“TRT həm də Azərbaycanın
kanalıdır”
Türkiyənin ictimai televiziyası
- TRT-nin (Türkiyə
Radio-Televiziya Qurumu) baş direktoru İbrahim Şahin “Odlar Yurdu” Universitetinin
Elmi Şurasının
qərarı ilə “Fəxri doktor” adına layiq
görülüb. Bu münasibətlə
dünən “Odlar Yurdu”nda təşkil olunan tədbirdə TRT-nin baş direktoru
İ. Şahin, Türkiyənin
Azərbaycandakı səfiri
İsmail Alpər Coşqun, millət vəkilləri Qənirə
Paşayeva, Nizami Cəfərov və digər qonaqlar iştirak ediblər.
Qonaqlar ilk olaraq,
universitetin foyesində
ulu öndər Heydər Əliyevin büstü qarşısına
qərənfil dəstələri
qoyublar. Daha sonra isə adıçəkilən ali təhsil ocağında tələbələr
üçün hazırlanmış
şəraitlə tanış olublar.
Tədbir
hər iki qardaş ölkənin dövlət himni ilə
başlayıb. Daha sonra çıxış edən
“Odlar Yurdu”nun rektoru, professor
Əhməd Vəliyev TRT-nin baş direktoru İbrahim Şahinin türk mədəniyyətinin, Qarabağ problemi və
Xocalı soyqırımının dünyaya
tanıdılması, iki ölkə
arasındakı münasibətlərin
daha da gücləndirilməsi
və genişləndirilməsində göstərdiyi
xidmətə görə fəxri doktor
adına layiq görüldüyünü
bildirib. Daha sonra çıxış edən Nizani Cəfərov TRT-nin baş direktorunun “Odlar Yurdu”nun
“Fəxri doktor” adına layiq
görülməsini və onun bu münasibətlə adıçəkilən
ali təhsil ocağına təşrif
buyurmasını böyük hadisə kimi qiymətləndirib. Tədbir əsnasında
iştirakçılara TRT kanalı haqqında video təqdimat da göstərilib.
İki
qardaş ölkə arasındakı münasibətlərin
daha da möhkəmləndirilməsində media və mətbuat
orqanlarının önəmli rolundan danışan Qənirə
Paşayeva TRT kanalının Türkiyə ilə
yanaşı, Azərbaycanın da kanalı olduğunu bildirib.
Onun sözlərinə görə,
adıçəkilən kanal öz fəaliyyəti ilə bunu
təsdiqləyib. Qənirə Paşayeva
bu kanalın 2007-ci ildən bu yana - İbrahim
Şahinin baş direktor seçilməsindən sonra
Azərbaycanla bağlı 13 mindən çox
xəbər, mindən çox 30 dəqiqəlik
proqramlar hazırlayıb dünyaya
nümayış etdirdiyini
vurğulayıb. O, bununla da TRT-nin həm də Azərbaycanın
kanalı adını doğrultduğunu sübut etdiyini söyləyib.
Q. Paşayeva tədbir
iştirakçılarının nəzərinə
çatdırıb ki, Azərbaycan üçün Türkiyə televiziya
kanalları arasında TRT qədər efir
vaxtı ayıran ikinci bir
kanal yoxdur.
Tədbir
iştirakçıları qarşısında
çıxış edən İbrahim Şahin “Fəxri
doktor” adına layiq görüldüyü üçün
çox şad olduğunu bildirib. Onun
sözlərinə görə, bununla ilk dəfə xaricdə fəaliyyət
göstərən ali təhsil
ocağı tərəfindən belə bir
ada layiq görülüb. TRT kanalının baş direktoru buna görə universitetin
bütün əməkdaşlarına təşəkkür
edib. Türkiyənin Azərbaycandakı səfiri
İsmail Alpər Coşqun
isə çıxışında yerli televiziya kanalları ilə yanaşı, TRT-nin də Azərbaycanın dünyadakı
səsi olduğunu vurğulayıb.
Dünən
həmçinin İbrahim Şahin “Türk dünyasına
üstün xidmət mükafatı” ilə də təltif
olunub. Azərbaycan Mətbuat Şurası,
Avrasiya Beynəlxalq Mətbuat Fondu, Avrasiya Beynəlxalq
Araşdırmalar İnstitutu İctimai birliyi bu mükafatı TRT-nin baş direktoruna türk dünyasına göstərdiyi xidmətlər,
“TRT Avaz” kanalının fəaliyyəti və
digər nailiyyətlərinə görə veriblər.
ELVİN ƏLİYEV
Zaman.-2013.-1 oktyabr.-S.2.