Azərbaycan ərazisi termal,
mineral və sənaye əhəmiyyətli
su ehtiyatları ilə zəngindir
Yer kürəsinin
5-10 km dərinliyində axan
qaynar geotermal sular yerin üstünə
buxar və ya qeyzerlər şəklində çıxır
ki, bundan da istilik enerjisi
kimi evlərin və istixanaların birbaşa qızdırılması
üçün istifadə
oluna bilər. Hazırda
İtaliya, Yeni Zellandiya, Yaponiya, Filippin, Finlandiya, Fransa, Belçika, Almaniya və ABŞ-da istilik enerjisinin
alınması üçün
geotermal sulardan istifadə olunur. İslandiyanın paytaxtı Reykyavik
şəhəri isə
bütünlüklə belə
sular vasitəsilə qızdırılır. Çünki İslandiya termal suların əsas məkanıdır. Ekologiya və
Təbii Sərvətlər
Nazirliyinin məlumatına
görə, Azərbaycanda
da yüksək temperatura malik böyük termal su yataqları mövcuddur. Nazirliyin mütəxəssisləri
ölkəmizdəki temperaturu
35-10000 C arasında olan
termal suların istifadə istiqamətləri
və texniki-iqtisadi göstəricilərini öyrəniblər.
Qeyd edək ki, Azərbaycanda
belə yataqlar Böyük Qafqaz, Abşeron yarımadası,
Şamaxı-Qobustan, Naxçıvan,
Xəzəryanı, Quba,
Lənkəran-Masallı zonaları,
Kür-Araz ovalığındadır.
Mütəxəssislərin fikrincə, ölkəmizdə
geotermal sulardan həm məişətdə,
həm də yaşayış məntəqələrinin
istilik təchizatında,
istixana təsərrüfatlarının
qızdırılmasında istifadə oluna bilər. Bunun üçün ayrıca proqramın hazırlanacağı gözlənilir.
Ənənəvi olmayan günəş, külək və yeraltı termal suların enerjisindən istifadə olunması problemlərinin həlli ilə əlaqədar dünyanın bir çox inkişaf etmiş ölkələrində
elmi və təcrübi tədqiqatlar
aparılır. Termal suların yeraltı
istilik enerjisinin akkumulyatoru və yüksək istilik-enerji tutumluluğu xüsusiyyətlərinə
malik olması ənənəvi olmayan enerji mənbələri sırasında termal suları xüsusi əhəmiyyətli enerji
daşıyıcısı kimi səciyyələndirir.
Azərbaycanda 1964-1970-ci illərdə Talış zonasında (Astara, Lənkəran və Masallı rayonlarında) termal suların öyrənilməsi
üçün geoloji-kəşfiyyat
işləri aparılmışdır.
Bu məqsədlə 17 ədəd kəşfiyyat
quyusu qazılmış
və bu quyuların hamısında
temperaturu 38-64°C olan termal sular aşkar
edilmişdir. Onlardan
istilik enerjisi kimi istifadə edilməsi məqsədilə
qış aylarında
faraş tərəvəzin
(pomidor, xiyar) yetişdirilməsi üçün
10 ədəd oranjereya
yaradılmış və
il ərzində
2-3 dəfə məhsul
alınmasının mümkünlüyü
müəyyən edilmişdir.
Carlı strukturunda qazılmış, dərinlikləri
3200-4500 m olan neft kəşfiyyat quyularında
termal sular açılmışdır, onların
ümumi debiti 2500 m3, yer səthində temperaturu isə 72-97°C olmuşdur.
Xəzəryanı (Xudat-Xaçmaz) zonasının
3000 m-dək dərinliyi
olan kəşfiyyat quyuları vasitəsilə
ümumi debiti 30000 m3/gün-dən artıq və yer səthində
temperaturu 50-81°C təşkil
edən termal sular aşkar edilmişdir.
Quba-Xaçmaz zonasında aşkar
edilmiş Xudat-Xaçmaz
termal sular yatağının kəşfiyyatı
aparılmış və
25,7 min m3/gün miqdarında istismar ehtiyatları təsdiq edilərək, Dövlət
Balansında qeydə alınmışdır.
Termal suların
respublika ərazisində
geniş miqyasda yayılmasına baxmayaraq,
onlardan təsərrüfatın
müxtəlif sahələrində
istifadə edilməsi
qənaətbəxş deyildir. Hal-hazırda termal sulara qazılmış geoloji-kəşfiyyat quyuları
Xaçmaz rayonunda müalicə və məişət-kommunal xidməti
məqsədilə qismən
istifadə edilir.
Termal su yataqlarının geoloji materiallarının
təhlili göstərir
ki, bütünlükdə
termal suların istismar ehtiyatları yuxarıda qeyd olunandan dəfələrlə
artıqdır. Ekoloji cəhətdən
təmiz enerji mənbəyi olan yeraltı termal suların başqa yanacaq növləri (əsasən neft, qaz) ilə bərabər,
kompleks şəkildə
öyrənilməsi və
onun xalqın xidmətinə verilməsi
böyük əhəmiyyət
kəsb edir. Hazırda Milli Geoloji Kəşfiyyat
Xidməti tərəfindən
respublika ərazisində
aşkar edilmiş termal sulardan istifadə istiqamətlərinin
müəyyən edilməsi
məqsədi ilə xüsusi tədqiqatlar aparılır.
Azərbaycan həm də böyük mineral
su ehtiyatlarına malikdir
Əhalinin sağlamlığında müalicəvi
əhəmiyyətinə görə
özünəməxsus yeri
olan mineral su yataqları 200 qrupda cəmlənmiş, onların
1000-dən çox təbii
çıxışları qeydə alınmışdır. Lakin cəmi
30 mineral qrup su yatağında tam geoloji-kəşfiyyat
işləri aparılmış
və istismar ehtiyatları təsdiq edilmişdir. Çox
qiymətli mineral sular,
xüsusilə, Naxçıvan
MR ərazisində geniş yayılmışdır.
Təsadüfi deyildir ki, Naxçıvan “Mineral suların
təbii muzeyi” adlandırılır. Bu ərazidə dünyada məlum olan mineral suların əksəriyyətinin
analoquna rast gəlmək olar. Muxtar Respublikanın ərazisində
müalicə-içməli sular kimi mineral suların istismar ehtiyatları Şahbuz rayonunda Badamlı (Narzan tipli) gündə
690 min litr, Babək rayonunda Sirab (Barjomi tipli) - 178 min litr və (Narzan
tipli) - 1468 min litr, Vayxır (Pyatiqorsk tipli) - 270 min litr, balneoloji təyinatlı Mineqorsk tipli Darıdağ - 4507 min litr
miqdarında təsdiq
edilmişdir. Lakin
Naxçıvan MR ərazisində bu və ya digər
mineral su yataqlarının
istismar və proqnoz ehtiyatları bu rəqəmlərdən
dəfələrlə yüksəkdir.
Kəlbəcər rayonunda
məhşur “Karlovı
Varı” tipli mineral su yatağının analoqu olan Yuxarı
İstisu sularının
istismar ehtiyatı gündə 82 min litr, Aşağı İstisu
- 260 min litr, Qoturlu -
70 min litr, Tutğun -
600 min litr təsdiq edilmişdir. Mineral suların bazasında əvvəllər burada sanatoriya-kurort kompleksi,
mineral su zavodu fəaliyyət göstərirdi.
Kəlbəcər rayonunun mineral sularının
istismar və proqnoz ehtiyatları yuxarıda göstərilən
rəqəmlərdən dəfələrlə
çoxdur. Ermənistan tərəfindən
hazırda Kəlbəcərin
mineral sularının böyük
miqyasda xarici ölkələrə ixracı
təşkil edilmişdir.
Dəvəçi rayonunda “Naftusiya” mineral suyunun analoqu olan “Qalaaltı” mineral su yataqlarının istismar ehtiyatları gündə 154 min litr həcmində təsdiq edilmişdir. Xaçmaz rayonunda “Nabran” (ehtiyatı 29,9 min l/gun), Şamaxı
rayonunda “Çuxuryurd”
(140 min l/gün), Çağan
(252 min l/gün), Qax rayonunda “İlisu” (284 min
l/gün), Lənkəran
rayonunda “Meşəsu”
(550 min litr/gün) və “İbadsu” (550 min litr/gün) termal suları bir çox xəstəliklərin (dəri-zöhrəvi,
ürək-damar sistemi
və s.) müalicəsində
istifadə edilir. Abşeron yarımadasında Suraxanı
mineral suları (istismar
ehtiyatları 510 min l/gün),
Mərdəkan (620 min l/gün),
Buzovna (80 min l/gün),
Bilgə (280 min l/gün),
Pirşağı (35 min l/gün),
Şıxov (150 min l/gün)
geniş istifadə üçün perspektivli
sayılırlar. Lerik
rayonunda “Bülüdül”
mineral sularının istismar
ehtiyatları 86,4 min l/gün,
Qazaxda - “Salahlı”
10,8 min l/gün, Aşağı
Salahlı - 21,6 min l/gün,
Əskipara - 5,4 min l/gün,
Əzizbəyli - 2,7 min l/gün,
Tovuz rayonunda Şamlıq - 2,7 min l/gün,
Kazımli - 10,8 min l/gün,
Kəndalar - 43 min l/gün,
Şınıx - 8064 min l/gün,
Gədəbəydə Qızılca
- 86,4 min l/gün, Slavyanka
- 21,6 min l/gün, Qalakənd
- 108 min l/gün, Çayqarışığı
- 216 min l/gün, Şəmkir
- 43,2 min l/gün, Daşkəsəndə
Yuxarı Daşkəsən
- 4,3 min l/gün, Aşağı
Daskəsən - 5,4 min l/gün,
Alaxançallı - 108 min l/gün, Qabıqtala - 4,3
min l/gün səviyyəsində
qiymətləndirilir.
Faktiki olaraq, bu suların istismar ehtiyatları dəfələrlə çoxdur
və onlar çox qiymətli təbii sərvət kimi xalqın istifadəsinə verilməlidir.
Ölkəmiz sənaye əhəmiyyətli
su
yataqları ilə də zəngindir
Sənaye ehtiyatları təsdiq edilmiş yodlu-bromlu su yataqları uzun illər ərzində istismar edilərək respublika iqtisadiyyatında önəmli rol oynamışdır.
Respublika üzrə 5 yodlu-bromlu su yatağının (Xıllı, Babazənən, Mişovdağ, Binə-Hövsan və Neftçala) ümumi sənaye ehtiyatları - 229,5 min m3/gün təşkil edir, o cümlədən Xıllı yatağı üzrə 47,7 min m3/gün, Babazənən - 50,1 min m3/gün, Mişovdağ - 28,5 min m3/gün, Binə-Hövsan - 51,2 min m3/gün, Neftçala - 52 min m3/gün. Binə-Hövsan və Neftçala yataqları 1995-ci ilə qədər istismar edilmişdir. Bu yataqların lay sularının tərkibində 40 mq/l-ə qədər yod, 60-80 mq/l-ə qədər brom və digər kimyəvi komponentlər vardır.
Təkcə yeni Neftçala zavodunda ildə 800 t yod, 3000 t brom alınması nəzərdə tutulmuşdur. Hazırda İqtisadi İnkişaf Nazirliyi tərəfindən bu zavodun bərpa olunması üçün tədbirlər görülür.
Bu yataqların istismar edilməsi üçün ekoloji tələblərə cavab verən, ətraf mühitin, o cümlədən Xəzər hövzəsinin çirklənməsinə yol verməyən qabaqcıl texnologiyanın tətbiq edilməsinə böyük ehtiyac vardır. Əvvəlki illərdə olduğu kimi yeraltı sulardan bor, kalium, stronsium, litium elementlərinin sənaye tullantısı kimi atılmasına yol verilməməli və bu elemenlərin tam və kompleks şəkildə çıxarılması təmin olunmalıdır. Yod güclü radiasiyaya məruz qalmış insanları müalicə etmək üçün ən təsirli vasitələrdən biridir. Çernobıl qəzasında 10 minlərlə adam məhz Bakı zavodunda istehsal olunan yodun təsiri ilə şəfa tapmışdır. Son illərə qədər Binə-Hövsan yatağının bazasında fəaliyyət göstərən Bakı yod zavodunda texniki yod, kalium-yod (ağ yod) və kristallik yod istehsal olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında səhifəni hazırladı:
Allahverdi Cəfərov
Zaman.-2014.-19 aprel.-S.13.