Bəstami Yazqan: “Mən şamın başına dolanan pərvanə kimiyəm”

 

 Türkiyənin çağdaş uşaq ədəbiyyatının ən tanınmışlarından biri sayılan Bəstami Yazqan ixtisasca müəllimdir. O, yazdığı əsərlərə görə daha çox uşaqlara borclu olduğunu söyləyir. Bəstami bəy deyir ki, bu əsərləri mənə onlar yazdırıblar... Qonağımızla söhbətin bəzi  məqamlarını oxucularımıza çatdırırıq.

- Bəstami bəy, məlumat üçün deyim ki, şeir və hekayələriniz respublikamızda ilk dəfə “Tumurcuq” qəzeti vasitəsilə oxuculara çatdırılıb. Fikrimizcə, həmin əsərlər maraqlı və təsirli olduğundan oxucu sevgisi qazanıb. Amma oxucularımız sizi yaxından tanımaq istəyirlər...

- Öncə mənim əsərlərimi azərbaycanlı balalarımıza təqdim etdiyinə görə “Tumurcuq “ qəzetinə təşəkkür edirəm.

Özüm haqda onu deyə bilərəm ki, 1957-ci ildə Osmaniyyədə, bir kənddə doğuldum. İbtidai təhsilimi doğma kəndimdə almışam və təhsilimi Osmaniyyədə davam etdirmişəm. Ali təhsilimi isə Ərzurumdakı Atatürk Universitetində almışam. İxtisasca ədəbiyyat müəllimiyəm. 1978-ci ildən bəri müəllimlik edirəm. 2001-ci ildə təqaüdə çıxsam da, yenə müəllimlik edirəm. Müəllimliklə yanaşı, daha çox uşaqlar üçün şeir, hekayə və nağıllar yazıram. İndiyədək 65 kitabım çıxıb. Həmin kitabların ancaq üçü böyüklər üçündür. Daha bir neçə kitabım çapa hazırdır.

- Uşaqlar üçün daha çox yazmağınız, təbii ki,  balacalara sevginizin böyüklüyündən, tükənməzliyindən irəli gəlir. Bəs bu sevginin qaynaqları haradandır?

- Dünyamız günəşin başına yorulmadan dolanır. Niyə? Çünki günəş gözəldir, hədsiz səxavətlidir. Təmənnasız olaraq dünyanı işıqlandırır, onu sönməyə qoymur. Uşaqlar da çox gözəldirlər. Buna görə mən də yorulmadan, belə demək olarsa, balalarımızın başına dolanmaqdan yorulmuram. Onların ürəkləri günəş, gözləri ulduz kimidir. Çox təmiz, sevimlidirlər. Uşaqlar həm də daim ətirli çiçəyə bənzəyirlər. Yəqin görmüsünüz: pərvanə şamın başına yorulmadan, oddan qorxmadan fırlanır. Mənim uşaqlara sevgim də belədir...

İlk şeirlərimdə özümü milli, dini yazar sayırdım. Ancaq uşaqlar, belə demək olarsa, məni yolumdan ayırdılar.

Uşaqlar üçün çox yazmağımın başqa bir səbəbi də var. Mənim altı övladım, dörd nəvəm var. Uşaqları böyütdükcə onların uşaq qəlbinin necə geniş, mərhəmətli  və həssas olduğunu duymuşam.

 Başqa bir səbəb müəllimliyim olub. Otuz dörd ildir mən uşaqlar arasında, demək olar ki, hər gün sinif otaqlarındayam. Məktəb ayrı bir dünyadır. Mən uşaqlar üçün bayram keçirən bir millətin övladıyam. Uşaqlar üçün yazdığım əsərlərə görə əslində onlara borcluyam. Belə demək olarsa, bu əsərləri mənə onlar yazdırıblar...

 - Heç öz uşaqlığınızdan danışmadınız. Uşaqlıq illəriniz necə keçib, o çağları xatırlayanda kövrəlmirsiniz ki?

-  Əlbəttə, keçmişə qayıtmaq, xatirələri çözələmək istər-istəməz insanı bir qədər duyğulandırır. Amma mənim çocuqluğum çox gözəl keçib. Onu da deyim ki, anam məndən əvvəl beş qız dünyaya gətirib. Buna görə də ailədə məni həm valideynlərim, həm də bacılarım çox əzizləyiblər. Bizdə buna bənzər hallarda “əl bəbək-gül bəbək” deyərlər. Onu da deyim ki, məndən sonra da bir qardaşım dünyaya gəlib.

Doğulub boya-başa çatdığım kənd dağlar qoynunda, yaşıllıqlar içində yerləşir.  O zamanlar hara boylanırdıqsa, təbii gözəlliklər bizi heyran edirdi.

- Bəstami bəy, kənd uşaqları, adətən, şifahi xalq ədəbiyyatı ilə balacalıqdan tanış olur və çox sevirlər. Çünki uzun qış gecələrində nənələr, dədələr gözəl nağıllar, dastanlar, tapmacalar söyləyirlər...Yəqin ki, yazıçı olmağınızda uşaqlıqda dinlədiyiniz nağılların, dastanların da rolu olub...

- Bəli, mən də uşaqlığımda şirin nağılları, dastanları, tapmacaları, atalar sözlərini, rəvayətləri sevə-sevə dinləmişəm. Xəyallarımda o nağılların qəhrəmanları ilə görüşmüşəm. Mənə Vətənə, xalqa, insanlara sevgini o nağıllar, dastanlar bəxş edib.

 - Azərbaycanı necə tanıdınız? Nələr və kimlər bu torpağı sizə qardaş olduğunu anlatdı?

- Mən Azərbaycanı görmədən sevmişəm: necə ki, görmədən birisi bir gözələ aşiq olur. Azərbaycanı mənə, əvvəlcə, böyüklərim söhbətləri ilə sevdirdi, sonra isə kitablardan öyrəndiklərim. Mən Səməd Vurğunun, Bəxtiyar Vahabzadənin, Nəbi Xəzrinin, Məmməd Aslanın və başqa sənətkarların əsərlərini oxuduqca bu yurdu daha ürəkdən sevmişəm. Azərbaycan mənim ürəyimdə sanki ayrı bir dünyadır. Azərbaycan deyiləndə ürəyimdə çeşmələr çağlayır, quşlar nəğmə oxuyur, dənə dolmuş zəmilər dalğalanır...

- Bəstami bəy, Azərbaycanda neçə kitabınız nəşr edilib? Tərcüməçilər kimlərdir, hansı nəşriyyat tərəfindən buraxılıb?

- İki kitabım çıxıb. Hər ikisi Qafqaz Universitetinin nəşriyyatı tərəfindən nəşr edilib. Kitablar “Ad günün mübarək” və “Yağmur  quşları” adlanır. Hekayə və nağıllarımı Kövkəb xanım Məmmədli tərcümə edib. Doğrusu, bu kitabları mən də buraya gələndən sonra ilk dəfə gördüm və çox sevindim. Bu işdə əməyi olan hər kəsə minnətdarlıq edirəm.

- Azərbaycana ilk gəlişinizdir. Bu torpağı, buradakı insanları necə təsəvvür edirdiniz, necə gördünüz? Gördükləriniz sizi sevindirdi, yoxsa məyus etdi?

- Necə təsəvvür etdim, necə gördüm önəmli deyil. Sevdiyim, aşiq olduğum bir yerə gəlmişəmsə, necə olmalıdır? Bura mənim sevdiyim məmləkətdir. Buna görə də hər şey mənə gözəl görünür.

- Haralarda olmaq ürəyinizdən keçir?

- Azərbaycanda, paytaxtı Bakıda gözəl yerlər çoxdur. Bunu kitablarda oxumuşam, televiziya süjetlərində görmüşəm. Amma öncə Şəhidlər xiyabanını ziyarət edəcəyəm, çünki orada şəhidlərimiz yatır. İmkan olsa, Qarabağın işğal altında olmayan sərhədyanı kəndlərinə gedib, oradakı insanlarla görüşər, düşmən əlində olan kəndlərə boylanardım.

-Azərbaycanı vəsf etdiyiniz şeriniz,hekayəniz varmı?

- Əlbəttə, var. Məsələn, mən Türkiyədə Huşəng Azəroğlunun ifa etdiyi “Sizə salam gətirmişəm!” mahnısını dinlədikdən sonra “Əleyküm salam” adlı şeir yazmışam. Həmin şeirə mahnı da bəstələnib. Azərbaycanla bağlı başqa şeirlərim də var...

- Ömrünüzün çoxunu məktəbdə, sinif otaqlarında keçirmisiniz. Müəllimlik sizə nə verib?

- Mən sizdən soruşuram, sabahdan axşamadək bir gül bağçasında gəzsəniz, kənara çıxdıqda sizdən nə qoxusu gələr?  Əlbəttə, gül. Özünüzü xoşbəxt sayarsınızmı? Əlbəttə, sayarsınız.  Mən də özümü

xoşbəxt sayıram. Çünki həmişə gül balaların arasındayam. Əgər məndə bir gözəllik varsa o, uşaqlardan mənə keçib. Mənim inancıma görə əsl müəllim pis insan ola bilməz.

- Siz özünüzü necə insan sayırsınız:

təmkinli, yoxsa səbirsiz?...

- Şagirdlərimin fikrincə, xarici görünüşüm çox sərtdir. Deyirlər ki, ilk dəfə görəndə sizdən qorxurduq. Amma söhbət edəndən sonra yanıldıqlarını söyləyirlər. Həqiqətən, daxilən elə bil bir uşağam. Belə demək olarsa, hər şeyə uşaq gözləri ilə baxıram. Amma millət, dövlət, din düşmənlərinə qarşı Koroğlu kimiyəm. Yaxşı insanlara, bu millətin övladlarına qarşı Yunus Əmrə kimiyəm. Həmişə təmkinli olmağa çalışıram. Necə insan olduğuma indi özünüz qərar verin.

- Oxucularımıza ürək sözünüz?

- Siz məni çox sevindirdiniz. Oxucularınıza üzümü tutub deyirəm: Azərbaycan çox gözəl məmləkətdir. Siz artıq azad bir vətəndə yaşayırsınız. Torpağınızı çox sevin, onun sərvətlərini qoruyun, daha da zənginləşdirin. Sizə isə həmişə öncül olmağı arzulayıram. Güman edirəm ki, sizinlə belə görüşlərimiz çox olacaq.

- Elə isə yeni görüşlərədək...

 

 

SƏMƏD MƏLİKZADƏ

 

Zaman.-2013.-8 yanvar.-S.7.