranı
tərk edirdi. İş yoldaşları
o vaxt onun haqqında: “ Əgər
icazə versələr,
bu cavan oğlan evə getməz, gecə də yorulmaq bilmədən işləyər”,-deyirdilər.
Əslində onda elmə olan maraq lap uşaq yaşlarından
hiss olunurdu və onu heç cür kitablardan ayıra bilmirdilər. Bununla bağlı anası Fanni sonralar Lütfi Zadənin uşaqlıq illərini belə xatırlamışdı: “Lütfinin
5 yaşı tamam olan günü qohum-əqrəbalarımız gəlib
onu təbrik etmək istəyirdi. Lakin o, bütün qonaqların ona görə evə gəlməsini sanki görmür, küncə çəkilərək
kitab oxumağa davam edirdi. Onun otağında iki mindən çox kitab var idi
ki, onların da əksəriyyəti rus dilində idi. Lütfinin 12 yaşı olanda isə otağının qapısı üzərində
“TƏK”(bu onu oxuyan zaman
narahat edilməməyi
üçün idi) yazılmışdı”.
Lütfinin uşaqlıqdan elmə olan sonsuz marağı
sonrakı dövrlərdə
də davam edirdi. Onun işə hamıdan
tez gəlib hamıdan sonra getməsi də bununla bağlı idi.
Lütfi
Zadə özü də uşaqlıqda çox kitab oxuduğunu söyləyərək,
eyni zamanda ailə daxilində aldığı insani tərbiyənin də özünün əsl insan kimi yetişməsində
önəmli rol oynadığını xüsusi
qeyd edir: “Mən ailədə tək uşaq olmuşam və valideynlərim mənim bütün istəklərimi
yerinə yetiriblər.
Bəzi uşaqlara həddən artıq diqqət mənfi təsir etsə də, valideynlərim məni ərköyün böyütməyib.
Özümü dərk edəndən
elmlə maraqlanmışam.
Olduqca çox mütaliə edirdim, indiyədək “Bakinski raboçi” qəzetini oxumağımı
xatırlayıram (o zaman
alim ibtidai sinif şagirdi idi). Ümumiyyətlə,
Bakıda keçirdiyim
10 il mənə
çox böyük təsir göstərib və insan kimi
formalaşmağımda müstəsna
rol oynayıb. Bilirsiniz, məni heç vaxt pul maraqlandırmayıb,
böyük evlər,
bahalı maşınlara
sahib olmaq arzusunda olmamışam. Əgər bu
gün mən hələ də elmlə məşğul oluramsa, bu, Bakıda
mənə aşılanan
dəyərlərlə bağlıdır”.
Gələcəyin
böyük dahisinin yorulmaq bilmədən apardığı elmi tədqiqatlar sonda öz bəhrəsini verdi. Belə ki,
1950-ci ildə onun qeyri-səlis stasionar zəncirlərin tezlik analizi məsələlərinə
həsr edilən elmi işi ABŞ-ın elmi dairələrində
olduqca yüksək qiymətləndirildi. Bu elmi
iş onun beynəlxalq aləmdə də gənc və istedadlı alim kimi tanınmasına
yol açdı. Onun elmi sahədə
diqqəti cəlb edən qeyri-adiliyi, mövcud elmi nəzəriyyələri
yenidən nəzərdən
keçirərək bu
günə kimi mövcud olan elmi nəzəriyyələri
alt-üst etməyə
çalışması, onların əsasında yeni elmi kəşflər
etməyə can atması
ilə bağlı idi. Bu müstəvidə
də 1950-ci ildə Lütfi Zadə tədqiqatçı alim Ç.Raqassini ilə birlikdə son nəticəni
öncədən müəyyən
etməyə imkan verən Viner nəzəriyyəsinin ümumiləşməsini
təklif etməsi oldu. Bu da
həm nəzəriyyənin
müəllifi məşhur
alim Vinerin özü, həm də Amerikanın tanınmış alimləri
tərəfindən də
böyük razılıqla
qarşılandı.
Elmi tədqiqatlarını davam etdirən gənc alim 1952-ci ildə yenə də elmi tərəfdaşı
Ç.Raqassini ilə
birlikdə diskret sistemlər üçün
Z-çevrilmələr metodunu
işləyib hazırladı.
Bununla da o yeni elmi
kəşflərə gedən
yolu dəqiqliklə müəyyən etmiş
oldu.
Lütfi Zadənin xüsusi istedada malik olduğunu görən məşhur alim, kibernetikanın atası hesab olunan Norbert Viner ona məsləhət
gördü ki, Kaliforniya ştatındakı
Berkli Universitetində
tədqiqatlarını davam
etdirsin. Alimin məsləhətlərinə
qulaq asan Lütfi Zadə
Kaliforniyadakı Berkli Universitetindəki
elektrotexnika kafedrasında işə
düzələrək burada tədqiqatlarını
davam etdirməyə başladı. Amma yeni iş
yerində iki il
çətinlik çəkdi. Çünki
burada tədqiqatlar daha
qlobal səviyyədə
aparılırdı və üstəlik iş
prosesi də olduqca
sərt idi. Amma
çətinliklə də olsa o, Berkli universitetinə uyğunlaşa bildi.
Berkli
universitetindəki fəaliyyəti ilə bağlı
böyük alim Amerikanın səsi radiosunun əməkdaşı
Dilşad Əlyarlıya verdiyi müsahibəsində (28 Fevral
2012) belə deyib: “Əgər Kolumbiya universitetində
qalsaydım, indi heç bir şey idim. Bəxtim gətirdi
ki, buraya-Qərbə gəldim. Kolumbiya çox
yaxşı yerdir. Amma
orada təzyiq hiss
etmirsən. İnsanlar təzyiq
olmadığı halda, inkişaf
edə bilmir. Berkli də
isə o təzyiq var idi. 1959-cu ildə buraya-Berkliyə gəldim və1963-cü
ildə bölmə müdiri təyin edildim. 1968-ci ilə qədər bu vəzifədə çalışdım.
Yəni təzyiq var idi.
Mən təzyiq deyəndə, normal səviyyədə
təzyiq nəzərdə tuturam. Nə çox, nə də az təzyiq
yaxşı deyil. Həyatda çox şey bizim nəzarətimizdən xaricdədir. O zaman Berkli universiteti
çox yüksək templə inkişaf edirdi. Lakin bu gün
Kaliforniyada vəziyyət bir
qədər dəyişib. İqtisadi
şərait başqadır”.
Həmin
dövrdə alim bütün diqqətini xətti sistemlər
və avtomatik idarəetmə nəzəriyyəsinə
yönəltmişdi. Bu
axtarışlar sonda öz
nəticəsini verdi. Belə ki, alim 1963-cü ildə Çarlz Dezoirlə birlikdə “Xətti
sistemlər nəzəriyyəsi” (fəza vəziyyətləri
metodu) üzrə elmi
tədqiqatlarını tamamladı. Bu elmi tədqiqatlar əsasında isə alim “Xətti sistemlər nəzəriyyəsi”
(fəza vəziyyətləri metodu)
kitabını nəşr etdirdi. O, bu elmi tədqiqatında
Çarlz Dezoirlə birlikdə idarəetmə
nəzəriyyəsini kökündən dəyişdirən
vəziyyətlər fəzası yanaşmasını
gündəmə gətirərək
“Xətti sistemlər nəzəriyyəsi”nin əsaslarını
işləyib hazırladı. Bu elmi nəzəriyyədə müəlliflərinə
beynəlxalq aləmdə yeni bir şöhrət gətirdi.
Fəza vəziyyətləri nəzəriyyəsi dinamik sistemlərin və müasir idarəetmə elminin əsasını təşkil edir. ABŞ-ın Milli Kosmik Tədqiqatlar Mərkəzi (NASA) bu nəzəriyyələr əsasında idarəetmə sistemlərini tədqiq edir, layihələndirir və tətbiq edir.
Zaman.-2013.-25 iyul.-S.12.