“Bizimkilər futbolda başlarına yox, yalnız ayaqlarına güvənirlər”

 

QVAMI MƏHƏBBƏTOĞLU RUSLAN SADIQOV,

 

67 yaşlı Ağasəlim Mircavadov ölkəmizin ən titullu məşqçisidir. Qeyd edək ki, o, vaxtilə “Qarabağ”, “Şəmkir”, “Neftçi” və “Xəzər Lənkəran” klublarına çempionluq sevinci yaşadıb. “Neftçi” və “Xəzər Lənkəran”ın sükanı arxasında isə bu komandalara MDB və Baltikyanı ölkələrin çempionlarının “Birlik kuboku”nu qazandırıb. 2008-ci ildə əməkdar məşqçi “Şöhrət” ordeninə layiq görülüb. Onunla görüşüb, bizi maraqlandıran suallarla müraciət etdik.

 

- Ağasəlim Mircavadovun günahı nədir ki, hələ də işsiz qalıb?

 

- Vallah, bu sualı özüm də özümə verirəm, amma cavabını tapa bilmirəm. Şahin Diniyev bu yaxınlarda gözəl bir söz işlədib. O deyib ki, indi imic və ağıl rol oynamır. İşləmək üçün başqa amil lazımdır.

 

- Kiminsə bığının altından keçmək?

 

- Bilmirəm. Ruzini verən Allahdır. İnşallah, iş də olar.

 

- Xaricdən hətta idman müəllimini də baş məşqçi kimi gətirən klublarımız olub. Amma ən titullu mütəxəssisimiz işsizdir... Qəribə deyilmi?

 

- Yenə deyirəm, Azərbaycan futbolunun inkişaf açarı yerli məşqçilərin əlindədir. Mən bunu sübut etmişəm, bir daha etməyə hazıram. Sadəcə, özümüzünkülərə güvənmək lazımdır. Siz çox düzgün qeyd etdiniz ki, idman müəllimi gəlib məşqçi işləyir. Söhbət zamanı onlara iş barədə bir-iki söz demişəm, məəttəl qalıblar ki, bu futbol termini haradan gəlib? Bilmirlər axı. Onlar da yerli məşqçilərdən öyrənirlər.

 

- Əlinizdən başqa bir iş gəlmir?

 

- Heç nə, ancaq futbol (gülür). İnstitut oxumuşam, Moskvada ikiillik Ali Məşqçilik Məktəbini bitirmişəm. Bu işin sənətkarıyam. Hərənin bacardığı bir iş olar. Bizdə evi təmir etmək üçün bir usta çağırırsan, deyir ki, bütün işi görə bilərəm. Bunu deyən usta deyil. Usta bir işi bilər, onu da mükəmməl səviyyədə.

 

 

 

“Əsas başdır”

 

- Ağasəlim müəllim, hərdən mənə elə gəlir ki, bizimkilər futbolda yalnız ayaqlarına güvənirlər. Niyə onların başları yadlarına düşmür?

 

- Yaxşı sualdır. Futbolda, həqiqətən də, əsas başdır. Çünki baş ayağı idarə edir, ayaq başı yox. Yaxşı futbolçu olmaq üçün başla, yəni ağılla oynamaq lazımdır. Belə olmayanda təbii ki, ayaq kara gəlmir.

 

- “Hər oxuyan Molla Pənah olmaz” deyiblər. Bu ifadəni futbol aləminə tətbiq etsək, hər top qovan futbolçu olmaz. Niyə bu həqiqəti bizimkilər başa düşmək istəmirlər? Yəni indiyədək: “Mən bu oyunu bacarmadım”, - deyərək bu aləmi tərk edənlərimiz niyə yoxdur?

 

- Doğru fikirdir. Bu bir həqiqətdir ki, indi bizdə hamı futbolçu olmaq istəyir. Amma futbolçu işgüzar olmalı, özünün qarşısında müəyyən məqsəd qoymalıdır.

 

- Dünya bizi qonaqpərvər millət kimi tanıyır. Qapımız həmişə qonaqların üzünə açıqdır. Bəlkə bizim futbolçular evlərinin qapısı ilə meydançadıkı qapıları səhv salırlar?

 

- Yox, insafən, son vaxtlar qapıları səhv salmırlar. Yəni artıq həm yığmamızda, həm də klublarımızda futbol adına nəsə görmək mümkündür. Məncə, 2014-cü ildə Azərbaycan futbolu daha çox uğurlara imza atacaq.

 

- Ağasəlim müəllim, futbolla bağlı kolleksiyanız varmı?

 

- Bağ evimdə kiçik bir kolleksiyam var. Orada karyeram ərzində qazandığım bütün uğurlar toplanıb. Onu da deyim ki, kolleksiyamda ulu öndərimiz Heydər Əliyev və ölkə başçısı İlham Əliyevlə görüşlərimi özündə əks etdirən fotolar da yer alıb. Yeri gəlmişkən, mən onların hər biri ilə üç dəfə görüşmüşəm. Təbii ki, “Şöhrət” ordenimin sənədləri də onların arasındadır.

 

- Yaş artdıqca insanın fikirləri dəyişir. Siz hansı fikirlərinizi korrektə etmək istərdiniz?

 

- Bu suala bir misalla cavab vermək istəyirəm. “Neftçi” ilə MDB turnirinə getmişdim. Kiyev “Dinamo”su ilk dəfə idi ki, bu turnirə qatılmışdı. Baş məşqçisi də rəhmətlik Lobanovski idi. Onların oradakı ilk oyununa baxanda məəttəl qaldım. Belə ki, mən “Dinamo”nun bir vaxtlar tətbiq etdiyi oyun taktikasını görmədim. Fərqli bir oyun üslubunun şahidi oldum: öz qapılarının ağzında paslaşırdılar. Halbuki onlar həmişə müdafiədən topu irəli ötürürdülər. Bununla bağlı Lobanovskiyə sual verdim. O dedi ki, həyat məni, o cümlədən oyun prinsiplərimi də dəyişib: “Əvvəllər uğurlu hesab etdiyim bir işimin və ya bir sözümün yanlış olduğunu vaxt keçdikcə anlayıram”. Sözümün canı budur ki, bəli, yaş artdıqca daha çox yeniliklər axtarışında olursan və onları tətbiq edəndə də keçmiş düşüncənin yanlış olduğunun fərqinə varırsan.

 

- Bəs Ağasəlim müəllim boş vaxtlarında nə işlə məşğul olur?

 

- Mütaliə edirəm. Bir də bir kitab üzərində işləyirəm. Hə, vaxt tapan kimi bağa qaçıram. Orada həm istirahət edirəm, həm də fiziki işlə məşğul oluram.

 

 

 

“Atam oyunlarımı izləyərdi”

 

- Adınızı kim qoyub?

 

- Valideynlərim. Mənası salamatçılıqdır.

 

- Elə isə ailəniz barədə danışmağı xahiş edirik. Ailənizdə futbolçu olubmu?

 

- Atam da, anam da seyid nəslindəndirlər. (Allah hər ikisinə rəhmət eləsin). 5 qardaş olmuşuq, onlardan 3-ü rəhmətə gedib. (Allah rəhmət eləsin). Məndən böyük qardaşım 30 ildir ki, Neft daşlarında çalışır. Ailəmizdə məndən başqa futbolçu olmasa da, bütün qardaşlarım futbol azarkeşi olublar. Rəhmətlik atamın da futbola marağı var idi. Hətta 60-cı illərdə o, “Spartak” stadionuna gələrək, mənim oyunlarıma baxardı. Amma bu barədə heç kimə bir söz deməzdi. Mən bu barədə yalnız oyunlardan sonra xəbər tutardım.

 

- Topa nə vaxtdan meyil salmısınız?

 

- Elə uşaqlıqdan küçələrdə top qovmuşam. Hə, onu da deyim ki, 1 nömrəli internat məktəbinin həyətində iki meydança (biri torpaq, digər asfalt) var idi. Uşaqlarla birgə oradakı torpaq meydançaya əl gəzdirib futbol meydançası halına gətirmişdik. Günlərin bir günü orada oynayarkən Konstantin Kuznetsovun diqqətini cəlb etdim. Ertəsi gün o məni bir daha sınaqdan keçirəndən sonra “Spartak” komandasına qəbul etdi. Komandanın tərkibində həftədə 4 dəfə məşq etməli idim. Odur ki, bundan sonra dərslərimdə müəyyən geriləmələr oldu. (VII sinfə qədər əlaçı olmuşam). XI sinifdə oxuyarkən isə “Neftyanik”ə dəvət olundum.

 

 

 

“Futbola sevgim ömürlükdür”

 

- Heç sizi həyatda “topa tutublar”?

 

- Yox. Buna heç imkan da verməmişəm.

 

- Nə vaxtsa futbol aləmindən getmək fikrinə düşmüsünüz?

 

- Yox. Futbola sevgim ömürlükdür. Amma gəlin etiraf edək ki, futbol, həqiqətən də, sevgiyə layiq idman növüdür.

 

- Xarakterinizdəki hansı xüsusiyyəti bəyənmirsiniz?

 

- Əvvəllər tez hirslənərdim. Amma getdikcə bu xoşagəlməz “işimdən” uzaqlaşdım. Bir də əvvəllər bəzi işləri tələsik görməyə çalışardım. Buna da son qoydum. Əbəs yerə demirlər ki, tələsən təndirə düşər. Bunları da elə həyatımın korrektələri kimi qəbul etmək olar.

 

 

- Azərbaycan millisinin dünya və Avropa çempionatlarının final mərhələlərində ölkəmizi layiqincə təmsil etməsini arzulayıram. Ən böyük arzum isə torpaqlarımızın erməni işğalçılarından azad olunduğu günü görmək və “Qarabağ”ın Ağdamdakı oyununun azarkeşi olmaqdır. Yeri gəlmişkən, mən 1991-1996-cı illərdə Ağdamın “Qarabağ” komandasına rəhbərlik etmişəm.

 

- “Mən Ağasəlim müəllim kimi hakimə kəllə atmamışam ki, məni 10 oyunluq cəzalandıralar”. Bu “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyevin atmacasıdır, yoxsa...

 

- Hazırda “Neftçi”nin baş məşqçisi kimi fəaliyyət göstərən Böyükağa Hacıyevlə münasibətlərim normaldır. Ancaq mən heç zaman hakimə kəllə atmamışam. Görünür, Hacıyev səhv görüb. Sadəcə, komissarla mübahisəm olub. Bir də mən belə açıqlamalara fikir vermirəm.

 

- “Gərək millimiz Azərbaycana xas olan futbolu oynasın”. Bu fikir sizə məxsusdur. Nədir bunun açması? Yəni xas oyun dedikdə nəyi nəzərdə tutursunuz?

 

- Məsələn, Danimarkanın, Fransanın, İspaniyanın öz oyun üslubları var. Bizim də öz oyun üslubumuz olmalıdır. Ümumiyyətlə, müşahidələrimə əsasən deyə bilərəm ki, bir zamanlar bizdə topla daha çox oynamağa və cinah keçidlərinə önəm verilirdi. Bizdə də həmişə güclü cinah oyunçuları olub. İndi isə topla az işləyirik və cinahlara da o qədər önəm vermirik. Bir də bizim bəlalı yerimiz fiziki hazırlıqdır. Futbolçularımız 70-75 dəqiqə yaxşı oynayır, son 15-20 dəqiqədə isə qaçmaqda çətinlik çəkirlər. Bu kəsirin aradan qaldırılması olduqca önəmlidir.

 

“İnternatın da ən böyük üstünlüyü odur ki...”

 

- Amma etiraf edək ki, klublarımızda elə əcnəbilər var ki, bizim gənc oyunçularımız onlardan qat-qat səviyyəlidirlər...

 

- Sizinlə tam razıyam. Amma federasiya klubun işinə qarışa bilmir. Sadəcə, məsləhət verə bilər ki, çalışın, yerlilərə üstünlük verin. Mən də əcnəbi sayının çoxluğuna qarşıyam. Az və səviyyəli əcnəbi gətirsinlər. Həmin keyfiyyətli əcnəbidən bizim cavanlar da çox şey öyrənərlər. Amma bizdə elə əcnəbi futbolçular var ki, yerli uşaqlardan öyrənirlər. Belələri kimə lazımdır? Bəs onda akademiya açıb, məşqlər keçməyin nə mənası var? Akademiyanı ona görə açmısan ki, oradan bəhrələnəsən. Problemlərdən biri də Azərbaycanda məhəllə futbolunun olmamasıdır. Bəs istedadlı uşaqları necə üzə çıxaraq? 70-80-ci illərdə Azərbaycan futbolunun akademiyası məhəllələr idi. Hər şey oradan başlanırdı.

 

- Bunun çıxış yolunu nədə görürsünüz?

 

- İnternat məktəblərində. Məsələn, paytaxtın “Neftçi”, “İnter”, “Bakı” kimi klubları internat məktəbi aça bilərlər. Mən “Xəzər Lənkəran”da işləyəndə belə bir istəyim olmuşdu, amma alınmadı. Təsəvvür edin ki, Lənkəranda belə bir məktəb açılsa, görün neçə rayondan oraya uşaq gələcək. Salyandan tutmuş, Astaraya qədər. Hərəsindən 1-2 uşaq gəlsə, komandanın gələcəyi möhkəm olar. “Qəbələ” artıq açıb. O əsl akademiyadır. İnternatın da ən böyük üstünlüyü odur ki, seçim imkanın geniş olur. Mən 2003-cü ildə Barselonada olmuşam, orada bu işi necə apardıqlarını görmüşəm. Onların hətta Afrikada da futbol akademiyaları var. Bizimkilərin belə bir imkanı yoxdur. Ona görə də, internat məktəblərinin əhəmiyyəti daha böyükdür. Bundan əlavə, xaricdə olan 10-12 yaşlı azərbaycanlı uşaqları buraya dəvət etmək olar.

 

 

 

“Amma indi...”

 

- “Şöhrət” ordenli əməkdar məşqçi Ağasəlim Mircavadov futbolumuzun şöhrətindən nələr danışa bilər?

 

- SSRİ dönəmində respublika stadionuna 40 min azarkeş gələrdi, onların da təxminən 10-15 mini ziyalı olardı. 14-cü sektor ancaq onların ixtiyarına verilərdi. Futbol aləminə yaxşı bələd olan Bəşir Səfəroğlu, Lütfəli Abdullayev, Fikrət Əmirov, Qara Qarayev kimi korifeylər hətta bazamıza baş çəkər, oyunlarımızla bağlı dəyərli məsləhətlər verərdilər. Amma indi... Futboldan başı çıxan da danışır (belələrinin sayı çox deyil), çıxmayan da... Özü də hamı futbolla bağlı ağıl, məsləhət verməyə çalışır. Öz aramızdır, indi bizimkilər iki şeyi - futbolu və siyasəti “yaxşı” bilirlər.

 

- Qismətə və bəxtə çox inanırsınız?

 

- Əlbəttə. Hər insanın öz qisməti var. Futbolda isə bəxt çox vacib amildir. O bəxti də axtarmaq lazımdır.

 

- Sizi niyə güclü futbolçu kimi yox, güclü məşqçi kimi xatırlayırlar? Bir az futbolçu karyeranızdan bəhs edərdiniz...

 

- Çünki futbolçu karyeramı tez bitirmişəm. 1965-ci ildə Ələkbər Məmmədov adına turnirdə “Neftyanik”in baş məşqçisi Vasili Sokolov 4 futbolçu bəyənmişdi - mən, Əli Rəhmanov, Arif Həmzəyev, Mirağa Quliyev. Onda da 16-17 yaşımız olardı. “Neftyanik”də ilk oyunum 1967-ci ildə Odessanın “Çernomorets” komandasına qarşı olub. Həmin ilin sonlarında çox bərk əzildim. Ondan sonra tez-tez zədələnməyə başladım. 1968-69-cu illərdə düz-əməlli oynaya bilmədim. Karyeramı bitirmək istədim və hətta ərizə də yazdım. Amma qoymadılar, Moskvaya əməliyyata göndərdilər. Əməliyyatdan sonra bir ilə yaxın məni komandada saxladılar. İndi axsamağım da həmin zədə ilə bağlıdır. Ayaq tam bükülmür, soyuq olanda şişir. 23-24 yaşımda futboldan getdim.

 

Zaman.-2014.-19 aprel.-S.6.