“Teatrımızın və teatrşünaslığımızın gələcəyinə nikbin baxıram...”

 

 QVAMİ MƏHƏBBƏTOĞLU,

 

Həmsöhbətimiz sənətşünaslıq üzrə fəlsəfə doktoru, teatrşünas Vidadi Qafarlıdır. 

- Vidadi bəy, son vaxtlar teatrlarımızda səhnəyə qoyulan xarici əsərlər geniş yer tutur. Bu nədən irəli gəlir?

- Birincisi, bu, teatrın təbiətindən irəli gəlir, yəni teatr bir yaradıcı orqanizm olaraq həmişə yeni mövzular axtarır və görünür ki, müasir milli dramaturgiyamız bu tələbatı tam ödəyə bilmədiyindən son vaxtlar xarici dramaturgiyaya müraciətlər artıb. Digər tərəfdən, bu gün Azərbaycan bütün sahələrdə dünyaya inteqrasiya edirsə, teatr cəmiyyətin mikromodeli olaraq necə bu prosesdən kənarda qala bilər? Yəni bu həm də zamanın tələbidir və qədərini aşmasa, faydalı cəhətləri də az deyil. Belə ki, tamaşaçılarımızı xarici dramaturgiya ilə tanış edir, dramaturqlarımızı yaradıcılıq axtarışlarına təhrik edir, aktyorlarımız fərqli düşüncəyə, dünya görüşünə malik obrazlarla tanış olur, ifaçılıq palitrasını genişləndirirlər.

- Son vaxtlar teatrlarımıza əcnəbi rejissorların axını da başlayıb. Onlar teatrımıza hansı yenilikləri gətiriblər və yaxud gətirmək istəyirlər?

- Əcnəbilərin axını təkcə teatrlarımıza deyil ki… Bu gün paytaxtımızın əksər möhtəşəm binalarını da əcnəbi memarlar layihələndirir, xarici şirkətlər tikir. Bu mənada indiki dövr XIX əsrin sonu - XX əsrin əvvəllərini xatırladır. Məncə, indiki mərhələdə, teatrlarımızın yaradıcılıq mübadiləsi, yeni əlaqələr qurması baxımından əcnəbi rejissor axını hələ ki, xeyirlidir. Amma bu əlaqə də, mübadilə də qarşılıqlı olmalıdır. Bizdə isə bu, təəssüf ki, birtərəfli gedir... Onların teatrımıza hansı yeniliklər gətirdiyini isə deyə bilmərəm, çünki əcnəbi rejissorların teatrlarımızda quruluş verdiyi tamaşalarda bizim rejissorların işindən fərqlənən, qeyri-adi heç nə görməmişəm. Əslində bunu onlardan gözləmək də sadəlövhlükdür, axı 30-40 günə hansı yeniliyə nail olmaq olar?

- Elə isə dünya teatr təcrübəsindən kifayət qədər bəhrələnə bilirikmi?

- Obyektivlik naminə deməliyik ki, haqqında danışdığımız proseslər qismən, dünya teatr təcrübəsindən bəhrələnmək istəyindən irəli gəlir. Amma geniş mənada söhbət müasir dünya teatr təcrübəsindən gedirsə, bəhrələnmə yox dərəcəsindədir. Həmin təcrübədən faydalanmaq üçün o prosesin içində olmaq, onun iştirakçısına çevrilmək lazımdır. Biz isə müəyyən cəhdlər etsək də, hələ ki bu prosesi uzaqdan izləyən tamaşaçı qismindəyik. Dünya təcrübəsindən bəhrələnmək üçün MDB-nin sərhədlərini aşmaq, nüfuzlu beynəlxalq festivallarda, forumlarda görünmək, ölkəmizdə məsələn, Qəbələ beynəlxalq musiqi festivalı kimi, səviyyəli beynəlxalq teatr festivalı keçirmək, məşhur teatrların ölkəmizə, bizim teatrların Avropa ölkələrinə qastrollarını təşkil etmək lazımdır.

- Niyə Avropada daha çox görünə bilmirik?

- Bizim teatrın Avropada görünməsi üçün hələ çox işlər görülməlidir. Bunun üçün teatrlara dövlət qayğısı daha da artırılmalı, maliyyə imkanları genişləndirilməlidir. Teatrları, teatr sənətçilərimizi stimullaşdırmaq lazımdır. Bu gün bizdə tamaşaya ayrılan maliyyə vəsaiti Avropa ölkələrindən çox aşağıdır, aktyorların aldığı maaşın, qonorarın müqayisəsindən isə söz gedə bilməz. Teatr sənətçilərimiz əsl fədakarlardır. Bir çox Avropa ölkələrində teatrlar gəlir vergisindən azad edilib, Estonoyada isə bununla yanaşı, hətta siqaret və spirtli içkilərin satışından əldə olunan gəlirin müəyyən faizi teatrlar arasında bölünür. Amma bizdə teatrların yalnız əməkhaqqı fondu dövlət büdcəsindən ödənilir və hər teatrda yalnız bir-iki tamaşa dövlət sifarişi ilə hazırlanır. Digər tamaşalar isə teatrın daxili imkanları hesabına başa gəlir. Daxili imkanlar da şox məhduddur. Və təsəvvür edin, teatr həmin məhdud imkanlarla yüksək səviyyəli tamaşalar hazırlamalıdır ki, xarici festivallara, qastrollara gedə bilsin. Bura bəzi yaradıcı problemləri də əlavə etsək, səbəblərin mənzərəsi aydın olar.

“İldə 5-6 yeni tamaşa hazırlamaq kifayətdir” - Akademik Milli Dram Teatrının rəhbərliyi tərəfindən aparılan reformalar öz bəhrəsini verdimi?

- Şübhəsiz ki, müəyyən nəticələr var. Akademik Milli Dram Teatrında il ərzində on bir tamaşa hazırlanıb, teatr İranda, Gürcüstanda, Moldovada, Ukraynada, İsveçdə qastrol səfərlərində olub, festivallarda iştirak edib. Bir neçə il əvvəl biz bir teatrın bir il ərzində bu qədər xarici səfərdə olmasını heç xəyalımıza da gətirmirdik. İndi isə bu artıq faktdır. Və bu, ən azı teatrda intensiv işin getdiyini göstərir.

Düzdür, hazırlanan bütün tamaşaları heç də uğurlu adlandırmaq olmaz, bu heç mümkün də deyil. Əslində mən bir il ərzində on bir tamaşa hazırlamağın tərəfdarı da deyiləm. Bu, ayda bir tamaşa deməkdir. Adətən, antrepriz teatrları bu prinsiplə işləyir. Akademik teatr isə davamlı və uzunmüddətli repertuara malik teatrdır. Bu mənada həm yaradıcı, həm də maliyyə resurslarını həddən artıq bölməmək üçün, məncə, ildə 5-6 yeni tamaşa hazırlamaq kifayətdir. İslahatların bəhrəsinə gəldikdə isə deyim ki, Akademik Milli Dram Teatrında aparılan islahatların hələlik üç uğurlu nəticəsini qeyd edə bilərəm. Birincisi, teatrda yaradılan nizam-intizam, ikincisi, haqqında danışdığımız, teatrın xarici səfərləri və bu yöndə görülən işlər, üçüncüsü isə teatrda artıq güclü yaradıcı potensiala malik aktyor heyətinin formalaşması. Məncə, iki-üç il üçün az deyil.

- Bir vaxtlar dərnəklər, xalq teatrları professional teatrlar üçün kadrlar hazırlayardı. Son illər belə kadrlara rast gəlmək mümkün deyil... Bu, onların fəaliyyətsizliyindən irəli gəlirmi?

- Bu, çox ciddi məsələdir. Əslində xalq, özfəaliyyət, həvəskar teatrlarının, dərnəklərin əsas funksiyası, heç də peşəkar teatrlar üçün kadr hazırlamaq deyil. Baxmayaraq ki, bu teatrlar Azərbaycan milli teatrının inkişafında böyük rol oynayıb və peşəkar səhnə üçün yüzlərlə istedadlı sənətkarlar yetişdirib. Həvəskar teatrlarının əsas missiyası xalqa teatr mədəniyyətini aşılamaq, səviyyəli tamaşaçı yetişdirməkdir. Əvvəllər nəinki hər mədəniyyət evinin, hətta hər bir məktəbin həvəskar teatrı, dram dərnəyi, hər birinin də öz tamaşaçı auditoriyası vardı. Onlar üçün tez-tez festivallar, müsabiqələr təşkil olunardı. İndi isə artıq neçə illərdir ki, Təhsil Nazirliyinin qərarı ilə məktəblərdə teatr tamaşalarına bilet satışına da icazə verilmir. Məktəblərdə teatr dərnəkləri də yoxdur. Belə halda məktəblidə, gələcəyin potensial tamaşaçısında teatra necə sevgi yaratmaq olar? Hər şey də məktəbdən başlayır. Əksər mədəniyyət saraylarında da xalq teatrlarının yalnız adı var. Bir sözlə, bütün bunlar dövlətin teatr siyasətinin tərkib hissəsinə çevrilməli və kompleks həllini tapmaldır.

- Teatrlarımız yeniləndi, maddi-texniki bazaları möhkəmləndirildi. Amma ortaya sanballı tamaşalar çıxmadı, bəlkə də, var. Elə isə son illər hadisəyə çevrilmiş, teatrşünasların dili ilə desək, mədəniyyət aləmində partlayışa çevrilmiş hansı tamaşamızdan söz açmaq istərdiniz?

- Mən sizin “ortaya sanballı tamaşalar çıxmadı” fikrinizlə razı deyiləm. Düzdür, dediyiniz partlayış effekti verən, hadisəyə çevrilmiş tamaşa adı çəkə bilməyəcəm. Amma son illərdə teatrlarımızda bir neçə sanballı tamaşanın qoyulduğunu əminliklə deyə bilərəm. Məsələn, Akademik Milli Dram Teatrının “Lənkəran xanının vəziri”, “Boy çiçəyi”, “Xanuma”, “Qatarın altına atılan qadın”, “Qatil”, “Şah və Şair”, “Şah Qacar”, Musiqili Komediya Teatrının “Evlənmə”, “Kimdir müqəssir”, Gənc Tamaşaçılar Teatrının “Müharibə”, Yuğ teatrının “Naməlum Axundzadə” tamaşalarını bir çox bədii keyfiyyətlərinə görə sanballı tamaşalar sayıram.

- Bəs bölgə teatrları barədə nə deyə bilərsiniz?

- Bizim bölgə teatrlarımız bəlkə də, daha çox diqqətə və qayğıya layiqdirlər. Ən azı ona görə ki, onlar da dövlət teatrı statusu daşıyırlar və paytaxtdan kənarda, deməli, həm də kinoya, teleseriallara çəkilmək, dublyaja getmək imkanlarından uzaqda yaşayırlar. Amma bununla belə, rayon teatrlarımızda çox istedadlı aktyorlar, rejissorlar var. Şəki, Gəncə, Lənkəran, Sumqayıt, Mingəçevir teatrlarında fəal yaradıcı proses gedir, maraqlı tamaşalar qoyulur. Buna Gəncə Teatrının “Evlənmə”, Şəki Teatrınn “Xəsis” tamaşalarını misal göstərə bilərəm.

Bu teatr ki var...

- Bu gün aktyorlarımızın əksəriyyəti seriallara cəlb olunublar... Bu, teatrlarda bir boşluq yaratmır ki?

- Sözsüz ki, aktyor nə qədər çox yerə qaçırsa, öz enerjisini o qədər çox paylayır. Bununla da teatrda oynayacağı, oynadığı rola daha az vaxt ayırmış olur. Amma bu məsələdə aktyorları qınamağın da yeri yoxdur. Bu gün teatrlarımız arasında ən yüksək əməkhaqqı alan Akademik Teatrdır, onların da Xalq artisti dörd yüz manat maaş alır. Fəxri adı olmayanlar isə təxminən iki yüz manat alırlar. İndi görün başqa teatrlarda vəziyyət necədir. Axı aktyor da insandır, həm də üzdə olan insandır, onun da sosial qayğıları var. Digər tərəfdən, bəs seriallardakı rolları aktyorlar oynamayıb, kimlər oynamalıdırlar ki...

- “Bəyin oğurlanması” filmində deyilir: “Bu kino ki var bu çox qəliz məsələdir. Həm qəlizdir, həm də ki vacib. Bax bu kino zəhmətkeşləri ordan durub gəliblər bizim yanımıza. Ayə, gəliblər ki, bizi çəksinlər. Bizim də borcumuz əlimizdən gələn hər bir köməyi onlardan əsirgəməməkdir”. Bəs teatrımızı dirçəltmək üçün teatrsevərlərin borcu nədən ibarət olmalıdır?

- İndi hər futbol komandasının öz fanklubu var, onların üzvləri, yəni azarkeşlər komanda udanda da, uduzanda da onun yanında olurlar. Teatrsevərlərimiz də belə olmalıdırlar. Təəssüf ki, bu gün teatrlarımız arasında yalnız Rus Dram Teatrının, qismən də Yuğ və Pantomim teatrlarının öz daimi tamaşaçı auditoriyaları var. Rus Dram Teatrının sadiq tamaşaçıları arasında hətta elə yaşlı insanlar var ki, hər ay öz pensiyalarından bilet pulu ayırırlar. Yəni onlar teatra getməyi özlərinin həyat tərzlərinə çeviriblər, bilet pulunu aylıq büdcə xərclərinə daxil ediblər. Teatrsevər belə olmalıdır, onu isə yetişdirmək lazımdır.

- Vidadi bəy, ümumiyyətlə, bizim vahid teatr konsepsiyamız varmı?

- Əslində, ölkə başçısının imzaladığı Teatr haqqında Qanun, teatrla bağlı bir neçə sərəncam, Azərbaycan teatrının inkişafına dair 2009-2019-cu illər Dövlət proqramı konseptual sənədlərdir, amma konsepsiya deyil. Konsepsiya olsaydı və ya onu icra edənlər ona konsepsiya kimi baxsaydılar, bir neçə il əvvəl iyirmi illik tarixə, fəqli estetikaya, daimi tamaşaçı auditoriyasna malik Gənclər və Kamera teatrlarını bağlayıb, Gənc Tamaşaçılar Teatrına birləşdirməzdilər. Bu, çayın axarına qarşı üzmək, dünya teatr prosesinin əksinə getmək deməkdir. Bu gün ərazisi və əhalisi bizdən iki dəfə az olan qonşu Gürcüstanda qırxdan artıq teatr fəaliyyət göstərir və onların da təxminən yarısı özəl teatrlardır. Azərbaycanda isə cəmi 27 teatr var ki, onların da ikisi bələdiyyə, qalanı dövlət teatrlarıdır. Yəni bu gün Azərbaycanda bir ədəd də olsun fəaliyyətdə olan özəl teatr, alternativ teatr yoxdur. Deməli, onlar üçün münbit zəmin, şərait yoxdur. Bunu, o fakt da sübut edir ki, 1990-cı illərdən bəri bir neçə özəl teatr yaransa da, duruş gətirə bilməyib, fəaliyyətlərini dayandırıblar. Yaxud bu gün Bakı teatrları ilə rayon teatrları arasında sanki bir uçurum varsa, onlar əksər hallarda paytaxta hesabat xarakterli qastrollarla gəlirlərsə, biz hansı inteqrasiya olunmuş vahid teatr məkanından danışa bilərik. Bunların hamısı isə vahid milli teatr konsepsiyasının olmamasından irəli gəlir.

- Bu gün tamaşaçı marağı daha çox hansı janrlaradır?

- Teatr tariximiz göstərir ki, Azərbaycan teatrında dominant janr hər zaman komediya olub. Bu gün isə teatrlarımızın repertuarında tarixi, psixoloji, tragikomik əsərlər üstünlük təşkil edir. Amma burada da bir az nisbilik var. Ümumiyyətlə, tamaşaçı üçün əsas meyar yaxşı tamaşadır.

- Bu gün teatr tənqidçiləri elə bil qeyb olublar. Mənə elə gəlir ki, onlar nədənsə, bu və ya digər tamaşa haqqında fikir yürütməkdən, mövqelərini ortaya qoymaqdan çəkinirlər. Bu məsələyə sizin münasibətinizi bilmək istərdik.

-Mən üç-dörd il əvvəl sizin fikrinizlə razılaşardım, çünki onda teatr prosesinin özündə də bir durğunluq vardı. İndi isə vəziyyət fərqlidir.  Bu gün Azərbaycan teatr məkanında bir canlanma yarandığından bu özünü teatr tənqidində də göstərir. Tanınmış teatrşünaslarımız -Məryəm Əlizadə, İlham Rəhimli, Aydın Talıbzadə məqalə və resenziyaları ilə ara-sıra öz mövqelərini ortaya qoyurlar. Ondan əlavə, çox sevindiricidir ki, bir ara teatrşünaslığımızda yaranan kadr çatışmazlığı da aradan qalxmaqdadır. Belə ki, bu gün Elçin Cəfərov, Aliyə Dadaşova, Könül Əliyeva, Aygün Süleymanova, Sevda Babayeva, Xəyalə Rəis kimi istedadlı gənc teatrşünaslarımız yetişib və öz müəllimlərinin cərgəsinə qoşulublar. Biz onları qoruya bilsək, mən teatrşünaslığımızın gələcəyinə nikbin baxıram, elə teatrımızın da...

 

Zaman.-2013.-7 sentyabr.-S.7.