Hüquqşünas:“Bəzi qanunlar elə qəliz yazılıb ki, anlamaq olmur”
Ölkəmizdə
hüquq pozuntuları ilə bağlı bir çox problemlər
mövcuddur. Hətta vəziyyət o həddə
çatıb ki, bir çox insanlar öz problemlərinin həllinə
nail olmaq ümidi ilə telekanallara - tok-şoulara üz
tuturlar. “Proqress” hüquq şirkətinin
hüquqşünası İlham Məmmədov qəzetimizə
müsahibəsində problemlərin kökündə ilk
növbədə, vətəndaşların bir çoxunun
öz hüquqlarını bilməmələrinin durduğunu
söylədi. Onun sözlərinə görə, hüququnu
bilən istənilən şəxs onu müdafiə etməyi
bacarır.
-
İlham müəllim, söhbətimizin əvvəlində
istərdim ki, özünüzü oxucularımıza təqdim
edəsiniz.
-
“Proqress” hüquq şirkətinin hüquqşünasıyam.
Hüquqi və fiziki şəxslərə hüquqi məsələlərlə
bağlı xidmət göstəririk. Onların problemlərinin
hüquqi yolla, hüquqi sənədlərlə həllinə
köməklik göstəririk. Təbii ki, bura əcnəbilər
də daxildir.
- Ən çox hansı məsələlərlə
bağlı müraciət edilir?
-
Bizim şirkətimiz daha çox hüquqi şəxslərlə
işləyir. Müqavilələrin bağlanması,
araşdırma və təhlillərin aparılması, kadr məsələlərinin
həlli, üçüncü şəxslər
qarşısında götürülmüş öhdəliklər,
məhkəmə mübahisələri və digər işlərdə
köməkliyimizi əsirgəmirik. Hüquqi şəxslər
bəllidir ki, ən çox iqtisadi mübahisələrlə
üzləşirlər. Bunlarla bağlı xidmətlər də
göstəririk.
- Bəs fiziki şəxslər?
-
Fiziki şəxslər isə ən çox ailə, əmlak
məsələləri ilə bağlı müraciət
edirlər. Bunları da xırdalasaq, boşanma, aliment tələbi,
atalığın müəyyən edilməsi, anaya aliment
ayrılması, uşağın kimdə qalması məsələlərini
qeyd etmək olar. Ailə məsələləri təkcə
boşanmadan ibarət deyil. Digər problemlər də var. Ailə
qanunvericiliyinə görə tərəflər arasında
yarana biləcək hər hansı problemi həll etmək
üçün nikah müqaviləsi bağlanmalıdır.
Nikah müqaviləsi tərəflərin hüquq və
öhdəliklərini müəyyən edir. Əgər gələcəkdə
hər hansı problem yaranarsa, tərəflər bu müqavilə
əsasında problemi ədalətli və hüquqi yolla həll
edirlər. Təəssüf ki, xüsusən bölgələrdə
rəsmi nikaha girmədən molla kəbini ilə ailə
qururlar. Bu isə çox böyük problemlərə səbəb
olur. Vərəsəliyin müəyyən edilməsi ilə
bağlı da problemlər mövcuddur. Bundan başqa, fiziki
şəxslərin ikinci və üçüncü şəxslər
qarşısında götürdüyü öhdəliklərin
həll olunması ilə bağlı da müraciətlər
kifayət qədərdir. Bunlar əmlak məsələləri
də ola bilər, borc məsələləri də ola bilər,
hər hansı şəxslər qarşısında üzərinə
götürülən zaminliklə də bağlı ola bilər
və s.
- İlham müəllim, vəkilə,
hüquqşünasa müraciət nə qədər
effektlidir?
- Əslində
bu, işə görə dəyişir. Elə məsələlər
var ki, orada tərəflər arasında mübahisələr
zamanı, məsələn, məhkəmələrdə,
xüsusi ilə cinayət işlərində - vəkilin
tutulması məcburidir. Vəkildən
(hüquqşünasdan) məsləhət alaraq fiziki və
hüquqi şəxslərin hərəkət etmələri
daha effektlidir. Elə vətəndaşlar var ki, öz
hüquqlarını bilirlər. Amma bilməyən bir
çox insanlar vəkilə, hüquqşünasa müraciət
edirlər və effektli olur. Şərt deyil ki, müraciət
edilən şəxs hüquqşünas olsun, hüququ bilən,
təcrübəsi olan adamlar da məsləhət verə və
yol göstərə bilərlər. Bütün hallarda məsləhət
almağın, məsləhətləşməyin
faydaları var.
- Avropa ölkələrində ailələrin
daimi vəkilləri (hüquqşünasları) olur. Bəs
bizdə bu cür ailələr varmı?
- Bu,
Avropa ölkələrində geniş yayılıb, Azərbaycanda
da başlamaq üzrədir. Artıq daimi olaraq vəkillərlə
işləyən ailələr var. Onların sayı getdikcə
artmaqdadır. Bəzən bu məsələlər
tanışlıqla da olur. Məsələn, elə
tanışlarım var ki, ən azından zəng vurub mənimlə
məsləhətləşirlər.
-
Hüquqşünaslar hüquqla bağlı hər şeyi
bilirlərmi? Bizdə belə bir təsəvvür
formalaşıb...
-
“Hüquqşünas hüquq sahəsində hər şeyi
bilir demək” doğru deyil. Söhbət ondan gedir ki,
hüquqşünaslar da müxtəlif sahələr üzrə
ixtisaslaşa bilirlər. Məsələn, kimisi bank sektorunu
yaxşı bilir, kimisi əmlak sektorunu və s. Təbii ki,
hüquqşünas digər vətəndaşlarla müqaisədə
bütün sahələr üzrə hüquq və vəzifələri
daha yaxşı bilir, bunun əsasında yol göstərir,
fikirlərini bildirirlər.
-
Hüquqşünasların işi, belə deyək,
dolaşığa düşən bir məsələnin ədalətlə
həllinə nail olmaqdır. Amma elə insanlar da var, vəkilə
müraciət etmək üçün maddi imkanları
yoxdur...
- Belə
hallar da olur və mən düşünürəm ki, bu məqamda
heç bir hüquqşünas dəstəyini əsirgəməz.
Amma hüquqşünas var ki, gəlir oturur və saatı
qurur ki, xidmət pulludur, saat hesabı pulumu ödəməlisiniz.
Əslində bu qeyri-qanuni bir şey deyil, onun haqqıdır.
- Məsələyə bir qədər
də əks mövqedən yanaşaq - hüququ bilməyin
bir vətəndaş üçün üstünlüyü
nədir?
-
Çox böyük üstünlükləri var. Mənim qənaətimə
görə, indiki halda qanunu bilən insan hüququnu müdafiə
edə bilir. Müəyyən çətinliklər ola bilər,
ancaq əksər hallarda məsələ vətəndaşın
xeyrinə həll olur. Vətəndaşlarımız bir
çox hallarda müxtəlif qurumlarda öz
hüquqlarının tələbi baxımından çətinliklərlə
üzləşirlər. Əgər bir vətəndaş
notariusa gedib imzasını təsdiq etdirməyi bacarmırsa,
çətin ki, ondan qeyri-qanuni nə isə tələb edən
birinə tabe olmaya.
Dünyanın
istənilən ölkəsində qeyri-qanuni nə isə ola
bilər. Hüququn işləmədiyi yerdə heç bir
müəssisə, dövlət və qeyri-dövlət təşkilatı
işləyə bilməz. İnsanların doğru maarifləndirilməsi,
təbliğat işlərinin aparılması lazımdır.
Bir neçə gün əvvəl avtomobilimi öz adıma
keçirməli idim. Hər kəs mənə fantastik bir rəqəm
söylədi və dedilər ki, bu işi rüsumunu ödəməklə
həll etmək mümkün deyil. Amma
mən getdim öz rüsumu ilə bu işi gördüm.
Burada qeyri-adi
heç nə yoxdur. Hər hansı bir
dövlət müəssisəsinə
yaxınlaşanda nə
ilə bağlı müraciət edirsinizsə,
işin icrası ilə məşğul olan məmurdan işin həlli ilə bağlı məsləhət almaq olar. Məmurun vətəndaşa problemin həll edilməsi üçün
səlahiyyətləri daxilində
yardım etməsi onun vəzifə borcudur. Bundan başqa, bəzi
orqanlarda (notarius,
polis, məhkəmə, vergi
və s.) aidiyyəti üzrə istənilən
sənədin yazılma
qaydası və nümunəsi olur. Həmin nümunələrdən istifadə
etməklə özünüz
sizə lazım olan sənədi doldura bilərsiniz. Vətəndaşların öz hüquqlarını
bilmələri vacibdir.
Bəzən onların məlumatsızlığından
istifadə olunur.
Bəzən
bizdə çox yalnış olaraq deyirlər ki, vətəndaşlar
öz hüquqlarını bilsəydilər,
hüquqşünas olardılar. Xeyr, belə deyil. Məsələ
hüquqşünas olmaqda deyil, məsələ nəyi necə
edəcəyini bilməkdədir.
- Bəzi
maddələr var ki, orada cərimənin məbləği
konkret göstərilmir. Məsələn, qeyd olunur ki, 40
manatdan 80 manatadək cərimə. Bu zaman aşağı və
yuxarı hədd necə müəyyənləşdirilir.
- Bəzən
olur ki, məmur bilərəkdən ən yüksək məbləğdə
cərimə tətbiq edir. Amma bunun üçün vətəndaşa
izahat verilməlidir. İzahat verilməyəndə, səbəb
göstərilməyəndə, diqqətsizlik olanda əlbəttə,
vətəndaşlarda narahatlıq və ya narazılıq
olur. Üstəlik, qanunlar işləmir,
hüquqlarımız pozulur kimi fikirlər yarana bilir. Məhkəmələr
isə inzibati hüquq pozuntuları zamanı cərimə tətbiq
edilərkən vətəndaşın sosial vəziyyətini
də nəzərə alır.
-
İlham müəllim, bir çox qanunlarımızın dili
çox qəlizdir...
- Birinci dəfə deyil bu sualla
qarşılaşıram. Təbii ki,
ildən ilə qanunlarımızda dəyişikliklər
olur. Amma ümumən götürəndə
hüquq ədəbiyyatımızın
dilində çətinliklər
var. Professional hüquqşünaslar da, vəkillər də, hakimlər də müəyyən çətinliklər yaşayırlar.
Bəzən hansısa bir
maddənin müəyyən
bir işlə əlaqədar tətbiq edilməsində çətinliklər
yaranır. Bəzən yalnış
və ya tam başqa bir mənada anlaşılmalar
da olur. Bu məsələlərin həlli ilə bağlı yuxarı instansiyalara müraciət
olunur və onlar şərhlər verirlər, izahatlar verirlər. Məhz bundan sonra aşağı instansiyalarda,
inzibati orqanlarda tətbiq edilir.
Məsələn, vergi qanunvericiliyi ilə mülki qanunvericilikdə məhkəmə
mübahisələri zamanı
ziddiyyətlər yaranır. Bunlar da
dediyim kimi, şərhlər verilməklə
aydınlaşdırılır.
- İndi siz təsəvvür edin ki, belə məqamlarda
sadə insanlar nə çəkirlər.
- Təbii ki, zamanla bunlar aradan qalxacaq. Azərbaycan gənc dövlətdir, öz hüquq sistemini ildən-ilə təkmilləşdirir. Gördüyünüz kimi, Milli Məclis
hər sessiyada qanunlara dəyişiklik edir, yeniləri qəbul olunur və s. Onu da deyim ki,
bütün dəyişikliklər
müsbətə doğrudur.
Mən bir hüquqşünas olaraq qanunların dəyişməsi ilə
işlərin asanlaşdığını
görürəm. Çətinliyə doğru heç nə yoxdur.
Müəyyən sahələrdə cərimələr
artırılır. Zənnimcə, bu istər məmur,
istərsə də vətəndaş məsuliyyətinin
artırılması baxımından
vacibdir. Bu, dünya praktikasından gəlmə bir metod sayıla bilər.
- İlham
müəllim, “elektron
hökumət”ə keçid
sizcə, ölkəmizdə
hüquq pozuntularının
qarşısının alınması
baxımından effektli
olacaqmı?
- “Elektron hökumət”ə
keçid çox ciddi mənada qanun pozuntularının, rüşvətin qarşısını
alacaq. Hətta mən deyərdim
ki, biz “elektron hökumət”dən fantastik
nəticə gözləyirik.
Artıq
elektron xidmətin tətbiq olunduğu sahələrdə məmur
süründürməçiliyinin qarşısı tamamilə
alınmağa başlayıb.
Bu, insanların psixologiyasına da çox yaxşı təsir edir. Onlar xidmətdən razıdırlar və s. Yaxın gələcəkdə
ölkəmizdə bu
sahədə çox
böyük müsbət
nəticələrin şahidi
olacağımıza inanıram.
NİCAT İNTİQAM
Zaman.-2013.-21 may.-S.7.