Samir Musayev: “İndiki uşaqlardan futbolçu hazırlamaq çox çətindir”

Untitled-31Daim veteran futbolçuları xatırlayan və onların futbolumuz barədə düşüncələrinə yer verən “Çempionqəzeti bu dəfə dövrünün tanınmış hücumçularından olan Samir Musayevi redaksiyasında qonaq etdi. Gənc mütəxəssis ölkə futbolunun hazırkı durumunu bizimlə dəyərləndirdi.

“Bütün klubların U-17-lərini yığsaq, bir komanda ancaq düzəltmək olar”

- Çalışdırdığınız “Qarabağ”ın U-17 komandasında vəziyyət nə yerdədir? Əsas heyətə yüksələ biləcək səviyyədə futbolçularınız varmı?

- Əvvəlcədən onu deyim ki, rəhbərlik bizdən oyunlarda nəticə tələb etmir. Bizim üçün ən yaxşı nəticə futbolçuların əsas komanda üçün yüksək səviyyədə hazırlanmalarıdır. U-17 liqasında çempion olmaq üçün oynamırıq. Mənim işim əlimdən gəldiyi qədər U-19 və əvəzedicilərə futbolçular verməkdir. Nə qədər çox oyunçu qazandıra bilsəm, bu mənim üçün nəticədir. Qarşımıza hədəf kimi bunu qoyublar. Bu il U-17 üçün kubok oyunları da olacaq. Biz uşaqlarda həvəs yaratmaq, məqsədlərinin olması üçün sırf kuboku götürmək üçün oynaya bilərik. Hər kəs bilir ki, çempionatda nəticə üçün oynamırıq. Əgər futbolçu üzə çıxara bilmiriksə, çempion olmağın nə mənası var? Biz gənclərə müasir futbolun sirlərini öyrətməsək, onlar heç kimə lazım olmazlar. Uşaq futboluna artıq Qurban Qurbanov özü rəhbərlik edir. Baş koordinator da dəyişdi. Dekabrdan etibarən “Qarabağ”da uşaq futbolu üçün çox dəyişikliklər olacaq.

- “Qarabağ” bir ara xeyli futbolçu yetişdirdi. Ancaq sonra onların ardı gəlmədi. Bunun səbəbi nədir?

- Bizim dövrümüzdə də belə olmuşdu. 1979-cu il təvəllüdlü futbolçular çox olsa da, 80-81-lər, demək olar ki, yox idi. Bizim vaxtımızda şərait olsaydı, bəlkə də, indi Avropada çoxlu futbolçularımız var idi. O vaxt Fuad Musayev icazə vermədi. 10 nəfər Trabzona getdi, ancaq alınmadı. Zaur Tağızadə İngiltərədən təklif almışdı, amma buraxmadılar. Ramal Hüseynov İsveçrəyə getdi, sonradan qayıtdı. O vaxt biz xaricə getsəydik, nəticə əldə edərdik. Amma indi yox. İndi uşaq futbolunda ən böyük problem uşaqların məşqdən əvvəlki və sonrakı işləridir. İnternet və s… İndiki uşaqlardan futbolçu hazırlamaq çox çətindir. Onlardan futbolçu çıxsa, sevinərik. İndi bütün klubların 17 yaşlılarını bir araya yığsaq, bir normal komanda ancaq düzəltmək olar. Aşağı yaş qrupları üzrə yığmalarımız göz qabağındadır. Bizim vaxtımızda toplanış çox az, təcrübə isə yox idi. İndi amma hər ay toplanış olur. Praktikalarını artırsalar da, nəticə yoxdur.

 “Müəllim savadsız olsa, futbolçu şikəst yetişəcək”

- Özünüz də hücumçu olmusunuz. Azərbaycan futbolunda hazırda bu mövqedə problemlər var. Sizin əlinizdə gələcəkdə bu problemi həll edə biləcək hücumçular varmı?

- Biz 16 yaşımızdan bəri təcrübəli futbolçularla birgə çıxış edirdik. Yunis Hüseynov, Vidadi Rzayev, Nazim Süleymanov, Yaşar VahabzadəBiz oynaya-oynaya bu futbolçuların yanında böyümüşük. Bizə şans verirdilər. Amma indi 19 yaşlı futbolçuya deyirlər ki, hələ cavandır. Bu problem də legioner limitindən qaynaqlanır. Bəzi klublarımız bir neçə ildir ki, öz bazalarında çalışırlar. Uşaq futbolu var. Necə olur ki, klublarımız bu müddətdə bir hücumçu çıxara bilmirlər. 10 il əvvəl 10 yaşlı uşaq götürsəydilər, indi 20 yaşlı güclü hücumçu çıxardı. Niyə çıxara bilmədilər? Tovuzda və ya Gəncədə olsaydı, bəlkə çıxardı. Ancaq orada da şərait yoxdur.

- Bəs sizin seleksiyaçılar gedib adını çəkdiyiniz bölgələrdən futbolçu seçirlərmi?

- Bizim seleksiya qrupumuz yoxdur. İnşallah, dekabrdan bu problem də həllini tapacaq.

- Belə görünür ki, sizin sabiq koordinator Səbahəttin Təkin heç bir iş görməyib?

- Yox, “görməyib” deməyək, ancaq alınmadı. Ondan da nəsə öyrəndik. Onun işi rəhbərliyi qane etmədi. İndi bu işi Borçe Xristov görür. Ümid edirik ki, ən azı 2-3 futbolçunu komandaya qazandıra bilərik. Hansı futbolçu seçilirsə, onun üzərində nəzarəti artırırıq. Ümumiyyətlə, bütün klublar uşaq məşqçilərinin savadını artırmalıdırlar. 10 yaşlı oyunçunun beyni kağızdır. Bu yaşda uşağın beyninə nə yazılırsa, o da qalır. əllim savadsız olsa, futbolçu şikəst yetişəcək. İnanın ki, mən bəzi futbolçulara aut atmağı öyrədirəm. 17 yaşlı futbolçu 6-7 ildir bu işdədir və hələ də bunu edə bilmir. Uşaq futbolunda nəticəyə oynamaq lazım deyil, taktika və texnika öyrədilməlidir. “Vur qabağa, orada bir şey edərik” sistemi artıq işləmir. Amma klub rəhbərləri nəticə tələb edirlər. Nəticə əldə edə bilməyən məşqçi göndərilir. Belə olan halda “lipalar” artır. Bizim heyət əsas komandanın sisteminə uyğun məşq keçir. İndi uşaqlar öz yaşıdlarına qarşı asanlıqla oynayırlar. Amma gərək gələcəkdə əsas komandada mübarizə apara bilsinlər. Orada özlərindən yaşca böyük, Avropada isə təcrübəli futbolçularla üz-üzə gələcəklər. Öz yaşıdları arasında çempion ola bilərlər, amma biz onları gələcək üçün hazırlayırıq.

 “Gənc məşqçilərimizi təcrübə keçmək

üçün Avropaya göndərmək lazımdır”

- Avropadan uşaq futbolu ilə məşğul olan güclü məşqçiləri gətirib, öz məşqçilərimizi də onlara köməkçi təyin etsələr, bir müddət sonra özümüzünkülər onlardan çox şey öyrənərlər və artıq başqalarına ehtiyacımız olmaz…

- Bəli, futbolçu olmaq ayrı şeydir, məşqçi olmaq ayrı. Futbolu bilən adamları uşaq futboluna gətirmək lazımdır. “Ayaks” dünyada uşaq futbolu üzrə ən məşhur klubdur. Onlar kimi işləmək olar. Bir futbolçunu yetişdirmək üçün uzağı 200 min pul lazımdır. Amma yetişdirdikdən sonra onu 20 milyona sata bilərsən ki, belə olanda da heç sponsora ehtiyacın qalmaz. İndi bizim hansı klubun büdcəsi 20 milyondan ibarətdir? Gənc məşqçilərimizi təcrübə keçmək üçün Avropaya göndərmək lazımdır.

- Məşqçi kimi B kateqoriyasına sahibsiniz. Bəs A kateqoriyasını nə vaxt almağı düşünürsünüz?

- Mən budəfəki kursda A kateqoriyası almağı düşünürdüm. Amma komandamı buraxıb gedə bilmədim. Əvvəl tək işləyirdim. Ona görə komandanı heç kimə verə bilmədim. Amma indi köməkçim var. Kurs bir az gec başlasaydı, mən də iştirak edə bilərdim. Bir daha təkrar edirəm ki, bilik, savad artmasa, uşaq futbolunda nəsə etmək olmaz.

 “Hazırkı vəziyyətə görə, bu, ən doğru sistemdir”

- Keçək Premyer Liqaya. Çoxları çempionatda gərginliyin artdığını düşünür…

- 16 komanda olduğu dövrdə oyun çox olduğu üçün gərginlik elə də gözə çarpmırdı. İndi komandaların sayını 10-a endiriblər. Bunlardan da, demək olar ki, 6-sı güclüdür. Belə olanda da hər turda çətin matçlar olur. İndi də 16 komanda olsaydı, deyəcəkdilər ki, bu nə çempionatdır?

- Sizcə, 10 komandadan ibarət 4 dövrəli system düzgündür?

- Mənə görə, bu, düzgün format deyil.

- Bəs siz hansı sistemi təklif edərdiniz?

- İstəyərdim ki, 16 komanda ilə keçirilsin və klubların səviyyəsi bir-birinə yaxın olsun. Amma mən demirəm ki, məcbur belə olmalıdır. Başa düşürük, komanda yoxdur. Samballı komandaların olmasını istərdim. Hazırkı vəziyyətə görə, bu, ən doğru sistemdir. Başqa çıxış yolu yoxdur. Əgər Tovuz və ya Gəncə futboluna güclü sponsorlar getsələr, sistem dəyişə bilər.

 “Karyeranı sırf pula görə qurmazlar”

- Yığmamız artıq 2013-cü ili başa vurdu və baş məşqçi Berti Foqtsun müqavilə müddəti bitmək üzrədir. Siz onun getməsini istəyirsiniz, yoxsa qalmasını?

- Mən yığmada inkişaf görmürəm. Hər seçmə mərhələdə 1 xal artırmaqla inkişaf olmur. Berti Foqtsun qalmasının tərəfdarı deyiləm. Çünki biz heç nə qazanmamışıq. Yığmanı daha yuxarılarda görmək istəyirik. Milli komanda artıq nəticə barədə düşünməlidir. Uşaq futbolunda nəticə tələb olunmaya bilər, amma yığma sırf nəticə üçün oynamalıdır. Çünki sən həm ölkəni təmsil edirsən, həm də harasa getmək üçün oynayırsan. Xalq da səndən nəticə gözləyir. Amma biz ildə 1 xal artırıb, sevinirik.

- Hazırkı vəziyyətdə yığmanın hədəfi nə olmalıdır? Bu vəziyyətdə komandadan Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmağı tələb etmək də düzgün olmaz…

- Niyə də olmasın? Kifayət qədər oyun keçirmişik, futbolçuların yetərincə təcrübəsi var. Sadəcə, məşqçi seçimi düzgün deyil.

- Axı bizim legioner həyatı yaşayan cəmi bir futbolçumuz var…

- Futbolumuzda pul olduğu üçün heç kim legioner həyatı yaşamağa maraq göstərmir. Təbii ki, bu, yanlış düşüncədir. Bizdən kiçik ölkələrdə futbolçular milli çempionatlarında pul olmadığı üçün xaricə üz tuturlar. Karyeranı sırf pula görə qurmazlar. Yığma komandanın hazırkı heyəti artıq 5-6 ildir ki, bir yerdədir, mütləq nəticə verməlidir.

“Ya Sxadadze, ya da Qurbanov gəlməlidir”

- Bəs Foqtsun yerinə kimi məsləhət görərdiniz?

- AFFA əgər sırf əcnəbi məşqçi ilə yoluna davam etmək istəyirsə, bu posta “İnter”in çalışdırıcısı Kaxaber Sxadadzeni gətirməlidir. Azərbaycanı tanıyan, futbolumuzun hər şeyini bilən əcnəbi odur. Savadlı məşqçidir. Əgər federasiya üçün məşqçinin yerli və ya əncəbi olmasının fərqi yoxdursa, əsas namizədim Qurban Qurbanovdur.

- Yerli məşqçi gəlsə, AFFA-dan Foqtsun tələb etdiyini istəyə biləcəkmi?

- Bu, məşqçidən asılıdır. Qurban Qurbanov gəlsə, o, tələb edəcək. Çünki onun işi göz qabağındadır. Foqtsu nəyə görə gətirmişdilər? Nə vaxtsa Almaniya yığmasında uğur qazanıb. Həmin turnirdə mən də Almaniyanı çalışdırsaydım, həmin uğuru təkrarlayardım. Qurbanovun çalışdırdığı komandanın oyun sistemi göz önündədir. Yığmadakı futbolçuların da çoxu tanış simadır. Qurbanov kimin nəyə qadir olduğunu, kimlə necə danışmalı olduğunu yaxşı bilir. Amma Foqts bunları bilmir. Foqts iki aydanbir gəlib çempionatın bir oyununa baxır.

- Tutaq ki, Qurban müəllimi milliyə gətirdilər. Bəs uğursuzluq onun bütün karyerasını məhv etməz?

- Altı il Foqtsa vaxt verməyiblər? Həmin müddəti Qurbanov üçün də versinlər. Gələn kimi, nəticə vermək çətin olar. Əgər yığmanın baş məşqçisi istəyirsə, futbol olsun, AFFA-dan tələb etməlidir ki, uşaq futbolundakı məşqçilər savadlı olsun. 10 il yalnız futbolu inkişaf etdirmək barədə düşünməliyik. Klubları nəzarətdə saxlayıb, 10-15 ildən sonra sərbəst buraxmaq olar. Əgər bu gün inkişaf istəyiriksə, AFFA bu işə qarışmalıdır. 10 ildən sonra gördük ki, hansısa turnirə gedə bilirik, ondan sonra klublara sərbəstlik vermək olar. Əgər AFFA-nın köməkliyi ilə hər klubda bir sistem qurulsa, sonra dağılmayacaq, avtomatik işləyəcək. Nəticə olandan sonra klublar özləri irəli getməyə can atacaqlar. Azərbaycana indi Visente del Boskeni də gətirsən, xeyri yoxdur. Azərbaycanlı futbolçuları tanımasan, heç bir nəticəyə imza ata bilmərsən.

Zaman.-2013.-22 noyabr.-S.15.