Zaman hamının istifadə edə biləcəyi
ciddi və böyük sərvətdir
Fəxri Ağayev 1974-cü ildə Bakıda anadan olub. Mərmərə
Universiteti, ingilis dilində İqtisad fakültəsi məzunudur.
Uzun müddət Türkiyədə
yaşadıqdan sonra Azərbaycana geri dönüb.
10 il beynəlxalq və regional firmalarda rəhbər
vəzifələrdə işləyib. Hazırda
“Çinici” firmasında biznesin inkişafı üzrə
direktor müavini vəzifəsində işləyir, Qafqaz
Universitetinin müəllimidir. “Zamanın
idarə edilməsi” mövzusunda təlimlər və
konsultasiyalar verir. Bloqqerdir, sağlam həyat
tərzinin geniş yayılmasını təbliğ edən
bloqu var. Zaman mövzusunda söhbətləşmək
üçün Fəxri Ağayevi müsahib seçdik.
- Fəxri müəllim, eyni anda bu qədər
işləri necə çatdırırsınız?
- İlk baxışdan çətin görünsə də,
bu qədər işi görmək o qədər də çətin
deyil. Mənim haqqımda olan məlumatlara əlavə
olaraq bunu da əlavə etmək istəyirəm ki, aktiv şəkildə
idmanla məşğul oluram və beynəlxalq marafon
yarışlarında iştirak planlarım var, daim müxtəlif
mövzularda kitablar oxuyuram, valideynlərimə, ailəmə və
çevrəmdəki insanlara zaman ayırıram. İnsan zamanını doğru və səmərəli
istifadə etdikdən sonra həyatında bir balans olur - insan
üçün dəyərli olan məsələlərə
zaman ayrılır.
- Nə zamandan etibarən sizin həyatınız
bu şəkildə dəyişmişdir? Hər
zamanmı bu tərz həyatınız olmuşdur?
- Həyat
tərzim hər zaman aktiv olmuşdur. Bu
mövzuda atamın çox ciddi təsiri olmuşdur.
Ancaq insanın aktiv olması ilə səmərəli insan
olması arasında böyük bir fərq var. İnsan
bütün günü, bütün həftəni aktiv məşğul
olur, geriyə baxanda görür ki, çox iş
görülməyib, ancaq ciddi yorğunluq və stress var. Səmərəli
olmaq isə
zamanı maksimum faydalı şəkildə
insanın öz həyat, dəyər və hədəflərinə
görə istifadə etməsidir. Vacib olan məşğul
və yorğun olmaq deyil - əsas vacib olan odur ki, insanın həyatında
bir balans olsun. Vaxtı ancaq işə
ayırmaq olmaz, çünki həyatımızda digər dəyərli
məsələlər var - ailəmiz, övladlarımız,
çevrəmiz, sağlamlığımız. Mənim daha öncəki həyatım əsasən
aktiv və məşğul tərzdə idi və daim
özümü işimə və gündəlik qısamüddətli
problemlərin həll edilməsinə həsr etmişdim.
Qısa müddətdə bu, bəlkə də, təsirli ola bilər. Ancaq 5-6 il
keçdikdən sonra insan bir anda karyera və işindən
başqa digər həyat dəyərlərindən uzaq
qaldığını görür.
18 illik siqaret çəkmək, aktiv həyat tərzinin
və idmanın həyatımda olmamasına görə
çəkimin 120 kq-a çatması karyeram uğrunda mənim
nə qədər itkilər verdiyimin göstəricisi oldu və
həyatımda ciddi dəyişikliklər etməyə qərar
verdim. Siqaretlə vidalaşdım, daha sonra çəkimlə
əlaqədar ciddi addımlar ataraq, 3 ayda 40 kq arıqladım
və mənim üçün tamamən yeni bir həyat
başladı.
- Sizin fikrinizcə, müvəffəqiyyətli
insan kimdir? Onu necə ifadə etmək olar?
- Bir insan 50 yaşında
güclü karyera, vəzifə əldə edibsə, amma mədə-bağırsaq,
ürək-damar kimi ciddi xəstəliklərə tutulursa, ailəsinə
zaman ayıra bilmirsə, bu insana müvəffəqiyyətli və
ya xoşbəxt demək olarmı?
Müvəffəqiyyətli insan həyatında vacib olan
bütün sahələrdə balansı təmin edə bilən
insandır. Hər bir insanın həyatında balansın
olması üçün karyera, şəxsi inkişaf, ailə,
sağlamlıq, ətrafı və mənəvi dəyərlər
üçün yer olmalıdır.
Ətrafımıza
baxsaq, nə qədər 45-50 yaşına çatmış
və iş həyatında uğur qazanmış insanları
görərik, ancaq təəssüflər olsun ki, bu
uğurlarla bərabər, səhhətdə problemlər, ailəyə
yetərli zamanın ayrılmaması, stress və əsəblərin
olduğunu müşahidə edərik. Zamanı idarəetmə
texnikalarından istifadə edərək və ətrafdakı
insanlara da bunları aşılayaraq, insan həm fərdi
şəkildə, həm də olduğu cəmiyyətdə
daha da müvəffəqiyyətli ola bilər.
- Fəxri müəllim, sizin
üçün zaman nə deməkdir?
- Qərbdə
daim deyilən və bizim də eşitdiyimiz bir atalar
sözü var - “Time is money” (“Zaman puldur”). Mənim
fikrimcə, bu, doğru deyildir. Zaman pula bərabər
deyildir - zaman puldan daha da dəyərlidir. Çünki
insanlar pulu hər zaman qazana bilər, ancaq zamanı qazanmaq
mümkün deyil. Biz onu ancaq xərcləyə
bilərik - səmərəli və ya səmərəsiz. Hər bir insan həyata eyni şərtlərlə,
eyni sərmayə ilə başlayır: dünyaya gələn
hər insana 2 əsas sərvət verilir: sağlamlıq və
zaman. Bunları artırmaq mümkün deyil,
bunları qoruyaraq, səmərəli şəkildə istifadə
etmək lazımdır. Təəssüflər
olsun ki, insanlar zaman və səhhətin ciddi problem olduğunu
bunlar olmadığı və ya yetərsiz olduğu zaman
anlayırlar.
Həyat
artıq çox sürətlidir və yerində sayan insan
yıxılacaqdır. Yavaş sürətlə
gedən insan bəzən sürətini artırmalıdır
ki, həyata çatsın. Ancaq və
ancaq sürətli olan insanlar müvəffəqiyyətli
olacaqdır.
- Hər
birimizin 1 gündə 24 saatı var. Hər bir insanın bu 24
saatı istifadə etmək tərzi, şəkli və stili fərqlidir.
Əslində zamanın idarə edilməsi
kiçik yaşlardan insanlara öyrədilməlidir.
- Mənim
üçün zaman - həyat və balans deməkdir. Mənim üçün zamanın idarə edilməsi
əslində həyatın idarə edilməsidir.
Düşünün ki, bir insan pilləkənləri
sürətlə çıxmağı bacarır və 15-ci
mərtəbəyə çox qısa zamanda
çıxır. Bəs bu insan ona lazım olan binanın
deyil, başqa binanın 15-ci mərtəbəsinə
çıxmışsa, bu insanın sürətli
olmasının xeyri nədir? Bunun tərsini
düşünün - bir insan binanı səhv salmır,
ancaq 15-ci mərtəbəyə çıxmaq
üçün nə sürəti var, nə də ki
gücü. Doğru istiqamət seçilməsinin
xeyri nədir?
İndi
isə düşünün ki, bir insan həyatını bu
şəkildə idarə edir: istiqamət səhv seçilir
və buna görə də güc, enerji və zaman boş yerə
xərclənir və ya istiqamət düz seçilir, ancaq nəticə
əldə etmir. Həyatımızda “restart” (təkrar
başlama) düyməsi olmadığına görə hədəflərimizi,
hədəflərimizə doğru bizi aparacaq
planlarımızı dəqiq və doğru şəkildə
tənzimləməliyik.
Əsas məqsəd isə doğru istiqamətdə
doğru güc və enerji ilə qaçmaqdır.
- Zamanın idarə edilməsi indi nə
zaman və kimlər üçün aktualdır?
-
Zamanın idarə edilməsi həm fərdlər
üçün, həm şirkətlər, həm də
dövlətlər üçün çox aktualdır. Hər bir insan həm işləməli və karyera
qurmalıdır, həm ailəsinə zaman
ayırmalıdır, həm idmanla məşğul
olmalıdır, sağlam olmalıdır, həm də
özünü inkişaf etdirməklə digər mənəvi
dəyərlərinə də zaman ayırmalıdır.
Bunların hər hansı birinin olmaması insan
həyatının bir bütün olaraq problem olması deməkdir.
Şirkətlərə zamanın idarə edilməsi nə
qədər lazımdır? Təlim verdiyim bütün firmalara
daim dediyim məsələ belədir: şirkətlər
öz əməkdaşlarına maaşı işdə
keçirdiyi zamana görə vermirlər: maaş
əməkdaşın firmaya verdiyi dəyər
üçün verilir. Hər bir əməkdaş işlədiyi
qurumda günlük 8 iş saatını maksimum səmərəli
şəkildə istifadə etməlidir. Bunu sadə bir misalda
nümayiş etdirmək olar: əgər bir qurumda
bütün əməkdaşlar hər gün 2 saat zamanı
səmərəli, firmaya fayda verəcək şəkildə
istifadə etmirlərsə, bu o deməkdir ki, firmanın
aylıq maaş büdcəsinin 25%-i səmərəsiz şəkildə
istifadə edilir. Qurumda işləyən əməkdaşın
zamanını idarə etməsi artıq onun şəxsi
işi deyildir - hər bir əməkdaş zamanını
şirkətin mənfəət və hədəflərinə
görə ən səmərəli şəkildə istifadə
etməlidir.
Çox
maraqlı fakt odur ki, firmalarda maddi vəsaitlər və pul ilə
əlaqədar olaraq bütün proseslər və əməliyyatlar,
standartlar, büdcələmə, audit işləri ciddi şəkildə
kontrol edilir. Ancaq firmadaxili zaman mədəniyyəti
və zamanın fərdi və ümumi firma olaraq idarə
edilməsi kontrol edilmir.
Bununla bərabər, zamanı idarəetmə firmanın
rəqabət gücünü ciddi şəkildə
artıracaq. Belə ki, firma əməkdaşlarının hər
birinin ən səmərəli şəkildə işləməsi
o deməkdir ki, daha çox müştəriyə xidmət
göstərilir, daha çox müqavilə imzalanır, əməkdaşların
özlərini inkişaf etdirmə imkanları olur və s.
Zamanın idarə edilməsi bir ölkə
üçün də çox aktual məsələdir. Düşünün
ki, əgər bir qurumdan bir sənədin alınması
üçün insanlar 2 saat gözləyirlərsə və
bu sənədin alınma prosesi səmərəli şəkildə
təşkil edilməyibsə, ölkə miqyasında sənəd
gözləyən insanların nə qədər zaman itirdiklərini
təsəvvür etmək çox çətindir.
- Zamanın idarə edilməsində
əsas fikir və texnikalar nələrdir?
-
Zamanın idarə edilməsi, əvəz edilməyən bir sərmayə olan
zamanın insanın hədəf və planlarına görə
ən səmərəli şəkildə istifadəsi deməkdir.
Zamanın idarə edilməsi ancaq “gecikməmək”
deyildir. Bu, insanın şəxsi və iş həyatını
ciddi şəkildə daha da səmərəli edəcək
texnika və texnologilar toplusudur.Əsas fikir odur ki, insanın
gündəlik və həftəlik fəaliyyətləri onun
hədəflərinə görə tənzimlənməlidir.
Həyat - dağa çıxmaq kimidir. Ən yüksəkdə bizim hədəflərimizdir
və bu hədəflərə doğru çıxarkən
biz doğru insanlarla, doğru avadanlıq və alətlərlə,
zamanımızı və gücümüzü doğru
şəkildə tənzimləyərək
çıxmalıyıq.
- Zamanın idarə edilməsi
üçün insanlara nə lazımdır?
- Əsas məsələ güclü istək,
güclü iradədir, səbir və intizamdır. Bir mövzuda
məlumatlı olmaq və mövzunu bilmək yetərli
deyildir. İnsanın biliklərini istifadə
etməsi çox vacibdir. Mən bunu hər
zaman siqaret çəkmə kimi pis bir vərdiş üzərində
misal verirəm. Bütün siqaret çəkənlər
siqaretin ziyanı və hansı fəsadlara yol
açacağı haqqında məlumatlıdırlar, ancaq
yenə də bu vərdiş davam edir.
Zamanın idarə edilməsi də bir vərdişdir. Öncə
insanın istək və iradəsi ilə başlayır, daha
sonra isə artıq vərdiş halına gəlir.
- Sizcə, indiki gənclər
üçün zamanın idarə edilməsi vacibdirmi? Bununla bağlı gənclərə nə tövsiyə
edərdiniz?
-
Zamanı idarə etmək indiki gənclər
üçün həddindən artıq vacibdir. İnsanlar bir-birilərinin zamanlarına hörmətlə
yanaşmağı öyrənməlidirlər.
Gənclərə
isə tövsiyəm odur ki, daim özlərini inkişaf
etdirsinlər, gələcək hədəflərini seçərək
planlar qursunlar və iradəli şəkildə irəliyə
doğru getsinlər, çünki onların hər birinə
aid ciddi və böyük sərvət var
ANAR QARAXANÇALLI
ZAMAN.-2013.-1 may.-S.7.