“Ayılıb gördüm ki, muğam aləmindəyəm”
Tanınmış
sənət adamları onun muğam aləmində özünəməxsus izi olduğunu vurğulayıblar. Belə ki, Xalq artisti Arif
Babayev onun səsində bir şirinlik olduğunu, Xalq artisti
Əlbaba Məmmədov gözəl xırdalıqlar etdiyini
bildiriblər.
Xalq artisti Səkinə İsmayılova isə
onun muğamlarımızın ruhunu tutmaq bacarığı
ilə həmyaşıdlarından fərqləndiyini
xüsusi qeyd edib. Söhbət “Muğam Televiziya
Müsabiqəsi -2011”in qalibi Mirələm Mirələmovdan
gedir.
Qeyd edək
ki, Mirələm Mirələmov həm də bu ilin mart
ayında Heydər Əliyev Fondunun, Mədəniyyət və
Turizm Nazirliyinin, Azərbaycan Bəstəkarlar
İttifaqının birgə təşkilatçılığı
ilə dünyanın 24 ölkəsinin sənət
adamlarının qatıldığı “Muğam aləmi” III
Beynəlxalq Muğam Festivalının da qalibləri
sırasında yer alıb.
QVAMİ MƏHƏBBƏTOĞLU
- Mirələm bəy, muğamın
sehrinə necə düşmüsünüz?
-
Kiçik yaşlarımda türk mahnılarının
vurğunu idim. Odur ki, onların bəzilərini
sevə-sevə ifa etməyə çalışırdım.
Günlərin bir günü, daha doğrusu, 10
yaşımda, həmişə eşitdiyim əzan səsi məndə
çox qəribə hisslər oyatdı. Başladım
əzanı özüməməxsus şəkildə ifa etməyə...
Bu mənada mən deyərdim ki, bu mənə
Allah-Təalanın bir bəxşeyişidir. Daha sonra radioda
Yaqub Məmmədov, Mütəllim Mütəllimov, Yavər Kələntərli,
Zülfü Adıgözəlov, Alim Qasımov kimi korifeylərimizin
ifalarına qulaq asmağa başladım. Beləcə,
bir də ayılıb gördüm ki, muğam aləmindəyəm.
- Musiqini kamil öyrənmək
üçün hansı mərhələləri
keçdiniz?
- Bəri
başdan deyim ki, ailəmizdə, qohum-əqrəba arasında
musiqiçi olmayıb. Bircə Seyidağa
dayımın səsi olub ki, o da necə deyərlər, səsinin
dalınca getməyib, sadəcə, mal-qara otaranda
zümzümə etməklə kifayətlənib. Mən əvvəlcə boya-başa
çatdığım Şamaxıda Musiqi Məktəbində,
daha sonra isə Şamaxı Mədəni Maarif Texnikumunda
(hazırda bu təhsil ocağı Şamaxı Humanitar Kolleci
adlanır) oxudum. Buradan isə Asəf Zeynallı adına Bakı Musiqi Kollecinə
köçürüldüm. Hazırda isə
Azərbaycan Milli Konservatoriyasının ikinci kursunun tələbəsiyəm.
Yeri gəlmişkən, onu da deyim ki, Musiqi Məktəbində
Habil Şıxəliyevdən, Mədəni Maarif Texnikumunda
Zaur Cəfərovdan, Bakı Musiqi Kollecində
tanınmış xanəndə Zabit Niftəliyevdən dərs
almışam, başqa sözlə desək, onların vasitəsilə
bu aləmin sirlərindən agah olmuşam. Mənim
muğam aləmində tanınmağında isə ustadım
adlandırdığım Zabit müəllimin əməyi
daha çox olub.
- Yəqin ki, əslən
Şamaxıdan olan Alim Qasımovdan da nəsə əxz
etmisiniz?
- Asəf Zeynallı adına Bakı Musiqi Kollecində oxuyarkən
müəllimlərimiz başqa xanəndələrin də dərslərində
hərdən iştirak etməyimizi məsləhət
görürdülər. Bir gün mən də
Alim müəllimin dərsinə qatıldım. O,
“Mahur”u tədris edirdi. Dərsin sonuna yaxın
Alim müəllim həmin muğamdan bir parça
oxumağımı istədi. İfamdan sonra dedi ki, səsin
əsl xanəndə səsidir. Amma öz üzərində
mütəmadi işlə. Çünki əziyyət
çəkməsən, bu səsi millətə sevdirə
bilməzsən.
“Həm səsımə
güvənırdim, həm də münsıflər heyətının
ədalətınə”
- Mirələm bəy, siz Muğam
Televiziya Müsabiqəsində tanındınız? Həmin müsabiqəyə necə
qatıldınız?
-
Seçim turlarına Şamaxı şəhərindən
qatıldım. İlk turda ifa etdiyim “Mirzə
Hüseyn segahı” münsiflər heyəti - Arif Babayev, Mənsum
İbrahimov, Səkinə İsmayılova, Ramiz Zöhrabov tərəfindən
bəyənildi. Bakıda keçirilən
ikinci turda isə “Bayatı-Şirazı” ifa etdim.
- münsiflər
heyəti üzvlərinin hansınınsa dalınca gileyləndiyiniz
məqamlar olubmu?
- Əsla, yox. Yəni münsiflər heyətinin bu və ya digər
üzvü mənə az xal verəndə,
heç zaman gileylənməmişəm. Bunu,
necə deyərlər, özümə dərd etməmişəm.
Bilirsinizmi, mənə elə gəlirdi ki, hərdən az xal toplamağımın da öz gözəlliyi
var. Çünki tutulan iradlar məni daha yaxşı
oxumağa sövq edirdi. Bu mənada bütün
münsiflər heyətinə həmişə rəğbətim
olub.
- Mərhələ
adlamağınıza inamınız vardımı?
-
Sözün düzü, həm səsimə güvənirdim,
həm də münsiflər heyətinin ədalətinə. Müsabiqənin gedişatı da zənnimdə
yanılmadığımı sübut etdi. Və mən bu yarışmanın qalibi oldum. Nəticədə, həmin müsabiqə məni
bütün ölkədə tanıtdı.
- Yeri gəlmişkən, həmin
ilin fevral ayının 14-də “Mədəniyyət” kanalı
öz açılışını sizin də
iştirakınızla keçirilən muğam müsabiqəsi
ilə açdı. İlk
çıxış edən də siz oldunuz. Özü
də “Şuşanın dağları” xalq mahnısı ilə...
O anda hansı hisslər yaşadınız?
- Dilə
gətirməkdə çətinlik çəkirəm. Amma nə gizlədim yaman həyəcanlı idim.
Qoy şişirtmə kimi çıxmasın hətta
ürək döyüntülərimi belə eşidirdim.
Bu həyəcanım hətta münsiflər
heyətinin də nəzərindən qaçmadı.
Əgər xatırlayırsınızsa, münsiflər heyətinin
üzvü, Əməkdar incəsənət xadimi Nadir Axundov
mənim ifamı dəyərləndirərkən dedi: “Mən
Mirələmin həyəcanını hiss elədim. Mirələm çox yaxşı
çıxış elədi. Lakin məşq
prosesində o, bu mahnını bundan qat-qat yaxşı
oxumuşdu”. Bir də sizə bir şey deyim
də. Ümumiyyətlə, birinci
çıxış etmək olduqca məsuliyyətlidir.
Yəni sənə inanıb səhnəyə birinci
çıxarırlarsa, bu etimadı doğrultmalısan... Yeri gəlmişkən, gün o gün olsun ki,
Şuşanın dağlarından qara buludlar çəkilsin,
mən də həmin mahnını orada ifa edim.
- Mirələm
bəy, siz bu ilin mart ayında Heydər Əliyev Fondunun, Mədəniyyət
və Turizm Nazirliyinin, Azərbaycan Bəstəkarlar
İttifaqının birgə təşkilatçılığı
ilə dünyanın 24 ölkəsinin sənət
adamlarının qatıldığı “Muğam aləmi” III
Beynəlxalq Muğam festivalının da qalibləri
sırasında yer aldınız. Bu faktı
xatırlamaqda məqsədim başqadır. Sizə elə gəlmirmi bu kimi tədbirlər
muğamımızın dünya arenasında
tanınmasında, təbliğində mühüm faktorlardan
biridir?
- Mən
deyərdim ki, son illər muğamımızın təbliğində
YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Heydər
Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xidmətləri
daha çoxdur. Məhz onun sayəsində Azərbaycan
muğamı YUNESKO-nun bəşəriyyətin mədəni
irsinin şah əsərləri siyahısına salınıb
və çox sevindirici haldır ki, artıq bu siyahıda Azərbaycan
tarı, həmçinin tar ifaçılığı da
var. Muğam müsabiqələrinin təşkili, “Qarabağ
xanəndələri” albomunun buraxılması, “Muğam”
jurnalı, “Muğam ensiklopediyasının nəşri, “Azərbaycan
muğamı” multimedia toplusunun hazırlanması məhz onun
sayəsində baş tutub. Mədəniyyətimizin
inkişafına xidmət göstərən belə tədbirlər
sırasında hər iki ildən bir keçirilən
“Muğam aləmi” layihəsinin özünəməxsus yeri
var. Bütün bu işlər muğama olan sevgini gündən-günə
artırır. Hətta indi bu sözləri tez-tez
eşitmək olur: “Muğam müsabiqələri məni
muğama bağladı”.
Onu da deyim ki, keçirilən bu müsabiqə və
festivallar yeni gənc muğam ifaçılarını üzə
çıxarmaq, onların gələcək sənət
yollarının işıqlandırılmasında
mühüm əhəmiyyət kəsb edir. Yeri gəlmişkən,
hazırda davam edən IV Muğam Televiziya Müsabiqəsinin
iştirakçılarına da uğurlar diləyirəm.
“Özümü
bulaşdirmaq ıstəmırəm”
- Hansı muğam dəsgahlarını
ifa edə bilirsiniz?
- Demək
olar ki, hamısını...
- Hansı muğamı oxuyanda rahat
olursunuz?
-
Sözün düzü, seçim edə bilməyəcəyəm.
Çünki onların hər birini ifa edəndə
rahatlanıram.
- İndi də
muğamın sirlərini öyrənməkdə davam
edirsiniz?
- Bu
günlərdə hansısa qəzetdən Əlibaba Məmmədovun
bir müsahibəsini oxudum. O həmin müsabihəsində
Xan Şuşinskinin bir kəlamını xatırlayaraq deyib:
“Xan əmi o vaxt deyərdi ki, xanəndə 20-dən 30-a qədər
öyrənir, 30-dan 50-yə oxuyur, ondan sonra yola verir”. Bu aspektdən çıxış etsək, mən
hələ öyrənirəm. Hər
gün saatlarla məşq edirəm. Onu da
deyim ki, bu sənət elədir ki, gərək həmişə
öyrənəsən, gərək hər gün məşq
edəsən. İnandırım sizi, bir
gün məşq etməyəndə bu özünü bu və
ya digər şəkildə biruzə verir.
- Bəs uşaqlıq illərindən
kim olmaq istəyirdiniz?
-
Ümumiyyətlə, mənim tanıdığım
uşaqların hamısı güləşlə məşğul
olurdular. Mən də onlara qoşuldum. Hətta rayon miqyaslı güləş
yarışlarında da iştirak etdim. Lakin
bir müddətdən sonra səhhətimdə problemlər
yarandı. Elə bu səbəbdən
güləşin daşını atdım. Buna baxmayaraq, hərdən güləşlə məşğul
oluram. Futbol oynamağı da sevirəm.
- Yəqin məktəb illərində
səsinizi sınağa çəkənlər də olub?
- Sinif
yoldaşlarıma musiqi məktəbinə getməyimi deməmişdim,
amma yaxşı səsimin olduğunu bilirdilər. Odur ki, hərdən onlar üçün də
zümzümə edirdim. Hətta bəzi tədbirlərdə
də oxuyurdum. Sözün düzü, mən
bir qədər qapalı uşaq olmuşam. Sonradan sinif yoldaşlarımın bəzilər mənə
dedilər ki, doğrusu, fikirləşməzdik ki, bir gün sənin
sorağın səhnələrdən gələcək.
- Ölkəmizdə artıq
tanınırsınız. Bu mərhələdə
qalmaq üçün nə edirsiniz?
- Hazırda Azərbaycan Televiziya və Radio Verilişləri
Qapalı Səhmdar Cəmiyyətinin solistiyəm. Mənim
üçün burada hər cür şərait
yaradıblar. Sağ olsunlar. Təbii ki, müxtəlif
layihələr də cızıram. İstəyirəm ki, mən
də dünya miqyasında muğamımızın təbliğatçısı
olum. Ən böyük arzularımdan biri də Akademik Opera və
Balet Teatrının səhnəsində Məcnun rolunu ifa etməkdir.
- Özünüzü ulduz sənətçi
hesab edirsiniz?
-
Ümumiyyətlə, mənim bu cür epitetlərdən
xoşum gəlmir. Kimsə də mənə belə
müraciət edəndə etirazımı bildirirəm. Mənim
üçün ən əsası ifa etdiyim mahnılarla
insanların rəğbətini, məhəbbətini
qazanmaqdır. Məncə, xalq sevgisindən gözəl
şey ola bilməz.
- Şou əhlindən dəvət
almısınızmı?
-
Olub, amma qəbul etməmişəm. Hələ ki,
özümü bulaşdırmaq istəmirəm.
-
İndi bir qədər tanınan gənclər toylara üz
tuturlar...
- Bəri
başdan deyim ki, ölkə miqyasında
tanınmamışdan qabaq da el şənliklərində
iştirak edirdim. Bu da nə gizlədim ailəmizin
imkansızlığından irəli gəlirdi. İndi də
toya getməmək mümkün deyil. Hazırda mən kirayədə
yaşayıram. Kirayə haqqını ödəmək
üçün belə bir addım da atmağa məcburam.
- Yəqin toylarda bayağı
mahnılar da ifa edirsiniz?
- Xeyr, mən
toylarda hər mahnını ifa etmirəm. Belə
ki, el şənliklərində həmişə xalq, bəstəkar
mahnıları ifa edirəm.
- Mirələm bəy, bu gün sirr
deyil ki, bayağı mahnılar ifa edənlər daha çox
qazanc əldə edirlər. Bu sizi
qıcıqlandırmır ki?
-
Əsla... Amma mən bu vəziyyətin müvəqqəti
olduğunu güman edirəm. Mən isə
əsl sənət incilərimizi ifa etməklə qürur
duyuram.
- Mahnı bəstələmək,
şeir yazmaqla aranız varmı?
- Yox, sadəcə,
oxuduğum muğamlara özüməməxsus zəngulələr
vurmağa çalışıram.
Zaman.-2013.-19 oktyabr.-S.7.