“Torpağımın qarşısında günahkar bilirəm özümü”
- Sizə
görə həyatda ən asan və ən çətin
şey nədir? - Ən asanı deyə bilmərəm, ən
çətini isə elə yaşamaqdır.
-
Ucqar bir kənddə yaşamağa məcbur olsaydınız,
dolanışığınızı necə
çıxarardınız?
-
Ucqar bir kənddə yox, Şuşada yaşamağa məcbur
olmaq istərdim. Belədə, dolanışıq çox da
vacib olmazdı.
-
Keçdiyiniz ömür yoluna baxanda ən çox nəyə
üzülür, nəyə sevinirsiniz?
-
Çox şeyə üzülürəm. Ən çox da
Azərbaycan torpaqlarının işğalına. Bu
işğal mənim şəxsi həyatımı da
alt-üst etdi. Sevinmək… Ürəkdən sevindiyimi
çoxdan xatırlamıram.
-
Valideyn və müəllimlərdən başqa
özünüzü kimlərə borclu bilirsiniz?
- Məni
doğma və əziz bilən hər kəsə. Amma ən
çox doğma torpağa, məni yetişdirən
Şuşa torpağına.
-
Uğrunda hər şeydən keçə biləcəyiniz
varlığın adı?
- Təmiz
ad. Çox şeydən keçmişəm buna görə…
Amma hər şeydən keçmək… Mənə
ağır gəlir belə hökm vermək.
-
Özünüzü hansı peşədə daha
yaxşı ifadə edə bilərdiniz? İndiki işinizdən
razısınızmı?
- Jurnalist peşəsi mənim şüurlu seçimimdir. Peşman deyiləm.
- Üzr istəmək sizə ağır gəlmir ki?
- Yox. Səhvimi etiraf edirəm
hər zaman.
- Sabir deyir: “Ağladıqca
kişi qeyrətsiz olur”. Siz necə düşünürsünüz?
- Bu deyimi kontekstdən çıxarmaq düz deyil. Amma böyük həqiqət
var bu deyimdə.
- “Kaş ki ... ölkədə doğulaydım, ... xalqın nümayəndəsi olaydım”
dediyiniz olurmu?
- Hərdən olur. Amma mən daha çox
öz taleyimizi necə dəyişmək
barədə düşünürəm.
Azərbaycan bizim əsas
sərvətimizdir.
- Evinizdə inciklik olurmu? Olursa, birinci kim
barışır?
- Mən küsəyən adam deyiləm.
- Özünüzü kimin
qarşısında günahkar
bilirsiniz və kiminsə günahını
bağışlamısınızmı?
- Torpağımın qarşısında
günahkar bilirəm özümü. Sualın ikinci hissəsinə
gəlincə, çox
günahlar bağışlamışam.
- Sizcə, azadlıq, istədiyini eləməkdir,
yoxsa istəmədiyini?
- Azadlığa belə üzdən yanaşmağın
tərəfdarı deyiləm.
- Sevgi nədir: ümid, qorxu, ya xoşbəxtlik?
- Sevgi hər şeydir.
- Ən çox
nə zaman utanırsınız?
- Ölkənin xəritəsinə
baxanda. Qarabağın yoxluğu məni
utandırır.
- Ölüm nədir?
- Haqq.
- Çoxlu pulunuz olsa, hara xərclərdiniz?
- O qədər yer var ki… Amma mənim
çoxlu pulum olan deyil.
- “Mən almasam,
bir başqası alacaq, mən olmasam, başqası olacaq” düşüncəsi
nəyi ifadə edir?
- Özünü inandırmaq
cəhdini.
- Həyatda ən böyük təsəlliniz?
- Namuslu adamların varlığı.
- Sizə hansı mövzuda sual verilməsini heç arzulamırsınız?
- Şəxsi həyatdan
danışmağı çox
da xoşlamıram.
- Yubiley və ad günlərində özünüzü
necə hiss edirsiniz?
- Bəzən qüssəli
oluram.
- Dünyanın hər yerindən görünən
uca bir lövhəyə
iki-üç kəlməlik
nəsihət yazmağı
xahiş etsələr,
nə yazardınız?
- Özünə rəva görmədiyini özgəyə
də rəva görmə.
- Sizə görə insanda ən yaxşı və ən pis xarakter
hansılardır?
- Nisbi məsələdir.
- Nə vaxtsa hansısa müğənniyə,
sənətçiyə heyran,
ya da aşiq
olmusunuzmu?
- Olub. Amma çox dərinə
getməmişəm.
- Övladlarınız sizi atsalar, onlara nə deyərdiniz?
- Bir oğlum var. Güman edirəm atmaz məni.
- Ən çox
sevdiyiniz və sevmədiyiniz sözlər?
- Baxır məqamına…
- Fürsət olsa, ölümqabağı nə
vəsiyyət edəcəksiniz?
- Qismət olsa, bir şey fikirləşərik…
- Ən çox
nədən qorxursunuz?
- Şərdən.
-
Xoşbəxt olmaq üçün nəyiniz çatmır?
-
Çox şey çatmır.
-
Sizin kimlərə və nə kimi xeyriniz var?
- Bu
suala başqaları cavab verə bilər.
- Bu
dünya bir insan şəklində qarşınızda dursa,
ona nə deyərdiniz?
-
Aman Allah!
- Həyatınızda
sizə təklif edilmiş nədənsə imtina etmisinizmi?
- O qədər imtina olub…
- Gənclik hansı yaşda bitir?
- Adam özünü qoca hiss edəndə.
- Dostlarınız çoxdurmu?
İnsanlar niyə
dost olurlar?
- Dostlarsız bir günümüz olmasın.
NİCAT İNTİQAM
Zaman.-2013.-18 yanvar.-S.7.