Payız günəşi, kitab
karvanı və sevincə bələnən günlər (2)
SƏMƏD MƏLİKZADƏ,
Avtobus dəmir yolunun üstündən keçib üzüyuxarı burulandan sonra dayandı. Heydər Əliyev Mərkəzinin binası qarşısındakı
meydanda hazırlıq işləri gedirdi. Səliqə ilə döşənmiş xırda beton
daşların üzərinə bir neçə xalça sərilmiş, mikrofon
qoyulmuşdu.Məktəblilərdən ibarət ansambl yəqin ki, son məşqini edirdi.
Xalçaların qarşısında xeyli stol
sıralanırdı. Bu stolların
üstündə
heç nə yox
idi. Geniş meydandan ötüb keçənlərin bəzisi
dayanıb bu mənzərəni maraqla seyr edirdi. Cavan bir oğlan əlindəki telefonu
fırlada-fırlada mənə
yaxınlaşıb soruşdu ki, bilmirsiz, burada nə olacaq? Mən əvvəlcə
ona nə cavab verəcəyimi bilmədim.
Az sonra dedim ki, kitab bayramı keçiriləcək. Oğlan qəribə təbəssümlə üzümə baxıb: “Mən də deyirəm, yəqin konsert verəcəklər”-, dedi və uzaqlaşdı. Çox keçmədi
ki, kitab karvanının Şirvan məktəblilərinə hədiyyə
kimi gətirdiyi
kitablardan nümunələr stolların üzərini bəzədi. “Uşaq
kitab karvanı Şirvan yolunda” yazılmış lövhə
çoxlarının diqqətini
çəkdi. Məktəblilər, təhsil və kitabxana işçiləri, şəhər sakinləri meydana toplaşdılar. Şəhər Mədəniyyət və Turizm Şöbəsinin müdiri Əziz Abbasovun “xoş gəlmişsiniz” sözlərindən və qısa
çıxışından sonra Dövlət
Himnimiz səsləndirildi və kitab bayramına start verildi.
F.
Köçərli adına Respublika Uşaq
Kitabxanasının direktoru Şəhla Qəmbərova tədbirin məqsədi barədə dedi:
- Son illər ölkəmizdə kitab nəşrinə və kitabxanalara böyük
qayğı göstərilir. Məlumat
üçün deyək
ki, Azərbaycan
Prezidenti İlham Əliyev 2007-ci ildə
“Kitabxanaların maddi-texniki bazasının
yaxşılaşdırılması haqqında” sərəncam imzalayıb. Bir il sonra isə, yəni 2008-ci il oktyabrın 8-də ölkə rəhbərinin sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında
kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı” qəbul olunub. Həmin proqrama əsasən, kitabxanamız Mədəniyyət
və Turizm
Nazirliyinin təşkilati
dəstəyi ilə
üçüncü ildir ki, kitab karvanı ilə bölgələrimizdə
uşaq və
yeniyetmələr üçün səyyar sərgilər keçirir. Müstəqilliyimizin
20 illiyinə həsr edilən ilk kitab karvanı
2011-ci ildə
Goranboy, Gəncə şəhəri, Şəmkir,
Ağstafa, Tovuz və
Qazax rayonlarını əhatə edib. Ötən
ilin payızında isə
kitab karvanı Cənub
bölgəmizdəki rayonlarda olub.
Bu il isə ümummilli liderimiz Heydər Əliyevin 90 illiyi ilə əlaqədar belə sərgilər “Uşaq kitab karvanı
Şirvan yolunda” adı altında keçirilir. Karvan
ilk səfərini Şirvan şəhərinə
edib. Sonra isə Hacıqabul, Saatlı, İmişli və Beyləqana da qonaq gedəcək, mərkəzləşdirilmiş kitabxana
sistemlərinin uşaq şöbələrinə ölkəmizin müxtəlif
nəşriyyatları
tərəfindən son illərdə çap olunmuş kitablar hədiyyə edəcəyik. Tədbirin özəlliyi ondadır ki, məktəblilər burada yeni kitablarla
tanış olmaqla yanaşı, çağdaş uşaq ədəbiyyatının yazarları-
şairlər, yazıçılar və uşaq qəzetlərinin redaktorları, nəşriyyat əməkdaşları ilə görüşürlər.Bu sərginin başlıca məqsədi müstəqil respublikamızın gələcək qurucuları olacaq yeni nəslin kitaba olan
marağını artırmaq, onların hərtərəfli inkişafına dəstək verməkdir. Bəllidir ki, hər cür mənəvi inkişafın və yüksəlişin təməli kitabla bağlıdır. Kitab dünəni
bu günə, bu
günü sabaha daşıyan vasitədir...Neçə-neçə şeiri
uşaqların dilində
əzbər olan və mahnılara
çevrilən
şair İlyas Tapdıq mikrofona yaxınlaşan kimi
alqışlar başladı. İlyas müəllim uşaq və yeniyetmələrə müraciətlə bildirdi:-
Əziz uşaqlar, siz xoşbəxtsiniz. Çünki
müstəqil Azərbaycan
Respublikasının vətəndaşlarısınız.
Dövlətimiz
getdikcə qüvvətlənir. Azərbaycan indi dünyada
ən sürətlə inkişaf edən ölkələrdən biridir. Buna
görə də Azərbaycanı
“Qafqazın parlayan ulduzu” adlandırırlar. Siz həm
də ölkəmizin
sabahısınız. Buna görə də biliklərə dərindən
yiyələnməlisiniz. Dərs kitabları indi
sizə pulsuz verilir,
gözəl siniflərdə oxuyursunuz. Hər il
yeni-yeni məktəblər, bağçalar, kitabxanalar, idman meydançaları,
sağlamlıq ocaqları istifadəyə verilir. Bizim
uşaqlığımız isə
müharibə illərinə düşdü-
qırğınlar, aclıq, qan-qada gördük. Buna baxmayaraq oxuduq, Azərbaycana,
xalqımıza xeyirli olmağa çalışdıq. İndi ümidimiz sizlərsiniz.
Buna görə
də yaxşı
oxuyun. Kitab elə
bir süfrədir
ki, onun neməti
heç vaxt azalmaz. Sonra İlyas müəllim uşaqlarla
birlikdə
“Zoğal”, “Dəmirağac”
və digər şeirlərini oxudu.
Şeirlərindən birini ən yaxşı söyləyən məktəbliyə isə hədiyyə verdi.Uşaq yazıçısı
Gülzar nənə (İbrahimova ) dedi ki, payız bolluq,
bərəkət fəslidir. Bu ilin
payızı xoş keçir. Bu da
insanlarımıza gələn ilin məhsulu
üçün yaxşı zəmin
yaratmağa imkan verir. Noyabr ayında bir
neçə bayram və tarixi günlər var. Ümid edirik
ki, bu kitab bayramı da sizin üçün yaddaqalan günlərdən biri olacaq.Gülzar nənə çıxışını
uşaqlar üçün təzə yazdığı
hekayələrindən birini oxumaqla
bitirdi. Meydan şəhər 16 saylı məktəbin oğlanlarına verildi. Onlar müxtəlif
şairlərin
şeirlərini
söylədilər. Fədail Əzimov isə qarmonda oynaq bir hava
çaldı. Bundan sonra “Şirvannəşr”in direktoru, şair Qəşəm İsabəyli “Vətən”,”Çörək” və “Əriştə” şeirlərini oxudu. Məktəblilər 65 yaşı tamam
olması münasibətilə onu təbrik etdilər və gül dəstələri verdilər.“Şirvan” rəqs
qrupu “Bayram” rəqsini
ifa etdi və meydan
bir qədər də coşdu. Azərbaycan
Televiziyası və
Radiosunun radio üzrə
uşaq proqramları redaksiyasının baş redaktoru,
şair Ələmdar
Quluzadənin yumor
dolu şeirləri
hamının ürəyincə oldu. Buna
görə də uşaqlar Ələmdar müəllimdən daha çox şeir oxumasını xahiş etdilər.Yazıçı Sevinc
Nuruqızı çıxışına bu sözlərlə başladı:
- Mən ilk dəfədir ki, Şirvan şəhərinə gəlirəm. Şəhəriniz gözəldir.
Mən
“Təhsil” nəşriyyatında
çalışıram. Sevinirəm ki, dərsliklərinizin çapa
hazırlanmasında və sizin biliklərə yiyələnmənizdə mənim də əməyim var. Eyni zamanda sizlər üçün şeirlər, hekayələr, nağıllar yazır,
dünya uşaq ədəbiyyatında bəzi nümunələri tərcümə edirəm. Kitab karvanı ilə sizin görüşünüzə gəlməkdə məqsədim oxucularım olan sizləri dinləmək, arzu və istəklərinizi öyrənməkdir... İstedadlı
məktəblilər mahnı və rəqslərlə, şeirlərlə kitab bayramını daha yaddaqalan
etməyə
çalışdılar.
Bu arada Şirvan Şəhər
Mərkəzi Kitabxana Sisteminin
direktoru İltifat Nəbiyevlə
görüşdük. İltifat müəllim bildirdi ki, kitabxana
sistemimizdə 186 min 500 nüsxə kitab var. Həmin kitabların 37 min nüsxəyə yaxını latın
qrafikalı ədəbiyyatdır. O cümlədən 33 min nüsxə Azərbaycan Prezidentinin sərəncamı ilə nəşr edilən və kitabxanalara hədiyyə edilən kitabdır. Şəhərimizdə
iki uşaq kitabxanası fəaliyyət göstərir.
Həmin
kitabxanaların ümumi kitab fondu 30 min 200 nüsxədir. Son illər latın qrafikası ilə nəşr edilən kitablar uşaqların daha çox
kitab oxumasına səbəb olub. Kitabxana işçiləri kitaba
marağı artırmaq üçün müxtəlif tədbirlər təşkil edir,
müsabiqələr keçirirlər. Eyni zamanda məktəblərdə
səyyar sərgilər təşkil olunur. Bütün bunlar məktəblilərin mütaliəyə marağını xeyli
artırır. Fikrimcə, kitab bayramının keçirilməsi də uşaq və yeniyetmələrin kitaba həvəsini bir qədər də
artıracaq. Çünki
kitabxanalarımıza hədiyyə kimi təqdim olunacaq kitablar
çox rəngarəng və nəfisdir. Digər tərəfdən, uşaq ədəbiyyatına xidmət edən yazarların
uşaqlarla canlı görüşü, məktəblilərin sevimli qəzeti “Tumurcuq” barədə eşitdikləri
onları çox sevindirir. Arzu edirəm ki, kitaba həsr edilən belə tədbirlər
tez-tez keçirilsin. Çünki bu, biz
kitabxanaçıların işinin səmərəsinə
də müsbət təsir göstərir.Kitab sərgisi gün əyilənədək
şeir, mahnı, rəqs
və viktorinalarla
davam etdirildi. Tədbiri
izləyənlər evlərinə sevinc və könül
xoşluğu, qaliblər
isə
qazandıqları hədiyyələrlə
döndülər
(ardı var).
Zaman.-2013.-14 noyabr.-S.7.