Böyükağa Hacıyev: “Mən sözümün ağasıyam”

 

QVAMI MƏHƏBBƏTOĞLU,

 

Böyükağa Hacıyev... O, “Neftçi”də iki il baş məşqçi oldu. Komandasını ardıcıl iki dəfə Azərbaycan çempionu etdi, ölkə kubokunu qazandırdı və Avropa Liqasının qrup mərhələsinə çıxardı... Albaniyanın “Skenderbeu” komandası ilə oyundakı məğlubiyyitinə etiraz əlaməti olaraq baş məşqçi postundan istefa verdi. Bir neçə gün öncə Böyükağa müəllimə zəng edib müsahibimiz olmasını xahiş etdik. O, təklifimizi məmuniyyətlə qəbul etdi.

- Böyükağa müəllim, nə var, nə yox?

- Bildiyiniz kimi, baş məşqçi postundan istefa verdikdən sonra “Neftçi” klubunun prezidentinin müşaviri vəzifəsində çalışıram. Əlbəttə,  müşavir baş məşqçi deyil, həyəcanı daha azdır. Üstəlik, əvvəlki kimi gecə saat 3-4-ə kimi analizlər etmirəm, tədrisin proqramını hazırlamıram. Ancaq kənardan futbola baxıram və lazım gələndə öz rəylərimi verirəm. Bu mənada deyərdim ki, ikiillik gərgin işdən (bu müddətdə “Neftçi”də gərgin işlər gördük) sonra istirahət edirəm. Mən özümə gəlirəm. Sağ olsun Sadıq müəllim (”Neftçi” Peşəkar Futbol Klubunun prezidenti Sadıq Sadıqov-Q. M.) ki, mənim üçün bu şəraiti yaradıb.

- Baş məşqçi postundan könüllü istefa verdiniz... Bu gedişlə siz kimləri yandırdınız, kimləri qandırdınız?

- Çıxışlarının birində U-19 millimizn bas məşqçisi Arif Əsədov demişdi ki, istefa vermək acizlik əlamətidir. Mən bu sözü qəbul etməmişdim. Dedim ki, istefa vermək acizlik yox, kişilik əlamətidir, bunu bacarmaq lazımdır (Xatırlayırsınızsa, ilk çempionluğunu yaşayan “Bakı”dan da özüm getmişdim). Hər bir məşqçi zamanında getməlidir. Unutmayın ki, mən “Neftçi” ilə Azərbaycan futbolunda tarix yazmışam. Bu işlərə görə klub prezidenti Sadıq Sadıqova minnətdaram. Çünki onun düzgün strategiyası, komandaya qayğısı olmasaydı, bu nəticələri əldə edə bilməzdim. Bu nəticələrdə məndən çox onun zəhməti var. Yenə deyirəm, onun kimi prezidenti olan baş məşqçi xoşbəxt məşqçidir. İstefa verməyimlə onu da sübut etməyə çalışdım ki, mən sözümün ağası məşqçilərdənəm. Və bu gün heç də getməyimə təəssüflənmirəm. Xatırlayırsınızsa, demişdim ki, “Skenderbeu”ya məğlub olsam, postumdan gedəcəyəm. Bu hərəkətimlə həm də çoxlarını qandırdım ki, lazım gələndə istefa verməkdən qorxmaq lazım deyil. Lakin bizim digər məşqçilər belə addım atmağa qorxurlar. Qorxurlar ki, sabah işsiz qalarlar.

- Amma gedişiniz azarkeşlər tərəfindən birmənalı qarşılanmadı. Bu haradasa azarkeşlərlə hesablaşmamaq deyildimi?

- Yox... Onlara böyük hörmətim var. Mənə verdikləri dəstəyə görə onlara borcluyam. Bununla belə, unutmayın ki, hər məşqçinin bir sonu var. Vaxtilə İranda çalışarkən demişdim ki, istənilən məşqçinin çantası hər dəqiqə qapının ağzında hazır olmalıdır. Və istənilən anda çantasını götürüb getməyi bacarmalıdır. Mən bunu elədim. Təbii ki, iki ildə bir komanda ilə 4 uğura imza atmış məşqçi kimi getməyə də bilərdim. Ancaq mən “Skenderbeu”ya uduzandan sonra Sadıq müəllimin üzünə baxa bilmirdim. Mənə vicdanım əziyyət verirdi. Axı necə olur ki, “İnter”lə, “Partizan”la heç-heçə oynayan, digər komandalara layiqli müqavimət göstərən “Neftçi” “Skenderbeu”ya uduzur? Bir şeyi də unutmayın ki, futbol səhvlər oyunudur. Futbolun gözəlliyi onun səhvləridir... Əgər futbolçu səhv etməsə, qol vurulmaz ki... Qol da olmasa futbolun hansı gözəlliyindən söhbət gedə bilər?

“Əcnəbi məşqçiyə nə ethiyac?”

- Sizin belə bir sözünüz var: mən ancaq əcnəbi məşqçilərə diz çökdürmək üçün yaşayıram. Bu gedişinizlə onların meydanını genişləndirmədinizmi? Bir də bu gün bizim əcnəbi məşqçilərə ehtiyacımız varmı?

- Mən azərbaycanlıyam və bununla fəxr edirəm. Karyerama nəzər salsanız görərsiniz ki, əcnəbi məşqçilərə uduzmamağa çalışmışam, bununla da məşqçilərimizin reytinqini qaldırmağa səy göstərmişəm. Bu mənim prinsipimdir. İndi xaricdən məşqçi gətirirlər ki, komanda çempion olsun. Əgər Böyükağa, Qurban Qurbanov, Ağasəlim Mircavadov komandaları çempion edə bilirlərsə, əcnəbi məşqçiyə nə ethiyac? Digər tərəfdən, onların elə səviyyələri də yoxdur ki, bizim məşqçilər onlardan nəsə öyrənsinlər. Yəni onların kvalifikasiyası bizimkilərdən aşağıdırsa, onlara niyə baş əyməyilik? Elə götürək ölkəmizdə çalışan ən titullu məşqçilərdən biri “Xəzər Lənkəran”ın baş məşqçisi Con Toşakı. Onun sayəsində “Xəzər Lənkəran” yarandığı gündən bu günə kimi hələ bu gündə olmayıb. Məgər adlar futbol oynayır, onu meydanda futbolçular oynayır. Bizdə isə bir əcnəbi məşqçi gedir, o biri gəlir. Legioner məşqçi işləməyə nə var ki? 3 il İranda legioner həyatı sürmüşəm. Kim idi məni orada tanıyan, yaxud uğursuzluğa görə məzəmmətləyən? Burada isə yerli məşqçi uğursuzluğa görə ailəsinin, tanışlarının yanında başını aşağı salır. Bir də unutmayın ki, bir zamanlar Türkiyə futbolunda da belə şeylər yaşanıb. Sonradan xaricilər yavaş-yavaş ələndilər və bu gün əksər klublar yerli məşqçilərə müraciət edir.

- Bu fikirləri əcnəbi futbolçulara da şamil etmək olarmı?

- Bu gün bizdə məşqçilərdən fərqli olaraq, səviyyəli legionerlər var.

- “Araz”, “Maşınsazi”, “Traktorsazi”, “Bakı”, “Standart”, “Neftçi”... Çalışdığınız bu komandalardan hansı sizə doğmadır?

- 15 il futbolçusu olduğum “Araz” mənim üçün həddən artıq doğmadır. Baxmayaraq ki, “Bakı”da çempionluğa imza atmışam, amma  karyeramda ən yaddaqalan klub “Neftçi”dir. Yeri gəlmişkən, “Neftçi”də elə uğurlara imza atmışam ki, bəlkə də yaxın illərdə kimsə bunu təkrar edə bilməyəcək. Üstəlik, “Neftçi” məni Avropada da tanıdıb, imicimi qaldırıb.

- Elə isə xarici klublardan təklif almısınız?

- Hazırda Rusiya klublarının maraq dairəsindəyəm. Amma Azərbaycanı tərk etmək istəmirəm.

- Böyükağa müəllim, Sadıq Sadıqovun adını tez-tez çəkirsiniz...

- O məndən cavandır, amma onu ağsaqqal kimi qəbul etmişəm. O elə bir anda mənə inandı və “Neftçi”yə gətirdi ki... Mən bu kluba dəvətə qədər belə bir söz demişdim: mənim futbolda deyilməmiş sözlərim var, bir zaman gələcəyəm və deyəcəyəm. Gəldim və futbol aləmində sözümü dedim. Amma nə gizlədim, elə indi də yenə mənim futbolda deyəcək sözlərim var. Günlərin bir günü qayıdacağam və o nöqtəni qoyacağam. Onu da deyim ki, bizim rəhbərlik haranı məsləhət görərsə, orada çalışacağam. Və çalışacağam ki, etimadı doğruldam.

- Bayaq belə bir ifadə işlətdiniz: futbol həm də elmdir.

- Bu gün futbol həm tarixdir, həm ədəbiyyatdır, həm fəlsəfədir, həm də riyazi hesablamalardır. Baş məşqçi bütün bunları bilməlidir. Psixologiyanı da dərindən mənimsəməlidir. Üstəlik, məşqçi işləmək üçün mütləq bir ilham pərisi lazımdır. Və sən ondan ilham alıb yaradıcılığını genişləndirməlisən. Mənə gəldikdə isə, ilham pərim də var, amma onun adını açıqlamayacağam. Nizamini, Füzulini, eləcə də çağdaş poeziyamızın bəzi nümayəndələrini (bu sözlərdən sonra o, Nisrət Kəsəmənlinin, Rüstəm Behrudinin, Əlağa Vahidin şeirlərindən nümunələr deyir. Üstəlik, Rüstəm Behrudinin ona şeir həsr etdiyini də vurğulayır) sevə-sevə oxuyuram. (Yeri gəlmişkən Mən Naxçıvan Dövlət Universitetinin tarix fakültəsini bitirmişəm. Sonra isə Bədən Tərbiyəsi və İdman Akademiyasında təhsil almışam). Muğam ifaçılarımızı, estrada müğənnilərimizi dinləyirəm. Röyanın vurğunuyam. Yeri gəlmişkən, atıq bir ildən çoxdur ki, ibadətlə məşğul oluram. Mənəvi cəhətdən tam hazır olandan sonra Həcc ziyarətinə də gedəcəyəm.

“O, 5 ildə futbolumuza barmaqarası baxdı”

- Əgər jurnalilst olsaydınız, Berti Foqtsa hansı sualı verərdiniz?

- Foqts 5 ildir ki, milliyə rəhbərlik edir. Mən deyirəm ki, o, 5 ildə futbolumuza barmaqarası baxdı. O, Azərbaycan futboluna verdiyindən çox aldı. Əgər o, mentalitetimizə bələd deyilsə, dilimizi bilmirsə, Almaniyada oturub bizim futbola baxırsa hansı uğurundan danışmaq olar? O ki qaldı suala. Yəqin, bizim millinin Rusiya ilə oyununa baxdınız. Həmin oyunda Foqts Maksim Medvedevi dayaq yarımmüdafiəçi yerində oynatdı. Ondan soruşardım: Medvedev karyerası boyu dayaq yarımmüdafiəçisi oynayıb, ya yox? Uşağı yandırmaqmı istəyirsən? O ki qaldı onun digər səhvlərinə... Onları saymaq üçün mənə 365 gün lazımdır.

- Bəs Böyükağa müəllimin ən kobud səhvi hansı olub?

 

- (zarafatla) Ən böyük səhvim qələbələri ard-arda sıralamağım olub.

- Sizə həyatda badalaq vuranlar olubmu?

- Bu gün də şəhərə çıxanda xalqın mənə sevgisini hiss edirəm. Bununla yanaşı onu da deyim ki, Azərbaycan futbolunda məni sevməyən qüvvələr də var. Niyə? Kimin acığına gəlirsə gəlsin, kim istəyir qəbul etməsin, açıq deyəcəm. Böyükağa Hacıyev kimi sözünü deyə bilən məşqçi elə Böyükağa Hacıyev olub. İkinci belə adam görmürəm, beləsi yoxdur. Bu gün hamı deyir ki, bu tsikldə (seçmə mərhələ) Foqts iki xal artıq yığıb. Bu, onun xidməti deyil, bu Azərbaycan futbolunun inkişafıdır. Bu başda “Neftçi” olmaqla “Qarabağ”ın, “Bakı”nın və başqa klubların inkişafının nəticəsidir. Bu, başda ölkə başçısı İlham Əliyevin qayğısı sayəsində AFFA-nın prezidenti Rövnəq Abdullayevin zəhmətinin bəhrəsidir. Unutmayın ki, bir vaxtlar millimiz buterbrodla oyuna gedirdi, indi hər cür şərait yaradılıb.

- Sizcə, 5-10 il öncə futbolumuza belə qayğı olsaydı...

- Bu gün futbolumuz Türkiyənin futbolundan əsla seçilməzdi.

- Türkiyə demişkən... Fateh “Qalatasaray”dan milliyə gətirildi. Sizin üçün də belə seçim gözlənilirmi?

- Bəri başdan deyim ki, o, dahi məşqçidir, onun sifətindən kişilik yağır. Amma onu da deyim ki, onun millidə nəticə verməsi üçün zamana ehtiyac var. Konkret mənə gəldikdə isə... Millini ver mənə, altı aydan sonra məndən nəticə istə.

“Zəif”əm, “Fəxi”yəm...

- Böyükağa müəllim, ilk dəfə top qovmağınızı necə xatırlayırsınız?

- Naxçıvanda məni Böyükağa Hacıyev kimi tanıyanlar azdır. Məni orada “Zəif” ləqəbi ilə tanıyırlar. O ləqəbin yaranma tarixçəsi də maraqlıdır. Dördüncü sinifdə oxuyarkən yaxın yoldaşlarım məni futbola gətirdilər. Onda məşqçim Səməd Fərzəliyev mənim arıqlığımı nəzərdə tutaraq dedi ki, bu nə zəif uşaqdır? Elə o vaxtdan ləqəbim Zəif qaldı. Və Naxçıvanın “Araz” klubunda oynadığım 15 ildə məni heç kim Böyükağa kimi tanımadı. Rəhmətlik anam da mənə elə “Zəif” deyirdi. Bu mənada bu ləqəb mənə olduqca doğmadır. İndi ailəmdə isə “Fəxi” deyə müraciət edirlər. “Fəxi” Fəxrəddin sözündəndir.

- Həyatda kumiriniz kim olub?

- Azərbaycan futbolunda bir kumirim olub. O da Əhməd Ələsgərov. Bu gün də ondan öyrəndiyiklərimdən yararlanıram.

- Eşitdiyimə görə, sizi bir zamanlar “Neftçi”yə də dəvət ediblər, amma siz...

- Elədir. Amma mən Əhməd Ələsgərovun dəvətini qəbul etməmişəm. Bu gün də mən Naxçıvan futbol məktəbinin yetirməsi olduğum üçün fəxr edirəm.

- Böyükağa müəllim, Naxçıvanla əlaqələriniz necədir?

- Naxçıvanda mənim rəhmətlik valideynlərim uyuyurlar. Bütün qohum-əqrəbam oradadır. Orada evimiz var. Yəqin ki, günlərin birində karyeramı başa vurandan sonra mən də orada yaşayacağam.

- Nə vaxtsa karyeranızla bağlı kitab yazmaq fikriniz var?

- Bu yaxınlarda “Böyükağa Hacıyevin futbol haqqında min kəlamı” adlı kitabım çıxacaq.

“Nəticələrim reklamımdır”

- Bu günkü Azərbaycan futbolunu necə xarakerizə edərdiniz?

- Azərbaycan futbolu qocaman qarlı bir dağa bənzəyir. Bu dağın başında cövlan edən ağsaçlı qartalların sayəsində futbolumuzun yaxın bir zamanda daha da inkişafının canlı şahidi olacağıq. Bu mənada bu gün futbolumuz intibah dovrünü yaşayır demək olar. Kim deyirsə futbolumuzda inkişaf yoxdur, o səhv edir.

- Hansı komandaya azarkeşlik edirsiniz?

- Komandalarımızın bütün oyunlarını izləyirəm. Başqalarından fərqli olaraq, stadionlara getmirəm, sadəcə, televiziyadan izləyirəm. Çünki televiziya ilə lazımı epizodları daha yaxşı dəyərləndirə bilirsən. Stadiona gedəndə isə qadasını aldığım azarkeşlər imkan vermirlər baxmağa... Hərə bir sual verir, nəticədə fikrim yayınır.

- Bəs şərhçi kimi niyə görünmürsünüz?

 

- Mənim reklama ehtiyacım yoxdur. Nəticələrim reklamımdır. Bundan başqa mən futbol analitiki deyiləm, məşqçiyəm.

- Əgər sizə, bir futbol komandası təşkil etmək tapşırılsa, ora kimləri dəvət edərdiniz?

- Hafiz Əliyevi, Tofiq Mustafayevi, Yaşar Vahabzadəni, Oqtay Abdullayevi, Şakir Qəribovu, Yunis Hüseynovu, Vidadi Rzayevi...

- Bəs həmin komandaya baş məşqçi kimi təyin edərdiniz?

- Onların hər biri elə özlüyündə baş məşqçidir də...

 

Zaman.-2013.-26 oktyabr.-S.7.