“Naxçıvan tarixi”nə həsr olunmuş müşavirə keçirilib

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan tarixiçoxcildliyinin hazırlanması sahəsində görülən işlər və qarşıda duran vəzifələr mövzusunda müşavirə keçirilib.

 

 Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov deyib ki, “Naxçıvan tarixiçoxcildliyinin hazırlanmasına gedən yol 1996-cı ildə keçirilən “Uluslararası qaynaqlarda Naxçıvan” Beynəlxalq Simpoziumundan başlanır, 2002-ci ildə ümummilli liderimiz Heydər Əliyevin müvafiq sərəncamı ilə Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin yaradılması isə bu istiqamətdə görülən işlərə əlavə stimul verib: “Ötən 10 il ərzində Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi mühüm bir elmi-tədqiqat müəssisəsi kimi formalaşıb. Belə ki, Naxçıvan tarixi ilə bağlı elmi araşdırmalar konkret istiqamətə yönəldilib, xarici ölkələrin tanınmış mütəxəssislərinin də iştirakı ilə geniş tədqiqat işləri aparılıb. Ötən dövrdə minə yaxın kitab, monoqrafiya, dərslik və elmi məqalə, o cümlədən “Naxçıvan abidələri ensiklopediyası”, “Naxçıvan ensiklopediyası”, “Naxçıvan tarixi atlası” hazırlanaraq nəşr edilib. Həmin nəşrlərdə və aparılmış tədqiqatlarda Naxçıvanın bəşər sivilizasiyasının mühüm ocaqlarından biri olduğu öz təsdiqini tapıb. Naxçıvan tarixinin müxtəlif dövrlərinə və problemlərinə dair xeyli sayda elmi-tədqiqat materiallarının nəşr olunması və keçirilmiş arxeoloji ekspedisiyalar nəticəsində yeni materialların əldə edilməsi “Naxçıvan tarixiçoxcildliyinin hazırlanması üçün əsas yaradıb”.

Daha sonra Ali Məclisin Sədri deyib: “Bütün bunlar nəzərə alınaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2012-ci il 6 avqust tarixli Sərəncamı ilə “Naxçıvan tarixi” çoxcildliyinin hazırlanması qərara alınıb. Bu iş Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinə və Naxçıvan Dövlət Universitetinə tapşırılıb. Sərəncamın icrası ilə əlaqədar ötən dövr ərzində bir sıra işlər görülüb. “Naxçıvan tarixi” çoxcildliyinin strukturu və planı hazırlanıb, redaksiya heyəti və müəlliflər qrupu təsdiq olunub”.

Müşavirədə aidiyyəti təşkilatlara konkret tapşırıqlar verən Ali Məclisin Sədri vurğulayıb ki, 2013-cü ildə “Naxçıvan tarixi”nin birinci cildinin çapa hazırlanması təmin edilməli, bununla yanaşı, 2014-cü ildə ikinci, 2015-ci ildə isə üçüncü cildinin nəşr edilməsi ilə bağlı da lazımi təşkilati tədbirlər görülməlidir. Ali Məclisin Sədri Naxçıvan Muxtar Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə “Naxçıvan tarixi” çoxcildliyinə daxil ediləcək xəritələrin yüksək səviyyədə hazırlanmasını tapşırıb və qeyd edib ki, “Naxçıvan tarixi” çoxcildliyində yalnız etibarlı mənbələr və öz elmi təsdiqini tapmış nəticələrə istinad olunmalıdır.

 

 

Vaqıf Vəlıyev

 

Naxçivan

 

Zaman.-2013.-17 yanvar.-S.6.