Meşə örtüyünü
genişləndirmək tarixi vəzifəmizdir
Tarixi qaynaqlar
qədim zamanlarda Azərbaycan ərazisinin böyük hissəsinin meşə örtüyü
ilə əhatə olunduğunu göstərir.
Xüsusilə də, Kürboyu ərazilərin, aran Qarabağın qalın meşəliklərlə örtülmüş
olduğu göstərilir. O meşələrdə
palıd, vələs,
çinar, qoz, fındıq, şabalıd
kimi bu coğrafiyaya
asanlıqla adaptasiya olan ağaclar yetişib. Ancaq zaman keçdikcə
o meşələr qırılmış,
nəticədə bu coğrafiyada çox şeylər dəyişməyə
üz tutmuşdur.
Təbii
ki, meşəlik ərazinin iqlimi ilə səhra ilqimi xeyli fərqlənir.
Meşə örtüyünün aradan qalxması ilə zaman-zaman burada iqlim dəyişikliyi
də müşahidə
olunmağa başlamışdır.
Bu dəyişiklik təkcə iqlim məsələsində deyil,
bioloji aləmdə də özünü ciddi şəkildə göstərmişdir. Belə ki,
bu meşələrdə
yetişən müxtəlif
meyvələrlə yanaşı,
yabanı kol bitkiləri, müxtəlif
şəfalı bitkilər
də bu coğrafiyadan silinmişdir.
Nəticədə neçə-neçə insan, müxtəlif heyvan növləri mühüm ehtiyac qaynaqlarını itirmiş
olublar. Yəni meşələrin qırılması ilə
bu coğrafiyadan müxtəlif heyvan növlərinin çəkilib
getməsi və bəzi insanların öz məişətində
ciddi dəyişikliklər
etməsi zərurət
halını alıb.
Ölkəmizdə meşəliklərin azalmasının tək
səbəbi onların qırılması
deyil
Yazını ona görə tarixi ekskursla başladıq ki, yer örtüyünün
dəyişməsinin özü
ilə nə kimi dəyişikliklər
gətirdiyini diqqətə
çatdıraq. Bu gün
də ölkəmizin
müxtəlif guşələrində
meşələrdə ağac
kəsilməsi hallarına
rast gəlinir. Doğrudur, bu cür halların
qanunla ciddi cəzası nəzərdə
tutulur. Amma neyləyəsən ki, cəza nə
qədər sərtləşdirilsə
də, ağac kəsiminin qarşısını
almaq mümkün deyil. Qış ayları boyunca
yayımlanan xəbər
proqramlarında bunun şahidi olmaq mümkündür.
Amma bir məsələ də var ki, meşədən
ağac kəsən və bu əməli
üstündə tutlan
hər kəsin söylədiyi ilk söz bu olur ki,
evdə balalarım soyuqdan donmasınlar deyə bu addımı
atmalı oldum. Meşə qırılmasının
qarşısını almaq
üçün ilk növbədə
qazlaşdırma işlərinin
tamamlanması şərtdir.
Belə ki, ölkəmizin ən ucqar nöqtəsi
belə qazla təmin edildikdən sonra bu istiqamətdə
daha sərt və radikal addımlar atmaq lazımdır. Hazırda bu
istiqamətdə gedən
işləri uğurla
tamamlamaq üçün
ölkəmizdə hər
cür imkanlar mövcuddur. O faktı
da vurğulamaq yerinə düşərdi
ki, ölkəmizdəki
meşə örtüyü
əksəriyyət etibarı
ilə ucqarlarda, sərhəd boylarında yerləşir. Bu ərazilərdə iqlim digər ərazilərə
nisbətən xeyli sərt keçdiyinidən
yerli əhali istər-istəməz meşələrə
balta ilə üz tutmaq məcburiyyətində qalır.
Hətta
elə ailələr var ki, həyətyanı
sahəsində yetişdirdiyi
bərəkətli ağacları
kəsmək məcburiyyətində
qalır.
Ölkəmizdə meşəliklərin azalmasının
tək səbəbi onların qırılması
deyil. Son dövrdə
dünyada təbiətin
həyəcan təbili
çalınmaqdadır. Səbəb isə insanlar tərəfindən vəhşicəsinə
istifadənin nəticəsi
olan atmosferdə ozon dəliyinin əmələ gəlməsini,
çirkab tullantıların
axar sulara və dənizlərə axıdılmasını, kimya
zavodlarının zərərli
qazlarının havaya
buraxılmasını və
bir çox səbəbləri göstərmək
olar.
Xüsusi mühafizə olunan təbiət əraziləri ölkə
ərazisinin 8 faizindən
çoxunu təşkil
edir
Hazırda dünyanın bütün
ölkələrində ərzaq,
içməli su, zülal aclığı problemi, iqlim dəyişikliyi, demoqrafik
partlayış və
digər qlobal problemlər başlayıb,
ekoloji tarazlığın
pozulması yeyinti məhsullarını yararsız
hala salıb, insanlar və heyvanlar arasında ağır müalicə olunan keçici xəstəliklər əmələ
gəlib. Buna səbəb
isə insanlar tərəfindən vəhşicəsinə
istifadənin nəticəsi
olan atmosferdə ozon dəliyinin əmələ gəlməsini,
meşələrin qırılmasını,
çirkab tullantıların
axar sulara və dənizlərə axıdılmasını, kimya
zavodlarının zərərli
qazlarının havaya
buraxılmasını və
bir çox səbəbləri göstərmək
olar. Təbiətə, onun sərvətlərinə
mənfi münasibət
XX əsrdə sanki özünün pik və kuliminasiya nöqtəsinə çatmışdır.
Nəticədə ətraf aləm,
canlı və cansız təbiət güclü dəyişikliyə
məruz qalmış,
bir çox heyvan və bitki növlərinin kökü kəsilmiş,
bəziləri isə
məhv olmaq ərəfəsində olduqları
üçün artıq
“Qırmızı kitab”a
düşmüşlər.
Bu gün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin
tabeliyində 6 Milli
park, 13 dövlət qoruğu
və 19 dövlət
yasaqlığı mövcuddur.
Bundan əlavə 30 xüsusi əhəmiyyətli
meşə əraziləri,
təbii qruplar, yaşı 100 ildən artıq olan 2083 ağac, 73 geoloji və paleontoloji obyektlər təbiət abidələri siyahısına
daxil edilib. Ümumiyyətlə, bu gün respublika ərazisində xüsusi mühafizə olunan təbiət əraziləri ölkə
ərazisinin 8 faizindən
çoxunu təşkil
edir. İnsan təbiətin bir
hissəsi olub, onunla sıx bağlıdır. Təbiət insanların yaşayış
mühiti vəzifəsini
görür, onun vəziyyəti cəmiyyətin
rifah və inkişaf səviyyəsini
təyin edir.
Xərcəng xəstəliyinə
tutulanların dörddə
üçünün səbəbi
ətraf mühitin çirklənməsidir
Hazırda bəşəriyyət elə
problemlərlə üz-üzə
gəlmişdir ki, onlar insanın mövcudluğunu təhlükə
altına almışdır. Ekoloqların fikrincə, əgər bəşəriyyət bu
yolu davam etdirərsə, yaxın bir neçə nəsildən sonra onu fəlakət gözləyir.
Atmosferin çirklənməsi, torpaq örtüyünün
qüvvədən düşməsi
və xarab olması, su hövzələrinin kimyəvi
zəhərlənməsi belə
problemlərin ən vaciblərindəndir. Hazırda ekologiyanın
ən qlobal problemlərindən biri də ətraf mühitin radioaktiv maddələrlə çirklənməsidir.
Sənayenin inkişafı, əhalinin
artması, insanların
təbiətə təsiri
hamımız üçün
bir olan Yer kürəmizin kimyəvi və bioloji tarazlığını
dəyişib. Bütün
bu proseslər bəşər övladının
səhhətini və
həyatını təhlükə
altına alan
faktorlarıdır. Meşə örtüyü
isə bir növ insanın özündən kənardakı
ciyərləri kimidir.
Belə ki, atmosferin təmizlənməsindən, havanın,
suyun arınmasında,
radiasiya səviyyəsinin
azalmasında ağacların
müstəsna əhəmiyyəti
var.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, bütün dünyada xərcəng xəstəliyinə tutulanların dörddə üçünün səbəbi ətraf mühitin çirklənməsidir. Ətraf mühitin çirklənməsinin ən təhlükəli nəticəsi insan orqanizmində mənfi mutasiyalara səbəb olmasıdır. Təkcə bir faktı vurğulamaq kifayətdir ki, 1986-cı ildə baş vermiş Çernobıl hadisəsindən sonra ölkəmizin bir çox rayonlarında radioaktiv maddələrin qatılığı təxminən 3 dəfə, xüsusən Lənkəranda daha çox artmışdır. Özü də bu fəsadların tamamilə aradan qalxması üçün yüz illərin lazım olduğu bildirilir.
Təbiətə qarşı
münasibət dəyişmədikcə bəşəriyyət
öz fəlakətinə doğru
irəliləyəcək
Təbiət özü canlı bir tablodur. Onun qorunması
problemlərinin həllini
insanın təbiətə
olan məhəbbətində,
insan həssaslığında
axtarmalıyıq. İnsan anlamalıdır
ki, təbiətə vurulan hər bir zərbə müəyyən zaman dilimindən sonra onun öz üzərinə
dönür. Hər şey
müəyyən nizam,
qayda-qanun içərisində
qurulub və öz fəaliyyətinə
davam edir. Gec də olsa, təbiətə,
onun sərvətlərinə
münasibətimizi dəyişməliyik.
Təbiətə qarşı
münasibət dəyişmədikcə
bəşəriyyət öz
fəlakətinə doğru
irəliləyəcək və
nəticədə bu gün sıxıntısını
artıq hiss eləməyə
başladığımız təmiz hava, təmiz su hər
kəsin qarşısında
duran ən böyük problemə çevriləcək.
Ölkəmizdə meşə zolaqlarının
genişləndirilməsi qarşımızda
duran ən mühüm vəzifələrdən
biridir. Çünki bu məsələ
həm də vətəndaşların sağlamlığı
ilə birbaşa bağlıdır. Bu gün tibb elmi
belə bir müddəa irəli sürür ki, insan sağlamlığında
ən mühüm faktorlardan biri düzgün tənəffüs,
dolayısı ilə
həm də təmiz havadır. Meşə zolağı təbiətdə
həm də süzgəc rolunu oynadığından bu cür şəraitdə yetişən nəsillərin
sağlamlıq faizi daha yüksək olmalıdır. Biz də sağlam nəsillər yetişdirmək,
bu gözəl vətənimizi gələcək
nəsillərə ən
gözəl halı ilə əmanət edə bilmək üçün yaşıllıqların
faizini artırmağı
ən mühüm vəzifə kimi qarşımıza qoymalıyıq.
Bunun üçün lazım gələrsə, dövlət
proqramı hazırlamaqdan
və həyata keçirməkdən çəkinməməliyik.
Elə etməliyik ki, gələcək nəsillər
bizi sevgi ilə, minnətdarlıq hissi ilə ana bilsinlər.
Azərbaycan Respublikasının Prezidenti
yanında Kütləvi
İnformasiya Vasitələrinin
İnkişafına Dövlət
Dəstəyi Fondunun maliyyəsi əsasında
səhifəni hazırladı:
Əli Çərkəzoğlu
Zaman.-2014.-15 aprel.-S.13.