Qulu Məhərrəmli: “Jurnalist əskiklikləri
tənqid edən, cəmiyyətin problemlərini göz
önünə gətirən projektordur”
- Sizcə peşəkarlığın
əsas elementləri nələrdir? Peşəkarlıq
deyəndə nə başa düşürsünüz?
-
Junalistikada peşəkarlıq, medianın qaydalarını,
prinsiplərini bilmək, onun fəlsəfəsini
düzgün şəkildə duymaq və bütün
bunları təcrübədə, jurnalistika fəaliyyətində
gerçəkləşdirməkdir. Bu yaxşı qələmi,
gözəl təfəkkürü olmaq, reallığa sadiq qalmaq və
gerçəkliyi olduğu kimi verməkdir. Ümumiyyətlə,
jurnalistin peşəkarlığını ifadə etmək
olmur. Bu müəyyən mənada jurnalistin həm
yaradıcılığında, həm də etik qaydalara əməl
etməyində
kamil davranışının ifadəsidir. Peşəkar jurnalist olmaq üçün
yaxşı bilik, mükəmməl vərdişlər və
həssas duyumun olması vacib şərtlərdəndir.
Eyni zamanda bu duyumu tamaşaçının,
oxucunun, yaxud dinləyicinin qəbul etdiyi bir tərzdə ona
çatdırmaqdır.
- Peşəkar jurnalistin
formalaşmasında nəzəri biliklərin və təcrübənin
rolu nə qədərdir? Bu iki amildən
hansı daha vacibdir?
- İkisinin sintezi olsa, daha yaxşıdır. Bizdə
jurnalistlər var ki, onlar nəzəriyyəni yaxşı
bilirlər, amma təcrübəyə gələndə görürük
ki, onun yazı vərdişi yoxdur, proqram
aparıcılığı qabiliyyəti yoxdur, eyni zamanda qələmi
zəifdir. Bu da publisistika məhsulu kimi
keyfiyyətli olmur. Ancaq nəzəriyyə ilə təcrübənin
sintezi peşəkarlığı
şərtləndirən amillərdən biridir ki, bu jurnalistin
həm bilikli, həm də
bacarıqlı olduğunu isbatlasın. Ümumiyyətlə,
biliyin və bacarığın sintezi, eyni zamanda
jurnalistikanın prinsiplərinə sədaqət peşəkar
jurnalistin obrazıdır.
- Peşəkar jurnalistin
formalaşmasında mühit hansı rol oynayır?
- Peşəkar
jurnalistin formalaşmasında mühit həlledici rol
oynayır. Məsələn, tələbə
yaxşı təhsil alır, amma yaradıcılıq ənənəsi
olmayan, yaradıcılıq mühitinin aparıcı
olmadığı bir kollektivə düşür. Onda təbii ki, həmin jurnalistdə mühitin mənfi
təsiri altında yayınmalar olur. Yəni
peşəyə maraqdan tutmuş, yaradıcı məhsula
marağa qədər çox şey onun üçün
maraqsız görünür. Bu baxımdan
hesab edirəm ki, mühit həlledici rol oynayır. Yaradıcı kollektivə düşmək,
yaradıcı mühitin hakim olduğu bir əhatəyə
düşmək gənclər üçün böyük
xoşbəxtlikdir. Ümumiyyətlə, hər
bir jurnalistin kollektivdə inandığı, ona güvəndiyi
yaradıcı liderlər olur. O liderlərin olduğu
kollektivlərdə yaradıcı mühit həmişə
qabarıq olur. Gənc
jurnalistlərə, peşəkarlıq yolunda addımlayan
jurnalistlərə, belə kollektivlərin əhatəsində
daha çox olmağı və bu yolla təcrübi biliklərə
yiyələnməyi məsləhət görürəm.
- Mövzu seçimində daha
çox nəyə diqqət edilməlidir?
-
Jurnalistikanın qızıl qaydası var. Bu qayda ondan ibarətdir
ki, jurnalist, oxucunu, tamaşaçını və dinləyicini
maraqlandıran məsələlərdən yazmalı,
günün çağırışına cavab verməlidir.
Elə jurnalistika sözünün özü
gündəlik deməkdir. Yəni, bu
gün cəmiyyətin, sualı nədirsə, marağı nəyədirsə,
nəyə görə narahatdırsa, cəmiyyət
üçün nə maraqlıdırsa, mütləq ona
toxunulmalıdır. Bu gün aktual olan bir
mövzuya toxunulmursa tamaşaçıda, eləcə də
auditoriyada küskünlük yaradır. Nəyə
görə televiziya, radio, yaxud da qəzet bu mövzuda məlumat
vermir? Halbuki
bu, böyük kütləni düşündürür.
Bu baxımdan hesab edirəm ki, bunlar media
üçün vacib amillərdir. Qəzet
nəyə görə çıxır? Birinci
səhifə anlayışı, manşet anlayışı nədən
ötrüdür? Ondan ötrüdür ki, jurnalist
oxucunun istəklərinə cavab versin . Belə olan halda auditoriya ilə media qurumu arasında
gizli bir bağ yaranır, müsbət auditoriya fikri
formalaşır.
- Kreativ jurnalist
anlayışını necə
başa düşürsünüz?
-
Ümumiyyətlə, jurnalistika kreativ olmalıdır. Qəzet, televiziya, radio, kino və burada
çalışan insanlar kreativ insanlardır. Jurnalistika bu gün bir neçə qola ayrılsa da,
burada önəmli olan kreativliyin önə keçməsidir.
Təşəbbüs və
yaradıcılıq meyili, həmişə media qurumunu irəli
aparır. Bunlar olmasa, biz təbii ki, kreativ
jurnalistikadan da danışa bilmərik.
- Peşəkar jurnalistin şərh
etmə
haqqı varmı və bu şərhin sərhədi
harda qurtarır?
-
Əslində bu məsələ bir az
ciddi məsələdi. Bəzi nəzəriyyəçi
jurnalistlərimiz var ki, xəbəri şərhdən
ayırmağa çətinlik çəkirlər. Onlar deyir ki, jurnalistin vətəndaş mövqeyi
olmalıdır, xəbərdə mütləq mövqe bildirməlidir
və s. Bunlar kökündən yanlış olan,
jurnalistikanın əlifbasından xəbəri olmayan
insanların iddiasıdır. Jurnalistika, həm
məlumatlandırır, həm təhlil edir, həm də təbii
ki, hadisələri qiymətləndirir. Xəbərlə
şərh arasında çox böyük məsafə var.
Şərhin özünün xüsusi təqdimat forması
var. Şərh, adətən, bir adamın deyil, kollektivin
şərhi olur. Məsələn, “Nyu York Tayms” (“New York Times”) qəzetində
birinci səhifədə hadisələrin qısa xronikası
verilir, ancaq onun şərhi isə, on beşinci səhifədə
verilir və həmin səhifənin altında təxminən beş ya da on nəfər
siyasi icmalçının adı yazılır ki, bu da
kollektiv şərhdir. Biz
jurnalist missiyasına uyğun olaraq həm xəbərləmənin,
həm təhlilin, həm də araşdırmanın sərhədini
bilməliyik. Eyni zamanda şərhin
formalarını da düzgün müəyyənləşdirməliyik.
- Bəs moderator (debat
aparıcısının) şərh bildirməsi nə dərəcədə
doğrudur?
- Moderator
adından da məlumdur ki, hər hansı müzakirəni tənzimləyən
insandır. Moderator üçün önəmli
olan şərtlər nədir? O, tərəf deyil, sadəcə
olaraq tənzimləyicidir, idarəedicidir, bir növ drijordur.
Əgər debat aparıcısı tərəf kimi
çıxış edirsə, demək müzakirə və
debat obyektiv deyil, ədalətsizdir.
- Sosial media peşəkar jurnalistin
formalaşmasına manedirmi?
- Sosial
medianın özünün dəyərləri,
özünün ölçüləri var. Buna görə də,
bunu peşəkar media ilə qarışdırmaq olmaz. Sosial media xəbəri auditoriyaya
yaxınlaşdırır, auditoriyaya şərh imkanları
verir, həm də sosial media auditoriyanın maraqlarını
ifadə edir. Ancaq peşəkar media ilə sosial media
arasında konkret sərhədlər var. Peşəkar
medianı bu sistemdən fərqləndirən
əsas odur ki, peşəkar medianın konkret qaydaları və
ölçüləri var. Belə ki, vətəndaş
mediasını qaydasız döyüşə bənzətmək
olarsa, peşəkar mediada bu əksinədir.
- Jurnalist peşəkarlığında
daxili senzura və ya vicdan anlayışı. Senzuranın
hansı forması jurnalist peşəkarlığına zərbə
vurmur?
- İstənilən qələm sahibinin özündə
bir daxili senzura var. Görəsən bunu yazım, yoxsa
yazmayım? Ancaq daxili senzura həlledici faktora çevrilirsə,
yazdıqlarının bir çoxundan çəkinsə, o
yazının effekti azalır. Peşəkar
jurnalist üçün önəmli olan, məzmunu ifadə
etməkdi. Həm də elə etməlidir
ki, məlumat dolğun olsun, auditoriyaya fikir tam
çatdırılsın.
Mən hesab edirəm ki, senzura
olmalıdır. Ancaq hansı halda? Etik qaydalarla bağlı, qəzəbli, kinli, nifrətli
yazılara qarşı senzura olmalıdır. Bunu da ən başda jurnalistin daxili senzurasına
buraxmaq lazımdır.
- Bəzən sosial təbəqə
siyasətə o qədər də maraq göstərmir. Amma çox zaman manşetlərdə siyasi xəbərlər
daha çox yer alır. Bu nə dərəcədə
doğrudur?
- Bu qəzetin
xarakterindən asılıdır. Qəzet var ki, onun öz
daxili çərçivəsi var. Aparıcı qəzet adına iddia edən media qurumu istər-istəməz
siyasətlə bağlıdır. Çünki
siyasət jurnalistikanın təbiətindən doğur.
Bu da cəmiyyətlə
bağlılığından irəli gəlir. Hər qəzetin
öz oxucusu var. Onlar bilir ki, siyasi mövzuları hansı qəzetdə, mənəviyyat
mövzuları, iman mövzuları hansı qəzetdə
işıqlandırılır. Konkret
mövzular olmadan, qəzetin mövzu hədəfi bəlli
olmadan onun fəaliyyətinin uzun sürməsi mümkün
deyil. Ona görə də, mən
düşünürəm ki, manşetləri siyasət xəbərləri
ilə dolu olan qəzetlərin də öz auditoriya kütləsi
var.
- “Müştəri hər
zaman haqlıdır” prinsipi doğrudurmu?
- Əlbəttə ki, doğrudur. Biz qəzeti
kimin üçün çıxardırıq? Yəni, əgər qəzeti oxuyan yoxdursa, proqrama
baxan yoxdursa, onda bunu heç bir şəkildə kütləvi
informasiya məhsulu hesab etmək olmaz. Ona görə də,
mütləq istehlakçının tələbini, istəyini
yerinə yetirmək lazımdır. Nəyə
görə tamaşaçı rəyi öyrənilir? Nəyə görə
böyük sosioloji sorğu qrupları var? Bütün bunlar müştəri məmnuniyyətini
təmin etmək üçündür.
- Oxucu tənqidə daha çox maraq
göstərdiyi üçün, sırf satış məqsədilə
jurnalistin bu mövzuda yazılara meyil etməsi peşəkarlığa
ziddirmi?
- Yox. Tənqid etmək medianın funksiyalarından biridir.
Çünki, media fəlsəfəsinə
görə ictimai nəzarətçidir, dördüncü
hakimiyyətdir. Jurnalist yeri gələndə
əskiklikləri tənqid edən, cəmiyyətin problemlərini
göz önünə gətirən projektordur. Və o zaman qəzet, jurnalist, mətbuat auditoriya
üçün dəyərli olur. Elə
dəyərli olduğuna görə də qəzet oxunur.
Amma tənqid də obyektiv, dürüst,
vicdanlı, qərəzsiz olmalıdır.
HƏVVA CƏLILOVA,
Zaman.-2013.-22 oktyabr.-S.7.