“Azərbaycanda hüquqi
maariflənmə ilə bağlı konkret
konsepsiya hazırlanmalıdır”
ELVIN ƏLIYEV,
Fəxrəddin Nağıyev Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət quruculuğu və hüquq kafedrasının müdiri
Azərbaycan müstəqillik qazandıqdan
sonra hüquqi dövlət quruculuğu istiqamətində ciddi uğurlar əldə edib. Bu istiqamətdə ölkə rəhbərliyinin
uğurla apardığı
siyasət hazırda da davam edir.
Buna görə də, ölkə vətəndaşlarının hüquqi maariflənməsi
çox böyük əhəmiyyət kəsb
edir. Azərbaycan Respublikası Prezidenti
yanında Dövlət
İdarəçilik Akademiyasının
Dövlət quruculuğu
və hüquq kafedrasının müdiri
Fəxrəddin Nağıyevlə
söhbətimiz də
elə bu barədə oldu.
- Fəxrəddin müəllim,
cəmiyyətimizin hüquqi
maariflilik səviyyəsi
sizi qane edirmi?
- Hüquqi maariflənmə
günümüzün çox
aktual məsələsidir.
Cəmiyyəti, dövləti dəyişdirməyin
və dövləti sözün əsl mənasında cəmiyyətin
xidmətçisi etməyin
ən optimal yolu maarifçilikdir. Hüquqi maarifçiliyin
əsas məqsədi
isə dövlət siyasətinin vətəndaşlara
çatdırılmasıdır. Belə olan halda cəmiyyətin hər bir üzvü
dövlətin fəaliyyəti
üçün özündə
məsuliyyət hiss edir.
Amma onu da, təəssüflə
qeyd etmək istəyirəm ki, bizim cəmiyyətimiz hələ öz inkişafının bu mərhələsinə çatmayıb.
- Ölkəmizdə aparılan
hüquqi maarifləndirmə
işləri sizi qane edirmi?
- Son zamanlar bu istiqamətdə
görülən işlərdə
bir canlanma müşahidə olunur. Artıq insanlar özünü nəyinki cəmiyyətin
adi üzvü, həm də aparıcı üzvü
hiss edir. Buna görə də, cəmiyyətdə daha fəal mövqe tutmağa çalışırlar.
Bütün bunlar istənilən
halda hələ hər şey demək deyil.
- Hüquqi maariflənmə
işlərində daha
çox hansı çatışmazlıqlar var?
- Maarifçilik sonu olmayan prosesdir. Bu istiqamətdə görülən işlər
gələcək illər
üçün hesablanmalıdır.
Ümummilli lider Heydər Əliyevin bir sitatını xatırlatmaq istəyirəm:
“Bizim Konstitusiyamız
daimi olmalıdır. Mən demirəm ki, əbədi olmalıdır.
Amma insanların bir neçə nəslinə
xidmət edəcək
Konstitusiya olmalıdır”.
Bax bu fikir ümummilli
liderin məhz dövlət xadimi olduğuna dəlalət edir. Maarifçilik də bu günə, yaxud sabaha yox, gələcək
illərə hesablanmalıdır.
- Fəxrəddin müəllim,
hüquqi maariflənmə
işlərinin istənilən
səviyyədə aparılmasına
nə mane olur?
- İnsanın özündə
fikir söyləyəcəyi
predmet haqqında aydın fikir olmalıdır. Bu gün
fikir daşıyıcılarının
özündə aydın
mövqe yoxdur və ya zəifdir.
Yenə də Heydər Əliyevin fikrinə istinad etmək istəyirəm: “Dövlət vəzifəsi
tutan, dövlət orqanlarında çalışan,
cəmiyyət tərəfindən
seçilərək önə
çəkilən adamlar
Konstitusiyanı təbliğ
etməlidirlər. Mən bu
gün təəssüf
hissi ilə deyirəm ki, nəinki siravi insanların arasında, hətta bu Milli
Məclisin deputatlarının
da arasında Konstitusiyamızı yaxşı
bilməyənlər var”.
- Ölkəmizdə
qanunvericilik sahəsində
görülən işləri
necə qiymətləndirirsiniz?
- Azərbaycanda qanunvericilik təsərrüfatı, demək
olar ki, tamamilə yenilənib. Ölkəmizdə konkret bir sahəyə aid ictimai münasibətlər onlarla,
qanunlarla tənzimlənir.
Buna örnək olaraq, bələdiyyə qanunvericiliyini göstərmək
olar. Amma nəinki vətəndaşların,
hətta o qanunları
tətbiq edən bələdiyyə işçilərinin
özlərində belə,
bu qanunlar haqqında aydın təsəvvürlərinin olmaması
təəssüf hissi
doğurur.
- Yeni qəbul olunan qanunların vətəndaşlara çatdırılması
işi sizi qane edirmi?
- Bu, çox ciddi məsələdir. Hətta 2009-cu ildə Konstitusiyamıza belə bir müddəa
da daxil edildi ki, yalnız
dərc edilmiş normativ hüquqi aktların icrasına görə məsuliyyət
yaranır. Lap qədim zamanlardan qanuna belə bir münasibət olub. Amma hazırkı dövrdə,
hüquqi maarifçilik
işində, vətəndaş
cəmiyyətinin əsas
tərkib hissəsi olan QHT-lərin üzərinə böyük
vəzifə düşür.
Çox
sevindirici haldır ki, QHT-lər arasında hüquqi maarifçilik işini qarşılarına məqsəd
qoyanların sayı ilbəil artır. Söhbət təkcə
say artımından getmir.
Bu təşkilatların fəaliyyətlərinin
nəticələri artıq
hiss olunmaqdadır. Onların fəaliyyətlərinin
nəticəsidir ki, vətəndaşlarımız artıq başa düşürlər ki, əgər sən hüquqlarına əməl
olunmağı istəyirsənsə,
başqalarının hüquqlarına
hörmətlə yanaşmalısan
və öz vəzifələrini yerinə
yetirməlisən. Bilirsiniz, dövlətin
mövqeyi insanlar tərəfindən həmişə
qəbul edilən olub. Amma dövlətin mövqeyi
QHT-lər tərəfindən vətəndaşlara
çatdırılanda, insanlar
buna daha inamla yanaşırlar. Vətəndaşlar elə düşünmürlər
ki, bu, dövlətin
mövqeyidir. Onlar hesab
edirlər ki, elə bu bizim
özümüzün mövqeyidir.
Ona görə də mən hesab edirəm ki, normativ hüquqi aktların cəmiyyətə
çatdırılmasında QHT-lərin üzərinə
böyük vəzifə
düşür.
- Hüquqi maariflənmə
işlərində KİV-lərin
rolunu necə qiymətləndirirsiniz?
- Bu sahədə vəziyyət
o qədər də ürəkaçan deyil. Bir sıra televiziya verilişləri istisna olmaqla, ölkə KİV-lərinin heç birində məqsədli şəkildə hüquqi
biliklər təbliğ
olunmur. Televiziyalarda daha çox
auditoriya toplamaq məqsədilə kriminal
xronikalar işıqlandırılır.
Amma hesab edirəm ki, bütün televiziyalarımızın hüquqi
maariflənmə işinə
dəstək olmaq üçün böyük
imkanları var. Sadəcə
olaraq, bu işə müəyyən
insanlar cəlb olunmalıdırlar. Qanunun özü
də dövlətin siyasətidir. “Bu siyasət mənə əzizdir, bu siyasəti mən qəbul edirəm” deyən şəxslər
onun cəmiyyətə
çatdırılmasına səy göstərməlidirlər.
Bu baxımdan mənim fikrimcə, TV-nin imkanları internetin imkanlarından da yüksəkdir. Çünki evimizdə televiziyalar
səhərdən axşama
kimi açıq qalır. Belə bir böyük
auditoriyadan məqsədli
şəkildə istifadə
etməyin özü xüsusi yanaşma və məsuliyyət tələb edir.
- Qanunların qəbulunda vətəndaş mövqeyi
nə dərəcədə
nəzərə alınır?
- Azərbaycan Respublikasının
Milli Məclisinin saytına girmək kifayətdir ki, nəinki qəbul edilmiş, hətta qəbul edilməkdə olan qanun layihələri
ilə tanış
olub, fikir bildirəsən. Bu, çox əhəmiyyətli
məsələdir. Hazırda bizdə
istənilən qanunun
ictimai müzakirəsinin
aparılması üçün
şərait vardır.
Sadəcə olaraq, vətəndaş
mövqeyi çatışmır.
- Ölkəmizdə
vətəndaş mövqeyinin
formalaşmasına necə
nail olmaq olar?
- Qanunların qəbulu prosesində vətəndaş
mövqeyinin formalaşdırılması
sahəsində həm
QHT-lərin, həm də dövlət orqanlarının üzərinə
böyük iş düşür. Onlar birinci növbədə
insanlara hüquqa hörmət hissi aşılamalıdırlar. Vətəndaşlar arasında
buna nail
olduqdan sonra isə onlara fəal həyat mövqeyi təbliğ olunmalıdır.
-
Hüquqi maariflənmə işlərində
təhsil ocaqlarının rolunu necə
qiymətləndirirsiniz?
- Ümumiyyətlə, maariflənmə işlərində təhsil ocaqlarının əsas rol oynadığı danılmaz faktdır. Məlumat üçün bildirirəm ki, ölkəmizdə fəaliyyət göstərən bütün ali təhsil müəssisələrində ixtisasından asılı olmayaraq, istəyə bağlı Azərbaycan Respublikasının Konstitusiyası və hüququn əsasları fənni tədris olunur. Amma hesab edirəm ki, bu fənnin tədrisinin istəyə bağlı olması doğru deyildir. Məhz bu səbəbdən elə ixtisaslar vardır ki, orada təhsil alan tələbələrə bu fənn heç tədris olunmur. Məktəblərdə isə bu fənnin tədrisini dərs saatı düzəlməyən digər fənn müəlliminə verirlər. Bu da bumeranq kimi cəmiyyətin özünə qayıdacaq. Ona görə də istər ali məktəb müəllimləri, istərsə də hüquqşünas kadrlar orta məktəblərdə Konstitusiya fənninin tədrisinə cəlb olunmalıdırlar.
- Fəxrəddin müəllim, hüquqi maariflənmə işlərinə haradan və kimdən
başlanılmalıdır?
- Ölkəmizdə hüquqi maariflənmə ilə bağlı konkret konsepsiya yoxdur. Hesab edirəm ki, Azərbaycanda hüquqi maariflənmə ilə bağlı konkret konsepsiya hazırlanmalıdır. Mənim fikrimcə, hüquqi maarifləndirmə fəaliyyətinə onun konsepsiyasının hazırlanmasından başlanılmalıdır.
- Hüquqi
maariflənmə sahəsində indiyə kimi
görülən hansı işi təqdir
edirsiniz?
- Hüquqi biliklərin təbliği sahəsində Azərbaycan dövlətinin ən böyük nailiyyəti Ədliyyə Nazirliyi tərəfindən idarə edilən elektron qanun portalının hazırlanıb istifadəyə verilməsidir. Burada 1991-ci ildən indiyə kimi Azərbaycanın bütün sahələrə dair qəbul edilmiş normativ hüquqi aktları toplanıb.
- Fəxrəddin müəllim, son olaraq ölkə vətəndaşlarına
nə demək istəyirsiniz?
- Azərbaycan Respublikasının Konstitusiyası ölkənin bir nömrəli sənədidir. Buna görə də ölkənin bir nömrəli sənədinə münasibət nümunəvi olmalıdır.
Zaman.-2014.-15 aprel.-S.12.