Kərim Kərimov - SSRİ-ni kosmos dövləti edən dahi azərbaycanlı (3)

 

Kosmosun fəthinə o dövrdə böyük miqdarda maliyyə vəsaiti ayrılması isə birmənalı qarşılanmırdı. Çünki ölkə əhalisinin böyük hissəsi hələ də müharibənin ağrılarını öz üzərində hiss edir və maddi baxımdan olduqca ağır vəziyyətdə yaşayırdı.  

 Bununla əlaqədar sonralar Kərim Kərimov Azərbaycan mətbuatına verdiyi açıqlamada belə demişdi: “Bütün hallarda kosmosun fəthi böyük maliyyə vəsaiti tələb edir və bu, müəyyən xoşagəlməz hallara da səbəb  olur. Kosmosa çıxarılan hər gəmi yerdə müəyyən təbii fəlakətlərə səbəb olur. Ancaq kosmos bizim gələcəyimizdir. Bununla bağlı mən sizə Siolkovskinin bu məşhur sözlərini xatırlatmaq istəyirəm O: “ İnsan uzun müddət və əbədi olaraq Yer kürəsində yaşamayacaq. Əvvəlcə o kosmosa çıxacaq, sonra isə Günəşətrafı sistemlərə ayaq açacaq”.

O, haqlıdır. Çünki zaman gələcək ki, Yer kürəsində insanların yaşaması üçün imkanlar tükənəcək. Ona görə də, insan kosmik fəzada özünə yeni yaşayış yeri axtarmalı olacaq”.

  SSRİ-nin kosmosa it göndərməsi Qərbdə heyvanları müdafiə bəhanəsi ilə böyük hay-küyə səbəb olmuşdu. Amma SSRİ bunlara məhəl qoymadan 1960-cı il, avqust ayının 19-da içində Belka və Strelka adlı itlər olan “Sputnik-5” gəmisini kosmik orbitə çıxardı. Laykadan fərqli olaraq, Belkanın və Strelkanın bəxti gətirdi və itlər sağ-salamat yerə qaytarıldı. Bununla bağlı Kərim Kərimov çıxışlarının birində deyib: “Biz kosmosa canlı - it göndərərkən insanın gələcəkdə yerətrafı orbitə çıxarılmasını sınaqdan çıxarırdıq. Biz başqa cür də hərəkət edə bilməzdik. Çünki elmi-texniki tərəqqi qurban tələb edir. Laykanın geri qaytarılması üçün o dövrdə müəyyən texniki çatışmazlıqlar mövcud idi.  Lakin sonrakı mərhələdə Belkanı  və Strelkanı geri qaytara bildik”.

 Onu da deyək ki, SSRİ-də kosmik təcrübələr üçün yalnız itlərdən istifadə etmirdilər. Həmin dövrdə SSRİ-də insanların olduqca gizli şəkildə kosmosa göndərilməsi və onların hamısının ölməsi barədə Qərb mətbuatında çoxlu sayda materiallar gedib. Lakin SSRİ-də bunu cidd-cəhdlə gizlədirdilər. Amma insan ölümü ilə bağlı nəticələnən bu sınaq uçuşları kosmosa ilk insanın yerətrafı orbitə çıxarılması yolunda çox önəmli bir təcrübə oldu.

 

SSRİ kosmik savaşda ABŞ-ı qabaqlayır

 

Ötən əsrin 60-cı illərinin əvvəllərində artıq insanın açıq şəkildə yerətrafı orbitə çıxarılması və geriyə qaytarılması üçün lazımi təcrübə əldə edilmişdi. SSRİ rəhbərliyi də Sergey Korolyovu və Kərim Kərimovu qısa müddətdə yerətrafı orbitə ilk insanın göndərilməsi üçün tələsdirirdi. Çünki SSRİ kəşfiyyatı da ABŞ-ın yerətrafı orbitə içində insan olan kosmik gəmi göndərmək niyyətində olmasından xəbər tutmuşdu. SSRİ isə kosmosun fəthi uğrunda mübarizədə ABŞ-ı qabaqlamaq və bundan sosializmin kapitalizm üzərində qələbəsi adı altında beynəlxalq aləmdə təbliğat vasitəsi kimi istifadə etmək niyyətində idi. Qeyd edək ki, ilk kosmonavtın yerətrafı orbitə çıxarılması və onun geriyə dönüşünü təmin etmək məqsədi ilə Sergey Korolyovun rəhbərliyi altında 1958-ci ildə xüsusi işçi qrup yaradılmışdı. Bu  qrupun səyi nəticəsində insanı yerətrafı orbitə çıxaracaq və onun geri dönməsini təmin edəcək təkyerli “Vostok” kosmik gəmisi hazırlanmışdı. Kosmonavtların seçilməsi də xüsusi, olduqca sərt qaydada aparılmışdı. Bunu Kərim Kərimov “Novaya Vremya” qəzetinə verdiyi müsahibəsində də xüsusi qeyd edir: “ Kosmosa göndəriləcək kosmonavtların seçimi olduqca gizli şəkildə aparılmışdı. Çünki biz amerikalıların bundan xəbər tutmasından və kosmosa təcili şəkildə öz kosmonavtlarını göndərəcəyindən ehtiyat edirdik. Uzun seçimlərdən sonra kosmosa göndəriləcək 6 nəfərin üzərində dayandıq. Qaqarin, Titov və Andrianov və digərləri də onların arasında idi. Onu da deyim ki, tarixə ilk kosmonavt kimi düşmək şansı daha çox Titov və Qaqarinin idi. Onların imkanları da bərabər hesab edilirdi. Amma bu işdə son sözü Korolyov deməli idi. Korolyov isə Yuri Qaqarinin üzərində dayandı və bu seçimi barədə rəhbərliyə məlumat verdi. Yuxarıdan buna etiraz etmədilər”.

Burada haşiyə çıxaraq qeyd edək ki, Qaqarinin seçim edilməsi yalnız onun şəxsi keyfiyyətləri, daha yüksək fiziki hazırlığa malik olması ilə deyildi. Məsələyə fiziki hazırlıq və şəxsi keyfiyyətlər baxımından yanaşılanda Titov Qaqarindən üstün idi. Amma Titovun adının German (alman) olması seçim zamanı Qaqarinə üstünlük verilməsində önəmli rol oynadı. Bütün hallarda o dövrdə müharibə yaralarını hələ sağaltmamış SSRİ-də almanlara münasibətdə nifrət vardı və German adlı adamın kosmosa çıxan ilk kosmonavt olması ölkəni idarə edənlərin siyasi ideologiyası ilə üst-üstə düşmürdü.

Kərim Kərimovun adıçəkilən müsahibəsindən də hiss olunur ki, Korolyovun seçiminin Qaqarin olması onları həyəcanlandırıb. Kərim Kərimov da bunu etiraf edir: “Mən Qaqarinin həddindən artıq həyəcan keçirdiyini hiss edirdim. O, keçirdiyi həyəcanı və qorxunu hiss etdirməməyə çalışırdı. Ancaq hamımız onun qorxduğunu aydın görürdük. Əslində mən özüm də çox qorxurdum. Çünki bu tarixi bir uçuş idi və hər şey onun uğurla başa çatdırılmasından asılı idi. Mən Qaqarini gəmiyə kimi müşayiət etdim. Gəmiyə minəndə Qaqarinin üzündə, belə demək olarsa, qeyri-təbii bir gülüş vardı. Bununla belə, onun özünü sakit və təmkinli aparmağa çalışması bütün hallarda diqqətəlayiq idi”.  Kərim Kərimovun həyəcan keçirməsi və Qaqarin qədər qorxması da səbəbsiz deyildi. Korolyov gəminin konstruktoru, belə demək mümkünsə, onun texniki rəhbəri idisə, Kərim Kərimov kosmik gəminin yerətrafı orbitə göndərilməsi, onun texniki cəhətdən uçuşa hazır olması və uçuşun uğurla başa çatdırılmasına cavabdeh idi. Hər hansı bir texniki nasazlığa və ya yerətrafı orbitdə baş verənlərə görə məsuliyyəti o daşıyacaqdı. Qaqarin uçuş barədə birbaşa ona raport verirdi. O da, öz növbəsində, uçuşun gedişi barədə o dövrdə SSRİ-ni idarə edən Nikita Sergeyeviç Xruşşova birbaşa məlumat verirdi.

Kərim Kərimovun sözlərinə görə, uçuşla bağlı bütün detallar ən xırda incəliklərinə qədər nəzərə alınmışdı. O: “Bütün hallarda hansısa texniki səhvin baş verəcəyi  və Qaqarinin nəzərdə tutulan yerdə deyil, uzaq Qorn burnunda suya enə bilməsi təhlükəsi belə nəzərə alınmış və bu barədə rəhbərliyə məlumat verilmişdi. Belə ki, enmə prosesində 1-2 saniyəlik səhv gəminin Qorn burnunda suya oturacağı ehtimalını ortaya çıxarmışdı. Orada isə həmin dövrdə hava olduqca pis idi və dənizdə güclü dalğalar tüğyan edirdi. Gəmi ora ensəydi, Qaqarinin xilas  edilməsi heç də asan olmayacaqdı”,-deyir. Amma xoşbəxtlikdən hər şey yaxşı qurtardı və Qaqarin nəzərdə tutulan yerə sağ-salamat endi.

Bu, tarixi uçuş kosmosa uzanan yolda əldə edilən böyük bir qələbə idi. Ona görə də kosmosa ilk sovet adamının çıxması SSRİ-də böyük bayrama çevrilmişdi. Bu bayramı isə yalnız II Dünya müharibəsi üzərində SSRİ-nin faşist Almaniyası üzərindəki qələbəsi ilə müqayisə etmək olardı. Bütün dünya bu tarixi uğurdan danışır, SSRİ isə bunu sosializmin kapitalizm üzərində qələbəsi kimi qələmə verirdi. Xruşşov kosmosun fəthi ilə bağlı işdə əməyi olan bütün insanları ali mükafata təqdim etdi. Kərim Kərimov bu tarixi uğura görə o dövrdə SSRİ-nin ən ali mükafatlarından olan Lenin ordeni ilə təltif edildi. Qaqarinin kosmosa uçuşu kosmonavtika tarixində yeni dövrün açılmasına səbəb oldu.

ABŞ-da baş verən hadisələrdən yenə də sarsılmışdılar. Zarafat deyildi, soyuq savaş dövründə bir-birinin ardınca ikinci dəfə SSRİ kosmos uğrundakı mübarizədə ABŞ-ı qabaqlayırdı. ABŞ Prezidenti Edvard Kennedi kosmos uğrunda gedən savaşda SSRİ-yə uduzduqlarını nəzərə alaraq, Konqresdən kosmosun fəthi və bu sahədə SSRİ-dən olan geriliyi aradan qaldırmaq üçün 240 milyard dollar ayrılmasını xahiş etmişdi. Bu, olduqca böyük, sözün əsl mənasında, fantastik görünə biləcək bir rəqəm idi. Buna baxmayaraq, ABŞ kosmosun fəthi sahəsində SSRİ-dən geridə qalmaqda davam edirdi. Belə ki, ABŞ kosmosa ilk kosmonavtını yerətrafı orbitə göndərənə kimi, SSRİ kinci dəfə yerətrafı orbitə kosmik gəmisini “Vostok-2”ni göndərdi. Bu dəfə gəmidə German Titov idi. ABŞ isə kosmosa ilk kosmonavtını yalnız 1962-ci il, fevral ayının 20-də göndərdi. ABŞ-ın ilk kosmonavtı isə Con Qlenn oldu. Onu da deyək ki, Kennedinin kosmosda üstünlüyü ələ almaq üçün Konqresdən böyük məbləğdə maliyyə vəsaiti istəməsi Korolyovu və Kərimovu da narahat etmişdi. Onlar SSRİ rəhbərliyinə müraciət edərək, kosmosun fəthi üçün əlavə maliyyə vəsaiti ayrılmasını xahiş etmişdilər. Ancaq onların bu təklifi SSRİ rəhbərliyi tərəfindən qulaqardına vuruldu. Bunun da səbəbləri vardı. Belə ki, həmin dövrdə SSRİ ərzaq çatışmazlığı təhlükəsi ilə üzləşmişdi. Buna səbəb isə Xruşşov tərəfindən həyata keçirilən uğursuz kənd təsərrüfatı islahatları idi. Bu da ölkəni xaricdən taxıl almaq üçün böyük miqdarda maliyyə vəsaiti ayırmağa məcbur etmişdi. Necə deyərlər, SSRİ-də az xərclə kosmosa yeni gəmilər göndərilməsi yalnız Korolyov, Kərimov və digərlərinin  fədakarlıqları nəticəsində mümkün olurdu.

 

 

Zaman.-2013.-1 may.-S.12.