İşıqlı ömrün
cığırları ilə
Elimizin, obamızın fəxri, professor Əflatun
Nemətzadənin səmərəli
elmi və ədəbi yaradıcılıq fəaliyyətini
həmişə maraqla izləmişəm.
Amma
neçə illər idi ki, onunla görüşə
bilmirdim. Sorağı Moskvadan, Sankt-Peterburqdan, Polşadan,
Türkiyədən gəlirdi.
İki il əvvəl bu günlərdə
- martın 15-də Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin sərəncamı
ilə Azərbaycan mədəniyyətinin inkişafında
xidmətlərinə görə Əflatun Nemət oğlu
Nemətzadəyə “Əməkdar incəsənət xadimi”
fəxri adının verilməsi xəbərini eşidəndə
çox sevindim... Bu
yaxınlarda Əflatun bəylə görüşdük və
onun mənalı ömür yoluna işıq saldıq.
1 O,
Astara rayonunun Ərçivan kəndində, müəllim ailəsində anadan
olub. Orta təhsilini də doğma kəndlərindəki məktəbdə
( indiki 3 saylı tam orta məktəbində) alıb.
1961-ci
ildən “Ədəbiyyat və incəsənət”, “Bakı”,
“Azərbaycan gəncləri” qəzetlərində, “Elm və
həyat”, “Qobustan”, “Azərbaycan”, “Literaturnaya Azərbaycan”
elmi jurnallarında məqalələri, elmi
araşdırmaları, hekayə və tərcümələri
dərc olunub.
1963-cü
ildən Musiqili Komediya Teatrında aktyor, rejissor kimi fəaliyyət
göstərib. 1967-ci ildə Bakı Dövlət İncəsənət
Universitetinin Musiqili teatr aktyorluğu fakültəsini bitirib.
1968-1970-ci illərdə professor Cəfər Cəfərovun
elmi rəhbərliyi ilə doktorluq işini tamamlayıb.
1970-ci ildə Sankt-Peterburq şəhərində Rimski-Korsakov
adına Dövlət Konservatoriyasının opera
rejissorluğu şöbəsinə daxil olub. Təcrübə
keçmək üçün Polşaya gedərək,
Varşava, Krakov, Qdansk, Olştın teatrlarında və ali təhsil
müəssisələrində fəaliyyət göstərib,
Poznan şəhərində Qrotovskinin laboratoriyasında
çalışıb, Bılqoş Dövlət
Teatrının yaradılmasında iştirak edib.
1975-ci
ildə Sankt-Peterburq Konservatoriyasını müvəffəqiyyətlə
başa vurub, əvvəlcə, Yekaterinburq teatrında işləyib,
sonra ulu öndər Heydər Əliyevin tövsiyəsi ilə
Bakıdakı Akademik Opera və Balet Teatrına dəvət
edilib. Dünya şöhrətli bəstəkar Qara Qarayevin mənəvi
dəstəyi ilə A.Borodinin “Knyaz İqor” operasının
ilk orijinal bəstəsi ilə nümayişinə nail olub. Həmin
operanı Moskva və Sankt-Peterburq Opera və Balet
teatrlarında da səhnəyə qoyub. Bakıda
nümayiş etdirilən “Aldanmış ulduzlar” orijinal
operası SSRİ Mədəniyyət Nazirliyinin
mükafatına və diplomuna layiq görülüb.
Tatarıstan Akademik Dövlət Teatrında Anarın “Şəhərin
yay günləri” əsəri əsasında səhnələşdirdiyi
teatr tamaşası mükafat alıb. Özbəkistanın
Karsı Dövlət Teatrında N. Xəzrinin “Sahillər və
talelər” pyesini səhnələşdirib. Bu tamaşaya
görə birinci dərəcəli diploma layiq
görülüb.
SSRİ
Mədəniyyət Nazirliyi tərəfindən 1980-ci ildə
Böyük Teatrdan Yəmən Xalq Respublikasına göndərilən
Ə. Nemətzadə paytaxt Ədəndə Dövlət
Milli Komediya Teatrını yaradıb və orada ilk dəfə
Ü. Hacıbəylinin “Məşədi İbad”
komediyasını səhnələşdirib. Daha sonra Ədəndə
İncəsənət İnstitutunun təməlini qoyaraq,
aktyorluq, “Stanislavski və səhnə etikası” fənlərini
tədris edib.
1984-cü
ilə qədər Şekspirin “Otello”su da daxil olmaqla, iyirmidən
çox dram, faciə, komediyanı uğurla səhnələşdirdiyinə
görə mükafat və diplomlara layiq görülüb.
1984-1992-ci
illər arasında Bakıda Opera və Balet Teatrında səhnələşdirdiyi
xeyli sayda opera və digər tamaşalarla böyük hörmət
qazanıb.
1988-ci
ildə Gürcüstan Teatr Universiteti Elmi Şurasında incəsənət
üzrə doktorluq işini müdafiə edib. 12 il fasilələrlə
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət
Universitetində aktyorluq, rejissorluq, komediya, səhnə dərslərini
tədris edib, tələbələri ilə bir sıra
tamaşalar və komediyalar səhnələşdirib. Azərbaycan
televiziyasında opera mövzusunda verilişlər, “Opera haqqında”
aylıq proqramlar hazırlayıb. Məşhur yapon yazarı
Akutaqava Ryuneskonun əsəri əsasında
“Yaxşılığa yaxşılıqla”
tamaşasını televiziyada nümayiş etdirilməsinə
nail olub.
1991-ci
ildə Türkiyə Respublikasının mədəniyyət
naziri Namik Kamal Zeybək tərəfindən Ankara Opera və
Balet Teatrına rejissor kimi dəvət edilib. Burada Azərbaycan
bəstəkarı S. Ələsgərovun “Milyonçunun dilənçi
oğlu” komediyasını böyük uğurla səhnələşdirib.
Mersin Dövlət Opera və Balet Teatrında baş rejissor
kimi fəaliyyətə başlayıb. 1995-ci ilə qədər
Ankara və Mersin Opera və Balet teatrlarında çoxlu sayda
tamaşalar hazırlayıb.
Bilkənt
Universiteti Musiqi və səhnə fakültəsinin teatr
bölməsinin rəhbəri professor Cüneyt Gökser tərəfindən
Bilkənt Universiteti teatr bölümünə və Dövlət
Konservatoriyasına Mersindən dəvət edilib, ayda iki dəfə
Ankaraya gələrək, “Səhnə”, “Musiqili səhnə”,
“Rol” fənlərini tədris edib.
1995-ci
ildən 2002-ci ilədək Bilkənt Universiteti Teatr
Bölümü rəhbərinin yardımçısı
işləyib. Dünya şöhrətli professor İhsan
Doğramacının dəstəyi ilə Türkiyədə
ilk dəfə “Teatr rejissorluğu” və “Opera rejissorluğu”
bölümlərini yaradaraq, rektorluğun arzusuna uyğun hər
iki bölümün dərs proqramlarını
hazırlayıb.
1999
və 2000-ci illərdə məşhur İshaq Paşa
sarayında “Ağrı dağı” operasını iki dəfə
səhnəyə qoyub. İşlədiyi universitetlərdə
rejissorluq, opera rejissorluğu, rol, səhnə, opera
dramaturgiyası, səhnə etikası, musiqi tarixindən
mühazirələr oxuyub.
Həmin
illərdə o, Ankarada nəşr
olunan qəzetlərdə “Azərbaycan” səhifəsi
açaraq, respublikamızın bugünkü gerçəklərini,
müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər
Heydər Əliyev və Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin yeritdiyi müdrik siyasəti,
ölkəmizdə iqtisadiyyat, siyasət, demokratiya, hüquq, səhiyyə,
təhsil, musiqi, ədəbiyyat, teatr, 31 Mart və Xocalı
soyqırımları və sair mövzularla bağlı 20-yə
yaxın “Azərbaycan səhifəsi” hazırlayıb.
Yeddi
il üzərində çalışdığı
“Oyanış” romanı 2007-ci ildə Ankarada çap olunub. Romanda
sovet diktatorluğu sistemində türklərin faciə dolu
yaşamları qələmə alınıb. “Sənin, Mənim
və Bizim” teatr tamaşası Azərbaycan Mədəniyyət
Nazirliyi tərəfindən qəbul olunub.
“Yaxşılığa yaxşılıqla” ssenarisinin müəllifidir.
Elmi araşdırmaları, publisistik məqalələri,
şeir və hekayələri, tərcümələri Azərbaycan,
Rusiya, Yəmən, Gürcüstan, Polşa, Türkiyədə
müxtəlif qəzet və jurnallarda çap olunub. “Dodaqdan
qəlbə” operasının librettosunu yazaraq, 1996-cı ildə
Ankara Teatrında səhnəyə qoyub. Türkiyə Mədəniyyət
Nazirliyinin sifarişi ilə Mesopotamiya tarixi ilə bağlı
“İnanna” operasının librettosunu yazıb. Operanın
premyerası 11 fevral 2006-cı ildə Ankara Teatrında
nümayiş etdirilib. Ayrıca “İnanna” romanı üzərində
işlərini davam etdirir. Ulu öndər Heydər Əliyevin
və möhtərəm Prezidentimiz İlham Əliyevin siyasi fəaliyyəti
ilə bağlı “Üstün zəka” adlı
kitabını 2007-ci ildə Ankarada çap etdirib. İndiyədək
səkkiz kitabı işıq üzü görüb. Tərcümə
etdiyi əsərlərinin sayı da az deyil. 1988-ci ildə Tbilisidə S.
Rustavelli Teatr Universitetinin Elmi Şurasında “Müsbət
estetik ideal xarakterlərinin səhnə sənətinə
uyğunlaşması” mövzusunda elmi işini müdafiə
edib və sənətşünaslıq doktoru adına layiq
görülüb. Tanınmış aktyor İsmayıl
Dağıstanlının səhnə həyatını
araşdırıb. Türkiyədə ilk dəfə olaraq,
opera rejissorları üçün “Opera rejissorluğu”, vokal,
rejissorluq və dirijorluqla bağlı “Opera sənəti” dərs
kitablarını yazıb və çap etdirib. Universitetlərin
teatr bölümləri üçün Türkiyədə
ilk dəfə “Aktyorluq sənəti elmi” dərs
kitabını yazıb.
Türkiyədə
nüfuzlu jurnallarda “Azərbaycanda teatrın vəziyyəti və
estetik prinsipləri” barədə və komediya teatr, türk
dili mövzularında elmi məqalələri dərc olunub. 2000-ci
ildə Türkiyə Cümhuriyyəti Universitetlərarası
Elmi Şurası tərəfindən dosentlik, 2006-cı ildə
Qazi Universitetində professor elmi adını
almışdır.
Həmyerlimiz
Əflatun Nemətzadənin ömür yolunun səhifələri
ilə tanış olduqca ürəyimiz hədsiz sevinclə
dolur. Doğrudan da, bu qədər işi görmək, Azərbaycanın
adını xarici ölkələrdə uca tutmaq, öz
müstəsna istedadı və geniş
yaradıcılığı ilə xariqələr yaratmaq hər
kəsə nəsib olmur.
Əflatun
Nemətzadənin zəngin və mənalı ömür
yolu, doğrudan da, nümunədir, etalondur, böyük şərəfdir.
Nə
yaxşı ki, bu şərəfli ömrün yeni-yeni səhifələri
yazılır və hələ neçə-neçə illər
yazılacaq və xalqımıza şöhrət gətirəcək.
Azər Abdullayev,
“Astara” qəzetinin baş redaktoru.
Zaman.-2013.-5 mart.-S.7.