“... İndi təbiət
insanlardan qorxur”
QVAMI
MƏHƏBBƏTOĞLU
Nüvə silahları ilə, zəhərli qazlarla, geni
dəyişdirilmiş meyvələrlə, bildiyimiz və bilmədiyimiz
bir çox üsullarla, əməllərlə insan
dünyamızı fəlakətə sürükləyir. Amma insan unudur ki,
üstündə yaşadığı, havasını
udduğu, suyunu içdiyi, təbii sərvətlərini təsəvvürə
gəlməyəcək dərəcədə talan etdiyi Yer
kürəsi yalnız ona məxsus deyil, o, bütün
canlı və cansız aləmin evidir,
sığınacağıdır, odur ki, onun sərvətlərindən
səmərəli istifadə etmək lazımdır.
Digər
tərəfdən, bu kimi amillərdə “təbiət
şıltaqdır” ifadəsi və bundan qaynaqlanan “onu ram etmək”
məsələsi də müəyyən rol oynadı. Amma insan unutdu ki, təbiət onunla
şıltaqlığı sevmir. Adi bir misal: son
dövrlərdə müxtəlif xəstəlik adları
eşitməyə başlamışıq. Haqlı olaraq
soruşula bilər: əvvəllər niyə bu qədər
xəstəlik olmayıb? Cavabı olduqca sadədir.
Əvvəllər ekologiyamız bu qədər
çirkli olmayıb, insan ona, bu qədər müdaxilə
etməyib.
Bəli, həqiqətən də, əvvəllər
ekoligiyamız əvvəllər belə olmayıb. Bəli, insan
təbiətə fəal, məqsədyönlü təsir
göstərməyə, öz tələbatını ödəmək
üçün təbiətdə hazır şəkildə
mövcud olmayan məhsulları istehsal etməyə
başladıqda vəziyyət dəyişdi. Bu isə sonradan təhlükəli nəticələrə,
həmçinin ekoloji problemlərə gətirib
çıxartdı. Bununla da, öz əli
ilə özünü fəlakətə sürüklədi.
Elə bir fəlakətə ki, indi o həmin əməlinin
əsirinə çevrilib. Bu əsirlikdən
qurtarmaq üçün müxtəlif yollar arayır. Tanınmış fransız bioloqu Jan Batist Lamark
deyib ki, “sanki müasir insanın əsas məqsədi - əvvəlcə
Yer kürəsini yararsız hala salmaq və nəhayət
özünü məhv etməkdir”.
Fəlakətlər, fəlakətlər...
Mütəxəssislərin sözlərinə görə,
bu gün ekologiyanın tarazlığının pozulması
daha böyük fəlakətlərə, o cümlədən
qlobal istiləşməyə də yol açıb. Bir daha xatırladaq
ki, ümumiyyətlə, ekoloji problemlər - müxtəlif
ekoloji amillər nəticəsində təbiətin strukturunun
və funksiyasının dəyişməsi nəticəsində
yaranır. Bəşər tarixi inkşaf
etdikcə təbiətdə oksigen ehtiyatı azalmağa və
karbon qazı çoxalmağa doğru gedib. Son illər
isə bu proses daha da sürətlənib. Hətta iş o yerə
çatıb ki, Yer kürəsini günəşin məhvedici
radiasiyasından qoruyan ozon təbəqəsi də fəlakətlə
üzləşib. Məlumat üçün bildirək ki,
ozon təbəqəsinin müşahidəsi ilə
ABŞ-ın Milli Aeronavtika və Kosmos Akademiyası,
Ümumdünya Meteorologiya Təşkilatı kimi qurumlar məşğul
olurlar. Ozon qatının dağılması
flora və faunanın məhvinə, okeanın biogenezinin
dağılmasına, insanlarda göz və xərçəng
xəstəliklərinin artmasına, eləcə də insan və
heyvanların immun sisteminin zəifləməsi nəticəsində
müxtəlif xəstəliklərə yoluxmasına gətirib
çıxarır. Alimlərin hesablamalarına görə,
son yüz ildə Yer kürəsində orta illik temperaturun 0,8 dərəcəyə qədər artması
qlobal istiləşmə problemi yaradıb. Yer
kürəsinə düşən şüalanmanın artması
nəticəsində buzlaqların ərimə tempi yüksəldiyindən
son yüz ildə okean sularının səviyyəsi 15-17
santimetr artıb. Son yüz ildə Yer
kürəsinin həddən artıq istiləşməsi
Qrenlandiyada, Şimali Arktikada və Antarktidada da buz
örtüyünün əriməsinə səbəb olub.
Yeri gəlmişkən, bir tarixi fakta da
müraciət edək. Tarixi mənbələrə
görə, 125 min il bundan əvvəl Yer
kürəsində orta illik temperatur indikindən 4 dəfə
çox olub. Amma o vaxt, təbii ki, Yer səthində
də vəziyyət başqa idi. Yaşıllıq
daha çox idi ki, bu da karbon və digər istilik yaradan
qazları müəyyən normada saxlayırdı və enerji
balansı pozulmurdu. İstilik var idi, amma
Yerə düşən və Yerdən qalxan enerji bərabər
idi. Yəni əvvəllər təbiət
öz-özünü tənzimləyirdi. İndi
isə təbiət sanki bu amillərin əllində aciz
qalıb. Burada bir faktı da qeyd etsək,
yerinə düşərdi. Aparılan müşahidələr
göstərir ki, meşəlik ərazi ilə meşə
olmayan yerdə 2 dərəcə temperatur fərqi var. İndi
Yer kürəsində meşələrin ərazisi o qədər
azalıb ki...
Bəli, artıq fəsadlar sərgilənməkdədir. Belə ki,
2010-2011-ci illərin qış aylarında planetdə
heyvanların kütləvi ölümü qeydə
alındı. 2010-cu ildə İngiltərənin
sahillərində 25 min yengəc - qısa quyruqlu xərçəng
özünü dənizdən ataraq öldü.
Sonrakı il onların sayı 40 minə
çatdı. Yeni Zelandiya sahillərində
onlarla balina sahilə atılaraq məhv oldu. Özlərini sahilə atıb öldürən
balıqlar, balina və delfinlər dəniz sakinlərinin
müəmmalı ölümü kimi dəyərləndirildi.
Kim bilir, bəlkə də, bu, heyvanların insanlara mesajı
idi: “Daha əməllərinizə dözə bilmirik”. Zənnimcə, son illər bəzi meşə
heyvanlarının insanların yaşayış məskənlərində
peyda olmaları da məhz bundan irəli gəlir. Bəzi
alimlərin fikrincə, artıq qlobal iqlim dəyişikliyi Azərbaycana
da öz təsirini az da olsa, göstərir. Elə son vaxtlar yağan güclü
yağıntılar (yağış, dolu,
palçıqlı yağış və s.) bəzi yerlərdə
kəskin istilər bunun ən real nümunəsidir.
Azərbaycan
Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun
aparıcı elmi işçisi, k/t elmləri üzrə fəlsəfə
doktoru, professor Dağıstan Yusifovun sözlərinə
görə, ekoloji problemin indiki zamanda kəskinləşməsi
həm də bir sıra subyektiv amillərlə
bağlıdır (Sənaye istehsalının tənzim edilməməsi,
istehsal obyektlərinin yerləşdirilməsində zərərli
nəticələrin nəzərə alınmaması, suyun
bioloji yolla təmizlənməsinə, sənaye
tullantılarından istifadə edilməsinə diqqət
yetirilməməsi subyektiv amillərə nümunədir).
“Dünyamızın sabahı bu əbədi
harmoniyadan asılıdır”
Bəli, müasir ekoloji problemlər müəyyən
bölgənin, hətta materikin deyil, öz mahiyyəti etibarı
ilə bütün bəşəriyyətin mənafeyinə
toxunur.
Mütəxəssislərin fikrincə, bu qlobal problemin aradan
qaldırılması yalnız bütün ölkələrin
və dövlətlərin birgə əməkdaşlığı,
səyi sayəsində mümkün ola bilər.
Yeri gəlmişkən, cəmiyyətlə təbiətin
qarşılıqlı təsiri ətrafında bütün
dünyada ciddi mübahisələr gedir, beynəlxalq təşkilatlar,
elm xadimləri ekoloji problemin mahiyyətini, onun mövcud olma səbəblərini
və aradan qaldırılması yollarını axtarırlar.
Qeyd edək ki, ekoloji böhranın aradan
qaldırılması məsələsində elmi-texniki tərəqqinin
roluna münasibət heç də birmənalı deyil: “Təbiətin
mühafizəsinin elmi təşkilinin həyatın və
sivilizasiyanın qorunub saxlanmasının zəruri şərtinə
çevrildiyi indiki zamanda insanların ümumi və xüsusi
ekoloji mədəniyyətini, ekoloji şüurunun və
ekoloji davranışının yüksək səviyyəyə
çatdırılmasını tələb edir. Təbiəti saflaşdırma, onun nemətlərindən
səmərəli istifadə etməklə korlanmasının
qarşısını almaq təbii şəraitlə
ünsiyyətin forma və metodlarını
sağlamlaşdırmaq şüurlu fəaliyyəti qüvvətləndirməyi,
ekologiyanın əxlaqi-etik problemlərini ön plana çəkməyi
zərurətə çevirib.
Bəli, ekoloji böhranın aradan qaldırılması
üçün ilk növbədə insanların ekoloji
dünyagörüşünün formalaşmasına nail
olmaq vacibdir.
Ekologiyanın mühüm problemlərinin ali
və orta məktəblərdə tədris edilməsi
ekoloji-etik prinsiplərin intişarı işinə xeyli
yardım edər, hər bir adamın ətraf mühitin
mühafızəsində fəal, səmərəli fəaliyyət
göstərməsinə daha yaxşı şərait
yaratmış olar. Dünya praktikası
sübut edir ki, təbiətlə qarşılıqlı
münasibətdə kortəbiilik elementlərini getdikcə məhdudlaşdırmaq,
mütəşəkkil, şüurlu, yaxın və uzaq nəticələri
nəzərə almaq şəraitində fəaliyyət
göstərmək yeganə çıxış yoludur”.
Şübhəsiz ki, ekologiya haqqında
düşünmək gələcək haqqında
düşünmək deməkdir. Baş verən
demoqrafik dəyişikliklər, sənayenin genişlənməsi,
insanların təbiətə təsirinin artması ekoloji məsuliyyəti
dövrün əsas çağırışına
çevirir. Ətraf mühitin mühafizəsinə
diqqəti artırmaq üçün imkanlarımızı səfərbər
etməliyik. Görkəmli alim Həsən Əliyevin təbirincə
desək, ətraf mühiti təkcə qanunvericilik
aktlarının tədbirləri ilə mühafizə etmək
olmaz: “Əhaliyə təbiəti mühafizə haqqında
geniş məlumat vermək, onun yollarını göstərmək
lazımdır. Hər bir vətəndaşın
ekoloji mədəniyyətinin və savadının formalaşmasında
təbliğatın rolu böyükdür”.
Bəli, həqiqətən də, ekoligiyamız əvvəllər
belə olmayıb. Bu günlərdə Bakıda keçirilən Məktəblilərin
VIII Ətraf Mühitin Mühafizəsi Beynəlxalq Layihə
Olimpiadasında həmsöhbət olduğum Azərbaycan
Dövlət Pedaqoji Universitetinin fizika fakültəsinin
dekanı, professor Mirzəli Murğuzov da bu kimi məqamlara
toxundu. O dedi ki, ətraf mühit normadan artıq çirklənməyə
məruz qalsa, təbiət özünü tənzimləmə
qabiliyyətini itirə bilər. Nə yazıq ki, ekologiyaya
laqeyd münasibət hələ də davam etməkdədir:
“Yaşadığımız dünya, bizi əhatə edən
maddi aləm - təbiət son dərəcə rəngarəngdir.
Biz özümüz də elə bu təbiətin
bir zərrəsiyik. Biz həm də bitkilər,
heyvanlar aləminin əhatəsindəyik. Bu
mənada Yer kürəsində bizimlə birgə onların
harmoniyası hökm sürür. Dünyamızın
sabahı bu əzəli və əbədi harmoniyadan
asılıdır. Bu harmoniyanın
pozulması isə bəşəriyyəti fəlakətə
sürüklüyə bilər. Ona görə
də planetimizin florasına və faunasına qarşı həmişə
diqqətli olmalıyıq. Yunan filosofu Demokritin təbiətə
aid gözəl bir fikri var: “İnsan toxuculuqda
hörümçəklərin, ev tikməkdə
qaranquşların, oxumaqda bülbüllərin şagirdidir”.
Akademik Həsən Əliyev isə deyirdi: “Quş aləmi təbiətin
ən canlı, poetik hissəsidir”, “təbiət musiqi mənbəyi,
şeir, sənət guşəsi, ilham çeşməsidir”,
“təbiət ən gözəl müalicə vasitəsi, ən
gözəl loğmandır” Buna görə, təbiətin dərindən
öyrənilməsi, hər kəsdə ona doğma
münasibətin yaranması son dərəcə vacibdir”. Bütün bunlara rəğmən,
Mirzəli müəllim bu sözləri də dedi:
“Adını xatırlamadığım görkəmli alimlərdən
birinin sözlərinə görə, vaxtilə insanlar təbiətdən
qorxurdular, indi isə təbiət insanlardan qorxur”.
Azərbaycan
Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fondunun maliyyəsi əsasında səhifəni
hazırladı:
Qvami Məhəbbətoğlu
Zaman.-2014.-17 aprel.-S.13.