Payız günəşi, kitab
karvanı və sevincə bələnən günlər (4)
SƏMƏD MƏLİKZADƏ,
Zenfira xanımın arzusu Hacıqabulda Heydər Əliyev Mərkəzindəki təsviri sənət və xalçaçılıq
bölmələrinin fəaliyyəti diqqətimizi çəkdi. Rəssamlığı
öyrənən uşaqların
qrafik işləri
uğurlu idi. Xalçaçılıq
bölməsində onların əl işlərindən ibarət xüsusi guşə vardı.
Yarıya qədər toxunmuş xovlu xalçaya maraqla baxdıq.
Hana arxasında əyləşmiş Zenfira xanım
vurduğu ilmələri kirkitlə bərkidirdi. Xalça
ustasından bu bölmənin
fəaliyyəti haqqında məlumat aldıq.
O dedi ki, hər gün altı qızla məşğul oluram. Ümumilikdə
burada onsəkkiz
qız xalça toxumağı öyrənir.
Güman edirəm
ki, yaxın aylarda qızların sayı ikiqat artacaq. Çünki şəhərdə olan qızların heç də hamısı burada
xalçatoxuma kursunun fəaliyyət göstərdiyini bilmir. Qədimlərdə ana-bacılarımız daha
gözəl
xalçalar toxuyublar. Sovet dövründə Hacıqabulda
xalça fabriki vardı. Mən həmin fabrikin
ustalarından olmuşam. Sonra peşə məktəbində bu sənətdən
dərs demişəm.
Həmsöhbətim sonda dedi ki,
xalçaçılıq zəngin milli sənət olmaqla yanaşı, həm də tariximizi özündə yaşadır. Xalçalarda analarımızın həm arzu və istəkləri, həm
də
yaradcılıq bacarığı əksini
tapır. Xalça sənətimizi
yaşatmaq üçün ilk növbədə
qızlarımızı bu sənətə cəlb
etməli, onları
həvəsləndirməliyik.
Zenfira xanım bir arzusunu da söylədi. Dedi ki, respublikamızda iki ildən bir muğam müsabiqələri keçirilir və yeni istedadlar üzə çıxarılır. Bu, çox yaxşıdır. Mənə elə
gəlir ki, belə müsabiqələrin xalçaçı
qızlarımız arasında da keçirilməsi bu sənətin inkişafına təkan verə bilər.
Muğanda ayrı büsat
gördük
Şirvanda ikinci səhəri açmışdıq. Bir azdan Saatlıya yola
düşəcəkdik. Ələmdar müəllim mənə yaxınlaşıb bir bənd şeir dedi:
Nə gəlir qandan gəlir,
Hərə bir yandan gəlir.
Saatlılar
yola çıxıb,
Karvan Şirvandan gəlir.
Yeri gəlmişkən deyim ki, şair Ələmdar Quluzadənin yaxşı
yoldaşlığı, hərdən kiməsə bədahətən şeir deyib ovqatı təzələmək bacarığı var. Mən hər dəfə onunla görüşəndə Ələmdar müəllim son kitabı haqqında,
yaxın vaxtlar üçün planları barədə, hardasa Xəzərin sahilində daş-qaya üstündə çox zəhmətlə saldığı
bağı barədə həvəslə söhbət açır. Qismətinə ağrılı
tale düşən,
qəlbində ömürlük
Xocalı boyda bir faciəni
yaşadan bu insan heç vaxt dərdini
kiməsə yükləmir, heç kəsə təmannalı
yanaşmır. Onun bu həyatsevərliyi
məni çox
sevindirir.
Geniş
Muğan düzü boyunca müxtəlif istiqamətlərə uzanan yollara baxdıqca son
illər
respublikamızda yol infrastrukturunun
hər yana qanad
açdığını göz önündə canlandırmağa
çalışdım. Bir vaxt bu yollarda hərəkət
adamı bezdirir, yorurdu. İndi isə hər yana
avtomobillər rahat şütüyür. Səhv etmirəmsə, belə deyirlər: “abad kənd yolundan bəlli olur”. Son illər Saatlı rayonu ərazisində, yaşayış
məntəqələri
kimi, yollar da simasını xeyli dəyişib.
Bu barədə ikicə misal. 2010-cu
ildə baş
vermiş daşqın zamanı dağılmış Saatlı-Musalı-Mərzəli avtomobil yolu ölkə rəhbərinin sərəncamı ilə yenidən tikilib. Əlavə edək ki, 17 kilometrlik bu yol 8
yaşayış məntəqəsini birləşdirib, Saatlı və İmişli şəhərləri arasındakı məsafəni 35 kilometr qısaldıb. 17 kəndi birləşdirən 21 kilometrlik
Sımadakənd-Qarayevkənd yolunun isə təxminən
yarısı istifadəyə verilib. Qalan hissənin
tikintisi də
başa çatmaq üzrədir.
Rayonun digər
kəndlərinə gedən yollarda da təmir işləri aparılıb.
Saatlının Mədəniyyət
Evi qarşısında qələbəlik idi. Hiss olunurdu ki, burada
kitab sərgisinə yaxşı hazırlıq görülüb. Mən əvvəlcə şair İlyas Tapdıqın 80
illiyinə, xalq yazıçısı Elçinin 70 illiyinə və şair Qəşəm İsabəylinin 65 illiyinə həsr edilmiş stendlərə baxdım. Bu
stendlərdə yazarlarımızın
ilk kitablarından da nümunələr vardı. Qəşəm müəllim bölgədə kitabxana işçilərinin bu diqqətinə “əhsən” dedi. O, kitablarından
birini açıb son aylarda neçə dəfə oxunduğunu biləndə, sevinci bir qədər də artdı.
Saatlı rayon İcra Hakimiyyəti
başçısının humanitar məsələlər üzrə müavini Reyhan xanım
Ocaqova burada mədəniyyətə, tarixi abidələrə və sənətə göstərilən qayğıdan danışdı, məktəbliləri daha çox kitab
oxumağa, biliklərə dərindən yiyələnməyə səslədi.
Şəhər 1 saylı uşaq bağçasında tərbiyə alan
uşaqlarının söylədikləri şeirlər hamıda xoş təbəssüm doğurdu. Körpələr dönə-dönə
alqışlandılar. Söz kitab
karvanı ilə gələn yazarlara verildi. Almaz xanımın keçirdiyi viktorina məktəblilər
arasında bir qədər də canlanma yaratdı.
Biliyinə
güvənən şagirdlər meydanın mərkəzinə
gəldilər. Qaliblər öz yerlərinə hədiyyələrlə qayıtdılar...
Nahardan
sonra Reyhan xanım qonaqları Saatlı şəhərinin mərkəzində aparılan quruculuq və abadlıq işləri ilə tanış
etdi.
Məlumat üçün deyək ki, təxminən 100 min əhalisi olan Saatlı rayonunda 43
kənd var.
Azərbaycan
Prezidenti İlham Əliyev son 10 ildə
Saatlıya 4 dəfə səfər
edib və rayonun
sosial-iqtisadi inkişafının sürətləndirilməsi üçün
8 sərəncam imzalayıb.
Rayonda məhsul istehsalı 2,3 dəfə, sənaye məhsulu istehsalı 25,6 faiz, kənd təsərrüfatı məhsulları istehsalı 1,5 dəfə, orta aylıq əmək haqqı 6,6 dəfə artıb. On il ərzində mənzil fondunun ümumi sahəsi 1,5 dəfə artıb. Qarabağ
müharibəsi və şəhid ailələri üçün 48 mənzildən ibarət 2 bina, ümumi sahəsi 124,2 min kvadratmetr olan fərdi evlər tikilib. Müalicə müəssisələrinin maddi-texniki bazası da möhkəmləndirilib, əhaliyə göstərilən tibbi xidmətin keyfiyyəti yüksəlib. Rayon Mərkəzi Xəstəxanasının binası əsaslı şəkildə yenidən qurulub. Bu illər ərzində rayonda 14 məktəb, o cümlədən Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində 200 yerlik bir məktəb binası inşa olunub. 11 məktəb binası isə əsaslı təmir
edilib.
Şəhərin mərkəzindəki yeni geniş parkda xeyli gəzdik. Parkın yanlarında
müxtəlif
arxitekturaya malik müasir binalar bir ansambl təşkil edir. Tarix-diyarşünaslıq
muzeyinə və rəsm qalereyasına getdik. Orada gördüklərim
mənim
yaddaşımda Saatlıda yurdun tarixinə,
sənətə, görkəmli
insanlara göstərilən böyük diqqətin nümunəsi kimi həmişə qalacaq. Mənə elə gəlir ki, rayonlarımızdakı əksər muzeylər
işini bu cür qursalar ekspozisiyaları daha baxımlı
olar. Çünki bu muzeydə əşyalar tamaşaçıya
yalnız nümunə
kimi deyil, həmin
dövrün bir parçası kimi- kompozisiya halında təqdim edilir. Bu isə
tamaşaçıda həmin
dövr haqqında daha əyani
və geniş təsəvvür yaradır. Muzeydəkilər barədə bizə
məlumat verən Sürəyya Muğanlı
işinin bilicisidir. Sürəyya xanım rəssamdır. Muzeyin bir guşəsində onun yağlı
boya ilə işlədiyi “Duet”, “Poeziya”,
“Natürmort” və
digər əsərləri
asılıb. Binanın bir otağında
isə S.
Muğanlının xeyli əsəri vardı. Rəssam həmin işlərin bəzisi haqqında da bizə qısa məlumat verdi.
Oftolmoloq-şair Paşa Qəlbinura həsr
etdiyi əsər rənglərin harmoniyası və mövzunun ümumi
həlli
baxımından çox maraqlı idi. Ümumiyyətlə, bu xanımın istər qrafik, istərsə də
yağlı boya ilə
işlədiyi əsərləri
cəlbedici və
baxımlıdır. Onu da öyrəndik ki, yaxın
vaxtlarda paytaxtımızda Sürəyya
Muğanlının fərdi
sərgisi
açılacaq. Binanın ikinci mərtəbəsində isə rəsm qalereyası fəaliyyət
göstərir.
Qalereyada fəaliyyət göstərən rəssamlıq
studiyasına da Sürəyya
xanım rəhbərlik edir.
Sözarası dedi ki, burada ilk rəsmlərini çəkən yeniyetmələrdən bəzisi hazırda Rəssamlıq Akademiyasında təhsil alır.
Müasir və çox geniş
bir əraziyə malik Gənclər Mərkəzində
gördüklərimiz
də bizdə çox xoş təəssürat
doğurdu. Mərkəz müasirliyin
bölgəyə ayaq açan ən gözəl nümunəsi kimi dəyərləndirilə bilər. Gənclər Mərkəzinin qırmızı lentini ötən ilin oktyabrında
Prezident İlham Əliyev Saatlıya səfəri zamanı kəsib. Mərkəzdə kompyuter kursları, elektron
kitabxana, linqafon otağı, 3D kino zalı, internet kafe,
tikiş dərnəyi, 220 və 30 nəfərlik konfrans və rəqs zalları, atıcılıq klubu və sair fəaliyyət göstərir. Biz də atıcılıq
qabiliyyətimizi
yoxladıq. F. Köçərli adına
Respublika Uşaq Kitabxanasının direktoru Şəhla xanım isə fortepianoda məharətlə bir neçə lirik hava çaldı...
Kəm-kəsir, nöqsanlı işlər də gördük, ancaq...
Payızın sakit və günəşli günlərində kitab karvanın keçdiyi
şəhər və rayonlarda gördüklərimiz, eşitdiklərimiz barədə yazdıqlarımız bəlkə də bir qədər uzun oldu. Və fikir verdinizsə, getdiyimiz
ünvanlarda əsasən uğurlu işlər və hər kəsə xoş gələn gördüklərimiz barədə söhbət açdıq.
Əlbəttə, oralarda kəm-kəsir, xoşagəlməz, nöqsanlı işlərə də rast gəldik. Amma kitab karvanı
xoş məramla
yola çıxdığından biz də
qəzetçi kimi
oxucuda xoş ovqat yaratmaq istədik.
Onu da əlavə edək ki, birinci və ikinci səyyar kitab sərgləri ilə bağlı
yazılarımızda qeyd etdiyimiz kimi, bu layihə yetişməkdə olan nəslin kitaba olan
marağını daha da artırmaqla yanaşı, həm də bizə neçə-neçə dost qazandırır. Hər səfərdə
biz bölgələrimizdə neçə-neçə istedadlı məktəbli, gözəl
ziyalılarla həmsöhbət olur, onlarla
dostlaşırıq. Demək, kitab insana yalnız təkcə bilik vermir, həm də dost qazandırır. Dostu çox olan insan isə
daha güclü, daha vüqarlı olur.
Zaman.-2013.-16 noyabr.-S.7.