“Dostluq təbii
ehtiyacdır, həyatın, ömrün bir parçasıdır”
- Sizə görə həyatda ən asan və
ən çətin şey nədir?
- Şərəfsiz həyat
sürmək asan, şərəflə yaşamaq
çətindir.
- Ucqar bir kənddə
yaşamağa məcbur
olsaydınız, dolanışığınızı
necə çıxarardınız?
- Gül-çiçək əkər,
bağ-bağat salardım.
- Keçdiyiniz ömür yoluna baxanda ən çox nəyə kədərlənir,
nəyə sevinirsiniz?
- Ömrümün mənasız
keçdiyinə, itirdiyim
illərə təəssüflənirəm.
Həyatın bir daha təkrar olunmayacağına
sevinirəm.
- Valideyn və müəllimlərdən başqa
özünüzü kimlərə
borclu bilirsiniz?
- Ailəmə.
- Uğrunda hər şeydən keçə
biləcəyiniz varlığın
adı?
- Azərbaycanın istiqlaliyyəti
və bütövlüyü.
- Özünüzü hansı
peşədə daha yaxşı ifadə edə bilərdiniz? İndiki işinizdən razısınızmı?
- Elmlə, bədii yaradıcılıqla və
müəllimliklə məşğulam.
Özümü bədii yaradıcılıqda
daha yaxşı ifadə etdiyimi düşünürəm.
- Üzr istəmək sizə ağır gəlmir ki?
- Bir şeydə səhvim və günahım olanda üzr istəməyi bacarıram və bunu başqalarına da tövsiyə edirəm. Məncə, üzr istəmək
böyüklük əlamətidir.
- Sabir deyir: “Ağladıqca kişi qeyrətsiz olur”, siz necə
düşünürsünüz?
- Sabirin “ağlamaq” anlayışının ictimai
və mənəvi tutumu var. Bu mənada ağlamağa qarşıyam.
Lakin ürək yananda gözdən yaş çıxmaya bilməz.
- “Kaş
ki, filan ölkədə doğulaydım,
filan xalqın nümayəndəsi olaydım”
dediyiniz vaxtlar olurmu?
- Olur. İnsanın bəzən öz
ölkəsindən, öz
millətindən xəcalət
çəkdiyi məqamlar
da olur. Ancaq bu duyğu keçici
olur. Çünki insan bir ölkəyə və bir millətə mənsubdur ki, onu heç cür, heç nəylə əvəz edə bilməz.
- Evinizdə inciklik olurmu? Olursa, birinci kim barışır?
- Hərdən təbii, həyati, keçici incikliklər olur. Çox zaman mən barışıram. Xırda məsələlərə
görə küsülü
qalmaq istəmirəm.
- Özünüzü
kimin qarşısında
günahkar bilirsiniz və kiminsə günahını bağışlamısınızmı?
- Özümü atamın ruhu qarşısında günahkar bilirəm. Onun ömrünü azacıq
olsa belə, uzada bilmədiyimə görə təəssüflənirəm.
- Sizcə, azadlıq istədiyini etməkdir, yoxsa istəmədiyini?
- Azadlıq bunların heç birisi deyil. Azadlıq insanın daxili
dünyası ilə,
ruhu ilə bağlıdır. İnsan ruhən
azad deyilsə, içəridən zəncirlənmişsə,
özünü dərk
etməyəcək. Və özünü
dərk etmədikcə,
azadlığın nə
olduğunu anlamayacaq.
Dərk olunmazlıqda isə istədiyini etməklə
istəmədiyini etməyin
fərqi görünməyəcək.
- Sevgi nədir: ümid, qorxu, ya xoşbəxtlik?
- Sevgi - ümid və xoşbəxtliyin vəhdətində ola bilər, məncə, burda qorxuya yer yoxdur.
- Ən çox nə vaxt utanırsınız?
- Yalan danışılanda.
- Ölüm nədir?
- Ölüm ayrılıq və tənhalıqdır.
İnsanlar ölümdən çox ayrılıqdan və tənhalıqdan qorxurlar.
- Çoxlu pulunuz olsa, hara
xərclərdiniz?
- Milli mədəniyyətimizin
təbliğinə və
dünyanı gəzib-öyrənməyə.
- “Mən
almasam, bir başqası alacaq, mən olmasam, bir başqası olacaq” düşüncəsi
nəyi ifadə edir?
- Bu, ictimai düşüncənin
olmamasını, mənfəətpərəstliyi,
məncilliyi ifadə edir.
- Həyatda ən böyük təsəlliniz?
- Azərbaycanın dövlət
müstəqilliyi.
- Sizə hansı mövzuda sual verilməsini heç arzulamırsınız?
- Haralı olmağımı
və nə qədər maaş
almağımı soruşanda
xoşuma gəlmir. Mümkün
olduqca bu suallara cavab verməkdən yayınıram.
- Yubiley və ad günlərində
özünüzü necə
hiss edirsiniz?
- Özümü çox kədərli, ümidsiz
hiss edirəm. İnsanın qocalığa və ölümə doğru getdiyini sevinərək qeyd etməsini anlaya bilmirəm.
- Dünyanın hər yerindən görünən uca bir lövhəyə iki-üç kəlməlik
nəsihət yazmağı
xahiş etsələr,
nə yazardınız?
- Bəşəriyyəti ədalətli
olmağa səsləyən
bir şüar yazardım.
- Sizə görə insanda ən yaxşı və ən pis xarakter hansılardır?
- İnsanda ən
gözəl keyfiyyət
sadəlik və ən pis xüsusiyyət
isə lovğalıqdır.
- Nə vaxtsa hansısa müğənniyə,
sənətçiyə heyran,
ya da aşiq olmusunuzmu?
- Olmuşam. Rübabə Muradovanın, Qədir Rüstəmovun, Alim Qasımovun səsinə, sənətkarlığına
heç bir zaman heyranlığımı
gizlədə bilməmişəm.
- Övladlarınız
sizi atsalar, onlara nə deyərdiniz?
- Övladlarımın məni
atmayacağına əminəm.
Ancaq bu olarsa, mən
deməyə bir söz tapmazdım.
- Ən çox sevdiyiniz və sevmədiyiniz sözlər?
- Ən çox
sevdiyim söz Vətən, sevmədiyim söz isə əsarətdir.
- Fürsət olsa, ölümqabağı
nə vəsiyyət edəcəksiniz?
- “Qul bazarı” kitabıma ön söz kimi “Məni məndən savayı kimsə anlamayacaq, yaxud vəsiyyətsayağı bioqrafiya”
adlı esse yazmışam. Orda bir növ vəsiyyətimi eləmişəm.
Bundan artıq nə isə demək istəmirəm.
- Ən çox nədən qorxursunuz?
- Ləkələnməkdən, şərlənməkdən,
alçalmaqdan, məddaha,
yaltağa çevrilməkdən.
- Xoşbəxt olmaq üçün nəyiniz çatmır?
- Parçalanmış Azərbaycanın bütövlüyü,
itirilmiş torpaqların
qaytarılması, azadlıq.
- Sizin kimlərə və nə kimi xeyriniz
var?
- Anama, övladlarıma, tələbələrimə maddi
və mənəvi xeyrim olduğunu düşünürəm.
- Bu dünya bir insan şəklində
qarşınızda dursa,
ona nə deyərdiniz?
- Mən dünyadan niyə bu qədər
ədalətsiz olduğunu
soruşardım.
- Həyatınızda
sizə təklif edilmiş nədənsə
imtina etmisinizmi?
- Mənə təklif olunmuş rüşvətdən,
vəzifələrdən dəfələrlə
imtina etmişəm.
- Gənclik hansı yaşda bitir?
- Bunu söyləmək çətindir. Əslində
insan özünü hansı yaşda hiss edirsə, o yaşa da mənsub olur. Elə insanlar var ki, yaşca cavan olmalarına baxmayaraq, özlərini yaşlı hesab edirlər. Yaxud da əksinə,
yaşı keçmiş
insanlar var ki, qəlbində cavanlıq ehtirasını
daşıyırlar.
- Dostlarınız
çoxdurmu? İnsanlar
niyə dost olurlar?
- Dostlarım çox deyil. Düşünürəm ki, insanın dostları çox
olarsa, buna zamanı çatmaz. Dostluq təbii
ehtiyacdır, həyatın, ömrün bir parçasıdır. İnsan
dostunu itirəndə, onu
həyata bağlayan ən mühüm
ilmələrdən biri
qırılmış olur
Zaman.-2014.-12 aprel.-S.8.