Hamit Karadeniz: “Xınalıqdan
qardaşımı aradım”
Hamit Karadeniz Türkiyənin ölkəmizdəki səfirliyinə yeni təyin olunmuş mətbuat üzrə müşavirdir. Bu günlərdə onunla
görüşüb, bir neçə sualla ona müraciət
etdik.
- Hamit bəy, səhv etmirəmsə,
siz səfirlikdə işə başlayana qədər bu məmləkətdə
olmamısınız?
- Elədir.
İndiyədək Azərbaycanda
olmamışdım. Bu qardaş məmləkətlə
yalnız qiyabi tanışlığım var idi. Yəni sadəcə, onun tarixindən, coğrafi
mühitindən, yürütdüyü siyasətdən xəbərdar
idim. Sözün düzü, bu, mənim
üçün bir nöqsan idi. Şükürlər
olsun ki, bunu aradan qaldıra bildim.
- İlk təəssüratlarınız
necədir?
- Azərbaycanda
çox sürətlə inkişaf, tərəqqi var.
Müşahidələrimə əsasən deyə bilərəm
ki, hər keçən gün bu məmləkət
yaxşılığa doğru dəyişir. 3-5 il əvvəl Bakıda fəaliyyətə
başlamış yoldaşlarım da bunu etiraf edirlər. Mən
də 3-4 il sonra Azərbaycanın daha
inkişaf etmiş bir ölkə olacağına inanıram. Yeri gəlmişkən, bir məqama da toxunmaq istərdim.
Şəhərdə yeni inşa edilən
binalar bir zamanlar tikilmiş binalarla uzlaşdırılır.
Bu da təbii ki, şəhərin estetik görkəminə
daha çox gözəllik verir.
-
Artıq sorağınız Azərbaycanın müxtəlif
bölgələrindən də gəlir...
- Bu
qardaş məmləkətin bütün bölgələrini
gəzmək, tanımaq istəyirəm. Mən
burada fəalliyyətə başlayandan təxminən bir ay
sonra Qəbələdə keçirilən Türkdilli
Dövlətlərin Əməkdaşlıq
Şurasının III Zirvə Görüşü çərçivəsində
bu bölgə ilə tanışlıq imkanı da qazandım.
Bura təbiiliyi, adamlarının səmimiliyi ilə
diqqətimi çəkdi. Bu bölgənin
insanlarının səmimiliyi buranın təbiəti ilə
həmahəngdir desəm, yanılmaram.
Böyük Qafqaz dağlarının ətəklərində,
dəniz səviyyəsindən 2300 metr yüksəklikdə
yerləşən Qubanın Xınalıq kəndində də
duyğulu anlar yaşadım. Bu kənddəki evlər bir-birinə
elə ustalıqla bənd olunub ki... Adi
çaydaşından bir-birinə çox yaxın
tikilmiş evlər məndə kəndin sanki hansısa sal
qayadan çapılması təəssüratını
yaratdı. Bu kənddə
aşağıdakı evin damı yuxarıdakı evin həyəti
rolunu oynayır. Burada həyətyanı
sahə anlayışı yoxdur. Bir
sözlə, Xınalıq özünün qədim
simasını saxlayan, daha doğrusu, sivilizasiyasının
dağıdıcı qüvvəsinə məruz qalmayan
canlı tarixi bir yaşayış məskəndir. Yəni onlar əsrlər öncə
yaşamış dədə-babalarının həyat tərzini
dəyişmədən yaşayırlar. Xınalıqda
olarkən birdən-birə öz kəndimiz yadıma
düşdü. Nədən bilirsinizmi?
Qarsdakı kəndimizin Xınalığa tam bənzəri
olmasa da, bu kənd mənim xatirələrimi yenilədi.
Xınalıqda gördüyüm insanları 40-50 il əvvəl kəndi köyümdəki
insanların eynisi olaraq gördüm. Bu mənada
uşaqlıq illərimə də xəyalən səyahət
etdim. Elə bu düşüncələr
içində oradan telefonla qardaşımı aradım.
Dedim ki, hazırda olduğum məkan öylə bir yer ki, sənə
anlatmaqda çətinlik çəkirəm. Sadəcə,
onu deyə bilərəm ki, bu kənd mənim
keçmişimə bir körpü saldı. Təəssüf edirəm ki, rəssam deyiləm.
Yoxsa buradan elə mənzərələr çəkərdim
ki...
- Hamit bəy,
inkişaf bəzən tarixi dəyərlərin də əleyhinə işləyir...
- Elədir,
inkişafın - şəhərləşmənin modern
gözəllikləri var. Amma inkişaf tarixi səhnəmizdən
bəzi dəyərləri sıradan çıxarır. Bu mənada buranın “Xınalıq” Dövlət
Tarix-Memarlıq və Etnoqrafiya Qoruğu elan olunması
çox yaxşı haldır. İnanıram
ki, bu yaşayış məskəni öz keçmişini
elə bu şəkildə saxlamağa müvəffəq
olacaq.
- Bu təəssüratlarınızı
qələmə alacaqsınız?
-
Hazırda işlərim çoxdur. İnşallah, nə
vaxtsa...
“Gənclər
bılməlıdırlər kı...”
- Yəqin ki, Qubadakı kütləvi
məzarlığı da ziyarət etmisiniz?
- Mən
orada, sözün həqiqi mənasında, dəhşətə
gəldim, üzüldüm. (Onu da qeyd edim ki,
ermənilərin törətdikləri soyqırım nəticəsində
formalaşmış belə məzarlıqlar Türkiyənin
bir neçə bölgəsində, o cümlədən
Qarsda aşkar olunub). Burada Heydər Əliyev Fondunun dəstəyi
ilə Quba Soyqırımı Memorial Kompleksinin
yaradılmasının isə tarixi əhəmiyyəti
böyükdür.
Quba kütləvi məzarlığı bir tarixi sənəddir. Həmin tarixi
sənədi isə gənclərə bu şəkildə
çatdırmaq önəmlidir. Gənclər
bilməlidirlər ki, Vətən necə Vətən olub, bu
yolda hansı dəhşətlərlə üzləşib.
Bu gün qloballaşan dünyada öz keçmişini bilməsən,
söz sahibi olmasan, sənin də aqibətin belə ola bilər.
- Yeri gəlmişkən,
bir məqama da toxunmaq istəyirəm. Bildiyiniz kimi, 1918-ci il sentyabrın 15-də Nuru Paşanın rəhbərlik
etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakıya
daxil olaraq şəhəri erməni-bolşevik
işğalından azad edib. Bununla da Azərbaycanın
müstəqilliyi təmin olunub. Ötən
ay bu tarixi hadisənin 95 illiyi də qeyd olundu. Sizcə, Azərbaycan Nuru Paşanı yetərincə
dəyərləndirib? Unutmayaq ki, hələ indiyədək
Nuru Paşanı heykəlləşdirməmişik...
- 15
sentyabr dedikdə Qafqaz İslam Ordusu və onun komandiri Nuru
Paşa yada düşür. Onun rəhbərliyi altında 20
min osmanlı könüllüsü ya
qazi, ya da şəhid olmağa Azərbaycana gəldi. 1130 nəfər bu torpağın azadlığı
uğrunda şəhid oldu. Təbii ki,
onların mücadiləsi gələcək nəsillərə
çatdırılmalıdır. Onları
rəhmətlə anmaq hər bir kəsin vəfa borcudur.
Bakıdakı Şəhidlər xiyabanında
onların xatirəsinə abidə də ucaldılıb.
Bəli, ötən ay bu hadisə müxtəlif
tədbirlərlə qeyd olundu.
Qafqaz İslam Ordusunun və Nuru Paşanın bu şəkildə
anılması bir vəfa duyğusunun təzahürüdür. Amma
bütün bunlar yetərlidir demək doğru olmaz. Qafqaz İslam Ordusunun fəaliyyətinin daha geniş
şəkildə təbliğ olunacağına əminəm.
Bu ölkədə fəaliyyət göstərən
səfirliyimiz də buna önəm verir.
- Hamit bəy, artıq neçə
ildir ki, ölkəmizdə “Çağ”ın məktəbləri
fəaliyyət göstərir. Onları təhsilimizin ordusu
adlandırmaq olar... Bu barədə nə deyə bilərsiniz?..
- İki cür ordu var. Biri əli silahlı, o biri əli
qələmli.
Masa başındakı əli qələmli ordu
da savaş meydanındakı ordu qədər önəmlidir.
Bəzən savaşda qazanılanı masa
başında qeyb edərsən. Buna
görə də, gənclərimizin bilik, savad sahibi
olmaları da vacibdir. Unutmayaq ki, son illər
texnologiya çox inkişaf edib. Məsələn,
bilgisayarla istənilən anda dünyanın hər hansı
nöqtəsinə ulaşırsan, anında hər yerdən
xəbər ala bilirsən. Bu mənada
onların fəaliyyəti olduqca qənaətbəxşdir.
Amma texnologiya ilə bağlı bəzi fikirlərimi
də açıqlamaq istərdim. Bu
texnologiyanın faydası ilə yanaşı, zərərli tərəfləri
də var. Uşaqlarımızı bu zərərlərdən
qorumalıyıq. Ona görə də, elə
çalışmalıyıq ki, uşaqlarımız
texnologiyanın pis əlamətlərinin qurbanı
olmasınlar. Təbii ki, bu da təhsillə
mümkündür. Sualınıza cavabı isə bu
sözlərlə yekunlaşdırmaq istəyirəm: bu məmləkətin
xeyrinə çalışan hər kəs bir əsgərdir.
Onlarınkı bir hizmət, onların məqsədi
təhsilə faydalı insanlar yetişdirməkdir. Mənim fikrimcə, bir milləti gələcəyə
daşıyan, gələcəyini daha işıqlı edən
də təhsildir. Təhsilsiz millətin gələcəyi
qaranlıqdır. Bir də unutmayın ki, elm, təhsil
insana dünya miqyasında daha çox dost qazandırır.
Elmli adam hər kəsi bağrına basar,
onu qardaşı kimi görər.
“Mətbuat üçün reklam önəmlıdır”
- Hamit bəy, artıq siz ölkəmizdə
fəaliyyət göstərən bəzi mətbuat
orqanlarını da ziyarət etmisiniz. Azərbaycan
mətbuatı barədə düşüncələrinizi də
bölüşməyinizi rica edirik.
- Bəri
başdan deyim ki, mətbuat aləmində də çox
gözəl nailiyyətlər əldə olunub. Bugünkü Azərbaycan mətbuatının durumu
isə mənə Türkiyə mətbuatının ötən
əsrin səksəninci illərindəki intibahı
xatırladır. Türkiyə mətbuatına indiki
nöqtəsinə gəlmək üçün 25-30 il lazım olub. İnanıram ki,
Azərbaycan mətbuatı Türkiyə mətbuatının
zəngin təcrübəsindən yararlanaraq çox qısa
bir zamanda özünün ən yüksək inkişaf mərhələsinə
qədəm qoyacaq. Bu sahədə bir
sıra sıxıntılar da yaşanır. Məsələn, mətbuat nümayəndələri
ilə görüşlərimdən aydın oldu ki, onlar
reklamlardan kifayət qədər yararlana bilmirlər. Mətbuat üçün reklam önəmlidir.
Türkiyədə mətbuatı ayaqda tutan
qaynaqlardan biri elə reklamdır. Qəzet
sahibləri də qəzetləri günün tələblərinə
uyğunlaşdırmaq üçün daha əzmlə
çalışmalıdırlar. Güman
edirəm ki, idarə, müəssisə rəhbərləri qəzetlərdə
reklamçılığa önəm verəcəklər.
Bu kimi sıxıntılar aradan qalxandan sonra Azərbaycan
mətbuatı daha güclü olacaq. Amma onu da deyim ki,
burada mətbuata dövlət qayğısı var. Belə ki,
ölkədə Prezident yanında Kütləvi İnformasiya
Vasitələrinin İnkişafına Dövlət Dəstəyi
Fondu kimi bir qurum fəaliyyət göstərir. Digər tərəfdən,
jurnalistlərə mənzillər verilir... Mənzillər
demişkən, onu da qeyd edim ki, burada sənət adamlarına
da önəm verirlər. Bütün
bunlar isə gələcəkdə sənət
dünyasını daha da zənginləşdirmək
üçün gənclərə əlavə stimul verir.
Hə, müşahidələrimə əsasən onu da deyim
ki, buradakı mətbuat aləmində
çalışanların əksəriyyəti şair və
nasirlərdir...
- Yeni təyin olunmuş mətbuat
müşaviri kimi iki qardaş ölkənin mətbuat aləminə
nələr bəxş etmək niyyətindəsiniz?
- Bununla bağlı layihlərim var. Onları
müvafiq qurumlarla razılaşdırdıqdan sonra bu barədə
ətraflı məlumat vermək niyyətindəyəm. Amma
ümumi olaraq onu deyə bilərəm ki, iki ölkənin mətbuat
nümayəndələrinin qarşılıqlı əlaqələrinə
daha çox önəm vermək fikrindəyəm. Yeri gəlmişkən,
mən iki qardaş ölkə arasında gediş-gəlişlərin
çoxalmasını istəyirəm. Odur ki, iki ölkə
arasındakı gediş-gəlişlərin də
asanlaşdırılmasına ehtiyac var. Mənim fikrimcə, hər
bir azərbaycanlı daha az para ilə Türkiyəni, hər
bir türk də Azərbaycanı ziyarət etməlidir. Məhz
bu şəkildə gediş-gəliş bir millət, iki
dövlətin qardaşlığına,
mehribançılığına daha çox töhfə verər.
Onu da deyim ki, Türkiyə-Azərbaycan arasında çox gözəl əlaqələr var. Bu iki dövlət bir-birlərinin əllərindən möhkəm yapışıblar, real təhlükələrdən birlikdə müdafiə olunmağa çalışırlar. Bu qardaşlığı daha da dərinləşdirmək üçün yetkililərimiz də canla-başla çalışırlar.
“Atam ayağindan öpüləsı
kışı ıdı”
- Hamit bəy,
söhbətimizi bilavasitə sizinlə bağlı suallarla
davam etdirmək istəyirik. Bəlkə, bir qədər də
özünüzdən, ailənizdən söz
açasınız?
- 5 övladım var. Onlardan üçü
(iki qız, bir oğul) ailə qurub, o biriləri
subaydırlar. Övladlarımın hamısı ali təhsillidirlər.
4 nəvəm var. Onu da deyim ki, bir zamanlar bizim tərəflərdə
qızları oxumağa qoymazdılar. Deyirdilər ki, qız
oxuyub nə olacaq? Getdiyi evə hizmət eləsin, bu, kifayətdir.
O zaman heç erkəklər də bu və ya digər səbəblərdən
təhsil ala bilmirdilər. Elə götürək
mənim atamı. Babam gənc yaşlarında rəhmətə
getdiyi üçün ailənin bütün
ağırlığı atamın üzərinə
düşüb. Öz zəhməti ilə 4
bacısını köçürüb, onları ailə
sahibi edib. Əməyə, zəhmətə o qədər
aludə olub ki, heç yazmaq, oxumaq da öyrənə
bilməyib. O, özünün əsgərlik həyatında
kitab oxumağı, yazı yazmağı öyrənib.
İnandırım sizi, elə gözəl qiraəti, elə
gözəl xətti var idi ki, heyran olmamaq mümkün deyildi.
O, bunlardan başqa, 4 illik əsgərlik həyatında bir həkim
yüzbaşının sayəsində həkimliyin də sirlərini
mənimsəyə bilmişdi. Elə əsgərlik həyatından
sonra ömrünün sonunadək (o, 2005-ci ildə rəhmətə
gedib) kəndimizdə, yəni Qars vilayətinin İslamsor kəndində
(indiki adı Aydınalandır) həkim kimi fəaliyyət göstərib.
Hamı ona Xəlil doktor deyə müraciət edirdi.
Bilirsinizmi, o zamanlar bizdə şəhərə gedib-gəlmək
olduqa çətin idi. Özü də öküz arabası
ilə...
Mən
ailəmizin böyük oğluyam (Atamın 8 övladı
olub, 5 qız, 3 oğlan). Atam həmişə mənə
deyərdi: “Bala, mən oxuya bilmədim, imkanım olmadı,
amma səni oxudacağam, sən də qardaşlarını
oxudarsan”. O, mal-qarasını satıb məni oxutdu.
Ayağı öpüləsi atamın dediklərini həyata
keçirdim. Üstəlik, qardaşlarımın, eləcə
də bacılarımın uşaqlarının da təhsil
almalarına vəsilə oldum. Yeri gəlmişkən,
atamın 34 nəvəsi var. Onların demək olar ki, səksən
faizi təhsil alıb. Yüksək İslam Təhsil
İnstitutunu bitirəndən sonra müəllim kimi fəaliyyətə
başladım. Bələdiyyə sahəsində, daha sonra
dövlət qurumlarında müxtəlif işlərdə
çalışdım.
QVAMI MƏHƏBBƏTOĞLU,
Zaman.-2013.-5 oktyabr.-S.7.