“Mən gələcəyə yox, keçmişə yüyürürəm”

 

Qəşəm Nəcəfzadə (Nəcəfov Qəşəm Mirzə oğlu) ədəbiyyat aləmində kifayət qədər tanınmış simadır. Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü, Uşaq ədəbiyyatı şöbəsinin rəhbəri, “Azərbaycan” jurnalının poeziya şöbəsinin müdiri kimi fəaliyyət göstərən Qəşəm müəllimin indiyədək 22 kitabı çap edilib. Bu kitablardan 5-i xarici ölkələrdə işıq üzü görüb. Ona bugünkü ədəbi mühitimizin maraq dairəsində olan suallarla müraciət etdik.

- Qəşəm müəllim bugünkü poeziya mühitimizi necə xarakterizə edərdi?

- Bu barədə yalnız onu deyə bilərəm ki, bugünkü poeziya aləmimizdə cəmi-cümlətanı 3 şeir intonasiyası, şeir havası var ki, yüzlərlə yazar ortaya düşüb, bu havalara oynayır. Amma başqalarının havalarına oynadıqlarını bilmirlər. Halbuki hər şairin öz havası olmalıdır. Bu mənada beş-altı yazardan başqa, heç kəsin yaradıcılığı məni qane etmir. Bir də poeziyamızda yenə də əşyaların xarici görünüşlərindən, onların funksiyalarından, yəni hamıya tanış olan şeylərdən söz açılır.

- Yəni yeni poetik tapıntılar yoxdur...

- Yenə deyirəm: hamının bildiyi şeyləri deməklə şeir yaranmır ki... Şair bu və ya digər əşyanın indiyədək bizə məlum olan əlamətlərindən başqa, digər əlamətlərini də aşkar edib ortaya qoymalıdır. Məsələn, hamı yaxşı bilir ki, ağacın yarpağı yaşıldır. Mən deyərdim ki, yarpağın yaşıl rənginin hərəkət mexanizmindən, sistemindən yazsınlar. Çünki rənglər həmişə hərəkətdədir. Yəni o, bizə başqa fonda gəlir, sadəcə, yarpağa çatanda yaşıl olur. Artıq əşyaların hərəkətini yazmaq düşüncəsində bulunmaq lazımdır. Mən həm də “Azərbaycan” jurnalının poeziya şöbəsinin müdiriyəm, yəni əlimdən yüzlərlə şeir gəlib-keçir. Onları vərəqləyəndə deyirəm: kaş iki misrası uğurlu olaydı. Zəif şeirlərin əlində əsir-yesir qalmışam e... Onu da deyim ki, xoşuma gələn yazarlar (Balayar Sadiq, Nuranə Nur, Aqşin, Zahir Əzəmət, Narıngül, Fərqanə, İlqar Fəhmi) da var.

- Son illər hadisəyə çevrilən hansısa poeziya nümunəmiz olubmu?

- Mənim fikrimcə, hadisə ədəbiyyata aid termin deyil. Bu mənada ədəbiyyatda hadisə olmur, ədəbiyyatda əsər olur... Buna rəğmən, sualınıza cavab olaraq bildirirəm ki, belə şey olmayıb. Sadəcə, yaxşı kitablar olub, şeirlər olub.

- Gənc yazarlarımız, sözün həqiqi mənasında, sözlərini deyə bilirlərmi?

- Demək istəyirlər... Yəni onlar təkrarçılığa yox, hamının getdiyi yolla yox, təzə bir istiqamətə gedən yoldadırlar. Bu mənada onların istiqaməti mənim üçün də çox maraqlıdır.

“Şaİrİn yaşI olmur kİ...”

- Kim ki gənclikdən uzaqdır yenilikdən uzaqdır (Bu fikir sizə məxsusdur). Özünü həm gənc, həm də orta nəslin nümayəndəsi kimi hiss edən Qəşəm bəy bu keçidə necə körpü salır? İki ömür yaşamaq çətin deyil ki?

- Ədəbi nəsillər tənqidçilər tərəfindən uydurulmuş bir şeydir. Şairin yaşı olmur ki... (Məsələn, mənə görə, Vaqif Cəbrayılzadə bizim ən gənc şairimizdir). Çünki şair səksənillik ömrünün içində də 20 yaşına qaçır. 20 yaşlı şair də hərdən səksən yaşına qaçır. Yeri gəlmişkən, mənim bir şeirim var. Dedilər, bu, 90 yaşın şeiridir. Görünür, mən də ömrümün içində o yana-bu yana qaçıram. Yəni şair yaşını tez-tez dəyişir. Yenə deyirəm, şairin yaşı olmur. Həmçinin ananın yaşı olmır, sevginin yaşı olmur. Məmməd Arazın “Ana” şeirində belə bir fikir var: “Ana kədərini yaşmıdır ölçən, Ana itirmişəm ana yaşında...” Bəli, mən gənclərlə çox ünsiyyətdə oluram, onlarla dostam. Onların hər biri mənim üçün yeni nəfəsdir, yeni səsdir. O yeni nəfəs, yeni səslər mənim üçün çox maraqlıdır. Dostlarım da, evdəkilər də deyirlər ki, sən getdikcə gəncləşirsən. Bəlkə də bu, gənc yaşlarımda qocalığımdan, indiki yaşımda gəncliyimdən irəli gəlir.

- Qəşəm müəllim, amma əsərlərinizdə sanki bir keçmiş nisgili var...

- Bəli, mən bu gün gələcəyə yox, keçmişə yüyürürəm. Bilirsinizmi niyə? Mən keçmişimdə çox şeylər qoyub gəlmişəm. Yəni atam, anam, kənd-kəsək, məktəbimizin şüşələrini qırdığım günlər, tərəkəmə həyatım  - hamısı keçmişdə qalıb... O günləri mən yaşamışam. Gələcəyimdə isə nələr olacağından xəbərsizəm... Sən gələcəyində nə olduğunu bilmirsən axı? Sən keçmişində nə olduğunu bilirsən də... Mənim üçün dünən daha çox maraqlıdır, nəinki sabah. Bir sözlə, dünənim, keçmişim mənim üçün ədəbi xammaldır, materialdır. Mənim keçmişimlə bağlı yazdığım yazılar da əslində gələcəyim üçün yazdığım şeirlərdir. Bəlkə də keçmiş gələcəkdir, gələcək keçmişdir. Sabahkı gün də keçmiş olacaq... Bugünkü gün də keçmişdir. Mənim yazılarım keçmişimlə bağlıdır. Yeri gəlmişkən, bir gün Mehdi Hüseyn İsa Hüseynovu yanına çağırıb deyir: “Niyə atandan çox yazırsan?” Deyir ki, atamı yaxşı tanıyıram. Adam keçmişini yaxşı tanıyır da... Amma gələcəkdə nə olacaq bilmirəm axı. Görünür, yazdıqlarımızın hamısı gələcək üçündür.

- Bugünkü ədəbiyyatımızda milli-mənəvi dəyərlər yetərincə təbliğ olunurmu?

- Bəri başdan deyim ki, müstəqilliyimizi, Vətənimizi çox sevirəm. Onun uğrunda ölməyə hazıram. Vətən mənim məsləkimdir, vicdanımdır. Amma bu gün də sovetdən qalma saxtakarlıqlar davam etdirilir. Belə deyək də, sovet realist metodu ölür, amma onun qalıqları bizdə hələ də yaşayır. Fikrimi izah etmək üçün adi bir misal deyim. Bəzən diş ağrıyır, çəkdirirsən, onun qalığı qalanda adamı daha çox incidir. Yəni qalığın özü daha ağrılı bir şeydir də... Bu mənada qalıqlarla yaşamaq dəhşətdir. Gəlin Vətən haqqında saxta şeirlər yazmayaq, Vətənə yaltaqlanmayaq, yalandan tərifləməyək, onu qoruyaq. Vətənlə bağlı nə qədər şeirimiz var? Elə isə Şuşanı, Kəlbəcəri, Laçını... niyə verdik? Bu qədər Vətən şeri olan bir xalqın Şuşanı  verməyə haqqı var idimi? Vətənpərvərliyi hərə bir cür başa düşür. Halbuki hər kəsin öz işini kamil görməsi elə vətənpərvərlikdir.

“Şaİr populyar olmamalIdIr”

- Elə isə Qəşəm bəy bu gün ədəbiyyatımızda daha nələri həzm edə bilmir?

- Saxtakarlığı... Populyarlığı... Televiziya  kanallarından adamın gözünə girən yazarları. Bir də boğazdan yuxarı danışanları...

- Sizin təbirinizcə, ədəbiyyat yenilik deməkdir. Bu mənada siz ədəbiyyatımıza hansı yenilikləri gətirmisiniz?

- Mən şeirimi əşyalarla danışdırıram. Yəni şeirlərimdə sözlər ölür, əşyalar danışır. Məsələn, at mənim üçün çöl, qoyunun döl vaxtı payız, quzuların ottuxan vaxtı yazağzı anlamlarındadır... Yaxud başqa misallar: kənddə deyirlər ki, xoruzun birinci banı, ikinci banı, qoyunun örüşdən dönən vaxtı, müəllimlərin məktəbə gedən vaxtı, şagirdlərin məktəbdən çıxan vaxtı... Bunlar kənd saatının, əgər belə demək mümkünsə, radələridir də... Daha mən yazmıram ki, Həsən kişi saat üçdə keçindi. Deyirəm ki, xoruzun birinci banında keçindi. Bəli, mən şeiri ora aparmaq istəyirəm. Müşahidələrimə görə, Avropada belə şeyləri çox sevirlər. Məsələn, bir gün rəssam Altay Məmmədov mənə dedi ki, bəs Amerikada keçirdiyimiz sərgidə müasir üslubda çəkilmiş şəkillər qaldı bir kənarda, amma başında örpəklə çəkilmiş qadın rəsmi diqqət mərkəzində oldu. Bu mənada yenilik yaxşıca unudulmuş köhnəlikdir.

- Qəşəm müəllim, belə yazanda da hər kəs sizi başa düşməz axı...

- Qoy başa düşməsin. Şair populyar olmamalıdır. Şair bir tərəfdə bəyənilsə də, digər tərəfdə bəyənilməməlidir. Çünki inkarın özündə böyük həqiqət var. Mənim fikrimcə, şairin populyarlığı onun zəifliyinə dəlalət edər. Ümumiyyətlə, populyar şairə, onun istedadına şübhəm var. Bir də unutmayın ki, heç günəş də hər tərəfi eyni dərəcədə isitmir.

- Son vaxtlar köşə yazarlarınızla da gündəmdəsiniz? Bu nədən irəli gəlir?..

- Mən müxtəlif janrlarda yazıram. Artıq bir ildir ki, köşə yazarı kimi də çıxış edirəm. O köşələrdə yazdıqlarım da elə mənim keçmişimdir. Bəlkə də yaza bilmədiyim şeirlərimdir. Elə şeirim də var o, yaza bilmədiyim köşəmdir. Köşə yaxşı şeir yazmaq üçün bir məşqdir. Onu da deyim ki,  köşələrim esse xarakterlidir. Buna görə də digərlərinin köşələrindən asanlıqla fərqlənir. Yeri gəlmişkən, “APA-Holding” MMC-nin rəhbəri Vüsalə Mahirqızıya, “Lent.az” İnformasiya Agentliyinin bas direktoru Qabil Abbasogluya köşə istedadımı üzə çıxardıqlarına görə qəzetiniz vasitəsilə təşəkkürlərimi çatdırıram.

- Qəşəm müəllim, felyeton janrının da sanki kökü kəsilib... Niyə sizcə?

- Əvvəllər felyetonda adı çəkilən idarə, müəssisə rəhbəri cəzalandırılardı, hətta vəzifəsindən azad olunardı. İndi istəyirsən yüz felyeton yaz... Bir sözlə, felyetona əhəmiyyət verilmədiyindən onun kəsəri azaldı. Amma mənim fikrimcə, fikir verilsə də, verilməsə də sənət baxımından bu janr da yaşamalıdır.

- “Mənim xətrimə dəyin” deyirsiniz, dəyən olurmu xətrinizə?

- O qədər... Xətrimə dəymək məni yaşadır. Mən onda xoşbəxt oluram.

- Oğlunuz Kəramət Böyükçöl deyir ki, bu gün şou aləminin bəzi nümayəndələri qiymətli əsərlər müəllifi İsa Muğannadan çox məşhurdur... Yəni oğlunuz şounun müəyyən elementlərinin ədəbiyyata gətirilməsini də bildirib.

- Biz qalstukdan qurtarmalıyıq e... Stulda oturub stol üstə şeir yazmaqdan uzaqlaşmalıyıq. Biz həyatın tələbləri ilə ayaqlaşmalıyıq. Şeiri kitabdan qoparmalıyıq, ona göz, qulaq verməliyik. Onu səhnələşdirməliyik. Bəzən şeirdə çatmayan qafiyəni əl-qol hərəkətləri ilə əvəz etməliyik. Yəni yaxşı mənada şeiri də şouya çevirmək olar. Şair şeiri ilə dolanmalıdır. Şeir də pul gətirməlidir, kapital gətirməlidir. Amma eləsi var ki, xalçasını, yoldaşının nişan üzüyünü satıb kitab çap etdirir. Belə olmaz. Şəxsən mənə gəldikdə,  heç bir kitabımı vəsaitimlə çap etdirməmişəm. Mən onlardan pul qazanmışam. İki kitabım dövlət xətti ilə çap olunub. Birinin pulu ilə maşın almışam, o birinə ev...

- Bir zamanlar sizə İmişlidə  itdən, pişikdən yazan şair deyirdilər. İndi də belə deyirlər?

- Elə indi də belə deyirlər. Onlar elə bilirlər ki, böyük şeylərdən yazanda böyük şair olurlar. Mən iti, pişiyi çox sevirəm. Qarışqanı çox sevirəm. İti sevməyən insanı da sevə bilməz. Mən bununla sevinirəm. Bilirsinizmi, mənim ən yaxşı oxucularım əleyhimə olanlardır. Onları çox sevirəm. Bu gün itim də var, pişiyim də... hətta toyuqlarım da...

“Uşaq ədəbİyyatInI

uşaq yerİnə qoyublar”

- Qəşəm bəy, indi də keçək uşaq ədəbiyyatına. Bəs uşaq ədəbiyyatının əsas problemləri hansılardır?

- Bu uşaq ədəbiyyatının o qədər problemi var ki... Sovet dövründə kitab ticarəti var idi, kitablar ünvanlara çatdırılırdı, həm də dövlət bu kitabları çap edirdi və müəlliflərə də qonorar  verilirdi. Balaca oxucular da kitabları oxuyurdular. İndi bu bağlar, demək olar ki, qırılıb. Digər tərəfdən, uşaq ədəbiyyatını məktəblərdə satmağa belə qoymurlar. Üstəlik, uşaq yazarları ilə məktəblərdə görüşlər keçirilmir. Halbuki bu məsələ dəfələrlə gündəmə gətirilib. Təklif etmişəm ki, uşaq şairləri həftədə bir dəfə ibtidai siniflərdə dərs keçsinlər. Lakin bu fikrimi reallaşdıran yoxdur. Uşaq ədəbiyyatı ilə bağlı müsabiqə keçirilməlidir. Qeyri-Hökumət Təşkilatları bu sahə üzrə mühüm işlər görə bilərlər. Hər şeyi dövlətin boynuna atmaq olmaz. Uşaq jurnalları reklam olunmalıdır. Televiziya verilişləri təşkil olunmalıdır. Bütün bunlarla bağlı kifayət qədər çıxışlarım da olub.

- Səhv etmirəmsə, heç Yazıçılar Birliyinin da uşaq dərgisi yoxdur.

- Təklif etmişəm, inşallah, olacaq. Hə, yadıma düşmüşkən, Anarın göstərişi ilə 500 səhifəlik “Uşaq antologiyası” kitabını da hazırlamışam. Nəşrini gözləyir.

- Bugünkü uşaqlar nağıllara inanırmı? Müasir uşaqların maraq dairəsinə nələr daxildir?

- Bu bir həqiqətdir ki, müasir uşaq kitab istəmir, internet istəyir. Biz internetlə uşağa tərəf gəlməliyik. “Tıq-tıq” xanımı dünyəvi şəkildə səhnələşdirməliyik. Yaxud “Koroğlu” “Rembo” kimi çəkilməlidir və sairə... Yəni qəhrəmanlar müasirləşdirilməlidir. Nağıllar disklərə köçürülməlidir. İnsafən, son vaxtlar bu istiqamətdə müəyyən işlər görülür.

- Amma etiraf edək ki, son illər uşaq ədəbiyyatının elə bir qəhrəmanı da yoxdur.

- Bəli, yenə də eyni obrazlar uşaq ədəbiyyatında yaşayır. Yəni hələ də tülkünün xasiyyəti dəyişməyib. Yenə də canavar yırtıcıdır, tülkü hiyləgərdir, dovşan qorxaqdır. Çırtdan həminki Cırtdandır. Əslində bu obrazlar müasir dövrə uyğunlaşdırılmalı və ya yeni obrazlar yaranmalı idi. Unutmayaq ki, müasirlik ədəbiyyatın anasıdır.

 

QVAMİ MƏHƏBBƏTOĞLU,

 

Zaman.-2013.-14 sentyabr.-S.12.