Əli bəy Hüseynzadə - milli istiqlalTuran aşiqi (3)

 

Erməni senzorların yer aldığı Senzura Komitəsinin sədri Qallel onların  təhriki ilə Qafqaz canişinliyinə müraciət edərək “Həyat”ın çapının dayandırılmasını xahiş etdi. Senzura Komitəsi öz xahişini əsaslandırmaq üçün iddia edirdi ki, guya “Həyat” qəzetini nəşr edənlər panislamizmitürkçülüyü, Osmanlını əhali arasında təbliğ edirlər.

Nəticədə 1906-cı il sentyabrın 3-də  “ Həyat” qəzetinin nəşri dayandırıldı. Amma 1905-ci il iyunun 7-dən 1906-cı il sentyabrın 3-nə qədər “Həyat”ın işıq üzü görən 325 nömrəsi Azərbaycanda milli ideyaların, ortaq türk dilinin, türk-islam birliyinin, türkçülüyün təbliğində böyük bir məktəb funksiyasını həyata keçirdi.

Belə ki, “Həyat”da  Əli bəy milli ideologiyamızın əsaslarının qoyulmasına xidmət edən və mənəvi oyanışımızda bu günə kimi əhəmiyyətini qoruyub saxlayan “Türklər kimdir və kimlərdən İbarəttir?”, “Bizə hangi ilimlər lazımdır?”, “Yazımız, dilimiz və birinci ilimiz” kimi məşhur məqalələrini yazdı. Həmin dövrdə Turan ideyaları uğrunda apardığı mübarizəyə görə, dostları tərəfindən xüsusi sevgi və məhəbbətlə Turan adı  verilən  Əli bəy Hüseynzadə yazılarında bunu özünə təxəllüs kimi götürdü.  Həmin dövrdə o türklərin gələcəyinin yalnız birlikdə olduğunu yazır və bunu məqalələrində təbliğ edirdi. Əli bəy :Bütün eyni köklü xalqlar birləşirlər, zira gələcəyə yol birləşməkdən və güclü dövlət qurmaqdan keçir. Türklər də birləşməlidirlər. Çünki son yüz illiklərdə türk xalqlarının əsarət altına düşməsi və onların parçalanaraq assimilə olmağı uğrunda yeridilən siyasət türk xalqlarının öz varlıqlarını qoruya bilməsini şübhə altına almışdır. Türklər yalnız birləşmək yolu ilə məhv olmaqdan xilas ola bilərlər. Bu məsələdə son qayəmiz ulu Turan olmalıdır”,-deyirdi.

 Yeri gəlmişkən onu da deyək ki, türkçülüyün banisi kimi qələmə verilən Ziya Gökalp əslində Əli bəy Hüseynzadənin dediklərini və irəli sürdüyü ideyalarını mənimsəyərək, özünü bu yolun mübarizi kimi qələmə verib. Bununla əlaqədar  Türkiyənin Muğla Universiteinin müəllimi, tanınmış araşdırmaçı yazar Ömər Faruk Suleymanoğlu “Əli bəy Hüseynzadə və türkçülük haqqında” adlı məqaləsində yazır:”  Əli bəy sadəcə olaraq yalnız Azərbaycanda deyil, bütün Türk dünyasında türk qövmlərinin millət kimi özünü yaxından tanımasını, idarə etməsini təbliğ edirdi. Ona görə buna yol istiqlal mücadiləsindən keçirdi.  Bu baxımdan zənnimcə Əli bəy türk dünyasının milli istiqlal düşüncəsinin yalnız rəssamı deyil, eyni zamanda onun memarıdır. Sırf bu anlamda, sadəcə Məmməd Əmin Rəsulzadə, Nəriman Nərimanov deyil, hətta Ziya GökalpKamal Atatürk də Hüseynzadə Əli bəydən ilham alır. Türkiyədə 1911-1918 illər arasında Ziya Gökalp tərəfindən sistemləşdirilən “Türkləşmək, İslamlaşmaq, Müasirləşmək” prinsiplərini Türk dünyasında ilk öncə ortaya atan və yazılarında müdafiə edən Hüseynzadə Əli bəy olmuştur. Digər bir ifadə ilə, Əli bəyin gündəmə gətirdiyi “Türkləşmək, İslamlaşmaq, Müasirləşmək” ideyası Ziya Gökalpın türkçülüyü arasında bir körpü rolunu oynayıb və bunu inkar etmək mümkün deyil.”

(Mənbə: http://oguz turk.ucoz.com/news/omer_faruk_suleymanoglu_eli_bey_huseynzade_ve_turkculuk_haqqinda_meqale/2010-10-16-222

“Güc hər şeyi həll edir”

 Əli bəy türk xalqlarının azadlığı uğrunda mübarizəyə başladığı ilk günlərdən indi də öz əhəmiyyətini itirməyən məşhur bir ifadə işlədib: “Güc hər şeyi həll edir”. O, bununla bağlı yazır: “Hər hansı bir məqsədə çatmağın yolu güclü və qüvvətli olmaqdan keçir. Zira güc hər şeyi həll edir. Bir millət üçün hər şeydən öncə arzu edilən  şey güclü olmaqdır. Günümüzdə millətlərin öz varlığını qoruyub saxlaya bilməsinə və səadətinə yol bundan keçir.”

(Mənbə: Azərbaycan Türk Kültür Dərgisi,

iyul - avqust 2006)

Bir sözlə ittihat, qüvvət və tərəqqi  Əli bəyin əsas idealı idi. O qeyd edirdi ki, güclü və qüdrətli Turanın qurulmasına da yol məhz güc, tərəqqi və birlikdən keçir.

 O, bununla bağlı yazırdı: “Ən önəmlisi, güc əldə etmək üçün tərəqqi, tərəqqi üçünsə ittihat (birlik) lazımdır”.

Həqiqətən də, Əli bəyin 106-107 il bundan əvvəl söylədiyi, yazdığı və təbliğ etdiyi bu üç amil günümüzdə  də öz vacibliyini qoruyub saxlayıb: “Öncə ittihat, sonra tərəqqi”. Onun  bu müstəvidə “İttihat və tərəqqi “ firqəsini qurması da birbaşa bununla bağlıdır və bunu təsadüfi də hesab etmək olmaz. Bu ittihat və tərəqqinin programında “Turan” ideyası önə çıxarılmış və onun bütün dünya türklərinin iqtisadi, ədəbi, və mədəni birliyinə çevriləcəyi vurğulanmışdı.

 “Turan” deyərkən Əli bəy ilk növbədə mənəvi məkanı, bütün türklər üçün sabit, dəyişməz mənəvi vətəni nəzərdə tuturdu. Təbii ki, bu vətənin də ərazisi, onu öz bayrağı altına yığan vahid, məzhəb ayrılığı olmayan islam, vahid türk dili və mənəviyyatı idi.

 Əli bəyin Turan və türk-islam birliyi barədə dedikləri ilə yaxından tanış olan və bunu yüksək qiymətləndirən  Atatürk, məhz buna söykənərək  yeni Türkiyənin tərifini belə vermişdi: “Türkiyə Cümhuriyyətinin təməli mədəniyyətdir. Milli mənliyini bilməyən, onunla qürur duymayan millətlər inkişaf etməkdə olan dövlətlər tərəfindən  udularaq məhv ediləcək”.

Bir sözlə Əli bəy tərəfindən əsası qoyulan birlik, tərəqqi və güc ideyası və bunun əsasında Turanın qurulması, “Türkləşmək, İslamlaşmaq, Avropalılaşmaq” türk xalqları üçün gələcəyə yol göstərən bir mayaq oldu.

Bütün bu ideyalarını isə Əli bəy oçerklər şəklində çap etdirdiyi “Siyasəti-fürusət” adlı ədəbi-fəlsəfi traktatı vasitəsilə ardıcıl olaraq həyata keçirmiş və bunun müqabilində XX əsrin əvvəllərində millətimizin inkişafı üçün çox dəyərli bir ədəbi-mədəni fikir mühitinin başlanmasını təmin etmişdir.

 Onu da deyək ki, “Həyat” qəzetinin bağladılması ilə bağlı aldıqları ağır mənəvi zərbəyə baxmayaraq, Əli bəy Hüseynzadə və məsləkdaşları milli ideyaların təbliğindən əl çəkmək niyyətində deyildilər. Ona görə də, onlar bu dəfə “Həyat” qəzetinin yerinə “Fuyuzat” jurnalını nəşr etməyə başladılar. “Həyat”ın bağlanmasından cəmisi iki ay sonra, 1906-cı il noyabrın 1-də”Fuyuzat” jurnalının 1-ci nömrəsi çapdan çıxdı. Bu jurnal da Hacı Zeynalabdin Tağıyev tərəfindən maliyyələşdirilirdi. Jurnalın Baş redaktoru isə Əli bəy Hüseynzadə idi. Ərəb dilindən tərcümədə dərk etmək, həzz almaq, feyziyab olmaq mənasını verən “Fuyuzatsözün əsl mənasında o dövrdəki ziyalılarımızın ən çox oxunan mətbu orqanına çevrildi. Bir sözlə Əlibəy Hüseynzadə “Həyat” qəzeti və “Fuyuzat” dərgisi ilə Azərbaycanda milli məfkurənin, türkçülük hərəkatının genişlənməsinə öncüllük etdi.

Onu da deyək ki, Əli bəy Hüseynzadə  “Fuyuzat” jurnalının ətrafına o dövrün məşhur yazarlarını Məhəmməd Hadi, Mirzə Ələkbər Sabir, Hüseyn Cavid, Səid Səlmasi, Abdulla Şaiq, Əhməd Kamal, Əhməd Raiq və başqalarını toplamışdı. Bu müəlliflər milli ruhda yazılar yazaraq öz həyatlarını mənsub olduqları xalqın milli oyanışı uğrunda mübarizəyə həsr etmişdilər. Onların yazılarında milli ruh yanğısı xalqlarının  inkişafında digər millətlərdən geri qalmasından doğan narahatlıq vardı. Ona görə də, onlar Əli bəy Hüseynzadənin ətrafında sıx birləşərək, onun gündəmə gətirdiyi türkçülük, “Türkləşmək, islamlaşmaq, müasirləşmək!” qayəsini özlərinin  əsas mübarizə vasitəsinə çevirmişdilər. Onlar məhz Əli bəy Hüseynzadənin yanında böyük bir türk-islam oyanışı kimi həyat məktəbi keçdilər. Sonralar Əli bəy Hüsyenzadə Azərbaycanı tərk etməyə məcbur olandan sonra məhz onlar bu ümumtürk- Turan aşiqinin mübarizəsini davam etdirdilər.

Turan yanğısı

 Əli bəy Hüseynzadənin belə demək mümkünsə mənəvi atası, onun özünün ruhu, varlığı olduğu “Fuyuzat” jurnalının ən böyük xidmətlərindən biri həm Azərbaycanda müstəqil jurnalistika məktəbinin əsasını qoyması oldu. Jurnalın həm də ölkəmizdə milli, müstəqil dövlətçilik ideyasını təbliğ etməsi, milli azadlıq mücadiləsini yetişməkdə olan vətənpərvər gənc azərbaycanlıların əsas  məqsədinə çevirməsi 1918-ci ildə ilk müstəqil cümhuriyyətimizin yaranmasında böyük rol oynadı.

 

Zaman.-2013.-13 iyun.-S.13.