Ekologiya və İslam
Bu günlərdə internetdə gəzişən zaman
türkiyəli alim Arslan Maydanın ətraf mühitin təmizliyi
barədə bir yazısına rast gəldim. Ekoloji
tarazlığın getdikcə daha çox pozulduğunun səbəblərini
axtardığımız bir zamanda bu yazı mənə bir dərman
kimi göründü. Doğrudur, bu
tarazlığın pozulmasının əsas səbəbini
texnologiyanın sürətli inkişafı ilə
bağlayırıq. Amma bizim
üstümüzə düşən vəzifələr də
var ki, onların öhdəsindən gəlmək o qədər
də çətin deyil. Həmin öhdəliklərin
bir qismi Arslan Maydanın yazısında öz əksini tapıb.
Gəlin birlikdə o yazıya diqqət edək.
Təmizlik deyəndə nə başa düşülməlidir? Elm adamları bunu
aşağıdakı başlıqlar altında
toplamağa çalışıblar:
1) Fərdi
təmizlik
2) Ev təmizliyi
3)
Ətraf mühitin təmizliyi
4) Kifayət
qədər təmiz su mənbəyinin möcudluğu.
Fərdi təmizlik deyəndə ağla gələn ilk
şey bədən təmizliyidir. Buraya dəri, əl, ağız,
burun, göz təmizliyi, saç, dırnaq, qoltuqaltı,
üz, diş və ayağa qulluq daxildir.
Fərdi
təmizliyə baxmayaraq, insan ətraf mühitin təsiri ilə
də xəstəliyə düçar ola
bilir. İnsan özü nə qədər təmiz
olursa-olsun, ətraf mühit təmiz deyilsə, heç bir
şeyə toxunmasa belə, hava, külək, həşərat
və digər mikrobdaşıyıcıları vasitəsilə
xəstəliyə yoluxma ehtimalına sahibdir.
Göründüyü kimi, fərdi təmizliklə ətraf
mühitin təmizliyi bir vəhdət təşkil edir.
Ətraf
mühitin təmizliyi dedikdə aşağıdakılar
başa
düşülür:
1)
Paltarların təmizliyi .
2) Yeməklərin
təmizliyi.
3) Ev təmizliyi .
4)
Küçə, prospekt, məhəllə, şəhərin
təmizliyi.
5) Kifayət
qədər təmiz su mənbəyinin mövcudluğu.
1. Paltarların təmizliyi
Geyim əşyaları infeksiya baxımından həssas
olduğundan onları seçərkən diqqətli olmaq
lazımdır. Orta əsrlərdə Avropada insanlar bədəni
isti saxlayan, amma təmizlənməsi çətin olan yun
geyimlərə üstünlük verirdilər. O
çağlarda insanlar çox çimməzdilər,
çirklənmiş geyimlərini yumazdılar: Onların bədənləri
iy verər, hətta bədənlərinə bit, birə
düşürdü. Pis qoxunu aradan qaldırmaq
üçün də otlardan əldə edilən vasitələrdən
istifadə edirdilər. Ancaq XVIII əsrdə
pambıq ticarətinin vüsət alması ilə
avropalılar ilk dəfə ucuz, yüngül, asanlıqla
yuyla bilən alt paltarlarından istifadə etməyə
başladılar. Bundan sonra fərdi təmizlik
əhəmiyyət qazandı. XIX əsrdə
fərdi təmizlik sağlam yaşamanın bir şərti
sayılmağa başladı. Bədən təmizliyi və
geyim əşyalarının daha tez-tez dəyişdirilib
yuyulması nəticəsində bit və birələrlə
birlikdə vəba və tif kimi xəstəliklər də yox
oldu.
Müsəlmanlarda isə paltar təmizliyi namaz qılmaq
üçün əsas şətrlərdən biridir. Məlum
olduğu kimi, nəcis və sidik bulaşmış bir paltarla
namaz qılmaq olmaz. Yəni müsəlmanlar gündə
beş dəfə paltarlarının təmizliyinə
nəzarət etmək məcburiyyətindədirlər. Təmiz
geyinmə məsələsində Peyğəmbərimizin belə
bir hədisi var: “Ağ paltar geyinin. Çünki ağ paltar daha gözəl və təmizlik
baxımından daha əlverişlidir. Ölülərinizi
də ağ parça ilə kəfənləyin”. Ağ və açıq rənglilər üzərlərindəki
kiri göstərdiyindən onların təmizliyinə
qayğı göstərmək lazımdır. Avropada XIX əsrdə təmiz geyimin dəyəri
yeni-yeni anlaşılmağa başlanıldığı
halda müsəlmanlığı həqiqi mənada
yaşayan insanlar VII əsrdən bəri paltar təmizliyinə
diqqət ediblər.
2. Yeməklərin təmizliyi
İçdiyimiz suya və yediyimiz yeməklərlə
mikrob və parazitlərin bulaşma ehtimalı çox
böyükdür. Bu məsələdə anaların və
xüsusilə ictimayi iaişə müassisələrində
işləyənlərin üzərinə böyük məsuliyyət
düşür. Onlar yeməklərin
mühafizəsinə xüsusi bir etina göstərməlidirlər.
Qidaların zəhərlənməsinə səbəb
olan bakteriyaların ən böyük mənbəyi insan
özüdür.
İnsanların boğaz, burun, əl, dəri,
bağırsaq və nəcisi bakteriya
daşıyıcısıdır. Digər bir bakteriya mənbəyi
isə istehlak edilən heyvani qida məhsullardır.
Pişik, it və s. kimi ev heyvanları da
bakteriya yaymaqda olduqca təsirli məxluqatlardandır. Ev heyvanları gəzdikləri yerlərdən
bakteriyaları evə daşıyar. Ağcaqanad,
böcək kimi həşəratlar və siçanlar da
mikrob daşıyıcılarıdır. Mətbəx
mühitindəki zibilqabı mikrobların meydana gəldiyi bir
yerdir. Vaxtında mətbəxdən kənarlaşdırılmayan
zibilqutusundakı bakteriyalar böcəklər, ağcaqanadlar və
siçanlar vasitəçiliyi ilə qidalara bulaşır
.
Qidalara
bakteriya bulaşmasının qarşısını almaq
üçün aşağıdakılara diqqət etmək
lazımdır:
-
Əl-üz vaxtında yuyulmalıdır .
- Burun dəlikləri
təmizlənməlidir .
-
Dırnaqların uzanmasına yol verilməməlidir.
- Tualetdən
sonra əllərin yaxşıca yuyulması .
- Yeməklər
və su qapalı qablarda saxlanmalıdır.
Qidaları insan tüpürcəyindən, asqırıq
və öskürəyindən qorumaq lazımdır. 1 qram tüpürcəkdə
100 milyon, 1 qram burun suyu ifrazatında 10 milyon bakteriya var.
İnsanların 30-50 faizinin burnunda qidaların zəhərlənməsinə
səbəb olacaq bakteriyalar mövcuddur. Bu nisbət
xəstəxanada çalışan işçilər
arasınada 65-80 faizə çıxır. Ağız, burun və tənəffüs
yollarında olan bakteriyalar tənəffüs zamanı havaya
dağılar. Danışıq zamanı
bu paylanma o qədər də yüksək olmur. Öskürmə, asqırma və yüksək səslə
danışma əsnasında havaya buraxılan bakteriyaların
sayı artır. Şiddətli bir
öskürmədə ağızdan 5000-ə qədər su
damlasının çıxdığı təxmin edilir.
Asqırmada isə bu damlacıqların sayı
1 milyondan çox olur. Bu damlacıqlar
havada bir neçə saat asılı vəziyyətdə qala
bilirlər. Qida məhsulları
daşıyan biri danışar, öskürər və ya
asqırırsa, onun ağızındakı bakteriyaları
daşıdığı qidalara bulaşdırma ehtimalı
yüksəlir.
Əgər evdə ailə üzvlərindən biri
öskürürsə, bu zaman evdəki qabları qapalı
yerdə saxlamaq lazımdır. Əks halda açıq qablara mikrob
bulaşması qaçılmaz olur .
Ayrıca ev heyvanları, ağcaqanad,
böcək və digər həşəratlar vasitəsi ilə
bakteriyaların yayılmasının qarşısını
almaq üçün, yemək və içki
qablarının ağzı bağlı saxlanmalıdır. Nəzərə almaq lazımdır ki, insanlar təkcə
çoxmərtəbəli evlərdə yaşamır. İnsanların böyük əksəriyyəti əsrlərdir
birmərtəbəli həyət evlərində
yaşamışdır və bu, indi də davam etməkdədir.
Bu isə o deməkdir ki, ev heyvanları
ağcaqanad və gəmirici həşəratlarla daimi təmasda
olur. Qidaların saxlandığı qabların
qapaqlarının örtülü olması bu zərərvericilərin
xəstəlikləri yaymasının qarşısını
ala bilir. İndiki zamanda çoxmərtəbəli
və həyət evlərində qızdırıcı
sistemlərdən istifadə olunur. Həmin
qızdırıcılarda “sığınacaq” tapan böcəklər
də qapağı örtülməmiş qablarda qalan
qidalarımıza ortaq olurlar. Bu da
bakteriyaların yayılması üçün mübit şərait
formalaşdırır. Bunun qarşısını almaq
üçün zibilləri zamanında mətbəxlərdən
uzaqlaşdırmalı və qidaları ev
heyvanlarından qorumaq lazımdır.
Əl-üzün yuyulması, burun dəliklərinin təmizlənməsi,
dırnaqların kəsilməsi və tualetdən sonra əllərin
su ilə yuyulması barədə Peyğəmbərimizin əmr
və tövsiyələri bədən təmizliyində ən
önəmli ünsürlərdir. Burada qidaların bakteriyalardan
qorunması ilə əlaqədar digər hədisləri də
xatırlatmaq yerinə düşər: “Qabların üzərini
örtün. Tuluqların ağızını
da bağlayın. Çünki ildə bir
gecə vardır ki, o gecədə vəba enər”.
Birələrdəki bakteriyalar vasitəsilə
yoluxmuş vəba sətəlcəmə çevrilmişdirsə,
o insan vəbanı öskürək və tənəffüs
havası ilə digərlərinə yoluxdurur. Zatən vəbanın
sürətli yayılması bu şəkildə olur. Əvvəllər sətəlcəmə
çevrilmiş vəbaya yoluxmuş adamın sağalmaq
ehtimalı yox idi. Avropalı bir həkim vəba
epidemiyasında bir gecədə dörd min adamın
öldüyünü bildirir. Yəni vəba
virusları bir yerə düşdüyü zaman, çox
qısa zamanda yayılır və dərhal çoxlu
insanın ölümünə səbəb ola
bilirdi. Hədisdə də qabların
ağızlarının bağlanmasının tövsiyə
edilməsi bu virusların yayılmasının
qarşının alınmasına işarədir. Yalnız vəba mikrobu deyil, digər mikroblar da hava
yolu ilə gəlib açıq qablara hopa bilir. Peyğəmbərimiz
açıq bir qabda süd gətirən şəxsə:
“Qabın ağzını bağlaya bilməzdinizmi? Bir taxta
parçası ilə də olsa, üzərini örtməli
idiniz”,- deyə buyurmuşdur. Yolda ağzı açıq bir qabda aparılan yeməyə
onu aparan adamın öskürəyi və ya hava yolu ilə
mikroblar bulaşa bilər.
3. Ev təmizliyi
Geniş və təmiz evlər yolxucu xəstəliklərin
yayılamsına mane olan məkanlardır. Evlərdə
mətbəxlərin təmiz saxlanması, zibilqutusunda zibillərin
toplanmasına yol verməmək əhəmiyyətlidir. Çünki bir yerə toplanmış zibil
bakteriyaların törəməsi üçün ideal bir
mühit meydana gətirir. Bundan başqa,
vaxtında atılmayan zibillər mətbəxə böcəklərin
də yığışmasına səbəb olur.
Peyğəmbərimizin ev planını
nümunə götürən müsəlman memarlar, evin həyətini
binanın tamamlayıcısı olaraq qəbul etmiş, həyəti
evin xaricə açılmış ünsürü olaraq
tanımışlar.
Mövzuyla əlaqədar hədislər:
“Geniş ev, dürüst qonşu və rahat bir minik müsəlman adamın səadətidir”.
“Məskənlər ən yaxşısı geniş olanıdır.”
“Evin pisi darlığı səbəbi ilə oturanlara kafi gəlməməsi və pis qonşularının olmasıdır.”
“Ətrafınızı və evlərinizi təmiz saxlayın.
“Evdə çör-çöp, süprüntü olduğu zaman o evdən bərəkət qaçar”.
“Çirkli parçaları evlərinizdən çölə çıxarın. Süprüntülərin evlərinizdə toplanmasına yol verməyin. Çünki süprüntülər zərərli şeylərin barındığı yerdir”.
Yuxarı tənəffüs yollarının infeksiyaları və yoluxucu xəstəliklər darısqal evlərdə daha çox müşahidə olunur. İnsanlar gündəlik həyatlarını çox yaxın (bir-birinə 70 sm-dən yaxın) məsafələrdə davam etdirərkən xəstəlik ailə üzvləri arasında damlacıq yolu ilə daha tez yayılır. Odur ki, evlər geniş və təmiz olmalı, tullantılar tez bir zamanda mənzildən kənarlaşdırılmalıdır.
Qurani Kərimdə Kəbənin təmizliyinə diqqət çəkilməsi çox əhəmiyyətlidir. Kəbədə, xüsusilə, Həcc mövsümündə çox qələbəlik olur. Yolxucu xəstəliklər, qələbəlik mühitlərdə çox asan yayılar. Quranın mesajı universal olduğundan, insanın yaşadığı hər məkanın təmiz saxlanmasını əmr edər. Odur ki, Quranı-Kərimdə əmr edildiyi kimi, insanların ortaq istifadə etdikləri məkanların təmiz olmasına diqqət yetirməliyik. Bunu eyni zamanda gigiyenik qaydalar da tələb edir. Məscidlər insanların ortaq istifadə etdikləri bir məkəndır. Bu məkanların tarixən təmiz saxlandığının şahidləriyik.
4. Ətraf mühitin təmizliyi
Peyğəmbərimiz ətraf mühitin təmizliyinə lazım olan əhəmiyyəti vermiş, müsəlmanlar da hər zaman bu əmr və tövsiyələrə uyğun davranmağa diqqət etmişlər. Peyğəmbərimizin ətraf mühitin və su mənbələrinin təmiz saxlanması barədəki hədisi-şəriflərini bir daha xatırlayaq:
“Sizdən biriniz əsla su içinə sidik etməsin. Bəlkə o sudan sonra dəstəmaz və ya qüsl almaq zərurəti yarana bilər. Yenə sizdən biriniz qüsl etdiyi zaman durğun suyun içinə girərək yuyunmsın. O suyu bir qab ilə götürərək çöldə yuyunsun”.
“İşlək yol üzərində düşərgə salmayın (oturmayın, yatıb-qalxmayın). Dəstamazınızı yol üzərində pozmayın”.
“Hər kəsin gəlib keçdiyi yollarda, kölgəliklərdə, su kənarlarında və ağacların altında dəstəmazını pozanlar lənətə uğrayanlardır”.
5. Kifayət qədər təmiz su mənbəyinin
mövcudluğu.
Dünya Səhiyyə Təşkilatı (DST) təmiz və yetərli qədər suya sahib olmağı əsas insan haqlarından biri kimi qəbul etmişdir: “İctimai və iqtisadi vəziyyətindən asılı olmayaraq, bütün insanların təməl ehtiyaclarını ödəmək üçün təmiz və kafi miqdarda içməli su əldə etməyə haqqı vardır.”
Bu müddəa 1977-ci ildə Birləşmiş Millətlər Təşkilatının müvafiq qurumu tərəfindən qəbul edilmişdir.
Peyğəmbərimz isə bu qanunun qəbulundan 1340 il əvvəl təmiz içməli suyun təmin edilməsinin zəruriliyi barədə buyurmuşdur: “Yeddi şeyin əcr və savabı adama ölümündən sonra da çatar, dəftəri bağlanmaz, savab yazılmağa davam edər: Elm öyrətmək, su gətirmək, quyu qazdırmak, kitab bağışlamaq, ölümündən sonra ona arxasından dua edəcək xeyirli uşaq yetişdirmək ... “Peyğəmbərimiz insanlara təmiz su təmin etmənin yalnız dünyada deyil, axirətdə də böyük faydalar verəcəyini açıq bir şəkildə dilə gətirmişdir. Elə bu buyruqlarla yetişən müsəlmanlar da getdikləri hər yerdə su kanalları çəkdirmişlər. Memar Sinanın çəkdirdiyi su yolları və bulaqlar buna gözəl bir nümunədir.
Peyğəmbərimizin tövsiyə etdiyi qaydalar tətbiq olunsaydı, tarixdəki yolxucu xəstəliklərdən heç biri olmayacaqdı. Dünya Səhiyyə Təşkilatı da təmizlik qaydalarının tətbiq olunması ilə eyni nəticəyə nail olunacağını bildirir.
İslamiyyətin gətirdiyi qaydalar təmiz bir həyatın yaşanması deməkdir. İslamiyyət insanların həyat normasını şəkilləndirən bir din olaraq enmişdir. Mədəniyyətin girə bilmədiyi, girsə belə, təsirli ola bilmədiyi ucqar yerlərdə yaşayan insanlar fərdi təmizlik və ətraf mühitin təmizliyi məsələsində kifayət qədər məlumata malik deyillər. Bütün insanların təmiz bir mühitdə yaşamaq hüququ vardır. İslamiyyətdən əvvəlki dövrlərdə də insanlara bu gözəlliklər barədə digər peyğəmbərlər xəbər vermişlər. Təəsüf ki, bu günə qədər bu tövsiyələrə lazımınca əməl olunmayıb. Bu gün ekoloji faciələrlə göz-gözə qalmağımızın altında Peyğəmbərimizin tövsiyə və əmrlərinə etinasız qalmağımız dayanmayıbmı?
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında səhifəni hazırladı:
Elvin Əliyev
Zaman.-2014.-18 aprel.-S.12.