Afaq Bəşirqızı: “Məni
ayağa qaldıran xalqımın sevgisi oldu”
XƏYALƏ SADIQOVA,
Əməliyyat olunduqdan sonra iki il səhnədən ayrı qalan sevilən aktrisa Afaq Bəşirqızı ötən ay yenidən teatra qayıdıb. Xalq artisti ilə görüşüb, bu müddət ərzində yaşadığı təəssüratlarını öyrəndik.
- Afaq xanım səhhətinizlə bağlı 2 il teatra fasilə verməli oldunuz. Bu müddət sizdə hansı təəssüratları buraxdı?
- Aktyor daim axtarışda, daim səhnədə olmalıdır, yeni-yeni rollar oynamalıdır, onların üzərində çalışmalıdır, yaratmalıdır. Aktyorun birdən-birə hansısa səbəbdən fasilə verməsi onun yaradıcılığına böyük bir çat verir. Mən uzun bir müddətdən sonra səhnəyə yenidən çıxdım. Birinci gün mən özümdə deyildim. İnanın elə bilirdim ki, səhnə ayağımın altından qaçır. Nə yerdə idim, nə göydə. Tərəf müqabilimin səsini belə eşitmirdim. Özümü səhnədə artıq bir əşya kimi hiss edirdim, canlı belə deyil, əşya... Baxmayaraq ki, nə qədər vaxt biz məşq elədik, hazırlaşdıq üstəlik bu mənim oynadığım obraz idi, qeyri-adi heç nə yox idi, dekorlardan başqa... Amma sonra özümü tez ələ aldım. Bu da yəqin ki, peşəkarlıqdan, neçə illərdir səhnədə olmaqdan irəli gəlir. Ümumiyyətlə, heç bir yaradıcı insana belə fasilələr arzulamıram.
- İlk yurd yeriniz olan Lənkəran Dövlət Dram teatrına heç yolunuz düşürmü?
- Mənim haqqımda film çəkiləndə yenidən o teatra getdim. Həmin vaxta qədər getməmişdim. Buna baxmayaraq, mənim işlədiyim teatrlardan ən sıx ünsiyyətdə olduğum onlardır. Onlar mənə zəng edib axtarırlar. Bəzən qayğıya ehtiyacları olur və mən əlimdən gəldiyi qədər onlara kömək etməyə çalışıram.
- Bildiyim qədər siz uşaqlıqda şərqşünas olmaq istəmisiniz amma qismət olmayıb və aktrisa olmusunuz.
Bəs sonradan bu istəyinizə
nail olmağa cəhd etmisiniz?
- Xeyr. Cəhd etmədim. Buna heç
vaxtım da olmadı. Mən hər saniyəmdə
uca Yaradana şükr edirəm ki, mən sənətkar oldum.
Bu həm Bəşir Səfəroğlunun
yoludur, onun ocağıdır, həm də indiki vəziyyətdə
mənim aktrisa olmağım daha vacibdir nəinki, şərqşünas.
Dediklərim özündən razılıq kimi
başa düşülməsin, lakin mən hesab edirəm ki,
elə şərqşünas da olsaydım, o sahədə
mütləq nə isə edə bilərdim.
- Afaq
xanım aktrisalıq atanızın yolu idi. Bəs
şərqşünaslığa həvəs haradan idi?
- Bizim
vaxtımızda şərqşünaslıq, hüquq, tibb və
jurnalistika ən dəbdə olan peşələr idi. Mən də bilirdim ki, tibb mənlik deyil. Çünki, dəqiq elmlərə həvəsim
yox idi. Düzdür, məktəbdə
yaxşı oxumuşam. Amma tarixə,
ingilis dilinə, ədəbiyyata olan həvəsim kimya,
fizikaya yox idi. İngilis dilinə,
xüsusilə, həvəsim var idi və o biliklərim indi də
mənim köməyimə gəlir.
-
Televiziya tamaşalarında bir çox obraz
canlandırmısınız. Ancaq bədii film
olaraq “Söylü” obrazı əvəzolunmazdır. Bəs Azərbaycan tamaşaçılarının
Afaq xanımın ifasında “Söylü”nü unutduracaq yeni
bir obrazda görmək ehtimalı var?
- İnanmıram. Çünki, hanı o yazar? Ola bilsin ki, mənə çox şaxəli, rəngarəng,
udulacaq bir rol təklif olunar. Amma ola
bilsin ki, mən uduzaram. Ola bilsin ki, mən o
obrazı “Söylü” səviyyəsinə çatdıra
bilmərəm. Hər aşiqin bir
dövranı olduğu kimi, hər bir
yaradıcılığın da öz dövrü olur. Mən deyərdim ki, çox nadir aktyorlar səhnə
ömründə parlaya-parlaya gedib. Axı,
aktyor da tək parlaya bilməz. Bunun
üçün mətn, rejissor və şərait
lazımdır. Amma əgər mən hələ
də səhnədəyəmsə və bundan sonra da olmaq
fikrindəyəmsə, mən çalışıram, fikirləşirəm
ki, yeni nə isə bir şey edim. Son
dövr yaradıcılığımda klassikaya daha çox
yer verdim və deyim ki, heç də peşman olmadım.
Teatrın administratorları hələ də
deyirlər ki, “Afaq xanım, telefonlar susmaq bilmir”.
Tamaşaçılar “Xanuma”nın nə
vaxt bərpa olunacağını soruşurlar. Ümumiyyətlə,
səhnəyə yenidən çıxanda mən
tamaşaçı alqışını, o
doğmalığı hiss etdim. Tamaşaçı
razılığı və alqışı mənim
oksigenimdir və mən bu oksigenlə o ki var nəfəs
aldım.
- Bəs Afaq Xanım xoşbəxtliyin qafiyəsini tapa
bilib?
- Vallah,
heç mən qafiyə haqqında fikirləşmirəm. (gülür) Əgər sən atasız,
anasız, qayğısız, evsiz, bu həyatın
burulğanlarında yıxıldın, dizlərin qanadı,
durdun, yenə o daşlı-kəsəkli yollarla getdin... Getdin və özünü təsdiq etdin. Sənətkar oldun, ana oldun, nənə oldun, həyat
yoldaşı oldun. Bu günə qədər 46 il həyatda olmayan bir varlığı
yaşatdın və əgər indi sənə bir şey
olarsa, o varlığın yaşamasından nigaran getməyəcəksən,
necə xoşbəxt olmaya bilərsən? Düşünürəm
ki, bütün bunları nəzərə alaraq, “mən xoşbəxt
deyiləm” demək olmaz.
- Əvvəlki filmlərə baxanda süni nə isə
görmək mümkün deyil. Lakin indi bəzi filmlərə
axıra kimi baxmaq olmur, insan sıxılır. Sizcə bu nədən irəli gəlir?
- Peşəkarlığın
çox zəif olmasından. Yaşından asılı
olmayaraq, hər bir yaradıcı adam
işini professional şəkildə görməlidir. Xüsusən də, kino sahəsində. Bilirsiniz ki, kino incəsənətin ən seçilən
növüdür. Bu sahədə də
naşılıq olanda heç cür
bağışlanmır. Lakin mən deyim
ki, bizim “bu niyə belədir” deyib heyifislənməyimiz
doğru deyil. Bizim çox müvəffəqiyyətli
tamaşalarımız da, aktyorlarımız da var müəyyən
teatrlarımızda. Amma
tamaşaçı doğrudan da qiyməti sərrast verir.
İstər alim olsun, istər adi bir
sürücü onların qiyməti çox kəsərli
olur. Hesab edirəm ki, onların fikrinə
qulaq asmaq lazımdır. Çünki, hər
şeyi görən tərəf onlardır. Aktyor tamaşaçının axrasınca getməməlidir,
onları öz arxasınca aparmalıdır. Onların zövqünə xitab etmək
lazımdır. Aktyor göstərir, amma
onlar görür. Təəssüflər
olsun ki, insan özünü görmür, görmək istəmir.
Aktyor da belədir. Bəzən olur ki, el-aləm
deyir ki, bu adam aktyor deyil amma o deyir ki, mən
aktyoram. Özü də ən
yaxşısından. Və bütün
titullara da o layiq görülür. Çox qəribədir...
- Sizin
yumorlarınız demək olar ki, hər kəsi
güldürür. Bəs Afaq xanımı nə
güldürür?
- Bilirsiz,
bayram günlərində bizim köhnə lent
yazılarımızı göstərirlər. O tamaşalardan birini izləyərkən
çox kövrəldim. Hətta həyat
yoldaşım mənim pis olduğumu görüb, kanalı dəyişdi.
O, elə bildi ki, kanalı dəyişməklə mənim
canımı qurtardı. Kanalda mənim itirdiklərimin
tamaşası gedirdi. Bu, Bəşir Səfəroğlu
ilə başlayıb, Yaşar Nuri ilə bitir. Çox darıxıram onlar üçün.
Yerlərini hiss edirəm. Mən artıq onlara
baxıb, gülə bilmirəm. Çox çətindir,
çox çətin...
- İndi güldürəcək aktyorlar yoxdur bəlkə?
- Var.
İndi istedadlı gənclər çoxdur. Amma
onları əhatə edən müəyyən atributlar var ki,
onlar çatışmır. Gənc
Tamaşaçılar Teatrında, Milli Dram Teatrda, Musiqili Dram
Teatrda, KVN-də də istedadlı gənclər var. Rəfaellə
Coşğun da mənim bəyəndiyim həmin o gənclərdəndir.
Lakin mən onları teatrda görmək istəyirəm.
Onları mükəmməl rejissor, mükəmməl
dramaturq qələmində görmək istəyirəm.
Coşğun “Karmen” tamaşasında Xose
obrazını canlandırmışdı. Kaşki, siz onların gözlərindəki nisgili,
tamamilə başqa arzuları görə biləydiniz. Axı, onlar aktyordurlar, aid olduqları yerdə olmaq
istəyirlər.
- Yeni çəkilən
seriallarda bir çox sənətkarları görürük. Bəs sizə belə bir təklif gəlibmi?
- Mənə
bir serialdan təklif gəldi, amma sözün düzü
ssenari xoşuma gəlmədi. Onu da deyim ki, yeni
seriallarda çox gözəl aktyor ifaları var. Üstəlik
onların əksəriyyəti rayon teatrlarından dəvət
olunmuş aktyorlardır. Mən onların
qabiliyyətinə, sərbəstliyinə heyran oluram. Çox istedadlı gənclər görürəm
seriallarda, həddindən ziyadə qabiliyyətlidirlər.
Doğrudur vaxtım məhdud olduğundan
çox izləyə bilmirəm. Hətta
deyərdim ki, əgər mən hansısa seriala baxsam,
sırf həmin aktyora görə baxaram.
- Əzizağa Əzizovun müsahibəsində sizi
çox sevdiyindən danışır. Əzizağa
bəyin sırasına başqa kimləri əlavə etmək
olar?
- Bilmirəm.
Onu mən deyə bilmərəm.
(Gülür)
- Hətta
qızına sizin adınızı verib...
- Bəli.
Qızının adı Afaqdır. Müəyyən aktyorlar var ki, mən onlara xüsusi
diqqət göstərmişəm. Onların
indi səhnədə olmasında mənim də az-çox
rolum olub. Əgər onlar bunu itirmirlərsə,
bu onların böyüklüyüdür. Əzizağa da bunu unutmursa, ona halal olsun. Mən Əzizağaya qarşı xüsusi diqqətin
olmasın istəyərdim. İnsanlar onu
teatr aktyoru kimi tanıyırlar. Amma o eyni
zamanda Qarabağ veteranıdır. Əzizağa
döyüşdə ağır travma alıb. Bütün bunlara baxmayaraq o,
ağrı-acısıilə insanlara gülüş bəxş
edir, ailə dolandırır, övladlarının qeydinə
qalır. Ümumiyyətlə, həyatın
gözəlliyi problemlərlə mübarizə apararaq
yaşamaqdadır. Həyatın
qayğılarına qalib gələndə və onun bəhrəsini
görəndə insan çox xoşbəxt olur. Mən
keçən il “Şöhrət Ordeni”
alanda çox sıxıldım. Öz-özümə dedim ki, mən bir ildir səhnədə deyiləm,
niyə bu mükafatı aldım? Mənə dedilər ki,
Afaq sənin indiyə qədər etdiklərin 10 il də səhnədə olmasan bəs edər.
Mən bu diqqətə görə xüsusi
insanlar var ki, onlara minnətdaram. Onlar Cənab
Prezidentimiz ilə nazirimizdir.
-
Tamaşaçıya sağlam gülüş bəxş etməyin
sirri nədir?
- İlk növbədə sən özün sağlam olmalısan. Savadlı olmalısan, dünyagörüşün geniş olmalıdır. Sən ən azından Höte ilə Götenin əkiz qardaş yox, eyni insan olduğunu bilməlisən. Bax o zaman sənin bəxş etdiyin hər şey saf və təmiz olar. Aktyor “çərçivə”, “ampula” sözlərini özünə yaxın buraxmamalıdır. Sözsüz ki, dramatik rolda oynayan aktyor komediyada oynaya bilmir. Çünki, özünü ona yaxın hiss etmir. Aktyor oynadığı obrazın taleyindən cavabdehdir. Biz bir az da demokratiyanı anarxiya ilə qarışdırmışıq. Hər şey ölçüsündə olanda yaxşıdır.
- İki illik fasilədən sonra tamaşaçılarınıza, həm də oxuyuculara demək istədikləriniz...
- Onlar var olsunlar ki, mən varam. 2012-ci il sentyabrın 23-dən bu günə qədər mən nə qədər sevildiyimi, hörmətli olduğumu, insanlara nə qədər doğma olduğumu hiss etdim. Bəlkə də, o ağır əməliyyatdan məni çıxaran xalqın qayğısı, diqqəti, sevgisi oldu. Mən həkimlərimə, mənə xidmət edən insanlara, ailə üzvlərimə, dostlarıma dərin təşəkkürümü bildirirəm. Amma məni xalqım ayağa qaldırdı. Bilirsiz, mən çox rahat oldum, tez ayağa qalxdım, tez yeridim. Mən narkozdan ayılanda başımın üstündə həyat yoldaşım dayanmışdı. O, mənə onu eşidib-eşitmədiyimi soruşdu. İşarə elədim ki, eşidirəm. Dedi “Afaq zəng etmişdilər ki, bayaqdan məsciddə sənə dualar oxunur”. O an mən heç bir ağrı hiss etmədim. Elə bil ruhum cavanlaşdı. Öz-özümə dedim ki, hər şeyi bir kənara qoy və özünü sevindir artıq. Sən sevin ki, bu qədər xalqın sevgisini qazanmısan. Tamaşaçılarıma, əziz oxuyuculara dərin minnətdarlığımı bildirirəm. Bütün media əhlinə “var olsunlar” deyirəm. Arzu edirəm ki, bu və bundan sonrakı illər xalqıma itki, qorxu, kədər qismət etməsin. Hər bir evdə sülh və əmin-amanlıq olsun. Hər kəs öz evində könül xoşluğu ilə otursun. Hamınızı sevirəm, böyükdən kiçiyə qədər.
Xəyalə
SadIqova
Zaman.-2014.-1 aprel.-S.8.