Tuqay meşələrinin
bərpa olunması imkanları
Hələ XX əsrin ortalarından başlayaraq
Kür-Araz ovalığının tuqay meşələri,
xüsusilə, Kür çayının sağ və sol
sahilləri necə deyərlər, öz tuqaylıq xarakterinə
son qoymağa məcbur olub. Azərbaycan ərazisində
950 kilometrə qədər məsafəni keçərək,
Saatlı rayonu ərazisində Araza qovuşan Kür
çayı, onunla birlikdə əsrlər boyu Xəzərə
axır.
Başlanğıcını Türkiyənin Ərzurum
dağlarından götürən bu çaylar dağ meşələrindən
süzülən saysız-hesabsız bulaqların hesabına
daimi axara malik olub və olmaqdadır. Bu gün Tuqay meşəsi yox, onun az miqdarda tarixi yadigarları və yeri
mövcuddur. Mingəçevir su anbarından əvvəlki
vaxtlarda - 1950-ci ilə qədər bu meşələr Kür
çayı humusla zəngin suyu və bitki toxumları ilə
mənbədən mənsəbə qədər təbii bərpa
işlərini yerinə yetirirdi. Cilovlanmış
Kür uzun illər öz sahillərindən
çıxmadığına görə tuqaylıq xarakterini
itirən Kür qırağı sahil meşələri, tədricən
seyrəlmiş və açıq talalara çevrilmişdir.
Uzun illər 3-5 kilometr enində mövcud olan Tuqay meşələrinin
əsas cins tərkibi söyüd, ağ
yarpaq qovaq, qara ağac, tut, uzunsaplaq palıd, gürcü
palıdı, saqqız ağacı, kollardan isə yemişan,
murdarça, yulğun, cır nar, böyürtkən,
qaratikan, qızılca və s. ibarət olmuşdur. Tuqay meşələrinin seyrəlməsi və
azalması ərazidə iqlim dəyişkənliyinə səbəb
olmaya bilməz. Uzun illərin tədqiqatlarından
məlum olmuşdur ki, Kürqırağı tuqay meşələri
son 50 ildə cins tərkibini azaltmaqla yanaşı, əraziləri
boş talalara çevrilməklə Kür
çayının sahillərinə daha çox
yaxınlaşmışdır. Bunun da nəticəsində
Kür-Araz ovalığında səhralaşma prosesləri
genişlənməyə başlamış və bu gün də
sürətlə artmaqdadır. Səhralaşmanın
qarşısını almaq məqsədilə ciddi tədbirlər
görülməlidir. Mingəçevir
su-elektrik stansiyasının tikintisindən əvvəl Kür
çayı erkən yazdan başlayaraq öz məcrasından
çıxmaqla ətrafı suvarmaqla yanaşı, təzadlar
da yaradırdı. O zamanlar Tuqay meşələri öz
təbii bərpasını yerinə yetirməklə zəngin
cins tərkibinə malik idi. Həmin vaxtlar bu
meşələrdə mədəni meşə əkinləri
aparmaq yada düşmürdü, heç buna ehtiyac da yox idi.
Lakin Kür çayı XX əsrin
ortalarında cilovlandıqdan sonra Tuqay meşələrinin və
bu ərazilərdə bitki örtüyünün
acınacaqlı günləri başlandı. İllər keçdikcə Kür çayı
öz axarının istiqamətini əsasən sağ sahil
istiqamətində dəyişməyə başladı.
Belə hallara Bərdə-Ağdaş, Ağcabədi-Zərdab
və s. ərazilərdə çox rast gəlinir.
Sahil meşələri, Kür
çayını öz yatağı ilə
axmağa məcbur edirdi...
Məlum olduğu kimi, yazın əvvəllərindən
yayın ortalarına qədər davam edən daşqınlar
axmazları su ilə dolduraraq bitkilər üçün
normal rütubət bazası olurdu. Belə ki, Tuqay meşələrinin
bu üsulla təbii inkişafı Kür-Araz
ovalığının iqliminə təsir etməklə
burada hətta kənd təsərrüfatı əkinlərinin
də məhsuldarlığına müsbət təsirini
göstərirdi. Torpaq qoruyucu və su
saxlayıcı qabiliyyətinə görə sahil meşələri,
Kür çayını öz yatağı ilə axmağa
məcbur edirdi. Mövsümü
daşqın suları isə yalnız meşənin ərazisi
ətrafından kənara axmaq imkanına malik deyildi. Hər
il yazın sonunda öz yatağına
qayıdan sular ətraf meşə fondu ərazisini payız
yağışlarına qədər rütubətləndirirdi.
Belə bir təbii qayda Tuqay meşələrinin
təbii bərpasını təmin edirdi. Suların gətirdiyi toxumlar yaşlı ağac və
kolları yeniyetmələrlə əvəz edirdi. Təbii bərpanın mühafizəçiləri
isə kolluqlar və axmazlar (göllər) olurdu. Kollar
arasından baş qaldıran əsas baş cins olan tez
böyüyən ağ yarpaq qovaq və s.
ağac-kol bitkiləri sürətlə inkişaf edərək
mal-qaradan təbii olaraq mühafizə edilirdi. Tuqay meşələrində
tarixi bitki örtüyü - əsasən qovaq, palıd,
qarağac, tut, söyüd, saqqız ağacları,
yemişan, yulğun, qaratikan, böyürtkən,
qızılca və s. kolların arasına, rütubətli
yerlərə düşən ağac və kolların
toxumları xarici təsirlərdən mühafizə olunaraq
inkişaf etməklə qocaman ağac və kolları əvəz
edirdi. Qarabağ düzənliyində qocaman
çinar, palıd, saqqız, qoz və dağdağan
ağaclarının tək-tək rast gəlinən nümunələri
bu gün də müxtəlif ərazilərdə, xüsusilə
düzənliklərdə saxlanılmaqdadır.
Bu tək qalmış ağaclar bir
daha sübut edir ki...
Akademik Həsən Əliyev bu təbiət abidələrində
mütəmadi elmi müşahidələr aparardı. O, deyirdi: “Bu tək
qalmış ağaclar bir daha sübut edir ki, bu yerlərdə
boniteti yüksək olan sıx meşələr olmuşdur”.
Onun təşəbbüsü ilə 20 il bundan əvvəl
Azərbaycanın hər yerində, o cümlədən
Kür-Araz ovalığında elmi əhəmiyyətləri
olan tək-tək ağaclar, meşə sahələri və
digər unikal yerlər təbiət abidəsi elan olunmaqla
dövlət tərəfindən pasportlaşdırılaraq
xüsusi mühafizəyə
götürülmüşdür. Həmin ərazilər
bu gün də ciddi mühafizə olunmaqdadır.
Aparılan tədqiqat işlərindən məlum olur ki, uzun
illərdən sonra, yəni 50 ildən də artıq bir vaxt ərzində
qocalaraq ömrünü başa vurmuş ağacların
kök sistemi bu vaxta qədər çürüməkdə
davam edərək, hələ də sahil bərkidici
funksiyasını saxlamışdır. Nəhayət,
çürümüş sahil bərkidici kök sistemi suyun
səviyyəsinin qalxması ilə əlaqədar oyuqlar rolunu
oynayaraq 10-15 kilometr sahildən kənara axmaqla qrunt suları ilə
birləşmək imkanı tapmışdır. Odur ki, tədricən illər keçdikcə
Kür-Araz ovalığında qrunt suları ilə
torpağın səthinə qalxan mineral duzlar tədricən
torpaqların şoranlaşması prosesini həyata
keçirmişdir. Bütün bunlarla
yanaşı, irriqasiya meşə təsərrüfatı tədbirləri
lazımınca yerinə yetirilməmiş, kollektor-drenaj
kanallarının da ətrafında sahilbərkidici işlər
yarıtmaz yerinə yetirilmişdir.
Torpaq və iqlim şəraitinə
uyğun tingliklərin yaradılması vacib amil hesab olunur
İrriqasiya meşə təsərrüfatı
ixtisaslaşdırılmış formada tingliklər yaratmaqla
sahilbərkidici duza davamlı cinslərdən ibarət əkin
materialları yetişdirməlidir. Kollektor drenaj kanallar cod suların ərazidən
yığılması işlərini həyata keçirdiyi
üçün onun da ərazisinin genişlənməsi məqsədəuyğun
hesab edilmir. Odur ki, codluğa davamlı sahilbərkidici
cinslərdən ibarət zolaqların salınması vacib
sayılır. Həmin ərazilərin
torpaq və iqlim şəraitinə uyğun tingliklərin
yaradılması vacib amil hesab olunur. Kür-Araz
ovalığının Mil-Muğan, Qarabağ və Şirvan
düzənliklərində suvarma sistemlərinin ən
böyük şəbəkələri Qarabağ, Yuxarı
Şirvan və s. kanalların şirin su itkiləri qrunt
sularının səviyyələrini qaldırmaqla ərazilərdə
torpaqların şoranlaşmasına səbəb olmuşdur.
Hazırda ölkəmizdə adam başına düşən
əkin sahələri 0,2 hektara yaxındır.
Bu rəqəm Rusiya Fedrasiyasında 0,8
hektara çatırdı ki, bu da bizim imkanlarımızdan 4 dəfə
artıqdır. Bununla bərabər qeyd
olunmalıdır ki, bizdə əkin sahələrini genişləndirmək
üçün ehtiyat çox azdır. Ona
görə artıq bizə aydın olur ki, mövcud torpaq ehtiyatlarından
səmərəli və ehtiyatla istifadə olunmalıdır.
Mütləq meşə meliorasiya tədbirləri
həyata keçirilməlidir. Hidrotexniki tədbirlərlə
yanaşı, meşə meliorasiya tədbirlərinin
Kür-Araz ovalığında həyata keçirilməsi
yarımsəhra zonanın səhralaşma ehtimalını tam
azalda bilər. Tarlaqoruyucu meşə
zolağının əhəmiyyətini xüsusi qeyd etmək
lazımdır. Respublikanın düzən
zonalarının meşəsiz qalmasına baxmayaraq, məhz 85
%-ində ümumi kənd təsərrüfatı bitkilərinin
və otların yaxşı inkişafı üçün əlverişli
şərait yaranmışdır, onların yetişdirilməsi
üçün tətbiq olunan aqrotexniki və aqrokimyəvi
üsulların səmərəsi yüksəkdir.
Tarlaqoruyucu meşə
zolaqlarının bərpasına və inkişafına
başlanılmalıdır
Qoruyucu meşə zolaqları kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını artırır. Tarlaqoruyucu meşə zolaqlarının Kür-Araz ovalığında əhəmiyyətini qiymətləndirmək məqsədilə, külək və su eroziyalarının qarşısının alınmasında əsas təbii amil hesab etməklə regionun torpaq və iqlim şəraitindən asılı olaraq kəndli-fermer təsərrüfatlarına mənsub torpaqlarda bu tədbirin həyata keçirilməsi daha məqsədə müvafiqdir. Çünki kənd təsərrüfatı bitkilərinin quru-subtropik iqlim şəraitində suya olan tələbatını nəzərə alaraq arxlarla suyun əraziyə axıdılması və suvarılması çoxaldıqca, şirin su itkisi formalaşır ki, bu da həmin ərazidə qrunt sularının səviyyəsinin qalxmasına səbəb olur. Lakin mühafizə zolağı ilə əhatə olunan əkin sahələri rütubətin azalmasının qarşısını aldığından bir neçə dəfə suvarmanın miqdarını azaldır. Belə ki, meşə zolağı olan ərazidə 5-7 dəfə hər hektara düşən su norması ilə, yəni 800-1000 m3, lakin tarlaqoruyucu meşə zolağı olmayan ərazidə isə 7-10 dəfə suvarma aparmaqla hər hektara yenə 800-1000 m3 hesabı ilə su sərf olunduğu məlum olur. Bu isə bir daha sübut edir ki, torpağın üst hissəsində bitkilərin su saxlama qabiliyyəti müxtəlif istiqamətlərdən əsən küləklər tərəfindən azalır. Bunun da nəticəsində hər hektara düşən suyun normasının miqdarı artmaqla hər dəfə bitkilər sulandıqca su itkisi üçün şərait yaradılır ki, bu da yeraltı qrunt sularının səviyyəsinin qalxmasına təsir edən amillərdəndir. Odur ki, uzun illər Kür-Araz ovalığında meşə meliorasiya tədbirlərinin elmi əsaslarla öyrənilməsində görkəmli alimlərdən professor İ. Səfərovun, A. Bukovun, Q. Nağıyevin, A. Dolxanovun bu sahədə apardığı tədqiqatlara əsaslanaraq bitkilərin və torpaqların su rejiminə əməl olunmaqla tarlaqoruyucu meşə zolaqlarının bərpasına və inkişafına başlanılmalıdır.
Ağacların
yay dövründə suvarılması lazımdır
Onu da qeyd etmək yerinə düşər ki, Tuqay meşələrinin bərpası üçün regional tingliklər yaradılmaqla torpaq və iqlim şəraitinə uyğun, xüsusilə, Tuqay meşələrinin genofonduna daxil olan ağac və kol cinslərindən istifadə etməklə sahilbərkidici süni meşələrin salınması vacibdir. Kürətrafı Tuqay meşələrinin bu günə qismən qalmış hissəsində yaşından asılı olmayaraq, ağacların yay dövründə suvarılması mütləq lazımdır. Tuqaylıq xarakterini həyata keçirən Kür çayının üzərində tikilən bəndlər bu prosesin vacibliyini təsdiq edir. Əks təqdirdə mövcud meşələrin də gələcəkdə seyrəlməsi və məhv olunması ehtimalı real görünür. Təbii meşələrin bərpası üçün görülən bu tədbirlərin xeyli vəsait tələb etməsinə baxmayaraq, gələcəkdə kənd təsərrüfatı təyinatlı torpaqların sıradan çıxmaması üçün təxirəsalınmaz iş hesab olunur. Bununla bərabər Tuqay meşələrinin mühafizəsi və qorunması təbiətdən istifadənin hüquqi-ekoloji tələbləri səviyyəsində yerinə yetirilməlidir. Yəni, Meşə Məcəlləsinə, Torpaq Məcəlləsinə, Su Məcəlləsinə və digər qanunvericilik aktlarına müvafiq olaraq meşələrdə özbaşına qırıntıya, mal-qara otarmağa, ot çalımına, ekoloji tələblərə zidd olan tikintilərin və digər tədbirlərin aparılmasına yol verilməməlidir.
Zaman.-2014.-11 aprel.-S.13.