Abılay xan - Qazaxıstanın azadlıq
və müstəqillik simvolu
Bu il türk dünyasının və qazax xalqının böyük oğlu, məşhur siyasətçi və dövlət xadimi Abılay xanın anadan olmasının 300 illiyi təntənəli şəkildə qeyd ediləcək.
Əsl adı Əbilmənsur
olan və sonralar babasının adı ilə Abılay xan
kimi tanınan bu böyük və cəsur insan 1711-ci (1713)
ildə o dövrün məşhur
xanı Korkem Vali sultanın ailəsində
anadan olub. Uşaq ikən cəsurluğu və
döyüşkənliyi ilə seçilən Əbilmənsur
dərhal ətrafındakıların diqqətini cəlb
etmişdi. Oğlunun cəsurluğunu görən atası onun haqqında
fəxrlə: “Onun gözlərində qorxu yoxdur. O,
ölümündən qorxmur, ondan yaxşı sərkərdə
çıxacaq”,-demişdi.
Hələ
gənc ikən Abılay həm də müdrik bir insan təsiri
bağışlayırdı və o ən çətin vəziyyətlərdən
belə çıxış yolu tapa bilirdi. Ona görə də
ona “Arruax” (əcdadların ruhu) ləqəbini vermişdilər.
Abılay
13 yaşında olanda Cunquriya xanı Tsevan Rabdan Orta Juza
hücum etdi. Bu hücum zamanı Abılayın atası
qəhrəmancasına həlak oldu. Amma düşmən
güclü idi və ona görə də Orta Juzun əhalisi
Səmərqəndə çəkilməyə məcbur
oldu. Abılay xan isə qisas almaq üçün
alışıb yanırdı və ona görə də bir
neçə dəfə Cunquriya xanına qarşı
yürüşdə iştirak etdi. Bu yürüşlərdə
onun göstərdiyi qəhrəmanlıqlar qazaxların dilində
dastana çevrilmişdi. Hər yerdə onu məşhur bir qəhrəman
kimi tərifləyirdilər. 1739-cu ildə Abulmambet Orta Juza xan
seçildi. Abılaya isə Orta Juzun hərbi qüvvələrinə
rəhbərlik etmək (müdafiə naziri vəzifəsi)
tapşırıldı. 1741-ci ildə Abılay xan Cunquriya
ordusuna ağır zərbə vuraraq, onların məşhur əyanını
öldürdü. Amma 1742-ci ildə Cunquriya xanının
hücumu zamanı düşmən Abılay xanı
mühasirəyə aldı. Qızğın
döyüşlərdən sonra Abılay xan əsir
alındı. Əsirlikdə Abılay xan monqol və mancur
dillərini öyrəndi. Əsirlikdə o, məşhur Oyrot
xanı Amırsanla
dostlaşdı. 1743-cü ildə qohumları Abılay
xanın yerinə digər bir girov verərək, onu əsirlikdən
azad etdilər. Abılay xan azad edildikdən sonra düşmənə
qarşı siyasi savaşı önə
çıxartdı. O, Cunquriya
və Çin imperiyası arasında olan düşmənçilikdən
məharətlə istifadə etməyə başladı. Həmin
dördə Rusiya da Qazaxıstan çöllərinə
doğru irəliləməyə başlamışdı. Bunu
görən Abılay xan Rusiya ilə Çin arasında manevr
etməyə başladı və buna görə də Orta
Juzda əmin-amanlıq bir
müddət bərpa edildi. 1771-ci ildə Abulmambet xan
öldü. Bununla bağlı
Orta Juzda keçirilən toplantıda əyanlar Abılay
xanı yeni xan seçdilər. Abılay xan bundan sonra qısa
müddətdə dağınıq halda olan qazaxları və
digər xalqları vahid dövlətdə
birləşdirdi və ona rəhbərlik etməyə
başladı. Bu dövlətin sərhədləri indiki Ural ətrafını,
Povoljyeni, Qazaxıstan, Özbəkistan və Türkmənistanın böyük hissəsini əhatə edirdi. Abılay xan Çin və Rusiya ilə
isti münasibətlərə girərək, onların öz ərazilərinə hücum
etməsinin qarşısını ala bildi. Onun olduqca incə
siyasət yeritməsi və mahir bir strateq kimi düşmənlərini
neytrallaşdıra bilməsi barədə Rusiya və
Çin arxivlərində çoxlu sayda məlumat var.
Abılay xan ölənə kimi dövlətinin müstəqilliyini
qoruyub saxlaya bildi. Onun ən böyük xidmətlərindən
biri də qazaxları öz ətrafında birləşdirməsi,
onları milli ruh üzərində kökləyə bilməsi
idi. Ona görə də qazaxlar arasında böyük
hörmət və məhəbbət qazandı. Qazax xalqının bu böyük
oğlu Abılay xan 1781-ci ildə indiki Daşkənddə vəfat
etdi. Çox təəssüflər olsun ki, onun qurduğu bu
dövlət ölümündən sonra dağıldı.
Abılay xanın ölümündən illər sonra onun
qurduğu dövlət ruslar tərəfindən işğal
edildi. Amma məşhur siyasətçi
və dövlət xadiminin birlik ideyaları hədər getmədi,
Abılay xan tərəfindən əsası qoyulan qazax
xalqının müstəqillik ideyası, müstəqil
dövlət quruculuğu ruhu yaşamaqda davam edərək əsrlər
sonra Qazaxıstanın öz müstəqilliyini əldə
etməsinə gətirib çıxardı. Qazaxıstan Prezidenti Nursultan
Nazarbayev “Tarixin axarında”
adlı kitabında Abılay xan haqqında belə yazır:
“Qazax xalqını birləşdirən və onu müstəqillik
üzərində kökləyən Abılay xan öz qəhrəmanlığı
ilə gələcək nəsillər üçün
azadlıq və müstəqillik mücəssəməsinə
çevrildi. Qazax xalqı Abılay xanın azadlıq və qəhrəmanlığından
ruhlanaraq, öz müstəqillikləri uğrunda mübarizəyə
qalxdı və nəticədə istədiyinə nail oldu.
Abılay xan mahir bir siyasətçi,
dövlət xadimi və cəsur sərkərdə kimi qazax
xalqının qəlbində əbədiyyətə qədər
yaşamaqda davam edəcək”.
Qazaxıstan müstəqilliyini əldə etdikdən sonra Abılay xanın adı əbədiləşdirildi. Bir çox küçələrə onun adı verildi. Almatıda onun at üzərində heykəli qoyulub. 100 təngə dəyəri olan ilk milli valyutanın üzərində Abılay xanın əksi var. Qazaxıstan Beynəlxalq Əlaqələr və Xarici Dillər Universitetinə Abılay xanın adı verilib. 2001-ci ildə Abılay xanın adına poçt markası buraxılıb. 2008-ci ilin avqust ayında Petropavlovsk şəhərində Abılay xanın iqamətgahı - muzey kompleksi açılıb. Muzeyin qabağında Abılay xanın at üzərində bürüncdən hazırlanmış abidəsi ucaldılıb. Bu il Qazaxıstanda Abılay xanın 300 illiyi böyük təntənə ilə qeyd ediləcək. Yubileylə bağlı ölkənin paytaxtı Astanada ona heykəl qoyulması, onun adına orden təsis edilməsi və Şuşinsk şəhərinin Abılay xan adlandırılması gözlənilir.
ƏZİZ MUSTAFA
Zaman.-2013.-3 may.-S.7.