Əli bəy Hüseynzadə - milli istiqlal və Turan aşiqi
ƏZIZ MUSTAFA
“Ucundadır
dilimin, həqiqətin böyüyü, Nə qoydular deyəyim,
nə kəsdilər dilimi. Bilirmisən cühəla, nə
etdilər Vətənə?! Nə qoydular uyuya, nə qoydular
oyana. Ədu qırır qapıyı, biz evdə bixəbəriz,
Nə başqa-başqalarız, nə ittihad edəriz.
Oyatmadı qələmim, bu türk ilə əcəmi, Nə
qoydular yazayım, nə qırdılar qələmi”.
Bu
yanıqlı, insanı öz varlığından edən və
onu yeni savaşlara çağıran sözləri yalnız
o yaza bilərdi. Çünki
damarlarında axan qan deyil, obrazlı şəkildə
desək, min illərin həsrəti, türklərin qəhrəmanlıq
savaşı və bir də ulu Turan həsrəti idi. Bu həsrət
ömrü boyu ona rahatlıq vermədi, onu yeni azadlıq
mücadilələrinə səslədi. O bu yolda qələmini
süngüyə çevirərək, ağzını
geniş açaraq hər an türk dünyasını
udmağa hazır olan iki nəhəng əjdaha - Rusiya və
Çin imperiyalarına bu yolla savaş açdı. Onun bu
savaşı “Dədə Qorqud”da türkləri udaraq məhv
etməyə çalışan Təpəgözü təkbaşına
öldürməyə gedən qəhrəman Basatı
xatırladırdı. Basat qılıncı ilə Təpəgözü
öldürərək, soydaşlarını xilas etdi. O isə
qələmi ilə Basatın qəhrəmanlığını
təkrar etməyə cəhd edirdi və həyatını
bu müqəddəs amala həsr etmişdi. Onun
yazdığı hər söz, hər bənd şeiri
düşmənə açılan top atəşindən
daha dəhşətli təsir göstərirdi. Ona təzyiq
edir, sındırmağa çalışır və bu yolla
azadlıq mücadiləsindən döndərməyə
çalışırdılar. Amma ömrünün sonuna
kimi onu sındıra, azadlıq mücadiləsindən, ulu
Turan savaşından döndərə bilmədilər.
Çünki o bütün varlığı ilə Turan deyə
hayqırır, türk-islam dünyasını birliyə
çağırır və bu yolda ölümündən
belə qorxmurdu. Həmin dövrdə onu yaxından tanıyan
milli mücadilə yoldaşlarından bıri onun haqqında belə
demişdi: “Susuz insanlar bir damcı suya susadıqları və
bir qətrə üçün canlarını verməyə
hazır olduqları kimi, o da
azadlıq və ulu Turan üçün susamışdı.
Onun yanğısı türk islam dünyasının
yanğısı, onların birliyi və vəhdəti idi. O
bu yolda heç nədən çəkinmir və mübarizəsini
davam etdirirdi. O, həyatını bu ulu və müqəddəs
amal uğrunda mübarizədə qurban verməyə hazır
idi”.
Həyatını öz millətinin
milli istiqlalı və azadlığı uğrunda mübarizədə
ölümə verməyə hazır olan bu böyük insan
XIX-XX əsr Azərbaycan türklərinin böyük
oğlu, sinəsində daim ulu Turan eşqi döyünən Əli
bəy Hüzeynzadə idi.
Gələcəkdə
öz adını Azərbaycanın milli oyanışı və
istiqlalı uğrunda mübarizə aparan böyük şəxsiyyətlərin
sırasında əbədi həkk etdirən Əli bəy
Hüseynzadə 1864-cü il fevral ayının 24-də Salyan
şəhərində anadan olub. Onun atası, o dövrün
tanınmış ziyalılarından biri olan “Tiflis Müsəlman Məktəbinin
müəllimi Molla Hüseyn Hüseynzadə, anası isə
Qafqaz şeyxülislamı Axund Əhməd Hüseynzadə-Səlyaninin
qızı Xədicə xanım idi. Qeyd edək ki, Axund Əhməd
Hüseynzadə Səlyani Qafqazın tanınmış
şeyxülislamı idi və o dövrdə islam aləmində
ən hörmətli şəxslərdən biri
sayılırdı. Amma həyat
hələ uşaq
yaşlarından etibarən balaca Əlini sınağa
çəkməyə başlamışdı. Belə ki, o hələ
kiçik yaşlarında ikən atası vəfat etmişdi.
Sonralar o ömrünün sonuna kimi atasızlıq
yanğısını unuda bilməmiş, üzünü
görüb, xatırlaya bilmədiyi atasını həsrətlə
yana-yana anmışdı. Atasının ölümündən
sonra anası ilə Tiflisə - babasının yanına
köçməyə məcbur olan Əli bəy burada
özünəməxsus bir həyat məktəbi keçir.
Belə ki, o vaxt Tiflis Qafqazın mədəniyyət mərkəzlərindən
biri sayılırdı. Rus imperiyasının Qafqazı idarə
edən canişinləri Tiflisdə otururdular. Bu da Tiflisin
qısa müddətdə bölgənin elm və mədəniyyət
mərkəzinə çevrilməsində önəmli rol
oynamışdı. Yeri gəlmişkən, onu da deyək ki,
Tiflisdə o zaman yaşayan əhalinin təxminən yarısını
Azərbaycan türkləri təşkşl
edirdilər. Üstəlik, Tiflis Borçalı
mahalının 30-40 kilometrliyində yerləşirdi. Necə
deyərlər, Tiflis və ətrafında faktiki olaraq Azərbaycan türkləri
çoxluq təşkil edirdi. Bu da Tiflisin Borçalı azərbaycanlılarının
(türklərinin) kiçik ana paytaxtına, elm və mədəniyyət
mərkəzinə çevrilməsində mühüm rol
oynamışdı. Belə bir mühitə düşməsi
və orada böyüməsi isə Əli bəy Hüseynzadənin
ulu turançılıq ruhunda yetişməsində və
dünyagörüşündə
türkçülüyün aparıcı mübarizə
vasitələrindən birinə çevrilməsində
mühüm rol oynadı.
Əli
bəy ilk təhsilini Tiflis gimnaziyasında aldı. O vaxt bu
gimnaziyada həm dini, həm də dünyəvi dərslər
keçilirdi. Gimnaziyada özünü istedadlı şagird
kimi göstərərək, qısa müddətdə ərəb,
fars və rus dillərinə yiyələnən Əli bəyi
xalqının gələcəyi daha çox
maraqlandırmağa başlamışdı. Həmin dövrdə
o: “Biz kimik və haradan gəlib, haraya gedirik?” sualına cavab
tapmağa çalışırdı. O bu suallara yalnız
gimnaziyada, oxuduğu kitablarda deyil, həm də babası ilə
birgə getdiyi müxtəlif səviyyəli məclislərdə
axtarırdı. Belə məclislərdən birində o,
atasının yaxın dostu, Şərqin o dövrdə
maarifpərvər ziyalısı və Azərbaycanın ilk
dramaturqu Mirzə Fətəli Axundzadə ilə yaxından
tanış olmuşdu. Axundzadə Əli bəyin milli təəssübkeşliyini
görərək, onu bağrına basmış və bəzi
məsləhətlərini vermişdi.
Bir
sözlə, Tiflis mühiti Əli bəy Hüseynzadəni gələcək
milli mücadilə mübarizələrinə
hazırlamışdı. Sonralar bu milli mücadilə
mübarizəsi onun həyatının ayrılmaz hissəsinə
çevrildi.
1885-ci
ildə Tiflis gimnaziyasını bitirən Əli bəy
Hüseynzadə ali təhsil almaq üçün Şərq
ölkələrini və ya Türkiyəni deyil, o dövrdəki
əksər elita ailələrinin övladları kimi
Rusiyanı, Sankt-Peterburq şəhərini seçdi. O,
Sankt-Peterburq Universitetinin riyaziyyat fakültəsinə daxil
oldu. Rusiya paytaxtında dövrün məşhur elm xadimləri
- Mendeleyev, Baqner, Menşutkin, Jukovski və başqalarından
dərs alan Ə.Hüseynzadə imperiyanın paytaxtında
gedən ictimai-siyasi proseslərlə də yaxından
tanış oldu. Həmin dövrdə Sankt-Peterburq inqilabi
demokratiya ruhunda tərbiyə olunan gənclərin mübarizə
meydanına çevrilmişdi. Əli bəy də həmin gənclərlə
qaynayıb-qarışmış və bu da ona milli azadlıq
mücadiləmizin yollarını müəyyən etməyə
imkan vermişdi.O, “xalqçılar” hərəkatına rəğbət
bəsləyirdi.
Amma Sankt-Peterburq həyatı Əli
bəy Hüseynzadəni sıxırdı və o,
özünü burada yad ölkədəki kimi hiss edirdi. Ona
görə də tezliklə təhsilini yarımçıq
qoyaraq, İstanbula gəlməyə məcbur oldu, İstanbul
darülfünunda əsgəri-tibbiyyə fakültəsində
oxumağa başladı. Bu ali məktəbi bitirdikdən sonra
dermatoloq və yüzbaşı rütbəsi alan gənc Əli
bəyi 1897-ci ildə Qırmızı Aypara Cəmiyyətinin
tərkibində İtaliyaya göndərdilər. O, burada
humanitar tibbi məqsədlərə xidmət edən
yardım kampaniyasında fəal iştirak edir. Həm
İstanbul, həm də İtaliya mühiti Əli bəyin
milli dünyagörüşünün formalaşmasında
önəmli rol oynayır. Üç il İtaliyada
qaldıqdan sonra yenidən İstanbula qayıdan Əli bəy
imtahan verərək, İstanbul Darülfünunda əsgəri-tibbiyyə
fakültəsində professor köməkçisi vəzifəsinə
təyin edilir. Burada işlədiyi illərdə İstanbuldakı siyasi proseslərdə
fəal iştirak edən Əli bəy buna görə polisin
diqqətini özünə cəlb edir. Polis onun hər
addımını təqib etməyə başlayır. Buna
baxmayaraq, Əli bəy Hüseynzadə İstanbulda bir
neçə yoldaşı ilə birlikdə “İttihad və
tərəqqi” partiyasının əsasını qoymağa
müvəffəq olur. Amma polisin onun hər
addımını nəzarət altına
aldığını görən
Əli bəy öz partiya yoldaşlarını təhlükə
altında qoymamaq və izi azdırmaq məqsədi ilə
Bakıya qayıtmalı olur. Amma onun Bakıya gəlişini
də elə-belə, düşünülməmiş
atılan addım kimi dəyərləndirmək
olmaz. Belə ki, həmin dövrdə Bakıda da bir intibah,
siyasi oyanma hiss olunmaqda idi. Qısa müddətdə neft və
milyonlar səltənətinin paytaxtına çevrilən
Bakı Tiflisin Qafqaz üçün oynadığı mədəni-elmi
mərkəz funksiyasını öz üzərinə
götürmüş və sürətlə inkişaf etməyə
başlamışdı. Bu müstəvidə də XIX əsrin 90-cı illərindən
başlayaraq, Bakıya Qafqazın, çar Rusiyasının və
dünyanın hər yerindən elm, incəsənət,
iş adamları axışırdı. Bu da Bakıda bütün sahələrdə
canlanma yaratmışdı. Həmin dövrdə bir-birinin
ardınca Bakıda nəşrə başlayan mətbu orqanlar
da əhali arasında milli ideyaların, milli mənlik hisslərinin
təbliğ olunmasına imkan vermişdi. Təbii ki,
Bakının əsarətdə olan türklər
üçün milli, mədəni və siyasi mərkəzə
çevrilməsi Osmanlının da diqqətini bu bölgəyə
cəlb etmişdi. Belə bir vəziyyətdə
İstanbuldan Bakıya köç etməyə məcbur olan Əli
bəy Hüseynzadənin də qarsısında müqəddəs
bir iş, Azərbaycan türklərini çarizmə
qarşı milli mücadiləyə hazırlamaq vəzifəsi
dayanmışdı.
Zaman.-2013.-5 iyun.-S.12.