Ağdərə qəhrəmanı
Dağlıq Qarabağ uğrunda
gedən döyüşlərdə
Azərbaycan əsgərlərinin
göstərdiyi qəhrəmanlıqlar
barədə mənə
elə gəlir ki, az yazılıb və biz o dövrdə cəbhədə
baş verən çox həqiqətlər
barədə bu günə kimi tam məlumata malik deyilik. Bu hiss məndə
19 yaşında ikən
Qarabağ uğrunda döyüşlərdə iştirak
edən və dəfələrlə ölümün
gözlərinin içinə
baxan, göstərdiyi
şücaətlərə görə “Hərbi xidmətə görə”
medalı ilə təltif edilən və hazırda ehtiyatda olan baş çavuş Namiq Xalıq oğlu Məmmədov və onun döyüş
dostları ilə söhbətdən sonra yarandı. Bəlkə də, bir təsadüf
olmasaydı, mən hələ uzun müddət əsgər yoldaşları və zabitlər tərəfindən
Ağdərə qəhrəmanı
kimi tanınan Namiq Məmmədovu yaxından tanıya bilməyəcəkdim...
Namiq Məmmədov 1973-cü il yanvar ayının 18-də Neftçala
rayonunun Tatarməhlə
kəndində anadan olub. 4 yaşında
ikən atası dünyasını dəyişib.
Anasının himayəsində
böyüyüb və
orta məktəbi bitirdikdən az
sonra hərbi xidmətə çağrılıb.
Döyüş yolu Ağdərədən
başlayıb və həmin dövrdə Azərbaycan ordusunun adı çəkilən
rayonun Sırxavənd,
Xaçıntikinti və
Madagiz istiqamətlərində
həyata keçirdiyi
uğurlu döyüş
əməliyyatlarında iştirak
edib.
Döyüş yoldaşlarının, o cümlədən, hazırda
Müdafiə nazirliyində
çalışan keçmiş
komandiri, polkovnik-leytenant
Abukar Mirzəyevin dediklərinə görə,
hərbi əməliyyatlar
zamanı Namiq həmişə öndə
gedir və düşmənin atəş
nöqtələrini, canlı
qüvvəsini və
hərbi texnikasını
sərrast atəşlə
məhv edirdi. Abukar Mirzəyev: “O, ölümdən qorxmurdu və daim döyüş
yoldaşlarını ruhlandırırdı.
Ona görə də xatirini çox istəyirdik”,-dedi.
Onun sözlərinə
görə, döyüş
yoldaşları və
komandirləri döyüşlərdə
göstərdiyi igidliklərə
görə Namiqin adını “Ağdərə
qəhrəmanı” qoymuşdular.
Namiq Məmmədovun
keçmiş döyüş
yoldaşı, ehtiyatda
olan baş leytenant Quliyev Nazim Rəhim oğlu da Ağdərə
qəhrəmanı haqqında
ürək dolusu danışır. Onun sözlərinə görə,
uşaq yaşlarından
atasız böyüyən
və əsgərliyə
gələnə kimi həyatın bütün
ağrılarını öz
üzərində hiss edən
Namiq ilk günlərdən
əsgər yoldaşlarının
sevimlisinə çevrildi:
“Hamıya onu nümunə göstərirdik,
heç kimin bir sözünü iki eləmirdi, ən ağır vəziyyətlərdə belə
əsgər yoldaşlarının
köməyinə çatırdı.
Döyüşlərdə bir dəfə
də olsun qorxduğunun şahidi olmadıq. Ən ağır vaxtlarımızda
belə ruhdan düşmür, hamımızı
qələbəyə ruhlandırırdı”,-deyir.
Baş leytenantın sözlərinə
görə, Qlobus yüksəkliyi uğrunda
gedən döyüşlərdə
düşmən tankı
mövqelərimizə soxulmuşdu:
“Düşmən tankı
ilə üzbəüz
əlində qranatomyot
olan əsgərimiz isə tanka atəş açmaq əvəzinə özünü
itirmişdi. Bunu görən Namiq
güllə yağışı
altında bir göz qırpımında
özünü həmin
əsgərə çatdıraraq
qranatomyotu onun əlindən alaraq düşmən tankını
vurdu. Tank vurulandan sonra isə düşmən qaçmağa üz qoydu. Bir dəfə də
Namiq döyüşün
qızğın yerində
düşmən əsgərlərinin
arasına daxil olaraq, onları pərən-pərən saldı
və bir “Kamaz” dolu silahı
qənimət kimi ələ keçirdi”.
Nazim Quliyev Namiqlə bağlı digər bir epizodu da danışdı. Onun sözlərinə görə,
döyüşlərdən birində 703 saylı
hərbi hissənin I batalyonu mühasirəyə
düşmüşdü. Olduqca çətin vəziyyət
yaranmışdı və
batalyon mühasirədən
necə çıxacağını
bilmirdi. Belə bir vəziyyətdə Namiq təklif etdi ki, düşmən
üzərinə qranatomyotlarla
və digər silahlarla od
yağdırsınlar. Elə də
etdilər. Gözlənilməz atəş yağışından
düşmən özünü
itirdi və bundan istifadə edən batalyon düşmən mühasirəsindən
çıxa bildi.
Vətən eşqi
1993-cü
il dekabr
ayının 28-də Madagiz
gölü ətrafında
gedən döyüşlərdə
Namiq Məmmədov ağır yaralandı və 4 ay hospitalda müalicə olundu. Bununla əlaqədar Namiqi yaralandığı
hospitalda ziyarət edən hərbi jurnalist Şamil Sabiroğlu “Azərbaycan ordusu” qəzetinin 11 mart
1994-cü il sayında
gedən “Taborun iki igidi” adlı
məqaləsində yazır
ki, “N” saylı hərbi hissədə olarkən zabit Abukar Mirzəyevdən
taborun əsgərləri,
o cümlədən Namiq Xalıq oğlu Məmmədov haqqında xoş sözlər eşitdim. Abukar Mirzəyev döyüşlərdə daha
çox qəhrəmanlıqlar
göstərən Ələmdar
Sulduz oğlu Rzayevin “Azərbaycan Bayrağı” ordeni, Baş çavuş Namiq Xalıq oğlu Məmmədovun isə “Hərbi xidmətə görə”
medalı ilə təltif edildiyini söylədi.
Abukar Mirzəyev Şamil Sabiroğluna Namiq Məmmədov haqqında belə deyir: “ Son döyüşlərdə
yaralanan baş çavuş Namiq Məmmədov taborumuzun görən gözü, eşidən qulağı,
vuran əlidir”.
Zabitin xahişi ilə Bakıdakı hospitalda Namiq Məmmədovla görüşən Şamil
Sabiroğlu daha sonra yazır: “Yaralansa da döyüş
əzmini itirməyən
bu cəngavər oğlanın daim irəliyə doğru can atmaq istədiyini aydın hiss edirəm. Sanki heç nə
olmayıb ona. Namiq danışdıqca mən
də cuşa gəlir, onunla birlikdə döyüşə
atılmaq istəyirəm.
Öz-özümə fikirləşirəm ki, belə oğulları
olan xalq heç vaxt basılmaz.”
...Namiq Məmmədov
döyüş illərindən
həyacanla danışır,
arada hiss edirəm ki, gözləri dolur. O: “Bizim əsgərlərimiz
düşmənlə qəhrəman
kimi döyüşüblər.
Biz Ağdərəni demək olar ki, tamamilə düşməndən azad
etmiş və Xaçın çayına
çıxmışdıq. Buradan Xankəndiyə az bir məsafə vardı. Ermənilər də artıq
Qarabağı tərk
edərək qaçırdılar.
Amma rus hərbçilərinin ermənilərin
köməyinə gəlməsi
ilə hər şey dəyişdi...
Bir dəfə
döyüş meydanına
havadan qarapaltarlı, üzü maskalı desant tökdülər. Dərhal anladıq
ki, onlar ermənilərə köməyə
gələn rus desantlarıdır. Komandirimiz ratsiya
ilə onları məhv etmək üçün mərkəzdən
“duzlu xiyar” (düşmənə artileriya
atəşi açılması)
istədi. Lakin onun
xahişinə əməl
edən olmadı.
Hansı ki, desantların üzərinə
artilleriya zərbələri
endirilsəydi, onda onların bir nəfəri də sağ qalmayacaqdı, yerdə qalanını da biz atəşlə məhv edəcəkdik”, -
deyir.
Biganəlik
Hospitalda müalicə olunarkən anası ona evə qayıtmağı
təklif etmişdi, çünki əli biləkdən işləmirdi. Lakin o anasına
düşmənlə sona
kimi vuruşacağını
deyərək, əli
biləkdən işləmədiyinə
baxmayaraq, geriyə batalyona qayıdır və hərbi xidmətini davam etdirir.
1996-cı ildə II dərəcəli
müharibə əlili
kimi onu hərbi xidmətdən ehtiyata buraxdılar.
Ordudan tərxis olunduqdan sonra bir müddət
iş tapa bilmədi, çünki əlil olduğu üçün heç yerdə onu işə göürmək
istəmirdilər. Sonda tale onu
Bakıya gətirib çıxardı.
Namiq Bakıya
gəldikdən sonra, əmisinin evinə qeydiyyata düşüb. 2001-ci ildə isə Nərimanov rayon İcra hakimiyyətində II dərəcəli
müharibə əlili
kimi mənzil növbəsində dayanıb.
Hazırda Masazırdakı təmir emalatxanalarından birində
özünün də
dediyi kimi çətinliklə də
olsa, gündəlik çörək pulunu çıxaran Ağdərə
qəhrəmanı ötən
müddət ərzində
ailə həyatı qurub, məktəbə gedən iki oğlu var.
Namiq Masazırda
Zəngilan qaçqınının
belə demək mümkünsə, toyuq hini kimi inşa
elədiyi uçuq-sökük
tikilidə yaşayır. Nə qazı var, nə suyu.
Qışda ordan-burdan odun
yığaraq otağı isitməyə çalışr. Bu da asan
deyil. Çünki bir əli biləkdən işləmir. Namiq Məmmədov: “Dəfələrlə müvafiq orqanlara
müraciət edərək ağır vəziyyətimi onlara bildirmişəm. Heç
kim də mənimlə maraqlanmayıb. Belə
bir vəziyyətdə mən artıq
ağılları kəsən və ağır vəziyyətimizin
səbəbi ilə maraqlanan iki oğluma nə cavab verəcəyimi bilmirəm. Axı onlar da sabah
əsgər olacaqlar...”, - deyir.
Qeyd
edək ki, Qarabağ müharibəsi
iştirakçılarının və əlillərinin
sosial ehtiyaclarının təmin olunması, onların ilk
növbədə iş və mənzillə təmin
olunması barədə Prezident Heydər Əliyev tərəfindən
1994-cü il avqust ayının
26-da “Azərbaycan Respublikasını erməni təcavüzündən
müdafiə edərkən əlil olmuş şəxslərin
sosial müdafiəsinin yaxşılaşdırılması
haqqında” 193 saylı fərman imzalanıb.
Fərmanda
Qarabağ müharibəsində əlil olmuş şəxslərin
mənzil-məişət şəraitinin
yaxşılaşdırılması, əlilliyin dərəcələrinə
müvafiq aylıq müavinətlərin təyin edilməsi,
xarici ölkələrdə müalicə olunmaları,
xüsusiləşdirilmiş bərpa mərkəzlərinin
yaradılması, əlil arabaları, protez və bərpa
vasitələri, dərman preparatları ilə təmin
olunmaları, əlillərə minik avtomobillərinin verilməsi
və əlil insanların cəmiyyətə adaptasiya
olunması nəzərdə tutulub. Təəssüflər
olsun ki, Namiq Xalıq oğlu Məmmədova
münasibətdə Prezidentin fərmanını yerinə yetirmək
müvafiq qurumların yadına düşmür... Görəsən bu nə vaxta kimi belə davam edəcək?
ƏZIZ MUSTAFA,
Zaman.-2013.-15 oktyabr.-S.11.