Prezident İlham Əliyev: “Qaxda aparılan quruculuq-abadlıq işləri rayonu ön plana çəkibdir”

 

Prezident İlham Əliyev Qax rayonuna sonuncu səfəri  zamanı ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstəsi qoyub. Qax Rayon İcra Hakimiyyətinin Başçısı Musa Şəkiliyev Prezident İlham Əliyevə abidə ətrafında görülmüş abadlıq-quruculuq və tikinti işləri barədə məlumat verib.

 

Prezident İlham Əliyev yenidən qurulan Şəki-Qax-Zaqatala avtomobil yolunun Şəki-Qax hissəsinin açılışında iştirak etmişdir.

 

Son 10 ildə Azərbaycanın yol-nəqliyyat infrastrukturunda əsaslı dəyişikliklər baş vermişdir. Ölkə ərazisindən keçən beynəlxalq əhəmiyyətli magistrallar müasir standartlar səviyyəsində tamamilə yenidən qurulmuşdur. Paytaxtın və rayon mərkəzlərinin küçə və yolları abadlaşdırılır. Prezident İlham Əliyevin sərəncam və göstərişlərinə əsasən, indi əsas diqqət regionlarda kənd və qəsəbələri birləşdirən avtomobil yollarının təmirinə yönəldilmişdir. Bu proses ölkəmizin bütün regionlarında olduğu kimi, Qaxda da geniş vüsət almışdır. Şəki-Qax-Zaqatala avtomobil yolu da tamamilə yenidən qurulmuşdur.

 

Dövlətimizin başçısı yolun texniki-iqtisadi göstəricilərini əks etdirən stendlərə baxdı.

 

Nəqliyyat naziri Ziya Məmmədov məlumat verdi ki, avtomobil yolunun yenidən qurulması işlərinə 2010-cu ildə başlanmışdır. İkizolaqlı yolun uzunluğu 35 kilometr, hərəkət hissəsinin eni 7, torpaq yatağının eni 12, asfalt-beton örtüyünün eni isə 8 metrdir. Yolun 26 kilometri Şəki rayonunun, 9 kilometri Qax rayonunun ərazisinə düşür.

 

Yolun keçdiyi Kümrük çayı üzərində nəhəng körpü də inşa olunmuşdur. Dörd aşırımdan ibarət körpü Şəki şəhəri, Qax və Zaqatala rayonlarına avtomobillərin və piyadaların rahat və maneəsiz hərəkətini təmin etməklə yanaşı, gözəl görünüşü ilə də diqqəti cəlb edir. İnşaat işləri zamanı yüksək keyfiyyətli tikinti materiallarından istifadə edilmişdir. Körpünün inşasına 2012-ci ilin yanvarında başlanmışdır. Körpüdə avtomobillərin hərəkət hissəsi 11,5, piyadaların hərəkət hissəsi isə 1,5 metrdir.

 

Körpünün çay səviyyəsindən hündürlüyü 8 metrdir. Rayonun bir çox yaşayış məntəqələrini birləşdirən yolları qısaldan və rahatlaşdıran bu körpü ölkənin yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, xüsusilə də, dövlətimizin başçısının regionların sosial-iqtisadi inkişafına göstərdiyi qayğının ardıcıl və davamlı xarakterinə daha bir sübutdur. Ümumiyyətlə, yol boyu 21 körpü vardır.

 

Diqqətə çatdırıldı ki, Şəki-Qax avtomobil yolu respublikanın ən böyük turizm marşrutlarından biridir. Avtomobil yolu Şəki şəhərini Qax istiqamətində Kiş çayı üzərindəki körpüdən başlayaraq, Qorağan-Qax-Zaqatala avtomobil yolunun 14-cü kilometri ilə birləşdirir. Avtomobil yolu Şəki və Qax şəhərləri arasında nəqliyyat əlaqəsinin yaxşılaşmasına, hazırda istifadə olunan 77 kilometr məsafənin 42 kilometr qısalmasına imkan verəcəkdir. Bu yol Şəki rayonunun 28 mindən çox əhalisi olan 21 yaşayış məntəqəsini, Qax rayonunun iki mindən artıq əhalisi olan 6 məntəqəsini birləşdirir.

 

Azərbaycan Prezidenti İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsdi.

 

Dövlətimizin başçısı görülmüş işlərdən razılığını bildirdi, tapşırıq və tövsiyələrini verdi.

 

Prezident İlham Əliyev Qax şəhərinin su təchizatı və kanalizasiya sistemləri kompleksinin istifadəyə verilməsi mərasimində iştirak etmişdir. Dövlətimizin başçısı Qax şəhərinin su təchizatı sistemlərinin baş planını və şəhərin 1 nömrəli su anbarının görüntülərini əks etdirən stendlərə baxdı. “Qax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi barədə məlumat verən “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov bildirdi ki, kompleksin təməli dövlətimizin başçısının iştirakı ilə 2011-ci il noyabrın 17-də qoyulmuşdur.

 

Qeyd edildi ki, Qax şəhərinin su təchizatı sistemi 1960-cı illərin sonlarında yaradılmışdır. Yeni layihənin icrasına qədər şəhər sakinləri Kürmük və Qumçay çaylarının, həmçinin subartezian quyularının sularından istifadə edirdilər. Mövcud 25 kilometr magistral və 52 kilometrlik paylayıcı su xətləri istismara yararsız vəziyyətdə olduğundan əhalinin içməli su təchizatında fasilələr yaranırdı. Qax şəhərinin 13 min sakininin 9 mini mərkəzləşmiş qaydada gün ərzində 4-6 saat olmaqla cədvəl əsasında içməli su ilə təchiz edilirdi. Mərkəzləşmiş su təchizatı sistemi olmayan yerlərdə isə əhali tələbatını fərdi qaydada ödəmək məcburiyyətində idi.

 

Layihəyə əsasən, İlisu kəndinin yaxınlığındakı bulaqlardan Qax şəhərinə gətirilən su həm yeni qurulmuş, həm də mövcud şəbəkə vasitəsilə əhaliyə verilir. Bunun nəticəsidir ki, artıq şəhər yeni mənbədən 100 faiz fasiləsiz su ilə təmin olunur. Bulaq sularının toplanması məqsədilə ərazidə məhsuldarlığı saniyədə 80 litr olan suqəbuledici qurğu tikilmiş və buradan Qax şəhərinə qədər 6,7 kilometr uzunluğunda magistral su kəməri çəkilmişdir.

 

Dövlətimizin başçısı Qax şəhərinə içməli suyun rəmzi verilməsini bildirən düyməni basdı.

 

 

 

Prezident İlham Əliyev Qaxa

 

səfəri çərçivəsində Heydər Əliyev Mərkəzinin açılışında iştirak

 

etmişdir.

 

Ölkəmizin hər yerində olduğu kimi, qaxlılar da ulu öndər Heydər Əliyevin xatirəsini əziz tuturlar. Şəhərdə yeni tikilən Heydər Əliyev Mərkəzi Ümummilli Liderin xatirəsinə dərin ehtiramın nümunəsidir. Mərkəzdə Ulu Öndərin həyata keçirdiyi müdrik siyasət nəticəsində müstəqilliyin ilk illərində ölkəmizdə vətəndaş müharibəsinin qarşısının alınması, iqtisadiyyatın ağır böhran vəziyyətindən çıxarılaraq inkişaf yoluna qədəm qoyması, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artırılması, qüdrətli ordu quruculuğu istiqamətində həyata keçirilən mühüm tədbirləri əks etdirən fotolara geniş yer verilmişdir.

 

Foyedə ümummilli lider Heydər Əliyevin möhtəşəm abidəsi və məlumat-informasiya köşkü vardır. Ümumi sahəsi 670 kvadratmetr olan əsas zal dörd hissəyə bölünmüşdür. Lakin hərəkət edən arakəsmələr zalı bütöv şəklə salaraq 600 nəfərin iştirakı ilə konfrans keçirməyə imkan verir. Zalın yan divarları səkkizguşəli ornamentli şüşələrlə örtülmüş, xüsusi ekranlar və tablolarla Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən fraqmentlərlə işıqlandırılmışdır. Zalın bir hissəsi 8 qatlı xüsusi elektron pərdə ilə kəsilərək kinozala çevrilmişdir. Burada Azərbaycanın müasir tarixini, iqtisadi və sosial inkişafını əks etdirən filmlər nümayiş olunur.

 

Prezident İlham Əliyev zalda Qax rayonunun elektron xəritəsinə, eləcə də Ulu Öndərin xarici ölkələrə səfərlərini əks etdirən elektron lövhələrə baxdı.

 

Mərkəzdə xoreoqrafiya, milli və bal rəqsləri, sənət dərnəkləri fəaliyyət göstərəcəkdir. Burada, həmçinin ingilis, yapon və rus dilləri sinfi vardır. Mərkəzdə internet kafe, elektron kitabxana, virtual otaqlar da yüksək standartlara cavab verir.

 

Dövlətimizin başçısı Mərkəzin xatirə kitabına ürək sözlərini yazdı.

 

Prezident İlham Əliyev Heydər Əliyev Mərkəzində yaradılmış şəraiti yüksək qiymətləndirdi.

 

 

 

Prezident İlham Əliyev Qaxda Olimpiya İdman Kompleksinin açılışında iştirak etmişdir.

 

Dövlətimizin başçısı kompleksin rəmzi açılışını bildirən lenti kəsdi.

 

Kompleksin təməli 2008-ci il sentyabrın 19-da Prezident İlham Əliyevin iştirakı ilə qoyulmuşdur. Burada ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Qaxa səfərlərindən və idmanın inkişafına göstərdikləri qayğıdan bəhs edən fotoguşələr yaradılmışdır.

 

Gənclər və idman naziri Azad Rəhimov bildirdi ki, son illərdə Qaxda idmanın müxtəlif növlərinin inkişafına xüsusi diqqətin göstərilməsi, xüsusilə də, bu cür qurğunun istifadəyə verilməsi rayonda gənclərin idmana olan maraq və həvəslərini daha da artırmışdır. Məlumat verildi ki, Qax Olimpiya İdman Kompleksinin ümumi tikinti sahəsi 9 min 220 kvadratmetr, tikintialtı sahəsi 6 min 498 kvadratmetr, yaşıllaşdırma sahəsi isə 8 min kvadratmetrdir. Layihəyə əsasən, ümumi sahəsi 3 min 655 kvadratmetr olan universal idman zalı binasında tamaşaçı yerlərinin sayı 480-dir. Burada iki soyunub-geyinmə, məşqçi və digər otaqlar vardır. İnzibati binanın birinci mərtəbəsində gənclərin informasiya mərkəzi, məlumat-qeydiyyat bölməsi, 40 nəfərlik kafe, həkim və inventar, eləcə də texniki otaqlar fəaliyyət göstərir. İkinci mərtəbədə şahmat otağı, trenajor zalları, bilyard və stolüstü tennis otağı yaradılmışdır. Universal idman zalında Danimarkanın “Junkers” firmasının istehsalı olan xüsusi döşəmə salınmışdır. Kompleksdə müasir standartlara uyğun 410 yerlik üzgüçülük hovuzu da yaradılmışdır. İkinci mərtəbədə, həmçinin idmançılar üçün istirahət otaqları vardır.

 

Diqqətə çatdırıldı ki, kompleksin ərazisində ikimərtəbəli beş kottec inşa edilmişdir. Müasir mebel və avadanlıqla təchiz olunan hər bir kottec binası dörd otaqdan ibarətdir.

 

Məlumat verildi ki, kompleksdə süni ot örtüklü futbol stadionu da tikilmişdir. Eyni zamanda, stadionda üstüörtülü min tamaşaçı yerlik tribuna inşa edilmiş, məşqçi və hakim otaqları yaradılmış, müasir işıqlandırma sistemi quraşdırılmışdır. Bundan əlavə, kompleksin ərazisində basketbol, voleybol və tennis meydançaları vardır.

 

Olimpiya İdman Kompleksi ilə tanış olan Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

 

Rayon ictimaiyyətinin nümayəndələrini salamlayan Prezident İlham Əliyev:

 

“Qax rayonunda çox əlamətdar bir gündür. Biz gözəl Olimpiya Mərkəzinin açılışına toplaşmışıq, gözəl mərkəzdir. İndi tanış oldum, görürəm ki, bütün imkanlar vardır. Gənclər, uşaqlar idmanla məşğul olacaqlar, yaşlı nəslin nümayəndələri də istifadə etməlidirlər, bütün şərait vardır. Bilirəm ki, Olimpiya Kompleksinin tikintisi Qax sakinlərinin çoxdankı arzusu idi və artıq bu arzu reallaşıb. Əminəm ki, burada məşğul olacaq idmançılar Azərbaycanın idman şöhrətini yüksəklərə qaldıracaqlar. Gələcək Olimpiya, dünya çempionları burada yetişəcək və beləliklə, Azərbaycan idmanı inkişaf edəcəkdir.

 

Əlbəttə, belə komplekslərin tikintisi, ilk növbədə, idmanın kütləviliyini təmin edir. Əlbəttə ki, çempionlar da, rekordlar da lazımdır. Ancaq, ilk növbədə, gənclər gərək idmanla məşğul olsunlar ki, sağlam olsunlar və sağlam həyat tərzi sürsünlər. Buna görə ölkəmizin müxtəlif yerlərində belə komplekslər tikilir. Artıq Azərbaycanın regionlarında 39 Olimpiya mərkəzi vardır. Beləliklə, Qaxda da idmanla gözəl şəraitdə məşğul olmaq üçün bütün imkanlar vardır.

 

Əminəm ki, bu Olimpiya Mərkəzi qaxlıların xidmətində olacaqdır. Sizi bir daha salamlayıram və bu hadisə münasibətilə təbrik edirəm. Deyə bilərəm ki, Qaxda aparılan quruculuq-abadlıq işləri rayonu ön plana çəkibdir. Siz də bunu bilirsiniz. Bu da sizin xidmətinizdir, zəhmətinizdir.

 

Rayon idmançıları adından çıxış edən əlbəyaxa döyüş üzrə dünya çempionatının finalçısı Ramil Məmmədli Azərbaycan idmanının inkişafına, o cümlədən Qax rayonuna göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığını bildirərək, bu gün ölkədə Vətənini sevən sağlam gənclik yetişdiyini söylədi: “Bu sağlam gənclik bu gününü, sabahını və gələcəyini yalnız və yalnız Sizə bağlayır. Sizə möhkəm idman sağlamlığı arzulayır, işlərinizdə uğurlar diləyirik”.

 

Prezident İlham Əliyev Qaxda “El Resort” hotelinin Konfrans Mərkəzinin açılışında iştirak etmişdir.

 

Dövlətimizin başçısı Konfrans Mərkəzinin rəmzi açılışını bildirən lenti kəsdi.

 

Müasir layihə əsasında tikilən mərkəzin ərazisi üç min kvadratmetrdən çoxdur. Sahəsi 1080 kvadratmetr olan birinci mərtəbədəki sütunsuz böyük zalda 900 nəfərə xidmət göstərilə bilər. Zalda dörd böyük ekran və bunlara uyğun projektorlar quraşdırılmışdır. Böyük zal, həmçinin ən müasir avadanlıqla təchiz edilmişdir.

 

Mərkəzin ikinci mərtəbəsindəki zallarda da yüksək səviyyəli xidmətin göstərilməsi mümkündür. Zallar ən müasir mobil audio-video avadanlığı ilə təchiz edilmişdir. Mərkəzin ərazisində 100 avtomobillik dayanacaq inşa olunmuşdur. Konfrans Mərkəzində bütün infrastruktur ən müasir səviyyədə qurulmuşdur.

 

Zaman.-2014.-1 aprel.-S.2-3.