Tarixlərin yaddaşı- Tarix-Diyarşünaslıq muzeyi

 

Qaxın qədim tarixini özündə əks etdirən tarix diyarşünaslıq muzeyi bura gələn turistlərin və qonaqların ən çox ziyarət etdikləri yerlərdən biridir.

 

Qax Tarix-Diyarşünaslıq muzeyi Azərbaycan KP MK-nin iyul 1979-cu il tarixli plenumunun qərarına uyğun olaraq tarix-ölkəşünaslıq muzeyinin bazasında, Azərbaycan SSRİ Nazirlər Sovetinin 13 avqust 1981-ci il tarixli 445 saylı sərəncamına əsasən yaradılıb. Muzeydə ilk vaxtlar 500-dək eksponat olub. Muzeydə Qax rayonunun 5000 illik tarixindən sora verən 10798 ədəd tarixi və elmi əhəmiyyətə malik əşya mühafizə, tədqiq    təbliğ  olunur.

 

Qax rayon Tarix-Diyarşünaslıq muzeyi rayonun daşınan tarixi abidələri, elmi təbiət kolleksiyalarını və bədii kolleksiyaları müəyyən coğrafi və inzibati əraziyə aid xalq sənəti nümunələrini toplayan, mühafizə edən elmi tədqiqat və mədəni-maarif müəssisəsidir.

 

Qax Tarix-Diyarşünaslıq muzeyi profilinə görə kompleks profilli muzeylər növünə aiddir və Azərbaycan tarix elminin xəzinəsini özündə qoruyaraq yaşadır.

 

 VIII zaldan ibarət IX salon üzrə yerləşdirilmiş muzey ekspozisiyası ilə hər il minlərlə tamaşaçı yaxından tanış olur. Milli-mənəvi dəyərlərin təbliği məqsədilə muzey əməkdaşları tərəfindən davamlı olaraq arxeoloji və etnoqrafik kolleksiyalar əsasında stasionar və səyyar sərgilər təşkil olunur.

 

 

 

Gözəlliklər məskəni-İlisu Dövlət Təbiət Qoruğu

 

İlisu Dövlət Təbiət Qoruğu Azərbaycanın ən gözəl məkanlarından biridir. Qoruq 1997-ci ildə 9345 ha ərazidə yaradılmış, 2003-cü ildə isə ərazisi genişləndirilərək, 17381.6 ha çatdırılmışdır. O cümlədən Qoruqla həmsərhəd ərazilərdə, Qax rayonunun inzibati əraziləri olan yay və qış otlaq sahələrində 36836 ha ərazidə Dövlət Yasaqlığı yaradılaraq qoruğun nəzarətinə verilmişdir. Beləliklə, Qax rayonunun inzibati ərazisinin 1/3 hissəsi, həm növ tərkibinə həm də populyasiyaların sıxlığına görə xarakterik, zəngin bioloji müxtəlifliyə malik olub, qorunması və inkişafı zəruri olan 54217.6 ha, “Xüsusi Mühafizə Olunan Təbiət Ərazisi” elan edilmişdir. Regionda mövcud olan olduqca zəngin ekoloji şəraitin (relyef və coğrafi quruluş, iqlim, torpaq, su, bitki örtüyü və s.) heyvanat aləminin zənginliyini müəyyən edən əsas faktordur. Unikal və zəngin heyvanat aləminin mövcudluğu, buranın təbii landşaftlarının biomüxtəlifliyinin öyrənilməsi, günü-gündən dəyişən növ tərkibinin və populyasiyaların sıxlığının dinamikasının, eləcədə mövcud biosenozların ekoloji-faunastik xarakteristikasının tədqiq edilməsi ənənəsinin davam etdirilməsinə zəmin yaradır. Uzun müddət aparılan, davamlı tədqiqatların nəticəsi olaraq müəyyən olunmuşdur ki, Qafqaz ekoregionunda mövcud olan biomüxtəlifliyin 70%-i və yırtıcı məməlilərin 90%-i İlisu Dövlət Təbiət Qoruğunda mövcuddur. Xüsusi mühafizə olunan ərazilərdə və ətraf ərazilərdə onurğalıların 150-dən artıq növü müəyyən edilmişdir. Bu nəticənin demək olar ki yarısını məməlilər təşkil edir.

 

İlisu Dövlət Təbiət Qoruğunun yerüstü onurğalılar faunası yarımsəhra, çöl, meşə, dağ,  çəmən mənşəli növlər olub, eləcədə avtoxton və kosmopolit növlərdən ibarətdir. Mövcud növlərin əksəriyyəti endemik növlərdir. Əsasən dağ biotoplarında endemizm düzən biotopların biomüxtəlifliyin növlərinə nisbətən daha çox  xarakterikdir.

 

Qax rayonunun yerüstü onurğalılar faunası yarımsəhra, çöl, meşə, dağ,  çəmən mənşəli növlər olub, eləcədə avtoxton və kosmopolit növlərdən ibarətdir. Mövcud növlərin əksəriyyəti endemik növlərdir. Əsasən dağ biotoplarında endemizm düzən biotopların biomüxtəlifliyin növlərinə nisbətən daha çox  xarakterikdir.

 

Qax rayonunun ərazilərində, adı Azərbaycanın “Qırmızı kitab”ına düşmüş olan heyvan növlərindən bəbir, vaşaq, meşə pişiyi, köpkər (qarapaça) bunlardan başqa Qafqaz nəcib maralı, Şərqi Qafqaz turu, cüyür, vəhşi donuz, Qafqaz qonur ayısı, canavar, tülkü, çaqqal, tirəndaz, porsuq, dovşan və sair fauna elementləri mövcuddur. Həmçinin rayonumuzun ərazisində yaxın zamanlara qədər yaşamış və bu gün kökü tamamilə kəsilmiş Qafqaz bezoar keçisi, zolaqlı kaftar və ceyran kimi fauna nümunələrini göstərmək olar. İlisu Dövlət Təbiət Qoruğunda xüsusi mühafizə elementi kimi, endemik növ olan Şərqi Qafqaz turu (yerli leksikonda-Təkə) bir çoxlarına adi bir dağ keçisi kimi görünsə də, nəzərlərinə çatdırmaq istərdim ki, cütdırnaqlıların bu növü yalnız və yalnız Böyük Qafqaz təbii vilayətinin yüksək dağlıq ərazilərində yayılmışdır və dünyanın başqa heç bir yerində rast gəlinməz. Bu üzdən Şərqi Qafqaz Turu tək bizim üçün deyil, bütün dünya üçün böyük əhəmiyyət kəsb edir.

 

Azərbaycanda 4100 bitki növü yayılıb ki, bundan 615 növü relikt və endemikdir. Dəniz səviyyəsindən 250-2500 metr hündürlükdə müxtəlif tərkibli enliyarpaqlı və iynəyarpaqlı qarışıq meşələr yayılmışdır. Bu meşələrdə ən xarakterik cinslərdən gürcü palıdı, şərq fıstığı, Qafqaz vələsi, qoz, dəmirqara, ağcaqayınlar, cökə, göyrüc, söyüd, qovaqlar, qaraçöhrə, bir neçə növ ardıc, saqqız ağacı, yemişan, gilas, alça, əzgil, zoğal, qaramurdarça və sair ağac və kol cinsləri təşkil edir. Ümumiyyətlə, Azərbaycanda yayılan 107 ağac növünün 30-dan çoxuna qoruğun ərazisində rast gəlinir, bunlardan sayca 11-i dominant növdür. İlisu Dövlət Təbiət Qoruğunda 300 növ ali çiçəkli bitki-bunlardan 90 növ ağac və kol olmaqla 4 relikt və 7 nəsli kəsilmək, sayı və ehtiyatı azalmaq təhlükəsində olan 18 nadir növ aşkar edilmişdir. Qoruğun florasında 120 dərman, 157 vitaminli, 76 efir, 78 balverən, 45 boyaq, 65 növ yem və sair qida, bəzək əhəmiyyətli növ kimi müəyyənləşdirilmişdir.

 

 

 

Tarixlərin yadigarı-Qax qalası

 

Əsrləri geridə qoyan möhtəşəm qalalar-sədlər, döyüş meydanları Qax rayonuna gələnləri heyrətləndirir. Həmin qalalardan biri də İçəribazar Qala kompleksidir. İçəribazar Qala qapısı və divarları XVI əsrdə İlisu sultanlığının hərbi cəhətdən yüksəliş dövründə tikilmişdir. İçəribazar strateji cəhətdən əlverişli məkanda yerləşmişdir.

 

1562-ci ildə Səfəvi hökmdarı Şah I Təhmasib Adı Görklü bəyin feodal hüququnu fərmanla təsdiq etdi. 1592-ci ildə Adı Görklü bəy dağətəyi Meşəbaş, Qax kəndlərini aldı və Qax qalasını tikdirdi..

 

“İlisu sultanlığı” 300 ilə yaxın bir dövrü əhatə edib.  Sultanlıq XIX əsrin əvvəllərindən rus çarizminin Qafqazı işğalına qarşı mübarizə aparıb, 1844-cü ildən isə İmam Şamilin milli azadlıq hərəkatına qoşulub.  XVII əsrin birinci yarısından  İlisu xanlıq kimi tanınıb. XVIII əsrin ortalarında İlisu sultanlığının nüfuzu o qədər yüksəlmişdi ki , Osmanlı İlisu sultanı Əli Sultan bəyə o dövr üçün yüksək rütbə sayılan iki sancaqlı  paşa titulu verərək, onu Şəki bəylərbəyliyi kimi tanımışdı.

 

O dövrdə İlisu sultanlığının sahəsi  2100  kv. verst,  əhalisi  12000  nəfər, kəndlərinin sayı  52  idi. Qax qalasında çay daşından əhəng məhlulu ilə tikilmiş qalanın içərisində yaşayış evləri , müxtəlif sənət emalatxanaları, dükanlar və bazar olmuşdur. Elə buna görə də, yerli əhali qalanın əhatə etdiyi daxili ərazini “İçəribazar” adlandırmışdır. Daş   divar  hasarlarla  əhatələnmiş  qalaya  hər  hansı bir hücum  baş  verərsə, mazqallar  vasitəsilə  düşmənə  qarşı  atəş açmaq  mümkün idi.

 

Bugünkü Qax şəhəri məhz bu qalanın daxilindən başlayaraq böyüməyə başlamışdır. Ona görə də, “İçəribazar” Qax şəhərinin tarixi mərkəzi hesab olunur. Qax şəhəri  yerli əhali tərəfindən “İçəribazar” adlandırılan “Qax qalasının” yerləşdiyi ərazi daxilindən və həmçinin XVIII əsrə (hicri-1202) aid “Qaxmuğal” məscidinin əhatəsindən genişlənərək müasir görkəmini almışdır.

 

 Müdafiə məqsədli Qax qalasını XVIII əsrdə Nadir şah Əfşarın qardaşı İbrahim xan Car-Balakən səfəri zamanı bərpa etdirmişdir. 1738-ci ildə İbrahim xan Car üsyançıları tərəfindən öldürüldükdən sonra Qax qalasının rəisi hərbçilərlə birlikdə qalanı tərk etmişdir. Qala İlisu hakimlərinin nəzarəti altına keçmişdir.

 

XIX əsrin II yarısında İlisu sultanlığı  ruslar tərəfindən işğal  olunur. Bundan sonra strateji  baxımdan əlverişli olan indiki Qax şəhərinin mərkəzində yerləşən İçəribazar ərazisi rus əsgərlərindən ibarət qarnizonun yerləşmə məntəqəsinə  çevrilir. Qalada bir müddət general -mayor Burnonun komandanlığı altında olan qarnizon yerləşdirilir.

 

Qala ayrı-ayrı dövrlərdə təmir və bərpa olunsa da, Müridizm hərəkatı yatırıldıqdan sonra bir müdafiə obyekti kimi əhəmiyyətini itirdi və sonra get-gedə dağılaraq sıradan çıxdı.

 

 İçəribazar-küçə və dalanlarla birləşən, qırmızı kirəmitlə örtülü damları və kiçik həyətyanı sahəsi olan evlərdən  ibarətdir.

 

İçəribazar ərazisində evlər planda əsasən, düzbucaqlı formadadır. Plan həllindən asılı olmayaraq, bütün evlərdə eyvan həyət fasadlarının  kompozisiya elementidir. Adətən, cənuba və cənub- şərqə baxan eyvanlar evin bir, bəzən isə hər iki tərəfində tikilmişdi. Dərin kölgəli  eyvanlarda ağac elementlərdən sütün, tağ və sürahilərin milli üslubda işlənməsi yaşayış evlərinin görünüşünü daha baxımlı edir.

 

İçəribazar XIX əsrin sonları XX əsrin əvvəllərindən yaşayış, mədəni əyləncələr, xalq yaradıcılığının və milli bayramların keçirilməsi yeri kimi də öz funksiyasını davam etdirmişdir.

 

İçəribazar  kompleksində turizmin  inkişafını və xarici qonaqların  tətbiqi  sənət  nümunələrinə olan marağını nəzərə  alaraq,   qədim dövrlərdən bu günədək gəlib çıxmış  bir çox xalq sənəti növlərini yaşatmaq və inkişaf etdirmək məqsədilə yerli sənətkarların əl işlərinin istehsalı və satışı ilə məşğul olacaq xalçaçılıq, toxuculuq, ağacoyma, dəmirçi-qalayçı və tətbiqi sənət nümunələrinin   satışı dükanları tikilmişdir. Bundan başqa  turistlərə mədəni xidmət göstərəcək şərq   şirniyyatı, milli mətbəx, təndirxana və  s. xidməti köşklər də tikilmiş, bazar meydanında  isə yaşıl teatr fəaliyyət göstərir..

 

 Yaşının V əsrində yenidən gəncləşmiş İçəribazar Qala kompleksini - səyahət edərək keçmiş yüzilliklərin memarlığını yeni ideya və məzmunda  duymaq, müasir reallığı hiss etmək mümkündür.

Zaman.-2014.-1 aprel.-S.6.