Səbir və dəqiqlik tələb edən
sənət – calaqçılıq
MƏRDAN QURBANOV, HƏBIB
ƏLIZADƏ - ASTARA,
Müsahibimiz təcrübəli bağban, sənətini
çox sevən calaqçı Hacıağa
Baxşıyevdir. Ondan calaqçılıqla bağlı
öyrəndiyimiz maraqlı məlumatları sizinlə
bölüşürük.
Hacıağa Baxşıyev 1960-cı ildə Astara
rayonunun Şüvi kəndində doğulmuş, 1980-1981-ci
illərdə hərbi xidmətinin bir hissəsini
Əfqanıstan müharibəsi dönəmində
keçirmişdir. Əfqanıstan müharibəsi
veteranıdır. Hərbi xidmətdən
sonra, hələ sovet dövründən etibarən təsərrüfat
işlərinə başlamış, dövlət
torpaqlarında subtropik meyvəçiliklə məşğul
olmuşdur. SSRİ dağıldıqdan
sonra öz şəxsi təsərrüfat sahəsində
işləməyə, müxtəlif subtropik meyvələr
becərməyə başlamışdır. Artıq 25 ildən artıqdır ki, həm
bağbanlıqla, həm də calaqçılıqla məşğuldur.
Tanınmış calaqçıdır.
Müxtəlif subtropik meyvələr, o cümlədən
mandarin, limon, portağal, kinkan və s.
yetişdirir. Calaq edib satdığı meyvə tinglərinin
həm rayonun özündən, həm digər yerlərdən
- Bakıdan, Gəncədən, Ağsudan, İmişlidən,
Ağdamdan müştəriləri var. Onun bağbanlıqda
bu cür təcrübəsi olmasında, püxtələşməsində
irsi faktorun da rolu çoxdur. Belə ki, atası Manaf kişi də bağbançılıqla məşğul
olmuş, ustalıq etmiş, eyni zamanda Böyük Vətən
müharibəsi veteranıdır. Elə
oğlu Hacıağa da bağbançılığı
atasından öyrənmişdir. Hacıağanın
qardaşları da bağbançılıqla məşğuldurlar.
“Calaqçılıq olduqca çox
səbir və təmkin
tələb edir”
Təcrübəli
calaqçı Hacıağa kişinin sözlərinə
görə, hələ gənclik illərindən etibarən bu sahəyə
çox böyük marağı olub. İlk
illərdə ancaq özü üçün meyvə tingləri
yetişdirir, onları calaq etdikdən sonra əkirmiş.
Əvvəllər dost-tanış, qohum-əqrəba
ondan bu tingləri almağa başlayır. Daha doğrusu, ondan meyvə tingi istəyən
tanışlarına hədiyyə edir. Bu
sahədə təcrübəsi artdığından, həm
də bağını genişləndirdikdən sonra
satışla da məşğul olur. Bir müddət
sonra calaq etdiyi ağacların məhsuldar olması səbəbi
ilə onu Astarada hər kəs tanıyır: “Satış
problemim olmur. Hətta bəzən 2-3 ay qabaqcadan
sifariş verirlər ki, bəs bizim üçün filan qədər
meyvə tingi ayır”. Müsahibimiz deyir ki,
calaqçılıq olduqca zəhmətli sahədir: “Ancaq bol
bəhrə görəndə sevinirəm. Bu da
mənə daha çox güc verir”.
“Meyvə tingləri yaz və
payız aylarında
calaq edilir”
Müsahibimiz bizə calaq prosesini bütün incəliklərinə
qədər anlatdı. Bildirdi ki, əvvəlcə,
cır limon ağacının (və ya kolunun) meyvələri
dərilib çürüdülür:
“Çürüdükdən sonra içindəki
toxumları yuyulub seçilir, sonra isə torpağa
atılır. O, müəyyən müddətdən sonra
şitil olur. Təqribən 1 ildən sonra isə
onu calaq edirik. Həmin bir il müddətində
də şitillərin arası alaq edilməli, ona vaxtında
su verilməlidir. Calaq edilməmişdən qabaq
həmin şitillər sıra ilə əkilir, müəyyən
müddətdən sonra isə calaq edilir. Tinglər
əkilən zaman meşədən gətirdiyimiz yarpaq
çürüntüsündən, yəni qara torpaqdan istifadə
edirik ki, daha münbit, daha keyfiyyətli olsun. Calaq prosesinin də özünə görə bəzi
xırdalıqları var. Belə ki, hansı meyvəni calaq edəcəyiksə,
həmin meyvə ağacından bir göz
götürürük (göz - calaq etmək
üçün meyvə ağacından
götürülmüş, ucu sivri olan xırda bir gövdə),
sonra da onu həmin cır tingə calaq edirik”.
Onun sözlərinə görə, meyvə tingləri
yaz və payız aylarında calaq edilir. Calaq ediləndən sonra, yəni
gözü cıra calaq edəndən sonra polietilen
örtüklə (sellofanla) bağlanır: “Daha keyfiyyətli
calaq payızda olur. Payızda calaq edilən tinglərin
sarğısı yazda, aprel ayının sonlarında
açılır. Yazda calaq edilən tinglərin
isə örtükləri elə yazda açılır.
Yazda calaq edilən tinglərdən örtükləri
25 günə açmaq olur. Sonra isə
ona qulluq edilir, böyüdüləndən sonra satışa
çıxardılır. Tinglərə
ilinə və böyüklüyünə görə qiymət
qoyulur. Tinglərin 1 illik olanını 1 manata, 2 illik və
daha böyüklərini isə 1 manat 50 qəpiyə
satırıq. Daha çox mandarin
ağacları alınır”.
Qışda
tingləri şaxtadan qorumaq üçün üstünə
yerdən 5 santimetr hündürlüyündə torpaq
yığılır: “Qış bitəndən sonra
torpağı təmizləyirik. Yayda da hər
gün 10 gündən bir sulayırıq. Yayda
çox isti olanda tinglərin üstünü karkaz şəklində
bağlayıb, ağac yarpaqlı gövdələr qoyuruq.
Bununla qızmar günəşdən
qorunmuş olur. Tinglərdən bir hissəsini
dibçəklərə əkir, bir neçə ildən
sonra elə dibçəklə bir yerdə satırıq.
Dibçəklərdə əsasən limon,
kinkan ağacları əkirik, çünki bunlara maraq
çox olur.
“Müştəri əskilmir, Allaha
şükür”
“Gürcüstandan
gətirilən meyvə tingləri daha çox alınır,
yoxsa sizin becərdiyiniz tinglər?” sualına cavabında
müsahibimiz dedi ki, yerli tinglərə daha çox maraq var:
“Bunun bir neçə səbəbi var. Əvvəla,
Gürcüstandan gətirilən tinglər uzun müddət
yollarda qaldığından kökləri xarab olur, yəni bir
müddətdən sonra sıradan çıxır. Amma bizdə isə tinglər yerdən
çıxarılan kimi qısa müddətdə onu
torpağa əkmək mümkündür ki, bu da bitmə
şansını artırır. İkincisi,
bu növlər yerli şəraitə adaptasiya olunub,
buradakı torpağa uyğunlaşıb, yəni daha çox
məhsul verir. Ancaq xaricdən gətirilən
tinglər bu qədər məhsuldar olmaya bilər. Düzdür, Gürcüstan tinglərinin qiymətləri
bir qədər ucuzdur, buna görə bəzən camaat onu
almağa maraq göstərir. Amma insanlar
çox hissəsinin yanması, yaxşı bitməməsi
üzündən növbəti dəfə onu almırlar.
Yəni bizim yerli növə etibar edirlər.
Bir də məni bir təcrübəli
calaqçı kimi tanıyıb, etibar etdiklərindən həmişə
tinglərimizə maraq olur, müştəri əskilmir, Allaha
şükür”.
Hacıağa Baxşıyev deyir ki,
Azərbaycana, bölgəmizə sitrus meyvələri ilk dəfə
Gürcüstan ərazisindən gətirilib: “XX əsrin əvvəllərində
tədricən əkilməyə başlanmış, sovet
dönəmində isə geniş yayılmışdır. Həmin sitrus meyvə növləri bizim bölgəmizin
iqliminə uyğunlaşdığı üçün
burada daha çox məhsuldar olur. Yəni
Gürcüstandan indi gətirilən sitrus növləri burada
çoxdan bitən növlərlə nisbətən zəif
olur. Bir çox hallarda yanır,
dözümsüz olur”.
“Bağımdakı meyvə
ağaclarının hamısı özüm
calaq etdiyim sitrus tinglərindəndir”
Çalaqçı
deyir ki, calaq etdiyi tingləri satmaqla yanaşı, özü də
istifadə edir: “Bağımdakı meyvə
ağaclarının hamısı özüm calaq etdiyim sitrus
tinglərindəndir. Özüm
üçün, Allaha şükür, böyük sitrus
bağı salmışam. Bağımda mandarin, limon, portağal, kinkan, feyxoa kimi meyvələr
var. Məhsulumuz da yaxşı olur.
Bizdə mandarinin əsasən elita, yerli və karlik
növləri çoxdur. Ən tez yetişəni
karlik növüdür. Bağımda da
karlik növlü mandarin ağacı çoxluq təşkil
edir. Mandarin tingini əkdikdən, təqribən, 5 il sonra bol məhsul verməyə başlayır.
Bağımda həm də portağal
ağacları da var ki, onlar da 2 növdədir. Biri iri, biri isə nisbətən kiçik olur.
İrimeyvəli portağal həm də
altında göbəyə oxşar
çıxıntısı ilə fərqlənir. Bağımızda həmçinin feyxoa da
yetişdiririk. Onların biri tez yetişən (avqustun
sonunda), digəri isə bir az gec yetişən
növdür (oktyabr-noyabr ayları). Yerli əhali
tez yetişənə “çılən” (talışca
“qırx gündə yetişən” mənasını
verir-müəllif), gec yetişənə isə “pozə fexo”
(talışca “payız feyxoası” mənasını
verir-müəllif) deyir. Feyxoanın digər
sitrus meyvələrdən əsas fərqlərindən biri
odur ki, o, qabığı ilə yeyilir”.
“Limonun 7-8 növü var. Onlardan
tikanlısı, tikansızı, mehrisi və s.
bağlarımızda yetişdirilir. Bağımda
tikanlı olan, gözəl ətrə malik iri limon
növü çoxluq təşkil edir ki, bu da daha çox
“Yeni Gürcüstan” növü adlanır. 5-10 illik normal bir limon
ağacından, təqribən, 500-600 ədəd limon dərmək
mümkündür. İlin, demək olar ki, hər vaxtında
bağımızda limon olur. Limon ağacları
ildə 2-3 dəfə çiçək açır. Bu da onun növlərinə görə dəyişir,
yəni elə növ var ki, ildə 2 dəfə, eləsi də
var ki, 3 dəfə çiçək açır. Meyvəsi ilboyu üstündə olur. Kinkan da limona oxşar, xırda meyvəli sitrus
ağacıdır. O da limonun bir növü
sayılır. Dadı turşməzə olur.
O da feyxoa kimi qabığı ilə yeyilir. Limon
kimi bir çox faydası var. Kinkanın xüsusən qan təzyiqinə
təsiri çox olur (təzyiqi aşağı salır).
Qanın təmizlənməsində,
iştahanın açılmasında faydası çoxdur.
Ümumiyyətlə, sitrus meyvələrinin tərkibi C
vitamini ilə bol olduğundan həm faydası çoxdur, həm
də insanın immunitet sistemini gücləndirir”, -deyir
Hacıağa Baxşıyev.
“Halal zəhmətimlə
dolanıram, öz işimdən
də həzz alıram”
Müsahibimiz
deyir ki, calaqçılıq bir sənət sahəsidir:
“Çətinliyi olsa da, əsas odur ki, halal zəhmətimlə
dolanıram, öz işimdən də həzz alıram. İnsanın gərək gördüyü işə
sevgisi olsun. Mən şəxsən öz
işimi çox sevirəm, sevə-sevə bağ işləri
ilə məşğul oluram. Çox istəyirəm
ki, bu sənəti insanlar da, xüsusən gənclər də
öyrənsinlər. Övladım Rafiqə
da öyrədirəm. O da bu işə çox həvəslidir.
Bilirsiz, bəzən işsizlikdən şikayət
edirlər. Ancaq o qədər belə gözəl, halal
yolla qazanc əldə etmək üçün sənət
sahələri var ki... Onları öyrənsələr,
ömürləri boyu halal zəhmətlə dolana bilərlər.
Təbii ki, çətinliyi də olur. Gərək rahatlıqda da, çətinlikdə də
səbirlə davranasan, Allaha şükür etməyi
unutmayasan. Halal olandan sonra Allah
gördüyün işə bərəkət də verir.
Məsələn, bəzən elə olur ki, şaxtalar
çox olur, bir çox ağaclarım tələf olur. Ancaq mənim
yenə bir narazıçılığım,
sıxıntım olmur. Çünki neməti verən
də Allahdır, alan da Allah. İstəsə,
çox verər, istəsə az. Ya da
heç verməz. Onun hər işində bir
hikmət vardır. Gərək bu hikməti
görəsən.
Meyvələrdən, onun tinglərindən dostlarımıza, qohumlarımıza həmişə çalışıram ki, hədiyyə verim. Bunu Allah yolunda, Allah rizası üçün edirəm. Bizlər neməti verən, onun sahibi olan Allahın rizasını almaq üçün iş görməyi də unutmamalıyıq. İnşallah, Rəbbimizə olan şükrümüzü də azaltmayaq”...
Zaman.-2014.-16 aprel.-S.6.