Bakının memarlıq incisi:
Aşurbəyovlar malikanəsi
Bakı milyonçularından Teymur bəy Aşurbəyovun
oğlu üçün inşa etdirdiyi malikanə
paytaxtın ən gözəl memarlıq nümunələrindən
biri sayılır.
Hazırda Qoqol küçəsi 28 ünvanında yerləşən
imarətin çox maraqlı tikiliş tarixçəsi var.
Teymur bəy iş məqsədi ilə tez-tez Tifləsə
gedirdi. Növbəti belə səfərlərinin birində
T. Aşurbəyov tiflisli xalça və əntiq əşyaların
satışı ilə məşğul olan Sultanovlar ailəsinin
qızı İsmət xanımı görür. Teymur bəy
qızı çox bəyənir və onu oğlu Bala bəy
üçün istəyir. Bakıya geri dönən Teymur bəy
oğlunu Tiflisə oxumağa göndərir və Bala bəy
də burada İsmət xanımla tanış olur. Teymur bəy
1904-cü ildə oğlu Tiflisdə təhsilini tamamlayanadək
gələcək gəlini üçün sözügedən
malikanəni inşa etdirir. O dövrün bir çox
binaları kimi, bu imarətin də layihəsi memar, mühəndis
İosif Vikentyeviç Qoslavskiyə (1865-1904) məxsus idi.
Aşurbəyovlar malikanəsinə ailənin
bütün üzvləri yaşayırdı. Binanın
birinci mərtəbəsində ailəyə məxsus kontora
var idi. Bundan əlavə birinci mərtəbədə bir
gürcü həkim ailəsi də yaşayırdı.
Binanın hər mərtəbəsində bir neçə
otaqdan ibarət mənzillər var idi. İkinci mərtəbədə
12 otaqlı mənzildə Bala bəy və İsmət
xanım yaşayırdılar. Onların qızı məşhur
azərbaycanlı tarixçi Sara xanım Aşurbəyova məhz
bu evdə dünyaya göz açıb. Eyni mərtəbədə
5 otaqlı mənzildə Bala bəyin köməkçisi
estoniyalı Lem yaşayırdı. Yeri gəlmişkən onu
qeyd edək ki, 1918-ci ildə Bakıda vəziyyət gərgin
olanda Lem ailəsi ilə birlikdə Estoniyaya gedir və bir
müddət sonra bu ölkənin mədənçilik
üzrə naziri olur. Binanın üçüncü mərtəbəsində
isə ailə başçısı Teymur bəy
xanımı Tutu xanım və böyük oğlu Əli bəylə
birgə yaşayıblar.
Teymur Qara bəy oğlu Aşurbəyov daha çox neft
milyonçusu kimi məşhurdur. O, Sabunçuda geniş
torpaqlara, təsərrüfat sahələrinə malik idi.
Deyilənlərə görə, son dərəcə səxavətli
və genişqəlbli bu insan öz qoyun sürülərini
kasıb kəndlilər arasında
bölüşdürürmüş. O, eyni zamanda mütərəqqi
düşüncəli bir insan idi. Elə bunun nəticəsi
idi ki, öz övladlarına - Əli bəy və Bala bəyə
gözəl təhsil vermişdi. Teymur bəy Aşurbəyov
xeyriyyəçiliyi ilə fərqlənirdi. O, məktəblər
tikdirir, məscidləri bərpa etdirir, imkansızlara əl
tuturdu. Teymur bəy Aşurbəyov kimi onun oğlanları da
öz xeyriyyəçilik əməlləri ilə məşhur
idilər. Aşurbəyovların təqaüdü ilə gələcək
məşhur ictimai xadimlər Mirəsədulla Mirqasımov, Hənifə
Pirverdiyeva və Ruhulla Axundov təhsil alıblar. O zamanlar bu
qardaşların iştirakı olmadan heç bir mühüm
xeyriyyə tədbiri keçirilmirdi. Məsələn, Buxara əmirinin
təşəbbüsü ilə Sankt-Peterburqda məscid
inşa edilərkən onun tikintisinə böyük miqdarda vəsait
Bakı milyonçularından, o cümlədən Aşurbəyovlar
tərəfindən ayrılmışdı. 1910-cu ildə məscid
praktiki olaraq hazır olanda Bala bəy öz vəsaiti
hesabına məscidin ibadət zalına böyük və dəbdəbəli
büllur çilçıraq
bağışlamışdı.
Qanlı mart hadisələri bu ailədən də yan
keçməyib. Hadisələrin başladığı il
Teymur bəy artıq həyatda deyildi, Əli bəy isə
xarici ölkələrin birində növbəti səfərində
idi. Binanı boşaltmaq məcburiyyətinda qalan Aşurbəyovlar
Sabunçu kəndində yerləşmişdilər. Ailəyə məxsus imarəti
talandan Bala bəyin qızlarının müəlliməsi
fransız madmuazel Qreylo xilas edib. Sara xanım Aşurbəyova
xatirələrində yazır ki, madmuazel Qreylo binanın
giriş qapısında Fransa bayrağı asmaqla və
özünü fransız əsilzadəsi kimi təqdim etməklə
Bala bəyin mənzilini və binanın bir çox hissəsini
daşnaklardan qoruya bilmişdi. Ancaq buna baxmayaraq,
azğınlaşmış qarətçilər binanın
arxa tərəfindən Əli bəyin mənzilinə daxil
ola bilmişdilər. Talançılar apara bildiklərini
götürür, apara bilmədiklərini isə
sındırıb dağıdırdılar. Yalnız 1918-ci
ilin sentyabr ayında ADR hökumətinin xüsusi qərarından
sonra Aşurbəyovlar öz malikanələrinə yenidən
qovuşurlar. Ancaq bu sevinc çox çəkmir. 1920-ci ildə
“XI Qızıl Ordu”nun Azərbaycanı işğal etməsi
ilə digər Bakı milyonçuları kimi Aşurbəyovlar
sahib olduqları hər şeyi itirirlər. Vəziyyəti
düzgün dəyərləndirən Bala bəy ata imarətini,
Mərdəkandakı bağı və bir çox digər
imarətlərini könüllü şəkildə
bolşeviklərə təhvil verir. Bundan sonra o, ailəsi ilə
birlikdə İstanbula köçür. Doğma vətəni
üçün burnunun ucu göynəyən Bala bəy
1926-cı ildə ömrünün ən böyük səhvini
edir. O, Bakıya qayıdır. Bala bəy Aşurbəyov
1937-ci ildə həbs olunur və Orta Asiyada güllələnir.
Günahı çox “sadə” idi - neft milyonçusu. Ailənin
böyük oğlu Əli bəy də həbs olunur və
Moskvada “Lyubanka” türməsində saxlanılır. Nəriman
Nərimanovun köməyi nəticəsində ona verilmiş
ölüm hökmü ləğv edilir. Ancaq
qardaşının acı taleyi Əli bəyin də ürəyinin
partlamasına səbəb olur. Əli bəy Aşurbəyov 9
yanvar 1940-cı ildə vəft edir.
Qeyd edək ki, Aşurbəyovların kökündə
Aşur xan Avşar dayanır. Məşhur Nadir şah
1740-cı ildə Azərbaycana gələndə Bakıda və
ətraf kəndlərdə özünə arxa yaratmaq
üçün əfşar türk tayfalarından bir çoxunu
Sabunçu, Zabrat və Keşlə kəndlərində yerləşdirmişdi.
Məhz Nadir şahın dövründə Aşur xan Cənubi
Azərbaycanın Təbriz şəhərinin hakimi və Azərbaycanın
sərdarı olub. Aşur xanın beş oğlu olub -
Hacı İmamverdi bəy, Allahverdi bəy, Abdullah bəy,
Danial bəy, Əliyar bəy. Teymur bəy, Hacı Əjdər
bəy, Bəşir bəy, İsa bəy, Nəsrulla bəy,
Hacı Mehdqulu bəy, Əliabbas bəy, Ağası bəy,
Mehdixan bəy, Əziz bəy, Hacı Əhmədağa bəy,
İsa bəy Aşurbəyovlar da həmin nəslin görkəmli
nümayəndələridirlər. Onların bəziləri
qardaş, bəziləri isə əmioğlu, bibioğlu və
ya xalaoğlu olublar. 1828-ci ildə Rusiyanın Şimali Azərbaycanı
işğal etməsindən sonra vəziyyət bir qədər
dəyişir. Bəylərin və xanların hüquqları
məhdudlaşdırılır.Lakin çar hakimiyyəti əhali
arasında yaranan narazılığı gördükdə əhalinin
ali təbəqəsi ilə bir qədər yumşaq davranmaq
qərarına gəlir. Bu istiqamətdə atılan ilk və
mühüm addım bəylərin iqtisadi və hüquqi vəziyyətinin
tənzimlənməsi üçün müxtəlif
komissiyalar yaradılması olur. Ali təbəqəyə mənsubluğun
bilinməsi üçün bəylər özlərinə
sonu “ov”la bitən “russayağı” soyadı qəbul etməli
idilər. Həmin vaxtdan bəri bu nəslin nümayəndələri
cəmiyyətdə Aşurbəyovlar soyadı ilə
tanınırlar.
Bu nəslin ən tanınmış nümayəndələrindən
biri Nabat xanım Qoça bəy qızı Aşurbəyovadır.
O, Hacı İmamverdi bəy Aşurxan oğlunun nəvəsidir.
Öz səxavəti və xeyirxahlığı ilə məşhur
olan bu əsilzadə xanım varlı Bakı taciri Hacı
Musarza Rzayevin həyat yoldaşıdır. Nabat xanım
Bakıda neft mədənlərinə və çox
böyük imarətlərə sahib olub... Nabat xanım
Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyevin təşəbbüsünə
qoşularaq Bakıya su kəmərinin çəkilməsində
də bilavasitə iştirak edib. Bu xeyirxah Azərbaycan
qadınının ən böyük işi Bakı şəhərində
tikdirdiyi Təzə Pir məscidi olub. Məscidin
özülünə birinci daşın qoyulması
üçün Nabat xanım öz fəaliyyətinə adi
bənna kimi başlayan məşhur xeyriyyəçi,
milyonçu Hacı Zeynalabdin Tağıyevi dəvət edir.
Doqquz ildən sonra məscidin baş günbəzinə sonuncu
daşı da o qoyur. Deyilənlərə görə, Nabat
xanım məscidin tavanını qızıldan etmək istəyirmiş.
Lakin sonra buna maddi imkan çatmayıb. Təəssüf ki,
Nabat xanım məscidin tikilib-başa çatmasına cəmi
iki il qalmış vəfat edir. Binanın tikintisi onun oğlu
Hacı Abbasqulu Rzayev tərəfindən başa
çatdırılır. Təzə Pir qədər möhtəşəm
və əzəmətli görünüşə malik digər
bir Bakı məscidi Göy məsciddir. Bakılılar onu
Göy məscid kimi tanıyırlar. Ancaq əvvəllər
bu Allah evi onun əsasını qoyan Bakı taciri və
mesenatı Hacı Əjdər bəy Aşurbəyovun adı
ilə “Əjdər bəy” məscidi də adlanırdı.
Nabat xanım kimi, bu şəxs də məşhur Aşurbəyovlar
nəslinə mənsub idi.
Zaman.-
2013.- 30 oktyabr.- S.7.