Əmin Abid - ilk qorqudşünas alim və istiqlal şairi (4)

 

ƏZIZ MUSTAFA,

 

Anarın “Durna harayı”nda yazdıqları o dövrdə Əmin Abidin gizli fəaliyyət apardığinı, millətinin azadlıq ruhunu yaşatmağa çalışdığını bir daha sübut edir. Bəzi məlumatlara görə, ötən əsrin 20-ci illərinin sonlarında gənclər arasında Əmin Abidin hələ İstanbulda ikən Gültəkin imzası ilə yazdığı şeirləri yayılmağa başlamışdı.

Amma çoxları bilmirdi ki, Gültəkin adlı şair elə qarşılarında dayanan Əmin Abiddir. Bolşevik casusları da bu şeirlərin izinə düşmüşdülər. Ancaq Gültəkinin kim olduğunu müəyyən edə bilmirdilər. Buna baxmayaraq, onlar Əmin Abiddən şübhələnmişdilər və hər addımını izləyirdilər. Həmin dövrdə Əmin Abidin gənclər arasında yayılan şeirlərinin birində deyilirdi:

 

Dünyaya gəldim mən - torpağım oldun,

Altaylardan endim - durağım oldun.

Yaşıl çəməninlə, mavi göyünlə,-

Qırmızı gülünlə bayrağım oldun.

Dağların mehrabım, daşın minbərim,

Mən sənin adına səcdə eylərim.

 

Əmin Abid- Gültəkin üçün vətən üç rəngli bayraq, müqəddəs varlıq idi. Ona görə də vətənin dağlarını özünün mehrabı hesab edir, daşını isə minbərə bənzədərək ana yurdun adına səcdə elədiyini fəxr və qürurla bəyan edirdi. Bu şeir o dövrdə gənclər arasında gizli şəkildə yayılaraq geniş şöhrət qazanmışdı.

 

 Zülm və təzyiqlərə sinə gərdilər

 

 Türkiyədə təhsil alıb vətənə dönəndən sonra hər addımbaşı izlənən Əmin Abidi o dövrdə “çeka” ( fövqəladə komissiya) adlanan və elə adı ilə əhalidə dəhşət doğuran xususi xidmət orqanı həbs etmək üçün bəhanə axtarırdı. Amma belə bir bəhanə tapa bilmirdilər və ona görə də Əmin Abidi yuxarıdan verilən göstəriş əsasında müxtəlif bəhanələrlə işdə sıxışdırırdılar. Bəzən bu sıxışdırmalar o qədər dözülməz olurdu ki, Əmin Abid gecələr də özünə gələ bilmirdi. Amma xüsusi xidmət orqanları da ondan əl çəkmək istəmirdilər. Onu siyasi baxışlarına görə dəfələrlə işdən çıxarmışdılar. Bu hal bir neçə dəfə təkrar olunğundan Əmin Abid Bakını tərk edərək gah Qubada, gah Ağdasda, gah Ağdamda, gah da Kürdəmirdə isləməli olur. Rayonda işlədiyi dövrdə belə onu rahat buraxmırdırlar, tez-tez ona təzyiqlər edilir, iş yerində əvvəlcədən öyrədilmiş adamları onun üstünə qaldırırdılar.

Üstündən illər ötəndən sonra Əmin Abidin həyat yolunu araşdıraraq onun sonsuz zülm və təzyiqlərə dolu həyatını tədqiq edərək üzə çıxaran filologiya elmləri doktoru Bədirxan Əhmədov ötən əsrin 30-cu illərində aparılan repressiyalarla bağlı yazır:

 

”Təmizləmə” əməliyyati, əsasən türk ədəbiyyatı, cografiya və ictimaiyyət müəllimlərinə qarsi yönəldilirdi. Sübhəsiz, Ə. Abid bu əməliyyatdan kənarda qala bilməzdi. Bundan sonra ona Bakıda isləmək yasaq olunur. Məcburiyyət qarşısında qalan Əmin Abid 1929-1934-cu illər arasında Ağdas, Quba, Ağdam rayonlarında müəllim isləyir. Elə bu illərdə məhsuldar alimin məqalələri respublika mətbuatında çox az dərc olunur...”

 

Hilal sevdalısı

Həmin dövrdə addımbaşı izləndiklərini hiss edən və müxtəlif təzyiqlərə məruz qalan Nafiyə xanım və Əmin Abid çox ağır günlər yaşamalı olurlar. Buna baxmayaraq, Əmin Abid və Nafiyə xanım bu təzyiqlərə mətanətlə sinə gərərək gizli mübarizlərini davam etdirirdilər.

 

Bu arada bu iki azadlıq mücahidi daha bir zərbəyə məruz qalırlar. Belə ki, Nafiyə xanıma anasının ağır xəstə olması xəbərini verirlər. Ona görə də 1931-ci ildə xəstə anasını görmək və ona qulluq etmək üçün Nafiyə xanım Əmin Abidin razılığı ilə İstanbula gedir. Gedərkən Nafiyə xanım tezliiklə yenidən Bakıya qayıdacağanı planlaşdırmışdı. Amma tale onları ağır sınaqlara çəkməkdə davam edirdi. Belə ki, anasının xəstəliyinin uzun sürməsi və digər səbəblərdən Nafiyə xanım 4 il İstanbulda qalmalı olur. Uzun sürən ayrılıq Əmin Abiddə ağır izlər buraxır. Ancaq bu ağır sınaq onu milli azadlıq mücadiləsindən çəkindirə bilmir. Həmin dövrdə onun gənclər arasında gizli şəkldə yayılan və dillər əzbəri olan  şeirləri gənc nəslin milli azadlıq mücadiləsi ruhunda yetişməsində önəmli rol oynadı. Əmin Abidin həmin şeirlərinin birində deyilirdi:

 

Qaldıqca ruslarda diyarım mənim

İntiqam olacaq şüarım mənim.

 

Bu misralar işğalçı bolşevik rejiminə qarşı yeni cəbhənin açılması demək idi. O, düşmənlərdən intiqamını gəncləri milli azadlıq uğrunda mübarizələrə hazırlamaqla alırdı. Onu da deyək ki, Əmin Abid həmin dövrdə gənclər arasında milli azadlıq mücadiləsini yayan tək vətənpərvər alim və ziyalı deyildi. O dövrdə Azərbaycan elminin, təfəkkürünün qaymaqları hesab edilən Mükayıl Müşfiqlər, Hüseyn Cavidlər, Bəkir Çobanzadələr, Salman Mümtazlar, Əhməd Cavadlar və digərləri  gənc nəsilin milli azadlıq ruhundə yetişməsində və milli varlığımızın təbliğində mühüm rol oynadılar. Bu müstəvidə də Əmin Abidin ən böyük silahı şeirləri idi:

Yaşa, ey həsrətlə doğan istiqlal!

Yaşa, ey türk, yaşa ey gözəl hilal!

Bu şeirdə Əmin Abidin istiqlal vurğunluğu, ay -ulduz həsrəti bütün çılpaqlığı ilə üzə çıxır. “Yaşa, ey türk, yaşa ey gözəl hilal!”- Bu, onun həyat amalı, başını sinəsinə qoyduğu və hər an yolunda ölümə hazır olan hilal sevdası idi.

 O eyni zamanda Azərbaycan ədəbiyyatı tarixi üzrə araşdırmalarını da davam etdirirdi. M. F. Axundovun ədəbi irsinə həsr etdiyi məqalələri, monoqrafiya və tərtibləri, eləcə də tərcümələri ədəbi-elmi ictimaiyyətdə böyük şöhrət qazanmışdı. Uzun ədəbi axtarışlar nəticəsində alim dahi Azərbaycan klassiki Füzulinin “Söhbət ül-əsmar” əsərini askara çixaradaraq, ona şərhlər yazdı və elm aləminə təqdim etdi. Bu da ona ədəbiyyatşünas alimlər arasında yeni şöhrət gətirdi.

 Onu da deyək ki, Əmin Abid uzun elmi axtarışların nəticəsi olaraq  “Kitabi-Dədə Qorqudun mətni haqqında məlumat”, “XVII əsr Azərbaycan ədəbiyyatı”, “Ədəbiyyatımız tarixində Sabirin mövqeyi”, “Mirzə Şəfi haqqında yapılan tədqiqlərə bir baxış”, “Türk el ədəbiyyatına elmi bir baxış (Oğuznamə)” kimi məqalələrini, həmçinin müəllifinə böyük şöhrət gətirərək onu ən istedadlı alim kimi tanıdan “Azərbaycan türklərinin ədəbiyyat tarixi”, “Türk ədəbiyyatında bayatı-mani növü”, “Bayatının türk xalqları ədəbiyyatında mövqeyi”, “Azərbaycan ədəbiyyatının qədim abidələrindən” monoqrafik əsərlərini yazaraq ədəbiyyatşünaslığımızın inkişafına özünün ən böyük töhfəsini vermiş oldu.

 Əbədiyyətə aparan yol

 

Əmin Abidi xüsusi nəzarətdə saxlayan SSRİ xüsusi xidmət orqanları nəhayət ki, onu həbs etmək üçün izə düşə bildilər. Belə ki, bolşevik casuslar ötən əsrin 30-cu illərinin ortalarında “Gənc Azər” adlı gizli təşkilatın izinə düşərək onun bəzi üzvlərini həbs etdilər. Həbs edilənlərdən birinin istintaqa verdiyi ifadəsində Əmin Abidin adını çəkməsi bu böyük insanın taleyinin həll edilməsi demək oldu. 1935-ci ildə Nafiyə xanım yenidən Bakiya, Əmin Abidin yanına qayıtdı. Ancaq onların taleyi, artıq yuxarularda həll edilmişdi və Əmin Abidi həbs etmək üçün bolşevik rejimi əlverişli məqam gözləyirdi. Bunu Əmin Abid  özü də hər an hiss etirdi. Ona görə də şeirlərinin birində belə yazır:

 

Bulanıq bir kökün kirli yaxası

Yerdə sürünüyor, iştə tundra…

Sibirya, Sibirya…əvət Sibirya;

Təbiətin o bir zalım ÇEKA-sı.

 

Bolşevik rejimi bu misrların müəllifini bağışlamazdı və 1937-ci ildə Əmin Abidi həbs etdilər. Onu Türkiyəyə casusluqda, gənclər arasında pantürkizmi təbliğ etməkdə günahlandırırdılar. Lakin bunun üçün rejimin əlində kifayət qədər fakt, sübut yox idi. Bu fakt və sübutları isə işgəncələr yolu ilə ondan qoparmağa çalışırdılar. Əmin Abid sona kimi işgəncələrə mətanətlə sinə gərdi, Türkiyə casusu olması barədə irəli sürülən ittihamları rədd etdi. Buna baxmyaraq saxta ittihamlar əsasında 1937-ci ilin sonlarında ona ölüm hökmü kəsdilər. Beləliklə bu böyük insanın həyatı ömrünün çiçəklənən çağında qırıldı. Güllələnərkən 39 yaşında idi və ömür vəfa etsəydi, millətinə daha çox fayda verəcəkdi. Amma cəlladlar bunu ona çox gördülər.

 Əmin Abid güllələnəndən sonra Nafiyə xanım Türkiyəyə qayıtmaq üçün Batumiyə getir. 1938-ci ilin avqust ayının 10-da Batumidəki Türkiyə konsulluguna viza almaq üçün muraciət edən Nafiyə xanım KQB kapitani erməni Zaxaryan tərəfindən həbs edilir. Nafiyə xanımı Bakıya gətirərək ona üç il iş kəsir və cəzasını çəkmək üçün onu Sibirə göndərirlər. O, üç il məşəqqətli həbsxana həyati yaşayır.

Araşdırmaçı Əli Samil Milli Təhlükəsizlik Nazirliyinin arxivində Nafiyə xanimin iki fotosunu tapıb. Səkillərdən biri tutularkən, digəri də zindanda üç yöndən çəkilib. Tutularkən çəkilən səklində o, nurani üzlü türk qızına oxşayır, zindanda çəkilən fotosunda isə gördüyü isgəncələrin bütün detallari simasinda əks olunur”. ( Mənbə TRT telekanalı)

 Digər repressiya qurbanları ilə müqayisədə Əmin Abidə bir qədər gec, 1962-ci ilin dekabrın 21-də bəraət verildi. Əli Şamil yazır ki, sovet dövründə onun ömür yolunun öyrənilməsi, yaradıcılığının araşdırılıb təbliğ edilməsi əngəlləndi: “Çünki Ə. Abid bədii yaradıcılığında kommunizm ideologiyası adı altında müstəmləkəçilərə, elmi yaradıcılıqda isə ümumtürk ədəbiyyatını parçalayıb məhəlli ədəbiyyatlar yaratmaq istəyənlərə qarşı çıxırdı”.

 

 SSRİ dağılandan sonra Əmin Abidin həyat və yaradıcılığı tədqiq edilərək milyonlarla soydaşımıza tanıdıldı. Biz bu işdə əməyi olan bütün tədqiqatçılara təşəkkiür edir, Əmin Abidə və həyat yoldaşı Nafiyə xanıma isə uca Allahdan rəhmətlər diləyirik.  Son

 

Zaman.-2013.-12 entyabr.-S.12.