Gələcəyin kadrları yerli özünüidarəetmə proseslərində yetişir

 

Dünyanın ən qabaqcıl, sivil ölkələrində belə çox zaman həm cəmiyyətin özündə, həm də “kiçik dövlət” hesab edilən ailə daxilində də ədalətin, bərabərliyin, düzgünlüyün ifadəsi olan demokratiyaya heç də tam əməl edilmir.

 

Bu isə cəmiyyəti hələ keçmiş dövrlərdən bəri çox narahat edən bir məsələdir. Bununla belə inkar etmək omaz ki, son 20 ildə - Azərbaycan dövlət müstəqilliyinə qovuşduqdan sonra ölkəmiz demokratik inkişaf yoluna qədəm qoymuşdur və xalqımız indi demokratik dəyərlərə daha çox üstünlük verir, həm dövlət strukturları, həm də adi cəmiyyət daxilində öz fəaliyyətlərini bu amil nəzərə alınmaqla qurmağa çalışır.

 

Respublikamızda demokratiya tələb və prinsiplərinin qorunmasında, cəmiyyətin demokratik fəallığının artmasında və inkişafında yerli özünü idarəetmə orqanları olan bələdiyyələrin də müəyyən rolu vardır və bu özünü son illərdə real olaraq xüsusilə göstərir. Yerli idarəçilik sisteminin xalqın istək və arzularına uyğun şəkildə təşkil olunmasında Bələdiyyə və vətəndaş münasibətlərinin mühüm və ən səmərəli dövrü, fəal “faza”sı olan, demokratik təzahürləri daha aydın və əhatəli, bütün spektrləri ilə əks etdirən, ölkəmizdə artıq yaxşı ənənə halını almış Yerli Demokratiya həftələri xüsusi əhəmiyyət kəsb edir.

 

Bu silsilədən olan tədbirlər Avropa Yerli və Regional Hakimiyyətlər Konqresinin qərarı ilə “Yerli Demokratiya həftəsi” adı altında bütün Avropa ölkələrində ilk dəfə olaraq 2007-ci ildə keçirilmişdir və bu ardıcıl şəkildə hər il davam etdirilir. Təqdirəlayiqdir ki, İspaniyanın Valensiya şəhərində keçirilən demokratoya həftəsi təklifini müzakirə edən Konqresin iştirakçısı olmuş Azərbaycan tərəfinin bu təşəbbüsü dəstəkləməsi o zaman tədbirdə qəbul edilmiş “Valensiya Bəyannaməsi”ndə yüksək qiymətləndirilmişdir. Və xüsusilə qeyd etmək istərdim ki, “Yerli Demokratiya həftəsi” Azərbaycanda ilk dəfə respublikamızın Milli Assosasiyalarının tövsiyələri əsasında 2007-ci ilin noyabr ayında keçirilmişdir. 2008-ci ildə isə Bələdiyyə sədrlərinin Yevlax şəhərində keçirilmiş II Ümumrespublika Toplantısı “Həftə”nin hər il təşkil olunması barədə qərar qəbul etmişdir. Həmin ildən etibarən “Yerli Demokratiya həftəsi” Azərbaycanın Şəhər, Qəsəbə və Kənd  Bələdiyyələri Milli Assosiasiyalarının xətti ilə ölkəmizin bütün şəhərlərinin məhəllə və mikrorayonlarında, kənd və qəsəbələrində bələdiyyə üzvlərinin, məhəllə komitələri fəallarının və sakinlərin iştirakı ilə geniş və səmərəlı şəkildə  təşkil olunur. 

 

Artıq bir ənənə olaraq bu “Həftə”lər ərzində Sumqayıt Bələdiyyəsində “açıq qapı” günləri, “dəyirmi masa” görüşləri keçirilir, sakinlərin təklif və müraciətlərini öyrənmək, onları operativ qəbul etmək üçün “qaynar xətt” təşkil edilir, yerlərdə “bələdiyyə poçtu” qutuları, xüsusi məlumat lövhələri qoyulur, tədbirlərdə əhalinin, xüsusilə də gənclərin və qadınların daha fəal iştirakına xüsusi diqqət yetirilir ki, bununla da “vətəndaş-bələdiyyə”, “bələdiyyə-vətəndaş” əlaqələrinin genişləndirilməsinə nail olunur. Builki “Həftə” ərzində də bu tədbirlər demokratiya “atributları” kimi davam etdirilmişdir.

 

“Həftə”lərin keçirildiyi günlərdə isə Bələdiyyə üzvləri, işçiləri və fəalları məhəllə və mikrorayonlarda əhali ilə daha sıx ünsiyyətə girir, onların problem və qayğıları ilə elə yerindəcə tanış olub, bu və ya digər məsələnin həllinə praktik köməklik göstərməyə çalışırlar.

 

Ölkəmizdə artıq 7-ci ildir ki, “Yerli Demokratiya həftəsi” çərçivəsində keçirilən tədbirlərdə, əhali ilə görüşlərdə yeni, müasir vətəndaş cəmiyyətinin formalaşmasına, adamların fəallığının artırılmasına xüsusi diqqətə yetirilir.

 

“Fəal vətəndaş olaq: səs verək, bölüşək, iştirak edək”,  “Bələdiyyə-vətəndaş, vətəndaş-bələdiyyə əlaqələrini möhkəmləndirək” devizləri altında keşirilən “demokratiya həftəsi”nin  proqramına uyğun olaraq Sumqayıtın yaşayış sahələrində sakinlərlə görüşlərin təşkilinə, onları narahat edən problemlərin diqqətlə araşdırılmasına, Bələdiyyə-vətəndaş münasibətlərində qarşılıqlı anlaşmanın təmin edilməsinə, hər bir mikrorayon və məhəllə sakininin, hər bir ailənin müraciət və təkliflərinin reallşmasına maksimum səy göstərilir. Bir vəzifə olaraq qarşıya məqsəd qoyulmuşdur ki, Bələdiyyə və onun məhəllə komitələri təqaüddə olanların, şəhid ailələrinin, kimsəsizlərin müraciətlərinə daha çox diqqətlə yanaşmalı, bütün imkan və resurslardan istifadə edərək, onların ehtiyaclarının ödənilməsinə, istəklərini maksimum yerinə yetirilməsinə çalışılmalıdırlar.

 

Sumqayıt Bələdiyyəsi bütün il ərzində cəmiyyətin problemlərinin onun özünün fəal iştirakı ilə həllinə daha çox səy göstərir. Belə ki, hər bir vətəndaşın özünün yerli problemlərinin həllində iştirakı onların fəallığını və görülən işlərin faydasını daha da artırır, məzmunlu edir və bu, vətəndaşların məsuliyyət hissini də xeyli yüksəldir. Odur ki, vətəndaşları ilk növbədə narahat edən problemlər, qaldırılan məsələlər bilavasitə vətəndaşların, sakinlərin özlərinin iştirakı iıə araşdırılr və onların fəallığı şəraitində də həyata keçirilr.

 

Məhəllə komitələri bir-birini yaxından tanıyan sakinlərin Bələdiyyənin rəhbərliyi altında seçki yolu ilə formalaşdırdığı ilkin özünüidarə qurumu kimi gündəlik olaraq səmərəli işlər aparır. Yeri gəlmişkən deyim ki, bu ilin oktyabr ayında keçirilən  Prezident seçkilərində vətəndaşların seçki hüquqlarının təmin edilməsində, onların siyasi aktivliyinin artırılmasında  məhəllə komitələrinin xüsusi rolu olmuşdur.

 

Onu da qeyd edim ki, Sumqayıt Bələdiyyəsinin 127 məhəllə komitəsi vardır ki, onların fəalları gündəlık olaraq məhəllə və mikrorayon sakinləri ilə bilavasitə təmasda olduqlarından vətəndaşların problem və qayğılarını daha həssaslıqla duyur, görür və onların həlli üçün təkliflərini verir, hətta yeri gəldikdə müvafiq tələblər də qoyurlar ki, bu da, bizim strukturda demokratiya, sağlam ünsiyyət mühitinin olmasından irəli gəlir. Sevindirici haldır ki, məhəllə komitələri öz fəallıqları, sakinlərə diqqətli, qayğıkeş münasibətləri ilə onların vətəndaş hüquqlarının təmin olunmasında mühüm rol oynamaqla əhalinin rəğbətini qazana bilmişlər. Məhəllə komitələri öz funksionallıqları və işgüzarlıqları, sakinlərin problemlərinə diqqət və qayğıları ilə hər zaman  fəallıq göstərmişlər.

 

Bələdiyyə fəalları və məhəllə komitələri ilə birlikdə hazırlanmış proqram üzrə mikrorayon və məhəllələrdə görüşlərin keçirilməsi, ötən dövr ərzində görülmüş işlər barədə, qarşıda duran vəzifələr, sakinlərin ölkə vətəndaşı kimi hüquqları barədə onlara ətraflı məlumat və izahatlar verilməsi artıq bir ənənə halını almışdır.

 

Bilavasitə şəhər əhalisinin arzu və təklifləri əsasında görülmüş işlər də az deyil. Belə ki, hər il olduğu kimi, Sumqayıt Bələdiyyəsinin xətti ilə ehtiyacı olan aztəminatlı ailələrə, kimsəsizlərə  maddi və mənəvi yardım göstərilmiş, şəhərin 42-ci məhəlləsində “xeyir-şər evi”nin tikintisi başa çatdırılmış, digərləri isə təmir olunmuşdur. Hazırda məhəllələrdə abadlıq işləri aparılır, uşaq meydançaları, bağ yolları təmir edilir. S. Vurğun küçəsində, Saray körpüsü ərazisində isə təmir-bərpa işləri artıq yekunlaşmaq üzrədir.  Məhz demokratik prinsiplərin, insan amilinin əsas tutulmasının real nəticəsidir ki, Sumqayıtda bütövlükdə son illərdə geniş vüsətlə davam etdirilən xeyli abadlıq-quruculuq işləri aparılmışdır. Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə 7 ha ərazisi olan Bələdiyyə parkının abadlaşdırılaraq istifadəyə verilməsi də sumqayıtlıların ürəyincə olmuşdur. Yeri gəlmişkən qeyd edək ki, bir çox hallarda sakinlərin Bələdiyyə qarşısında qaldırdıqları məsələlərin, şəxsi müraciətlərin, o cümlədən haqlı narazılığa səbəb olan problemlərin həllində obyektiv səbəblərdən çətinliklərlə üzləşdikdə Sumqayıt şəhər İcra Hakimiyyəti hər zaman Bələdiyyəyə və sakinlərə müvafiq köməkliklər göstərir.

 

Bələdiyyə tərəfindən gənclərin tədbirlərimizdə fəal iştirakına da xüsusi diqqət yetirilir. Keçirdiyimiz tədbirlər çərçivəsində  gənclərin cəmiyyətdəki rolunun artırılması məqsədilə qəbul edilmiş proqrama uyğun olaraq “Gənclərin yerli əhəmiyyətli məsələlərin həllində vətəndaş fəallığının artırılması”, “Gənclərin yerli həyatda rolu və iştirakının təşviq edilməsi”, “Gənclər, hakimiyyət, seçkilər”, “Gənclərin yerli özünüidarəni həyata keçirmək hüququndan səmərəli istifadəsi” mövzularında maraqlı söhbətlər, müzakirələr aparılmışdır. Keçirilən bütün tədbirlərdə gənclərin fəal iştirakı təmin edilmiş, onların arzu və təklifləri, cəmiyyətimizin inkişafı ilə bağlı ideyaları işgüzarlıq və qayğıkeşliklə qəbul edilmişdir.

 

Onu da qeyd edək ki, Sumqayıt Bələdiyyəsi üzvlərinin və fəallarının 35 faizə qədərini məhz  gənclər təşkil edir. Və bu gün yerli özünü idarəetmə orqanları gələcəyin gənc siyasətçilərinin yetişdirilməsi baxımından xarakterik sınaq meydanı, mühüm bir arenadır. Çünki bu qurumlar ilk təşkilatlanmadan başlayaraq yerlərdə bilavasitə əhali ilə daim ünsiyyətdə olduqlarından burada çalışan gənclər vətəndaşlarla işləmə prinsiplərinə və xüsusiyyətlərinə daha yaxından bələd olur, idarəetmənin ilk pillələrini keçirlər. Bu baxımdan, gələcəkdə də gənclərin özünüidarəetmə işlərinə cəlb edilməsi, onların fəallığının artırılması, onlara öz vətəndaş hüquqlarından tam istifadə etməyə maksimum şərait yaradılması bizim fəaliyyətimizin əsas istiqamətlərindəndir. Belə ki, biz öz gələcəyimiz olan gəncləri sabahın yüksək hazırlıqlı, kamil mütəxəssisləri kimi yetişdirməliyik. Fərəhli haldır ki, hazırda ölkəmizdə istedadlı, bacarıqlı mühəndislər, iqtisadçılar, həkimlər, hərbçilər və s. nəsli yetişməkdədir. Ancaq  bizdə gənc siyasətçilərə, idarəetmə, təşkilatçılıq  təcrübəsinə malik gənclərə də ehtiyac vardır. Onların ilk, debüt arenalarından biri isə Bələdiyyə ilə bağlıdır.

 

Özünüidarəetmə orqanlarının fəaliyyət sferası onların özlərini sınaya bilməsi, geniş auditoriyaya çıxaraq tanınması, yetişməsi üçün ən münasib sahələrdən biridir. Məhz bu mərhələdən başlayaraq gənclərimiz bütün dünyada, o cümlədən qardaş Türkiyədə olduğu kimi, güclü siyasətçi, nüfuzlu deputat, təşkilat və qurum rəhbəri və s. kimi özlərini təsdiq edə bilərlər. Axı, Avropada, elə qardaş Türkiyədə də tanınmış siyasətçilər, dövlət xadimləri bilavasitə bələdiyyə məktəbini keçib, bələdiyyələrdə formalaşıb, yetkinləşmişlər. İnanırıq ki, bizim gələcəyimiz olan gənclər də yerli özünüidarəetmə proseslərində fəallıqlarını artıraraq, gələcəkdə respublikamızın ictimai-siyasi həyatında yüksək mövqelər tutacaqlar.

 

Əbülfəz Babayev,

Zaman.-2014.-19 aprel.-S.3.