Mais Yusifov: “Gənclər
kütləvi şəkildə İKT sahəsinə meyil edirlər”
Məlum
olduğu kimi, bu il Prezident İlham Əliyev tərəfindən
ölkəmizdə “İKT ili” elan edilib. Son dövrlərdə
ölkəmizdə sürətlə inkişaf edən İKT
sahəsində bu il də ciddi dəyişikliklər və yeniliklər
gözlənilir.
İKT
sahəsi ilə bağlı bizi maraqlandıran sualları
“AtaTexnologiya” MMC şirkətinin direktoru Mais Yusifova
ünvanladıq.
-
Mais müəllim, rəhbərlik etdiyiniz müəssisənin
fəaliyyəti hansı sahələri əhatə edir?
- “AtaTexnologiya” MMC şirkəti
2005-ci ildə “AtaHolding” ASC tərəfindən təsis olunub.
Şirkətin əsas fəaliyyət istiqamətini informasiya
texnologiyaları təşkil edir. “AtaTexnologiya” sırf
informasiya texnologiyaları şirkətidir. Ümumiyyətlə,
bu gün dünyada hər şey texnoloji məsələlərlə
bağlı olduğuna görə, hər şeyi texnologiya ilə
əsaslandırmaq olar. İndi elə dövrdə
yaşayırıq ki, bütün sahələr İKT-dən
asılıdır. İnformasiya texnologiyaları bütün
texnologiyaların başında durur. Bizim də hədəfimiz
fəaliyyətimizi İKT tendensiyalarına uyğun qurmaqdır.
Bildiyimiz kimi, informasiya texnologiyaları özü bir neçə
sahədən ibarətdir: proqram təminatı məhsulları
və informasiya texnologiyaları avadanlıqları. Bunlar ikisi
də birləşib informasiya texnologiyaları sistemlərini təşkil
edirlər. Bunlar ayrı-ayrı tərəflər olsa da,
birini digərindən ayırmaq olmaz. Dünyada müəyyən
informasiya texnologiyaları şirkətləri var ki, müəyyən
məqamlara görə lider sayılır. Məsələn,
elə şirkət var ki, proqram təminatı, eləsi də
var ki, İKT avadanlıqları üzrə liderdir. Bu baxımdan
həmin İKT şirkətlərini müxtəlif dərəcələr
üzrə bölmək olar. Amma elə şirkət də
var ki, artıq o qədər böyüyüb və
inkişaf edib ki, həm avadanlıqlar, həm də proqram təminatı
məhsulları üzrə liderdir. Məsələn, “Oracle”
şirkəti həm proqram təminatı, həm də
avadanlıqlar üzrə dünyada liderdir. Şirkət, əvvəlcə,
məlumat bazası sistemləri üzrə lider olsa da, sonradan
o qədər böyüyüb ki, artıq özünün
proqram təminatı məhsulları üzrə 3000-dən
çox həlli var. Araşdıranda isə bütün bu məhsulların
“Oracle” şirkətinin digər şirkətləri satın
alıb, öz ailəsinə daxil etməsi nəticəsində
ərsəyə gəldiyi aydın olur.
“AtaTexnologiya”
MMC -yə gələndə isə biz də həm İKT
avadanlıqları, həm də proqram təminatı üzrə
dünyanın lider şirkətləri ilə əməkdaşlıq
edirik. Məsələn, proqram təminatı üzrə
dünyada aparıcı şirkətlərdən olan
“Microsoft”la, “Oracle”la əməkdaşlıq edirik. Avadanlıq
üzrə, “HP” və “Cisco systems” ilə əməkdaşlıq
edirik. Eyni zamanda da “Oracle” şirkəti ilə avadanlıqlar
sahəsində əməkdaşlıq edirik.
- Ölkəmizin İKT bazarını
necə qiymətləndirirsiniz? Bu sahədəki şirkətlərin
bir-birindən fərqini necə ifadə edərdiniz?
-
Öncə deyim ki, Azərbaycanda İKT bazarı inkişaf
etməkdədir və burada heç bir
inhisarçılıq yoxdur. Bazarda çoxlu sayda İKT
şirkətləri sərbəst fəaliyyət göstərir.
Həm də bu baxımdan onlar bir-birilərindən o qədər
də fərqlənmirlər. Qlobal bir dünyada, açıq
ölkədə yaşayırıq: ən yeni İKT
texnologiyaları qısa zamanda şirkətlər
üçün əlçatan olur və bazarda təqdim
edilir. Həmçinin İKT nəhəngləri olan “Samsung”
və ya “Apple” bir-birilərindən texnologiya baxımından
o qədər də fərqlənmirlər, onların məhsulları
bir-birindən ,sadəcə, dizaynına görə fərqlənə
bilirlər. Texnologiya hamısında eynidir.
O ki
qaldı bizim şirkətin fəaliyyət
unikallığına, biz universal fəaliyyət göstəririk
və bütün xidmətləri təklif edirik. Elə
şirkət var ki, sırf proqram təminatı, eləsi var
ki, avadanlıq təklif edir, bizsə bunların
hamısını əhatə edirik. Yaxud da elə şirkət
var ki, avadanlığı satır, amma satışdan sonra dəstək
xidməti göstərmir. Amma biz müştəriyə
satış sonrası keyfiyyətli xidmətə də tam zəmanət
veririk.
- Azərbaycanda İKT-nin
inkişafı səviyyəsini necə qiymətləndirirsiniz?
-
Dövlət bu sahənin inkişafına xüsusi strateji diqqət
yetirir. İKT artıq Azərbaycanda ən prioritet sahələrdən
biridir: ən sürətlə inkişaf edən sahədir.
Hazırda elə bir müəssisə yoxdur ki, İKT olmadan fəaliyyət
göstərsin, inkişaf etsin. İKT sahəsində
artım digər sahələrdən daha çoxdur. Kifayət
qədər də rəqabətli, gəlirli sahədir. Bu sahəyə
yetərli sayda investisiya qoyulur, yeni-yeni şirkətlər fəaliyyətə
başlayır. İKT sahəsində qoyduğunuz
yatırım qısa zamanda özünü doğruldur.
- İKT sahəsi ilə
bağlı kadr qıtlığı duyulurmu?
- Bəli.
Deməliyəm ki, İKT bazarında müəyyən kadr
qıtlığı var. Yeni sahə olduğu
üçün bu sahəni yaxşı bilən çoxlu
kadrlara ehtiyac var. Məhz bu məqsədlə Prezidentin fərmanı
ilə İKT universitetinin təsis edilməsinə qərar
verilməsi çox məqsədəuyğundur. Bu, çox
önəmli məsələdir. Çünki hazırda
İKT sahəsi ilə məşğul olanlara baxsanız,
çox az adam taparsınız ki, ixtisası sırf bu sahə
ilə bağlı olsun. Onların əksəriyyəti
digər sahələrə aid
insanlardır. Beş-altı ildən sonra
isə ixtisası sırf İKT ilə bağlı olan mütəxəssislərimiz bazarda öz yerini tutacaq. Bir sıra inkişaf etmiş ölkələrdə sırf İKT
universitetləri fəaliyyət göstərir, onların təhsil
proqramları tamamilə yeni texnologiyalara əsaslanır. Bizdə də belə
bir universitetin
yaradılması bu sahədə
yaxşı və lazımlı kadrların
formalaşmasını təmin edəcək. Bizdə öncədən
müəyyən universitetlərin kibernetika
fakültələri olsa da,
bunlar zamanın tələbinə uyğun İKT mütəxəssisləri
hazırlamaq üçün yetərli deyildir. Amma məxsusi olaraq İKT sahəsinə aid
universitetin olması isə artıq başqa məsələdir. Bunun
nəticəsində formalaşacaq mütəxəssislər
İKT sahəsinin keyfiyyətinə müsbət təsirini
göstərəcək və töhfələrini verəcəklər.
Əslində gənclərdə İKT ixtisaslarına maraq yüksəkdir. Bir vaxtlar bizdə hüquqşünaslıq, həkim,
iqtisadçı ixtisaslarına kütləvi maraq
vardı. Amma hazırda İKT sahəsi gəncləri
kütləvi şəkildə cəlb etməyə başlayıb.
Hətta başqa ixtisas üzrə təhsil alanlar
da müəyyən İKT kursları
keçməyə üstünlük
verirlər. Çünki bilirlər ki, universiteti bitirəndən
sonra iş problemi olmayacaq. Çünki bazarda bu ixtisaslara güclü tələbat var.
Əgər İKT sahəsinə aid
yaxşı mütəxəssissənsə, şirkətlər
özü axtarıb səni tapacaq. Bu gün
xaricdən İKT mütəxəssisləri dəvət edilir ki, bu
da bizə baha başa gəlir. Amma
İKT üzrə milli kadrların
yetişməsi çox məqsədəuyğundur.
Amma istərdik ki, bu universitet praktiki istiqamətdə kadrların
formalaşmasına diqqət göstərsin. İstərdim ki, özəl şirkətlərdə fəaliyyət
göstərən təcrübəli kadrlar
ora dəvət olunsun
və tədris prosesinə qoşulsun. Həmçinin
texnoparkda fəaliyyət məsələləri
də təmin edilsin. Hazırda xarici şirkətlər öz
ofislərini Azərbaycanda açmağa böyük maraq göstərirlər,
çünki Azərbaycan Avropa
ilə postsovet ölkələri
arasında tranzit rolunu
oynayır. Həmçinin burada biznes üçün münbit şərait var.
Ona görə də İKT-nin
perspektivləri gözlənildiyindən də böyükdür.
Ona görə də bizə çoxlu kadrlar lazım olacaq.
-
“İKT ili” ilə bağlı nələri təklif edərdiniz?
- Kadr məsələsindən
başqa texnoparkların qısa bir müddətdə fəaliyyətə
başlamasını təklif edərdim. Xaricdə texnopark ərazisində
yerləşən şirkətlərə xeyli vergi güzəştləri
mövcuddur. Həmçinin dövlət texnoparklara aid
şirkət və layihələri maliyyələşdirir.
Burada gəlir yox, sırf bu sahəni inkişaf etdirmək məqsədi
güdülür. Bu, strateji məsələdir. Xüsusilə
də, İKT sahəsi informasiya təhlükəsizliyi
baxımından hazırda çox önəmlidir. Ona görə
də bizdə həllərin hazırlanması, bunun
üçün təcrübələr aparılması
çox məqsədəuyğundur. Məsələn,
Türkiyədə “Tubitak” adlı bir qurum var. Türkiyədə
ən yeni layihə və kəşflər bu qurum çərçivəsində
ərsəyə gəlir. Zənnimcə, Rabitə və
İnformasiya Texnologiyaları Nazirliyi bu sahədə müəyyən
işlər aparır və bu cür texnoparkların
yaradılması nəzərdə tutulur. Amma bu məsələ
bir qədər piar olunmalıdır; bu, ictimai müzakirələrə
səbəb olmalıdır və geniş
işıqlandırılmalıdır.
ARİF İSGƏNDƏROV
Zaman.-2013.-9 may.-S.9.