“Xorda keçirdiyim 21 ilimə heyifsilənirəm”

 QVAMİ MƏHƏBBƏTOĞLU,

Əzizağa Əzizov... O, “Xəzər” televiziya kanalının çəkdiyi “Aramızda qalsın” serialındakı Əjdər rolu ilə daha çox tanındı, daha çox sevildi. Özünün təbirincə desək, tanınmış səhnə ustası, Xalq artisti Afaq Bəşirqızı ilə respublikamızın bütün bölgələrini gəzdi, “Aramızda qalsın”la ölkə sərhədlərini aşdı. Bununla da uzun müddət xorun kölgəsində qalmış bir şəxs özünü bir daha sənət adamı kimi təsdiqlədi. Beləliklə, həmsöhbətimiz Əzizağa Əzizovdur. Onunla redaksiyamızda görüşdük. Elə ilk sualımızı ünvanlamaq istəyirdik ki, o, “Aramızda qalsın” serialındakı Əjdər roluna girdi və özünəməxsus şəkildə: “Tavaxıl eləyin”, - dedi. Sonra isə əlavə etdi: “Sizi mənə kim urcah eləyib?” Mən sakitcə dilləndim: “Kim olacaq, ay Əzizağa müəllim, təbii ki, “Aramızda qalsın”, - dedim. Ona ilk sualımız gənclik arzusu ilə bağlı oldu.

 - Dənizçi olmaq istəmisiniz, amma həyatın dalğaları sizi incəsənətə atıb...

- Dənizi çox sevirəm. Ona görə də dənizçi olmaq istəyirdim. Bu məqsədlə Odessadakı Hərbi Dənizçilik Məktəbinə sənədlərimi vermək fikrində idim. Lakin böyük qardaşım, bir də bacım Solmaz xanım dedilər ki, yox, bəs sən aktyor olmalısan. Bu da səbəbsiz deyildi. Belə ki, mən boya-başa çatdığım Hacıqabulda o vaxt fəaliyyət göstərən Xalq Teatrının üzvü idim. Və həmin teatrın səhnəsində çalışmağımı da hobbim sayırdım. Uzun sözün qısası, çox danışıqlardan sonra onlarla, yəni qardaşım və bacımla belə bir şərt kəsdim: Mədəniyyət və İncəsənət İnsitutuna qəbul olunmasam, əsgərliyə, oradan da Dənizçilik Məktəbinə gedəcəyəm. Xoşbəxtlikdənmi deyim, bədbəxtlikdənmi deyim, İncəsənət İnsitutunun Musiqili komediya aktyorluğu fakültəsinə qəbul olundum.

- Axırıncı cümlənizi başa düşmədim. Bu nə deməkdir?

- Yenə deyirəm, aktyor olmaq istəməmişəm. Bu sənətə təsadüfən gəlib düşmüşəm. Odur ki, dolanışığım yaxşı olanda, tamaşaçıların alqışları çox olanda bunu xoşbəxtliyim, çətinliyə düşəndə isə: “Ay qardaş, ay bacı, niyə məni bu əzaba saldınız?” - deyərək bədbəxtçiliyim kimi yozuram.

- Görünür bu sənətin yollarında

 

çətinlikləriniz çox olub...

- Hansını deyim? İnstitutu bitirəndən sonra təyinatımı Opera və Balet Teatrına vermək istəyirdilər. Gördülər ki, əsgərlikdə olmamışam. O vaxt əsgərlikdə olmayanları, ümumiyyətlə, paytaxtdakı sənəd ocaqlarına təyinatla qəbul etmirdilər. Mənə dedilər ki, get, müvəqqəti olaraq Kirovabad Dövlət Dram Teatrında çalış, əsgərlikdən qayıdan kimi səni Opera və Balet Teatrına işə götürərik. Əsgərliyə gedib qayıtdım və beş ay o teatrda “çalışdım”. Sözün düzü, mən heç həmin teatra getmirdim. Sadəcə, maaş alandan-alana ora gedirdim. Elə bu səbəbdən həmin teatrda heç bir rol ifa etmək mənə nəsib olmadı. O ki qaldı niyə məhz Opera və Balet Teatrına təyinatımı vermək istəyirdilər? Mənim səsim bas-bariton idi. Bu sənət ocağına da belə bir səsə malik sənət adamı lazım idi. (Yeri gəlmişkən, bu, nadir səslərdən sayılır. Səs ya bas olur, ya bariton, ikisi bir şəxsdə nadir hallarda olur. İndi məndə ondan əsər-əlamət qalmayıb). Amma solfecio (musiqini eşitmə və duyma qabiliyyətini inkişaf etdirmək, eləcə də not oxumaq təcrübəsini artırmaq məqsədi daşıyan tədris fənni - Q. M) bilmədiyim üçün  altı ay xorda fəaliyyət göstərməyimi, səhnəyə alışmağımı, bundan sonra solist kimi çalışmağımı məsləhət gördülər. Məlumat üçün deyim ki, o vaxt solfecio yalnız konservatoriyada keçirilirdi, mən də İncəsənət İnstitutunu bitirmişdim.

- Sonradan operanın solisti ola bildinizmi?

- Həmin altı ay döndü illərə. Yəni nədənsə solist kimi çalışmağım üçün şərait yaratmadılar. 2007-ci ilin fevral ayında isə Opera və Balet Teatrından birdəfəlik çıxmağı qərara aldım. Düz 21 ilimi, əgər belə demək mümkünsə, orada yelə verdim. Əgər sual versəniz ki, dönüb keçmişinizə baxsaydınız, hansı günləri xatırlamaq istəməzdiniz, mən günləri yox, həmin 21 ilimi deyərdim. Mənim üçün o illər o qədər ağrılı, acılıdır ki... Hərdən o illər yadıma düşəndə başımdan tüstü çıxır.

- O illərdə toy məclislərində məharətinizi göstərmək niyyətində oldunuzmu?

- Sözün düzü, bir il tamadalıq etdim. Lakin sonradan gördüm ki, bu iş mənim təbiətimə əsla uyğun gəlmir. Odur ki, uzaqlaşdım.

- Bəs o illərdə başqa teatrlara üz tutmağı düşünmürdünüz?

- Niyə ki, düşünürdüm. Birinci dəfə (1989-cu ildə) Musiqili Komediya Teatrına dəvət olundum. Lakin burada mənim qeydiyyat məsələm həll olunmadı. Odur ki, Opera və Balet Teatrından tam ayrıla bilmədim. Çünki mən bu sənət ocağının yataqxanasında qalırdım. Maaşımla kirayə ev tuta bilməzdim ki... İkinci dəfə Səyavuş Aslanın dəvəti ilə (o zaman Səyavuş Aslan həmin sənət ocağının bədii rəhbəri idi) orada müqavilə ilə çalışdım və bir sıra rollar ifa etdim. Elə ki, xanımımın iş yerindən bizə ev verdilər, mən də xordan uzaqlaşdım. Eh, bu 21 ildə nələr çəkmədim ki...

- İşləriniz o vaxtdan axarına düşdü?

- Tanınmış sənətkarımız, gülüş ustamız Afaq Bəşirqızı “Bəşir” teatrını təsis edən vaxtdan, daha doğrusu, 1995-ci ildən. Bir neçə il onunla çalışdım. Allah ondan razı olsun, onunla işləyəndən sonra maddi vəziyyətim qaydaya düşdü. Yeri gəlmişkən, onu da deyim ki, bir aktyor kimi püxtələşməyimdə Afaq xanımın çox böyük əməyi var. Məhz o məni bir aktyor kimi ölkəmizdə tanıdıb. Yoxsa mən kim idim? O mənə həmişə dayaq olub. Həyatım boyu ona minnətdaram. Elə ilk övladıma da onun şərəfinə Afaq adı vermişəm. Afaq xanım bu gün də mənim fəaliyyətimlə maraqlanır, öz tövsiyələrini verir. Yəni o, bu gün də mənim müəllimimdir, böyüyümdür. Elə bir müəllimim, dayağım olduğuna görə qürur duyuram.

- Afaq xanım sizi necə kəşf etmişdi?

- Belə güman edirəm ki, o, oynadığım tamaşalara baxdıqdan sonra məni komandasına dəvət etmişdi. Yəqin, o bir aktyor kimi məndə bu sənət olan yanğını, sözün həqiqi mənasında, görə bilmişdir.

“Aramızda qalsın”ın Əjdəri

- Əzizağa müəllim, bu gün siz el arasında “Aramızda qalsın” teleserialında oynadığınız Əjdər kimi tanınırsınız. Əjdəri sizin prototip hesab etmək olarmı?

- Mən deyərdim ki, Əjdər 99 faiz elə Əzizağadır. Bu mənada mən “Xəzər” televiziyasının çəkdiyi 200 seriyalıq “Aramızda qalsın”da elə özümü oynamışam. Yeri gəlmişkən, onu da deyim ki, mən bu rola qədər bir vaxtlar oynadığım səhnəciklərdəki rollarımla - Nuhbala, Mırzağa kimi də tanınırdım. Əjdər isə məni qonşu ölkələrdə də tanıtdı. Bu mənada “Aramızda qalsın” məni çox məşhurlaşdırdı.

- O rol sizə görə yazılmışdı?

 

- Xeyr, həmin filmin yaradıcı heyəti ssenari yazılandan sonra aktyor axtarışına çıxıb. Həmin obraza uyğun aktyor arayarkən mənim üzərimdə dayanıblar. Sən demə, onlar mənim bir neçə tamaşama baxıblarmış. Mən də ssenarini oxuyandan sonra qeyri-adi öz-özümə dedim: “Bu elə mənəm ki...” Yeri gəlmişkən onu da deyim ki, mən “O olmasın, bu olsun”da Qoçu Əsgər, “Arşın mal alan”da Soltan bəy, “Bankir adaxlı”da Zaur, “Qısqanc ürəklər”də Mikayıl, “Subayalarınızdan görəsiniz”də Seyfi, “Volqalı canan”da Doymazov, “Səhnədə məhəbbət”də Şvartseneger, “Aldın payını, çağır dayını”da Mazarov, “Bir günlük xəlifəlik”də Harun-ər-Rəşid və s. kimi tamaşalarda müxtəlif rollar ifa etmişəm. “Yaşıl eynəkli adam”, “Dəvətnamə”, “Mükafat”, “Şans” və bir çox televiziya tamaşalarında, eləcə də “Qovğalı kəndinin gecələri”, “Ci-mi”, “Hərənin oz tayı+payı”, “Bizim Bayram” və s. filmlərdə çəkilmişəm. “Xəzər TV” sayəsində isə Türkiyənin “TRT 1” kanalının çəkdiyi  Zengin kız ve fakir oğlan” serialında da rol almışam.

- Seriala çəkilmək üçün hansı şərtləriniz olub?

- Elə bir şərtim olmayıb. Sadəcə, yaradıcı heyətə dedim ki, Əjdərin həyat yoldaşı Dilbər rolunu kim oynayacaq? Dedilər, bu sənin nəyinə lazımdır? Dedim, axı mən əsas tərəf müqavilimin kim olduğunu bilməsəm, o rolu yaxşı oynaya bilmərəm ki? Elə ki, həmin rolun Xalq artisti Səidə Quliyevaya həvalə olunduğunu dedilər, sözün düzü, çox sevindim. Əgər serialda mənim tərəf müqavilim başqa bir aktrisa olsaydı, bəlkə də, razılıq verməzdim.

- Aktyorlardan söz düşmüşkən, eşitdiyimə görə sonradan bir neçə aktyor serialı tərk etdi. Siz çəkilişlər müddətində, yəni 3 ildə belə bir fikrə düşmədiniz ki?

- Heç bu barədə düşünmədim də. Çünki mən “Xəzər” televiziyasının, eləcə də filmin bütün yaradıcı heyətinin elə bir qayğısı ilə əhatə olunmuşdum ki... Hətta inandırım sizi, bu serialda maliyyə məsələlərinə fikir vermədən belə çalışmağa hazır idim. Yeri gəlmişkən, onu da deyim ki, hazırda “Bir ailəm var” serialında Vidadi rolunda çəkilirəm. Vidadi öz ciddiliyi ilə Əjdərdən çox fərqlənir.

- Yəqin ki, yaxın zamanlarda sizə “Vidadi” deyə müraciət edəcəklər

- İnanmıram, çünki həyat təcrübəmə əsasən deyə bilərəm ki, indiydək bizdə heç bir aktyora ifa etdiyi dramatik obrazın adı ilə müraciət olunmayıb. Onu da deyim ki, Əjdərin yaddaşlara həkk olunmasında onun işlətdiyi sözlər (tavaxıl elə, nifrinliyini tökmə, giriftar oldum, şeşdağ oldum, ivrahimlər, səni mənə ürcah edənin və sairə) önəmli rol oynayıb. Unutmayın ki, indi belə sözlər dilimizdə, demək olar ki, işlənmir. Halbuki bir zamanlar dədələrimiz bu sözlərdən istifadə ediblər. Yeri gəlmişkən, o sözləri serialın müəllifləri ssenariyə daxil ediblər. Orada mənə aid ifadə “səni mənə urcah edənin”dir. Atam anama hirslənəndə o ifadəni işlədərdi.

- Serialda Əzizağa hər şeyi şişirdir, özünü hər bir işi bacaran kimi təqdim edir. Bəs siz necə?

- Evdə məət işlərini həmişə özüm həll etməyə çalışıram. Və belə işləri görəndə xüsusi ləzzət alıram. Görəndə ki, bacarmıram, dərhal ustaya müraciət edirəm. Amma maşına, internetə əsla marağım yoxdur. İnandırım sizi, indi də təyyarəyə minəndə ürəyim bulanır. Təyyarədən düşəndə meyit kimi oluram. 2-3 saatdan sonra özümə gəlirəm. Avtobusa minəndə də gərək qabağa baxam. Sağa-sola boylananda ürəyim bulanır.

“Mən bir qədər mühafizəkaram”

- Serialdakı həyat yoldaşınız sizə “antikvar” kimi də müraciət edir...

- Yaxşı yadıma saldınız. İnandırım sizi, bu filmə qədər həyat yoldaşım Aybəniz xanım mənə həmişə “antikvar” deyə müraciət edirdi. Bilirsinizmi niyə? Mən bir qədər mühafizəkaram. Daha doğrusu, əgər belə demək mümkünsə, köhnə xasiyyətliyəm. Məsələn, qısa paltar geyinənləri görən kimi deyirəm ki, görəsən, onların valideynləri niyə belə şeylərə icazə verirlər. Amma serialdan sonra o daha mənə beləcə müraciət etmədi. Dedi ki, daha sənə belə müraciət var...

- Səhv etmirəmsə, hələ fəxri adınız yoxdur...

- Heç buna görə narahat da deyiləm. Bəlkə, bu da ondan irəli gəlir ki, mən heç zaman aktyor olmaq istəməmişəm. 30 il keçməsinə baxmayaraq, bu dəqiqə ərizəmi yazıb işdən çıxa bilərəm. Bu məni incitməz. Bu sənəti indi də istəmirəm. Mənim üçün problem deyil. Yəni heç zaman da demirəm ki, teatrsız yaşaya bilmərəm. Amma hərdən düşünürəm, niyə də olmasın? Axı hazırda elə titullu aktyorlar var ki, onların yaradıcılıq diapozonu mənimlə heç müqayisə ediləsi deyil. Amma sabah ad verilsə, qoyub getmərəm. Deyərəm, mənə etimad göstəriblər. Mən bunu doğrultmalıyam. Yenə deyirəm, pis-yaxşı çalışıramsa, bu rolları oynayıramsa, teatrın aparıcı aktyoruyamsa, baş rollarda oynayıramsa, seriallarda və televiziya tamaşalarında çəkilirəmsə, Vətən qarşısında borcumu yerinə yetirmişəmsə, necə deyərlər, bir balaca layiqəmsə, niyə mən fəxri ad almayam? Mən başqa nə etməliyəm ki, fəxri ad alım?

- Bu fikirlərə görə qınağa tuş gəlməyinizdən çəkinmirsiniz?

- Əsla, yox. Qınayanlar baxsınlar ki, mən niyə belə deyirəm də...

- Eşitdiyimə görə, Qarabağ döyüşlərində də iştirak etmisiniz...

- Xocalı soyqırımından bir neçə gün sonra cəbhəyə könüllü yollandım. Ağdərə bölgəsində oldum. Özü də II Bakı batalyonunun tərkibində.... O barədə danışmağı xoşlamıram, hamı getməli idi, mən də getdim.

- Döyüşlərdən bəhs edən filmə çəkilmək ürəyinizdən keçibmi?

- Təbii ki. Ramiz Əzizbəylinin Orxan Fikrətoğlunun ssenarisi əsasında çəkdiy “Yalan” filminə dəvət olunmuşdum. Sözün düzü, döyüşlərdə iştirak etmiş bir şəxs kimi həmin filmə çəkilmək arzusunda idim. Lakin seçimlərdən sonra baş rola Vidadi Həsənov çəkildi. İnsafən, həmin filmdə Vidadi Həsənov çox gözəl oynayıb. Görünür, qismət deyilmiş. Yenə deyirəm, qismət...

- Başqa hansı rolda gözünüz qalıb?

- Mən gözüm qalıb deməzdim. Amma bu bir həqiqətdir ki, elə bir aktyor yoxdur ki, hansısa rolu oynamaq həsrətində olmasın. Mənim də belə bir arzum var. İstəyirəm ki, “Hacı Kərimin Aya səyahəti”ndə Hacı Kərimi oynayım. Özü də tərəf müqavilim Afaq xanım Bəşirqızı olsun.

- Bəlkə, başınıza gələn maraqlı bir əhvalatla söhbətimizi davam etdirək?

- Bir dəfə Opera və Balet Teatrında “Leyli və Məcnun”un fasiləsi zamanı su içmək məqsədilə həyətə düşdüm. Lakin həyətdəki krantda su olmadı. Mən də teatrın qarşısındakı kafeyə cumdum. Su içəndə gördüm ki, ətrafımdakılar mənə baxaraq gülüşürlər. Teatra qayıdanda birdən ayıldım. Sən demə, mən küçəyə ərəblərin qiyafəsində, üstəlik, qrimdə çıxmışammış. Camaat da mənim bu halıma gülürmüş.

- Hansı söhbətin aramızda qalmasını istəyərdiniz?

- Heç birinin.