“Aida xanım dünya ədəbiyyatının bilicisi idi
XX əsrdə yeni ərəb ədəbiyyatının
formalaşmasında böyük
xidmətləri olmuş
ərəb məhcər
ədəbiyyatçılarının ədəbi irsinin tədqiq edilib, yalnız Azərbaycan oxucusuna deyil, eyni zamanda dünya
ictimaiyyətinin də
diqqətinə çatdıran,
bu dəyərli irsin müqayisəli tədqiqatını aparan
görkəmli ərəbşünas
alim Aida İmanquliyeva
olmuşdur. Oktyabr ayının 10-da görkəmli
alimin anadan olmasının 74 ili tamam olur. Bu münasibətlə
də, Aida xanımın
dissertantı olmuş,
onun haqqında maraqlı xatirələri
olan əməkdar jurnalist, filologiya üzrə fəlsəfə
doktoru, yazıçı
Fazil Güneylə bu mövzuda söhbətləşdik.
- Fazil bəy, elmi rəhbəriniz olmuş
Aida xanımı uzun
illər sonra necə xatırlayırsınız?
- Mən həyatda meyar saydığım elə müəllimlərimi,
dostlarımı, həmkarlarımı
itirmişəm ki, onların yoxluğu hər yada düşəndə
ürəyimi göynədir.
Əlimə qələm alanda,
ərəbcə qəzet,
kitab oxuyanda onların surətləri gəlib gözlərimin önündə durur.
Onlardan biri Aida xanımdır.
Elmi məqalələrimi, monoqrafiyalarımı
yazanda Aida xanımın
ruhu həmişə yanımda olubdur. Fikrən onunla məsləhətləşmişəm,
bir vaxtlar verdiyi tövsiyə və təklifləri yada salıb işimi o kökdə qurmuşam. Yoxsa onun xatirəsinə
ithaf etdiyim “Müasir Suriya romanı” və “Suriya qadın yazıçılarının əsərlərində qadın
emansipasiyası” elmi monoqrafiyalarımı bitirə
bilməzdim. Çünki jurnalistlik fəaliyyəti,
bədii yaradıcılıq
elmi işlərimi bitirməyə vaxt qoymurdu. Aida xanım
tələbkar idi, lakin tələbələrini,
institutda tabeçiliyindəki
əməkdaşları sıxmazdı,
danlamazdı. Sözü elə
deyirdi ki, orada tələb də, xahiş də, tövsiyə də vardı. Yaradıcılığının çiçəklənən çağında getdi.
Neyləmək olar, “Qurani-Kərim”də
deyildiyi kimi, “İnnə lillah va innə ileyhi
raciun” - Biz Allahınıq,
onun da yanına
qayıdırıq”. Mən
onun bütün göstərişlərini yerinə
yetirmişdim, tək bircəciyindən başqa...
Bu, məni həmişə
sıxır.
- Maraqlıdır,
oxucularla bölüşmək
olarmı?
- (Duruxur) Olar. 1992-ci ilin iyun ayı
idi. Katibəsi zəng etdi
ki, təcili Aida xanımın yanına gəl. Yaxşı ki, Bakıdaydım.
Bir saatdan sonra Şərqşünaslıq
İnstitutunun direktorunun
qəbul otağında
oldum, içəri çağırdı, oturmağa
yer göstərib, adəti üzrə ailəm, işlərim haqqında soruşdu.
Gözlərində əvvəllər görmədiyim bir kədər vardı, səsindəki şuxluğu
dalğınlıq əvəz
etmişdi. O dönəmlərdə
erməni işğalının,
terror əməliyyatlarının ləpəsi ölkədə
hamını sarsıtmışdı.
Belə yozdum onun bu halını...
Aida xanım qarşımda
ciddi tələb qoydu: üç aya, sentyabrın ilk günlərində dissertasiyam
müdafiəyə tam hazır
onun stolunun üstündə olmalıdır.
Sonra mehribanlıqla dedi: “İşin hazırdır, şöbədə
müzakirə olunubdur,
mənim son qeydlərimi
əlavə elə, texniki məsələlərlə,
rəylərin toplanması
ilə məşğul
ol. Üç ay vaxtımız var. İstəyirəm ki, mən burdaykən müdafiəni bitirəsən”.
Təlaşla soruşdum:
“Başqa yerəmi gedirsiniz?” Xəfifcə gülümsəyib: “Yox, işini bitir, deyilən vaxtda gətir, sonra gec olar” demişdi.
Hardan biləydim ki, bizim son görüşümüzdür?.. Bütün gücümü, vaxtımı jurnalistlik fəaliyyətinə sərf
edirdim. Çətin idi. Dediyi vaxtda
yox, sentyabrın sonlarına işimin əyər-əskiyini düzəldib
yanına getməyə
hazırlaşırdım, acı xəbəri eşitdim. Bərk sarsıldım, üç
ay qabaqkı söhbətimizi
xatırladım. Demə ölümün
yaxınlaşdığını bilirmiş. “Mən burdaykən...” deyəndə
bu dünyanı nəzərdə tuturmuş...
Ölümün gözünə
dik baxmaq buna deyirlər... Uzun müddət akademiyaya gedə bilmədim.
- Aida xanımın
araşdırmalarında öz
əksini tapan Qərb-Şərq məsələsini
necə dəyərləndirirsiniz?
- Məncə, Aida xanımın
elmi yaradıcılığının
aparıcı motivi Qərb-Şərq məsələsi
idi. O, əsrlər boyu bir-biri ilə
mübarizə aparmış
bu iki qütbün
ortaq və fərqli cəhətlərinin,
onları birləşdirən
və ayıran xüsusiyyətlərin ədəbiyyatda
necə əks olunması məsələsini
araşdırırdı. Ötən əsrin
80-ci illərində sivilizasiyaların
dialoqu məsələsi
təzə-təzə ortaya
atılırdı. O, aspirant və dissertantlara bu mövzuya diqqət çəkmələrini
tövsiyə edir, məsləhət və tapşırıqlar verirdi.
- Aida xanımın
ərəb məhcər
ədəbiyyatını fərqli
ədəbi cərəyanlarla
müqayisəli tədqiqini
necə xarakterizə edərdiniz?
- Bunun üçün bir neçə xalqın ədəbiyyatını,
bu ədəbiyyatlarda
cərəyanları dərindən
bilmək gərəkdir.
Aida xanım ərəb,
rus, türk, ingilis, fransız, bir sözlə, dünya ədəbiyyatının
bilicisi idi. Yeri gəlmişkən, qeyd edim ki,
əgər rus ədəbiyyatı XVIII əsrdə
Fönvizindən, Qərbi
Avropa xalqlarının
ədəbiyyatı XV-XVI əsrlərdən
başlayırdısa, ərəb
ədəbiyyatının tarixi
VI əsrdən qaynaqlanır.
Aida xanımın İslamdan öncəki Cahiliyyə şairlərinin
əsərlərini, İslamdan
sonrakı ərəb
ədəbiyyatını, XIX yüzillikdə Avropanın
təsiri altında yeni janrlarda yaradılmış müasir
ərəb ədəbiyyatını
gözəl bilirdi.
Buna görə də, o, ərəb məhcər ədəbiyyatının
heyranedici təhlilini verə bildi və bu təhlillər
ərəb müəlliflərinin
yazdıqlarından güclü
və hərtərəflidir.
Onlar məhcər şair və yazıçılarının
tərcümeyi-halını, əsərlərindən nümunələri
verməklə kifayətlənir,
üzdən gedirlər.
Aida xanımsa dərinliklərə baş
vurur, bütün məziyyətləri əhatə
etməyə çalışırdı.
Bircə fakt deyim: Aida xanım göstərirdi ki, məhcər ədəbiyyatı
müəllifləri Amerika,
Avropa xalqlarının
ədəbiyyatları, düşüncələri
ilə ərəbləri
tanış etdikləri kimi, avropalıları da əcnəbi dillərdə
yazdıqları əsərləri
vasitəsilə ərəb
ədəbiyyatı ilə
tanış edirdilər.
Ədəbi cərəyanlara gəldikdə
Aida xanım Cübran
Xəlil Cübranın
erkən yaradıcılığında
sentimentalizm cərəyanını
izləməsini, sonralar
sentimentalizmdən romantizmə
keçid dövrünü
yaşamasını, Əmin
ər Reyhaninin ərəb romantizminin təşəkkülündə rolunu, Mixail Nuaymənin rus ədəbiyyatındakı realizmdən
bəhrələnməsini ustalıqla açıb göstərmişdir.
Maraqlıdır ki, məhcər
ədəbiyyatının yaradıcılarından
biri, 99 yaşında Livanda vəfat etmiş Mixail Nuaymə Aida xanımın
yazdıqlarını oxumuş,
onu Livanda keçirilən simpoziuma dəvət etmişdi. Lakin bir sıra sovet
bürokratik əngəllərinə
görə Aida xanım
həmin elmi məclisə gedə bilməmişdi.
- Ölkəmizdə
ərəb filologiyası
üzrə ilk qadın
elmlər doktoru olan Aida xanımı elm sahəsində bir nümunəvi Azərbaycan
xanımı kimi necə dəyərləndirərdiniz?
- Bizim fakültəni bitirmiş xanımların çoxu ailə məsələlərinə, digər görünən və görünməyən səbəblərə görə öz ixtisaslarının ardınca gedib inkişaf edə bilmirdilər. Aida xanımsa öz həmkarları arasından təbii seçim yolu ilə bu mərtəbəyə yüksəlmişdir. Əvvələn, Aida xanımda elmə fitri istedad vardı, gözəl yazı və nitq qabiliyyətinə malik idi. Atası Nəsir İmanquliyev tanınmış qəzet redaktoru, universitet müəllimi idi. Qaynatası professor Mircəlal Paşayev məşhur yazıçı, alim idi. Həyat yoldaşı Arif Paşayev istedadlı fizik idi. Sonralar qızları ali məktəb tələbələri oldular. Aida xanım ziyalı mühitində yaşayırdı, onu başa düşür, istedadını inkişaf etdirmək üçün şərait yaradılırdı, mənəvi sıxıntısı yoxdu. O bütünlüklə özünü elmə həsr etmişdi. Dərin biliyi, yüksək intellekt və erudisiyası, daima axtarıb öyrənmək həvəsi ilə yanaşı müsbət aurası da vardı, elm aləmində, istər Bakıda, istərsə də Moskvada yaxşı qarşılanırdı. Dövrünün məşhur şərqşünas alimləri - Bakıda akademik Ziya Bünyadov, Rüstəm Əliyevdən tutmuş Moskvada Dolinina, Primakov və s. ilə yaxşı əlaqələri vardı. Aida xanımın namizədlik və doktorluq dissertasiyaları Moskva, Bakı və Tiflisin elmi dairələrində yüksək səviyyədə qiymətini almışdı.
- Aida xanım görkəmli alim
olduğu kimi, eyni zamanda yaddaşlarda gözəl bir insan kimi
də iz qoyub. Onun humanistliyi haqqında nə deyə bilərsiniz?
- Uca Tanrı yer üzündə mələk
xislətli, mələk ruhlu insanlar yetişdirir ki, qeyrilərinə
örnək olsunlar, adamlar onlara baxıb nümunə
götürsünlər. Aida xanım Allah-Təalanın yaratdığı belə
az, ibrətamiz insanlardan
idi, həmişə yaxşılıq
etməyə çalışırdı, adamlarda
yaxşını görürdü, düzlüyü axtarırdı. O incə insanda polad möhkəmliyi
vardı. Allah ona həm
daxili, həm də zahiri
gözəllik vermişdi. İnsanlar
ona baxdıqca yaxşının necə
olduğunu görə bilirdilər. Mən
onun anası, qaynanası, həyat
yoldaşı, qızı ilə söhbətlərini eşitmişdim. Bu
söhbətlərdə nə qədər ülvi
duyğular vardı. AMEA-nın Şərqşünaslıq
İnstitutunda onu
şöbə müdiri, direktor
kreslosunda da görmüşdüm. Başları, ürəkləri
dolu, ciblərisə boş
elm adamları ilə işləmək, həm
də dünyanın qarışıq vaxtı olan o dönəmlərdə
böyük kollektivi
idarə etmək o qədər də asan deyildi. Aida
xanım bunu bacardı.
Aida xanımın humanistliyindən, ziyalılığından, alicənablığından, yüksək intellektindən, təşkilatçılığından çox yazmaq olar. Bu müsahibəni bir cümlə ilə bitirmək istərdim: Aida xanım min illərdən bəri formalaşmış kamil azərbaycanlı qadın obrazını təcəssüm etdirir və onun nurunu günümüzdə övladları, nəvələri daşıyırlar. Mən hər onları görəndə, sanki Aida xanımı görürəm.
DR. MAHIR HƏMIDOV,
Zaman.-2013.-8
oktyabr.-S.7.